Məhkəmə qərarları › İş №2(078)-440/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-440/2021

25.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-440/2021 25.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı 05 aprel 2021-ci ildə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli, 2(078)-639/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişdirərək 23 yanvar 2012-ci il tarixdə doğulmuş X1 və 06 sentyabr 2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh sabit məbləğ olaraq hər birinə hər ay 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, o, Cavabdeh ilə 03 avqust 2011-ci il tarixdə Babək rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Onların həmin nikahlarından iki nəfər övladları - 23 yanvar 2012-ci il təvəllüdlü X1 və 06 sentyabr 2013-cü il təvəllüdlü X4 doğulmuşdur. İddiaçı ilə Cavabdeh arasında olan nikah Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli, 2(078)-639/2016 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən Məmmədbaqir və Xuraman iddiaçının yanında saxlanılmış, eyni zamanda onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər birinə 90 (doxsan) manat olmaqla, cəmi birlikdə 180 (bir yüz səksən) manat aliment qət olunmuşdur. Cəfər uşaqlara kəsilən alimenti həmişə gecikdirərək ödəyir. İddiaçı özünün şəxsi evi olmadığından uşaqları ilə birlikdə Bakı şəhərində valideynlərinin yanında qalmaq məcbriyyətindədir. Heç bir yerdə işləmir. Uşaqların hər ikisi məktəbdə oxuyur. Cəfərin iki uşağa görə ödədiyi 180 (bir yüz səksən) manat aliment onların günü-gündən artan tələbatlarını, yeyib-içməyini, geyimini, məktəb ləvazimatları və digər təminatlarını ödəmir. Bakı şəhəri kimi yerdə valideynlərinin də köməklik göstərməyinə baxmayaraq uşaqların tələbatlarını ödəmək iddiaçı üçün çox çətindir. Bu kimi səbəblərdən də alimentin artırılmasını istəyir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, iddiaçı 18 may 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək ərizəsində Cavabdeh qarşı sabit pul məbləğində müəyyən olunmuş alimentin artırılması barədə Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırdığını, iddiasını müdafiə etdiyini, özünün Bakı şəhərində uşaqları ilə birlikdə valideynlərinin yanında yaşadığından məhkəmə proseslərinə maddi vəziyəti ilə əlaqədar olaraq gəlib qayıda bilmədiyini, onu məhkəmədə vəkil və nümayəndəsi Vəkil təmsil edəcəyini, özünün heç bir yerdə işləmədiyini, uşaqların hər ikisinin məktəbdə oxuduqlarını, onların da digər sinif yoldaşları kimi hazırlıq kurslarına getmək istədiklərini, lakin maddi imkanı aşağı olduğundan çatdırıb onları hazırlıq kurslarına göndərə bilmədiyini, Cəfərin iki uşağa görə ödədiyi 180 (bir yüz səksən) manat alimentin onların günü-gündən artan tələbatlarını, yeyib-içməyini, geyimini, məktəb ləvazimatları və digər təminatlarını ödəmədiyini, Bakı şəhəri kimi yerdə valideynlərinin də köməklik göstərməyinə baxmayaraq uşaqların tələbatlarını ödəməyin iddiaçı üçün çox çətin olduğunu qeyd edərək Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli, 2(078)- 639/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişdirərək 23 yanvar 2012-ci il tarixdə doğulmuş X1 və 06 sentyabr 2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh sabit məbləğ olaraq hər birinə hər ay 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi birlikdə 350 (üç yüz əlli) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirməsini və iddiaçının yuxarıda qeyd olunan ərizəsini nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclası zamanı izahat verən iddiaçının vəkili və nümayəndəsi Vəkil verdiyi izahatında iddianı müdafiə etdiyini, iddiaçı ilə cavabdehin 03 avqust 2011-ci il tarixdə Babək rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə evləndiklərini, onların həmin nikahdan 23 yanvar 2012-ci il təvəllüdlü X1 və 06 sentyabr 2013-cü il təvəllüdlü X4 adlı iki uşaqlarının doğulduğunu, iddiaçı ilə cavabdeh arasında olan nikahın Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli, 2(078)-639/2016 saylı qətnaməsi ilə pozulduğunu, həmin qətnamə ilə hər iki uşağın analarının yanında qalmasının və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 90 (doxsan) manat olmaqla, ümumilikdə isə iki uşaq üçün 180 (bir yüz səksən) manat alimentin cavabdehdən tutulmasının qət edildiyini, iddiaçının hazırda uşaqları ilə birlikdə Bakı şəhərində valideynlərinin yanında yaşadığını, onun heç bir yerdə işləmədiyini, uşaqların hər ikisinin məktəbdə oxuduqlarını, cavabdehin ödədiyi 180 (bir yüz səksən) manat alimentin uşaqların günü-gündən artan tələbatlarını, yeyib-içməyini, geyimini, məktəb ləvazimatları və digər təminatlarını ödəməyə kifayət etmədiyini, Bakı şəhəri kimi yerdə həmin aliment məbləğinin iki uşağın tələbatını qarşılamaq üçün yetərli məbləğ olmadığını, valideynlərinin iddiaçıya kömək etmələrinə baxmayaraq onun yenə də uşaqların maddi tələbatlarını qarşılamaqda çətinlik çəkdiyini, cavabdehin alimentdən başqa uşaqların tələbatları üçün iddiaçıya heç bir yardım etmədiyini, ona görə də iddiaçının alimentin artırılmasını istədiyini bildirərək Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli, 2(078)-639/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 23 yanvar 2012-ci il tarixdə doğulmuş X1 və 06 sentyabr 2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh sabit məbləğ olaraq hər bir uşaq üçün hər ay 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat alimentin tutularaq İddiaçı ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin faktiki və mübahisəsiz halları bundan ibarətdir ki, tərəflər 03 avqust 2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, onların birgə nikahından 23 yanvar 2012-ci il təvəllüdlü X1 və 06 sentyabr 2013-cü il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Tərəflər arasındakı nikah qeydi Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli, 2(078)-639/2016 nömrəli qətnaməsi ilə pozulmuş, boşanmadan sonra 23 yanvar 2012-ci il tarixdə doğulmuş X1 və 06 sentyabr 2013-cü il tarixdə doğulmuş X4 anası İddiaçı yanında saxlanılmış, onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 90 (doxsan) manat olmaqla, ümumilikdə isə iki uşaq üçün 180 (bir yüz səksən) manat alimentin cavabdehdən tutulması qət edilmişdir. Yuxarıda sadalanan halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli, 2(078)-639/2016 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflər arasında 03 avqust 2011-ci ildə nikah bağlanması; - iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Polis idarəsi tərəfindən verilmiş AZE seriyalı, 10430783 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən və Naxçıvan Şəhər Nigah evi tərəfindən verilmiş AZ-İİ seriyalı, 668776 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 23 yanvar 2012-ci il tarixdə X1 adlı övladlarının olması; - iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Polis idarəsi tərəfindən verilmiş AZE seriyalı, 10430784 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən və Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 076434 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 06 sentyabr 2013-cü il tarixdə X4 adlı övladlarının olması; - iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli, 2(078)-639/2016 saylı qətnaməsinin təsdiq olunmuş surətindən iş üzrə tərəflər arasında bağlanmış nikahın pozulması, nikahın pozulmasından sonra iş üzrə tərəflərin uşaqları - 23 yanvar 2012-ci il tarixdə doğulmuş X1 və 06 sentyabr 2013-cü il tarixdə doğulmuş X2 anaları İddiaçı yanında qalmalarının və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 90 (doxsan) manat olmaqla, cəmi iki uşağa görə 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq İddiaçı ödənilməsinin qət olunması aydın olur. Məhkəmə qeyd edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli, 2(078)-639/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Hazırki mülki iş üzrə mübahisəli hal isə iddiaçının alimentin sabit pul məbləğində artırılmasını tələb etməsidir. Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Məhkəmə 2016-cı ildə bir uşaq üçün 90 manat olmaqla, iki uşaq üçün ümumilikdə 180 manat aliment müəyyən edildikdən sonra yetkinlik yaşına çatmayan uşaqların böyüdükcə artan təlabatlarını, sosial-iqtisadi göstəricilərin dəyişilməsini, bu müddət ərzində cavabdehin hər bir uşaq üçün ödədiyi 90 manatdan başqa iddiaçıya uşaqların tələbatlarının ödənilməsi üçün əlavə yardım etməməsini, həmçinin hazırda uşaqların hər ikisinin məktəbə getməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay 1 uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə isə iki uşaq üçün 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, uşaqların iddiaçının yanında qalması, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hər bir uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğin (175 manatın) yarısından çoxunun - 130 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələbi aliment məbləğinin artırılaraq yaşayış minimumu həddində təyin olunması ilə bağlı olsa da, məhkəmə aliment məbləğinin artırılaraq yaşayış minimumu həddində yəni hər uşaq üçün 175 manat məbləğində təyin edilməsinin qeyri mümkünlüyünü onunla izah edir ki, iddiaçı alimentin artırılmasını istədiyi sabit pul məbləğində alimentin miqdarı ilə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir, yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən də aydın olduğu kimi uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir, yəni hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər şəkildə öhdəlik daşıyır. Həmçinin məhkəmə qeyd edir ki, alimentin iddiaçı tərəfindən tələb olunduğu miqdarda müəyyən edilməsi üçün əlavə əsaslar (cavabdehin gəlirlərinin artması və s.) müəyyən edilmədiyindən qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bununla da icra edilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1 və 112.1.6-cı maddələrinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti – ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə görə məhkəməyə verilən iddia ərizələri üzrə iddianın qiyməti 500 (beş yüz) manatdan çox olduqda, dövlət rüsumunun məbləği 30 (otuz) manat miqdarında müəyyən edilmişdir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin artırılması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda ödəmənin artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə ödəmənin artırıldığı məbləğin bir il üçün nəzərdə tutulan miqdarı 500 manatdan çox olduğundan, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 14.11 (on dörd manat on bir qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli, 2(078)-639/2016 saylı qətnaməsi ilə 23 yanvar 2012-ci il təvəllüdlü X1 və 06 sentyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün müəyyən olunmuş alimentin miqdarı artırılmalı; -23 yanvar 2012-ci il təvəllüdlü X1 və 06 sentyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay 1 uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə isə iki uşaq üçün 260 (iki yüz altmış) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilməli; - miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı; - iddia qalan hissədə rədd edilməli; - Cavabdeh 14.11 (on dörd manat on bir qəpik) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin olunsun. Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli, 2(078)-639/2016 saylı qətnaməsi ilə 23 yanvar 2012-ci il təvəllüdlü X1 və 06 sentyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün müəyyən olunmuş alimentin miqdarı artırılsın. 23 yanvar 2012-ci il təvəllüdlü X1 və 06 sentyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay 1 uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə isə iki uşaq üçün 260 (iki yüz altmış) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə rədd edilsin Cavabdeh 14.11 (on dörd manat on bir qəpik) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar