Məhkəmə qərarları › İş №2(078)-388/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-388/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-388/2022 26.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 1200 (bir min iki yüz) manat pulun və ödədiyi 32 (otuz iki) manat dövlət rüsumunun alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 05 aprel 2022-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək ilkin iddia ərizəsində cavabdehlərdən müştərək qaydada 1200 (bir min iki yüz) manat pul tələb etdiyini, lakin Cavabdeh2 tərəfindən ona 300 (üç yüz) manat ödənildiyini, hazırda Cavabdeh2 qarşı iddiasının olmadığını, buna görə də iddia tələbinin həcminin azaldılması zərurəti yarandığını bildirmiş və tələbinə “Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 900 (bir min iki yüz) manat pulun və ödədiyi 32 (otuz iki) manat dövlət rüsumunun alınıb verilməsi tələbi” çərçivəsində işə baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və məhkəmənin 05.04.2022-ci il tarixli qərardadı ilə ərizə təmin olunaraq tələbə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 900 (bir min iki yüz) manat pulun və ödədiyi 32 (otuz iki) manat dövlət rüsumunun alınıb verilməsi tələbi çərçivəsində baxılmasına qərar verilmişdir. Məhkəmə iclası zamanı dindirilən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ilə aralarında razılaşaraq üç doğar bəsləmə təxminən 150 kq olan iribuynuzlu malı 1200 manata razılaşmaqla 30 yanvar 2022-ci il tarixində satmışdır. İribuynuzlu malı satmaq üçün şəkilləri Naxçıvan elanlarında instaqram sosial şəbəkəsinə qoymuşdur. Özünü Orxan kimi təqdim edən şəxs onunla telefon əlaqəsi saxlayaraq “Toy edəcəyik nağd pulumuz yoxdur. Biz gələk malı aparaq toyumuzu yola salaq sonra pulunu verim” dediyində o əvvəlcə razılaşmamış “Mən sizi tanımıram sizə etibar edə bilmərəm altı aydı təqaüdümdən kəsib mala qüvvəli yem alıb vermişəm ki, kökəlsin satım mənim də ehtiyaclarım, krdeit borcum var onları ödəyim” dediyində həmin şəxs ona “Biz xeyir iş edirik kiminsə qarğışını qazanmaq isdəmirik” demiş və onu razı salmışdır ki, malı aparan kimi iki gün sonra pulu gətirib verəcək. O da təklif qarşısında razılığa gəlmiş və malı 1200 manata satmağa razılaşmışdır. 30 yanvar 2022-ci il tarixində Oğuz, Fazil, Vəfadar və Nail 07 markalı maşınla gəlib, ** BC *** nömrəli Kia yük maşınına qoyaraq iribuynuzlu malı aparmışlar. Söz verdikləri tarixdə pulu vermədikləri üçün zəng etmiş, həmin zaman Vəfadar ona “Naxçıvandan kənardayam gələn kimi pulunu verəcəyəm lazım olsa kart atın pulunuzu karta yükləyim” demiş, o da Vəfadarın dediklərini etsə də pulunu verməmişlər. Aldandığını bilib bu barədə müvafiq dövlət orqanlarına şifahi olaraq müraciət etmiş və ona bildirmişlər ki, pulu almaq üçün məhkəməyə müraciət etməlidir. Məhkəməyə iddia verdikdən sonra Oğuzun atası ona 300 manat pul vermişdir. Qalan üç nəfər bu gün də onun pulunu verməmişdir. Buna görə də məsələnin həlli üçün məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəldiyini bildirən İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclası zamanı Cavabdeh3 məhkəməyə verdiyi izahatında iddianı qəbul etdiyini, üzərinə düşən 300 manat pulu bir həftə müddətində verəcəyini bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 və baxış iclası barədə Cavabdeh3 Əli oğluna qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə mülki işə cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan sənədlərdən, cavabdehin izahatından, iddia ərizəsindən, tərəflər arasında olan vatsapp yazılarından tərəflər arasında borc münasibətlərinin olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 576-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa yenidən hesablaşmaya səbəb olmur. Mülki işin məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ona 900 (bir min iki yüz) manat borcu olduğunu, dəfələrlə cavabdehlərdən pulunu tələb etsə də, bu pulun geri qaytarılmadığını diqqətə çatdırmış və məhz bu xüsusatların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşə məhkəmədə baxılan zaman Cavabdeh3 iddianı qəul etmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessuаl Məcəllənin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Mülki Prosessuаl Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə işin yuxarıda qeyd olunan hallarını, iddia ərizəsini və ona əlavə edilmiş sübutları, cavabdehin izahatını nəzərə alaraq hesab edir ki, tərəflər arasında borc münasibətlərinə dair hüquqi öhdəliklər yaranmışdır. Birinci tərəf olaraq iş üzrə İddiaçı ümumilikdə 1200 (bir min iki yüz) manat dəyərində iribuynuzlu malı cavabdehlərə satmış, lakin ikinci tərəf olaraq iş üzrə cavabdehlər götürdüyü öhdəliyi pozaraq iddiaçıya olan borcunu qaytarmamış, cavabdehlərdən Cavabdeh2 tərəfindən iddiaçıya 300 (üç yüz) manat ödənildiyi üçün iddiaçının Cavabdeh2 qarşı iddiası olmamış, digər cavabdehlər isə iddiaçıya olan borcu geri qaytarmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 900 (bir min iki yüz) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına 03.03.2022-ci il tarixdə 23144 nömrəli qəbzlə ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı təmin edilsin. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 900 (bir min iki yüz) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına 03.03.2022-ci il tarixdə 23144 nömrəli qəbzlə ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar