Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-421/2022 16.05.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3404 (üç min dörd yüz dörd) manat borcun və 56 manat dövlət rüsumunun ümumilikdə 3460 (üç min dörd yüz altmış) manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, iddia ərizəsində hər şeyi göstərmişdir. Əlavə olaraq bildirir ki, Cavabdeh onun bacısının keçmiş həyat yoldaşı olub. Cavabdeh 2020-ci ildə Qusar rayonunda özünə fərdi yaşayış evi tikirdi. Ondan 3000 manat borc pul istədi. O da ona qohum olduğu üçün vermişdir. Daha sonra Vahid 303 (üç yüz üç) manat bir dəfə borc istəmiş, atası Aydın Səttarov həmin pulu Vahidin atası Fazil müəllimin kartına göndərmişdir. Vahid 100 (bir yüz) manat da bir dəfə pul istəmiş, o da cavabdehin verdiyi kartlara pulu göndərmişdir. Hazırda cavabdeh borcunu inkar edir. Hətta o Vahidin ata-anasına da oğlunun borclu olduğunu bildirmişdir. Atası da söz verdi ki, Vahidə deyəcək və Vahid qısa vaxtda borcunu qaytaracaq. Lakin heç bir nəticə olmadı. Vahid ondan pul istədikdə elektron qaydada başqa şəxsə məxsus plastik karta pul köçürmüşdür. Vahid deyirdi o da pulu köçürürdü. Onun borcla bağlı vatsap yazışmaları da olub. Lakin həmin yazışmalar köhnə telefonunda qalıb. Həmin telefonum işləmədiyi üçün yazışmaları məhkəməyə təqdim edə bilmir. Lakin həqiqətən də həmin məbləği Vahidə nağd şəkildə vermişdir. Sədrlik edənin suallarına cavab olaraq iddiaçı bildirmişdir ki, Vahid Qusar rayonunda özünə ev tikdirmək üçün ondan borc pul istəmişdir. O həmin evi ailəsi ilə birlikdə gedib görmüşdür. Ev o zaman hələ hazır deyildi. Hətta Vahidin atası Fazil müəllimə bu barədə dediyi zaman Fazil müəllim dedi ki, “Şamxal mən söz verirəm ki, qısa vaxta həmin pulu sənə qaytaracağıq.” Vahidin atası Fazil müəllimin kartına 303 manat pulu atası Səttarov Aydın göndərmişdir. Qalan pulu tanımadığı şəxslərin kartına o köçürmüşdür. Kartına pul köçürdüyü şəxslərin kim olduğunu, harada yaşadığını bilmir. Vahid deyib o da göndərib. Qeyd etdiklərini nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək izahatında 303 manatı şəxsən o Vahidin atasının kartına göndərmişdir. Vahidə pul lazım idi. Kart onda idi. İki dəfə pul məsələsi ilə bağlı Fazil müəllimin evində olmuşdur. Fazil müəllim söz verdi ki, tezliklə Vahid borcunu qaytaracaq. Qohum olublar, ona görə də əllərində heç bir rəsmiləşdirmə olmamışdır. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X4 ifadəsində göstərmişdir ki, İddiaçı onun oğlunun keçmiş qaynıdır. X9 bacısı Esmira (keçmiş gəlini) artıq rəsmi şəkildə boşanıblar. Həqiqətən də X11 rayonunda fərdi yaşayış evi tikirdi. Ona atası Fazil müəllim pul göndərirdi. Həyat yoldaşı Fazil müəllim tikinti zamanı Vahidə maddi köməklik edib. Vahid özü də yaxşı sənətkardır. Tikinti işini bilən adamdır. Ayrıca evləri vardı, həmin evi satıb pulunu sözügedən tikintiyə qoymuşlar. Qarşı tərəf bir qəpik belə olsun Vahidə pul verməyib. Bunu Vahid özü də qeyd edib. İddiaçının iddiası yalandır. Onların maddi imkanı aşağı olub. Şamxalın heç vaxt pulu olmayıb. O necə oğluna borc pul verə bilər. Cəmi bir dəfə Şamxalın atası öz evlərinə təhlükəsizlik kamerası almaq istəyirdi. Onda Fazil müəllimin kartına 303 manat pul vurdu ki, onlara İran İslam Respublikasından alıb gətirsin. Vahidlə özü İrana gedəndə, həmin kameranı alıb gətirmişlər. Pulunu da çox sonralar karta göndərdilər. Məhkəmə baxışı iclasında şahid X6 ifadəsində göstərmişdir ki, İddiaçı oğlunun keçmiş qaynıdır. X9 bacısı Esmira (keçmiş gəlini) artıq rəsmi şəkildə boşanıblar. X11 rayonunda fərdi yaşayış evi tikirdi. Özü maddi baxımdan Vahidə köməklik etmişdir. Özləri həmin evi tikiblər. Burada Şamxalın heç bir rolu olmayıb. Heç vaxt Şamxala deməmişdir ki, “tezliklə sənin pulunu qaytaracağıq.” Heç bu barədə nə Şamxalla nə də Aydınla söhbəti olmayıb. Şamxal və ailəsi onlara şər atır. Oğluna heç bir pul verilməyib. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının, onun nümayəndəsinin izahatını, şahidlərin ifadəsini dinləyərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. Nəzərə almaq lazımdır ki, tələbin qanuni əsası kimi bir neçə normanın yoxlanması istinsa deyil. Nəticə etibarı ilə onların hər birinini dispozisiya şərtləri yoxlanmaqla iddianın əsaslılığına qiymət vermək olar. Hər bir halda, tələbin uğurluluğu məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının müvafiq normanın dispozisiya şərtlərinə uyğun gəlib-gəlməməsindən asılı olacaq. Hazırkı işdə məhkəmələrin müəyyən etməli olduğu mühüm hal-İddiaçı ilə Cavabdeh arasında borc münasibətlərinin yaranıb-yaranmaması ilə bağlı məsələdir. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin maddənin dispozisiya şərtlərinə görə pulun verilməsinə münasibətdə sübutetmə yükü iddiaçının, pulun qaytarılmasına münasibətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İşə məhkəmədə baxılarkən İddiaçı pulun cavabdehə verilməsinə dair sübutlarını təqdim etməmiş, öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Bu halda isə cavabdehin dəlillərini araşdırmağa ehtiyac qalmamışdır. Belə ki, iddiaçı cavabdehə pulu müxtəlif kartlar vasitəsilə göndərdiyini bildirmiş, həmin karların fotoşəkillərini iddia ərizəsinə əlavə etmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan hesab kartları müxtəlif şəxslərin adına olmaqla cavabdehə məxsus deyildir. Həmin kartlar vasitəsilə pulun məhz cavabdehə verilməsini iddiaçı sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı atası X2 X1 köçürdüyü 303 (üç yüz üç) manat pul tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək olmaz. Belə ki, işin müəyyən edilmiş hallarından aydın olur ki, sözügedən pul məbləği iddiaçının nümayəndəsi X5 tərəfindən cavabdehin atası X1 köçürülmüşdür. Bu hal həm iddiaçı və onun nümayəndəsi tərəfindən bildirilmiş, şahidlər tərəfindən də təsdiq edilmişdir. Göstərilən hallara məhkəmə ümumi qiymət verərək belə nəticəyə gəir ki, iddiaçının iddia predmeti olan 3404 (üç min dörd yüz dörd) manat pul tələbinin 303 (üç yüz üç) manatını tələb etməkdə sübuyektiv hüququ olmamış, 3101 (üç min yüz bir) manat tələbini isə sübuta yetirə bilməmişdir. Ona görə də iddia rədd edilməlidir. Məhkəmə məhkəmə məsrəflərinə münasibətdə qeyd edir ki, iddia rədd edildiyindən ödənilən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-421/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-421/2022
16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver