Məhkəmə qərarları › İş №2(078)-380/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-380/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-380/2022 16.05.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 02 mart 2022-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 6000 (altı min) manat borc məbləğinin və 80 (səksən) manat dövlət rüsumunun, ümumilikdə 6080 (altı min səksən) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh ilə həyat yoldaşı tərəfindən qohum sayılırlar. Qohumluq münasibətləri olduğundan yaxın ailə münasibətləri olmuşdur. Şahmar 29 dekabr 2019-cu il tarixində onun yanında ağlayaraq ona xəstələnmiş atasını İran İslam Respublikasında xəstəxanaya aparıb müalicə etdirmək üçün ona 6000 (altı min manat pul lazım olduğunu bildirmişdir. Şahmar ondan ona 6000 (altı min) manat pul ver, nə vaxt pul ona lazım olsa, 3 ay öncədən de ona pulunu özünə geri qaytaracağını bildirərək borc verməsini xahiş etmişdir. O da insan kimi, qohum kimi ona canı yanaraq inanmış və ondan istədiyi 6000 (altı min) manat pulu ona vermişdir. Hətta pulu ondan alarkən özü yazılı şəkildə öz xətti ilə yazaraq ondan borc aldığı pulu etiraf etməklə, aldığı pulu nə vaxt odan istəsə 3 ay müddətində özünə, əgər ona nəsə olsa isə (yəni o vəfat etsə) həyat yoldaşına qaytaracağına söz vermişdir. Həmçinin yazılı şəkildə onun başına bir iş gəlsə yazdığı kağızı atasına, anasına göstərib pulunu onlardan alacağını bildirmişdir. Lakin keçən bu müddət ərzində Şahmarın ona verdiyi sözünün üstündə durmayaraq bu günədək ona verdiyi 6000 (altı min) manat borc puldan bir qəpik də özünə qaytarmamışdır. Dəfələrlə ondan ona borclu olduğu 6000 (altı min) manat pulu geri qaytarmasını tələb etsə də cavabdeh bu günədək borcunun ona qaytarılması ilə bağlı heç bir addım atmamış və hər dəfəsində müxtəlif bəhanələrlə ona ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırmışdır. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 16 may 2022-ci il tarixə təyin edilmiş mülki iş üzrə məhkəmə baxış iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək ərizədə İddiaçı ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, həqiqətən iddiaçıdan 6000 (altı min) manat borc aldığını, borcu qaytarmadığını, hazırda ona 6000 (altı min) manat borcu olduğunu qəbul etdiyini qeyd edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının cavabdehlə aralarında olan şifahi razılaşma əsasında Cavabdeh yaranmış borcun qaytarılmasını tələb etməsi işin mübahisəli halıdır. Məhkəmə işin mübahisəli halının həlli ilə bağlı cavabdehin etirafını nəzərə alaraq bildirir ki, iddiaçının borcun qaytarılmasına dair hissədə tələbi cavabdeh tərəfindən etiraf olunduğundan onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin məzmununa görə cavabdeh ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Cavabdeh iddianı etiraf etməsinə dair verdiyi ərizəni müzakirə edərək belə nəticəyə gəlir ki, işdə etirafın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün ödədiyi 80 (səksən) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 80 (səksən) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - Cavabdeh 6000 (altı min) manat məbləğində pul alınaraq İddiaçı verilməli; - iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 80 (səksən) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. Cavabdeh 6000 (altı min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 80 (səksən) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar