Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-433/2025 20.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 13/15, 12 saylı mənzilə övladı X11 ilə birlikdə köçürülmə, yaşamaq üçün 1 otağın ayrılması və həmin otaqdan ona aid olmayan əşyaların çıxarılması, mənzilə istifadə hüquqlarının verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına orderi verilmiş Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 13/15, 12 saylı mənzilə övladı X11 ilə birlikdə köçürülmə, yaşamaq üçün 1 otağın ayrılması və həmin otaqdan ona aid olmayan əşyaların çıxarılması, mənzilə istifadə hüquqlarının verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 05 dekabr 2008-ci il tarixli, 247 nömrəli sərəncamına əsasən Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 13/15 ünvanında yerləşən 12 saylı mənzilə dair 05 dekabr 2008-ci il tarixli, 668 nömrəli yeni order verilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən verilən 05 dekabr 2008-ci il tarixli orderə əsasən onun və oğlu X2 qeyd edilən mənzilə dair sahiblik və istifadə hüquqları vardır. Həyat yoldaşı Bahadur Nadir oğlu ilə olan nikahına xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Həmin vaxtdan istifadə hüququ olan evinə qayıtmaq istəyərkən atası və qardaşı X1 həyat yoldaşı Cavabdeh2 onun həmin evdə yaşamağına imkan vermir, maneələr yaradır. Halbuki o və oğlu 05 dekabr 2008-ci il tarixli, 668 nömrəli yeni orderə əsasən Cavabdeh2 kimi mənzildən istifadə hüququna malikdirlər. Bu səbəbdən də, həmin evdə yaşamaq onun da hüququdur. Mənzil 4 otaqdan ibarətdir. Hesab edir ki, onun yaşaması üçün 1 otaq ona və oğluna ayrılmalı, 1 otaq Cavabdeh2 və övladlarına, 1 otaq qardaşı X12, 1 otaq atasına və anasına ayrılmalıdır. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh1 onun atasıdır. Naxçıvan şəhəri Heydər Əliyev prospektində yerləşən hazırki ev birinci mərtəbədə yerləşir və dörd otaqdan ibarətdir. Həmin evdə atası-anası, qardaşı Asim, qardaşının keçmiş yoldaşı Şəfəq və uşaqları yaşayır. Şəfəq boşandıqdan sonra məhkəmə qətnaməsi ilə evə köçürülüb. Ev özəlləşdirilməyən evdir və orderdə həm onun həm də oğlunun adı var. Oğlu 22 yaşındadır və Türkiyədə təhsil alır. 2024-cü ilin dekabr ayında nikahı pozulub. 2002-ci ildə ailə qurub evdən çıxmışdır. Boşandıqdan sonra atası evinə qayıtmaq istəmişdir, lakin Şəfəq bütün əşyalarını üç otağa qoyubdur və onun həmin otaqlardan istifadə etməsinə iman vermir. Atası yataq xəstəsidir və onun bir otaqda özünün xəstəliyinə görə yata bilmir. Qardaşı Asim mətbəxdə yatır. Dəfələrlə Şəfəqə bildirmişdir ki, otağın birini boşaltsın o da əşyalarını qoyub yaşasın. Bu gün o gündüzləri evdə olur, gecə isə yatmaq üçün qohumlarının evinə gedir. Nikahda olduğu vaxt, nə özünün, nə yoldaşının adına ev alınmayıbdır. Yaşamağa yeri yoxdur. Atasının etirazı yoxdur, lakin Şəfəq imkan yaratmır. Şəfəq kimi onun da oğlunun da orderdə adı vardır. Ona görə o da yaşayış yeri ilə təmin edilməlidir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh1 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh2 17 fevral 2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərmişdir. Həmin ərizədə qeyd etmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 adına orderi verilmiş Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 13/15, 12 saylı mənzilə övladı X11 ilə birlikdə köçürülmə, yaşamaq üçün 1 otağın ayrılması və həmin otaqdan ona aid olmayan əşyaların çıxarılması, mənzilə istifadə hüquqlarının verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla əlaqədar bildirmək istəyir ki, 31 iyun 2006-cı ildə iddiaçının qardaşı X16 ilə nikaha daxil olmaqla evlənib həmin evə gəlin köçmüşdür. Gəlin gələndə iddiaçı o mənzildə yaşamırdı. O, 26 sentyabr 2002-cі ildə nikah qeydiyyatından keçməklə X13 ilə evlənib həmin mənzildən getmişdi. Həmin vaxtdan da İddiaçı mübahisəli mənzildə yaşamayıb, ailə qurub özünə daimi yaşayış yeri seçib. 29 oktyabr 2003-cü ildə oğlu X7 doğulub. İddiaçı və yaxud onun keçmiş əri X4 adlarına birgə nikahda olduqları müddətdə Naxçıvan şəhərində müxtəlif ünvanlarda yaşayış sahələri qeydiyyata alınıb. İndi isə formal olaraq nikahlarını pozdurublar, ancaq faktiki olaraq bir evdə yaşayıb təsərrüfatlarını birlikdə idarə edirlər. 2002-ci ildə qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahələri altı ay saxlanılır. İddiaçı isə 23 ildir həmin mənzildən köçüb gedib. Qanunun tələbinə görə də o həmin mənzilin qeydiyyatından da çıxmalı idi. Çünki onun daimi yaşayış yeri var, 2002-ci ildən həmin mənzildən birdəfəlik çıxıb gedib. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil 17 iyun 2025-ci il tarixli ərizə təqdim edərək, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 adına orderi verilmiş Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 13/15, 12 saylı mənzilə övladı X11 ilə birlikdə köçürülmə, yaşamaq üçün 1 otağın ayrılması və həmin otaqdan ona aid olmayan əşyaların çıxarılması, mənzilə istifadə hüquqlarının verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla əlaqədar bildirmək istəyir ki, Cavabdeh2 31 iyun 2006cı ildə iddiaçının qardaşı X16 ilə nikaha daxil olmaqla evlənib həmin evə gəlin köçmüşdür. O gəlin gələndə İddiaçı həmin mənzildə yaşamırdı. Belə ki, İddiaçı 26 sentyabr 2002-ci ildə nikah qeydiyyatından keçməklə X13 ilə evlənib həmin mənzildən getmişdi. Həmin vaxtdan da İddiaçı mübahisəli mənzildə yaşamayıb, ailə qurub özünə daimi yaşayış yeri seçib. 29 oktyabr 2003-cü ildə oğlu X7 doğulub. İddiaçı 23 ilə yaxındır ki, həmin mənzillə əlaqəsini kəsmiş, ailə quraraq özünə daim yaşayış yeri seçmişdir. Hesab edir ki, o iddia müddətini buraxmışdır. İddiaçı iddia müddətini buraxdığından iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil izahatında iddia tələbinə etirazda bildirilən hallara uyğun olaraq iddia müddətinin nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 izahatında bildirmişdir ki, iş üzrə araşdırma aparılmış və müəyyən edilmişdir ki, İddiaçı həmin mənzildə yaşamır. Lakin hazırda şəxsin yaşamağa yerinin olmadığını nəzərə alaraq iddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmənin qiymətləndirməsi: İş materiallarına əlavə edilmiş: Naxçıvan Şəhər İcra Hakimiyyətinin 05 dekabr 2008-ci il tarixli, 668 nömrəli orderinin təsdiqlənmiş surətinə əsasən, Cavabdeh1 6 nəfərdən ibarət ailəsi ilə birlikdə Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 13/15, 12 saylı mənzildə 2-ci blokda, 1-ci mərtəbədə 4 otaqdan ibarət 102.3 kv.m mənzil sahəsi tutmağa ixtiyarı vardır. Ailənin tərkibi: həyat yoldaşı X3, oğlu X16, qızı İddiaçı, gəlini Cavabdeh2, nəvəsi X7 və nəvəsi X14. Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ 470078 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X9 29 oktyabr 2003-cü il tarixdə doğulmuşdur. Atası: X13, anası: İddiaçı. Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş AZ-İ 434265 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X13 ilə İddiaçı arasında olan nikah tərəflərin 28 noyabr 2024-cü il tarixli birgə ərizəsinə əsasən 28 dekabr 2024-cü il tarixdə pozulmuşdur. ünvan 4darəsinin 7262 nömrəli, 18 aprel 2025-ci il tarixli arayışına əsasən, Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən Cavabdeh1 xx.xx.2008-ci il tarixli, 668 nömrəli order verilmişdir. 1960-cı ildən ünvan 3 ünvanında qeydiyyatdadır və yaşayır. ünvan 4darəsinin 7263 nömrəli, 18 aprel 2025-ci il tarixli arayışına əsasən, İddiaçı 1981-ci ildə ünvan 3 ünvanında anadan olub və qeydiyyatdadır. xx.xx.2002-ci ildə nikah bağladıqdan sonra bu ünvanda yaşamayıb. Naxçıvan MR-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 04/817 nömrəli, 11 iyun 2025-ci il tarixli məktubuna əsasən, daşınmaz əmlakın dövlət reyestrində X4 və İddiaçı adına daşınmaz əmlak qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə İddiaçı münasibətdə mübahisənin həlli zamanı hansı maddi hüquq normasının tətbiq ediləcəyini müzakirə edərək belə nəticəyə gəlir ki, hazırki iddia tələbi qüvvədə olmayan Mənzil Məcəlləsinin 123-cü və 53-cü maddəsi tətbiq edilərək araşdırılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən aydın olur ki, iddiaçı sözügedən mənzildə ailə qurana qədər-2002-ci ilə qədər yaşamış və icarədarın ailə üzvü olaraq yaşayış və istifadə hüququna malik olmuşdur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı 2002-ci ildə ailə qurarkən başqa evə gəlin köçmüşdür və bu halda sözügedən mənzilə yaşayış və istifadə hüququnu itirmişdir. ünvan 4darəsinin 7263 nömrəli, 18 aprel 2025-ci il tarixli arayışına əsasən, İddiaçı 1981-ci ildə ünvan 3 ünvanında anadan olub və qeydiyyatdadır. xx.xx.2002-ci ildə nikah bağladıqdan sonra bu ünvanda yaşamayıb. İddiaçının tələbinin qanuni əsasını analogiyanı tətbiq etməklə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60, 87-ci maddələri təşkil edə bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri 2000-ci ildən əvvəl yarandığından, hazırki mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə-həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə-onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 10) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1-7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İşin hallarından görünür ki, İddiaçı mübahisli mənzildə 2002-ci ilə kimi yaşamışdır. Məhkəmə iddiaçının 2002-ci ildə mübahisəli mənzildən köçüb getməsini mənzildən daimi çıxıb getməsi kimi qiymətləndirir. Beləliklə, icarədarın ailə üzvü kimi iddiaçının yaşayış sahəsindən getməsi onun yaşayış sahəsindən daimi olaraq çıxıb getməsi kimi qiymətəndirilərək bu hal iddiaçının mübahisəli evdən istifadə hüququnun saxlanılmaması kimi qəbul edilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, 20 ildən artıq mənzildə yaşamayan, mənzildən istifadə etməyən iddiaçının həmin mənzilə yaşayış və istifadə hüququnun verilməsi, onun mənzilə köçürülməsi, həmin mənzildə yaşayan, mənzildən istifadə və yaşayış hüquqları mövcud olan digər şəxslərin-cavabdehlərin hüquqlarının pozulması ilə nəticələnə bilər. Həmçinin iddiaçının 20 ildən sonra nikahının pozulması onun yenidən mənzilə köçürülməsi üçün əsas təşkil etmir. Digər tərəfdən isə məhkəmə qeyd edir ki, iddiaçı övladı X11 ilə birlikdə mənzilə köçürülməsini xahiş etmiş, lakin ona verilən sualdan, eləcə də orderin surətindən, doğum haqqında şəhadətnamənin surətindən aydın olmuşdur ki, övladı 29 oktyabr 2003-cü ildə doğulmuşdur. Yəni iddia qaldırılan zaman 22 yaşında olmuş, yetkinlik yaşına çatmışdır. Bu halda isə anası İddiaçı onu təmsil etmək üçün etibarnamə verməmiş, iddia ərizəsini imzalamamışdır. İddiaçı isə övladının adından təmsilçilik səlahiyyəti olmadığı halda iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Məhkəmə tərəflərə izah edir ki, məhkəməyə müraciət etmək hüququnun məzmununa, mənasına görə iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilib-verilməməsindən asılı olmayaraq məhkəmə iddiaya mahiyyəti üzrə baxmalıdır. Yəni məhkəmə işin hallarını araşdırıb, sübutları qiymətləndirməklə hərtərəfli proses aparmalıdır. Araşdırmalar nəticəsində müəyyən edilsə ki, iddia müddəti üzürlü səbəblərdən ötürülmüşdür, məhkəmə həmin müddəti bərpa edir və iddia tələbinin təmin edilməsi və yaxud rədd edilməsi barədə qətnamə qəbul edir. Bununla yanaşı məhkəmə Cavabdeh2 tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi üzrə hazırki tələb əsassız hesab edildiyindən və rədd edildiyindən iddia müddətinin tətbiq edilməsinə dair məsələnin müzakirə edilməsinə də əsas yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə məsrəflərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən ödənilən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 13/15, 12 saylı mənzilə övladı X11 ilə birlikdə köçürülmə, yaşamaq üçün 1 otağın ayrılması və həmin otaqdan ona aid olmayan əşyaların çıxarılması, mənzilə istifadə hüquqlarının verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilən dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-433/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-433/2025
20.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver