Məhkəmə qərarları › İş №2(078)-440/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-440/2024

10.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-440/2024 10.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 (altı min) ABŞ dolları və 3800 (üç min səkkiz yüz) manat, ümumilikdə 14000 (on dörd min) manat məbləğində əsas pulun, hüquqi xidmətə görə ödənilmiş 250 (iki yüz əlli) manatın və 132 (yüz otuz iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 14382 (on dörd min üç yüz səksən iki) manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh onun 6000 (altı min) ABŞ dolları və 3800 (üç min səkkiz yüz) manat məbləğində pulunu mənimsəmiş və bu günə kimi qaytarmamışdır. Cavabdeh onun qohumudur. Bir qohum kimi həmişə birbirlərinin evinə gedib-gəlmişlər. Onun oğlu X1 2021-ci ilin iyun ayında hərbi xidmətdən qayıtmışdır. Cavabdeh 2022-ci ilin avqust ayında onların evində olarkən ona bildirmişdir ki, oğlu X2 mühafizəçi vəzifəsinə işə qəbul etdirə bilər. O, demişdir ki, bu məqsədlə ona 50000 manat məbləğində pul lazımdır. Rzaya bildirmişdir ki, 50000 manat çoxdur və həmin məbləğdə pulu yoxdur. Onda Rza demişdir ki, danışıb 30000 manata razılaşdıraram. Beləliklə, 20 avqust 2022-ci il tarixdə Rza ona zəng vurub bildirmişdir ki, 30000 manata razılaşdırmışam, sənin nə imkanın varsa hələlik ver, sənədləşdirmə aparılsın, qalan məbləği də Dağbəyi işə qəbul olanda verərsən. Razılaşmış və Rzanı faktiki yaşadıqları Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən bağ evinə dəvət etmişdir. 25 avqust 2022-ci il tarixdə Rza onlara gəlmiş və həyat yoldaşının, qaynananısının (Rzanın xalasının) yanında Rzaya 6000 (altı min) ABŞ dolları və 3800 (üç min səkkiz yüz) manat məbləğində pul vermişdir. Təxminən 15 gündən sonra Rzaya zəng vurub demişdir ki, pulun qalığını kiminlə bu söhbəti eləmisənsə ona verə bilərəmmi? Rza imtina eləmiş və demişdir ki, pulun qalığını verirsənsə mənə ver, əgər vermirsənsə, iş alınmır və sənin pulunu qaytaracam. Bundan sonra Rza onun oğlunu nə işə düzəltməmiş, nə pulunu qaytarmamış və nə də bu günə kimi telefon zənglərinə cavab verməmişdir. Ərizə ilə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etmiş və Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə 20 noyabr 2023-cü il tarixli qərar qəbul edilmişdir. Ona görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 24 may 2024-cü il tarixli telefonoqramdan aydın olur ki, Cavabdeh Rusiya Federasiyasında yaşadığını və bu səbəbdən də, məhkəmə iclaslarında iştirak edə bilmədiyini, lakin məhkəmə iclasından xəbərdar olduğunu, iddia ərizəsində yazılanlarla razılaşmadığını, danışıqlarının qarşılıqlı olduğunu, Xələddinin onun xalasının qızının həyat yoldaşı olduğunu, iddia ərizəsinin tamamilə səhv olduğunu, onun oğlunu işə düzəltməklə bağlı ondan pul almadığını, şahidlərin onun birinci dərəcəli qohumları olduğunu, göndərdiyi səsdə hər şeyin sübut olunduğunu, səs yazısının dələduzluq əməlinin olmadığını sübut etdiyini, iddianı qəbul etmədiyini, Sumqayıt Şəhər Polis İdarəsində işin araşdırıldığını, dələduzluq əməlinin olmadığı qərarının verildiyini, iddia ərizəsi düzgün olmadığı üçün bu haqda izahat vermək istəmədiyini, işə düzəldəcəyi ilə bağlı sübut varsa istənilən qərar verilməsinə razı olduğunu, iddia ərizəsinin yanlış olduğunu, Xələddinin səs yazılarının hamısını təqdim etməyini, Xələddinə borcunun olduğunu, iddia ərizəsini düzgün şəkildə versə borcunu etiraf etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Xələddin onun kürəkənidir. Cavabdeh isə bacısının oğludur. Onlara qonaq getmiş, orda olan zaman Rza 2-3 dəfə gəlib-getmişdir. Rza bacısının oğludur. Xalası qızının evi kimi gəlmişdir. Rza gəlib bir neçə dəfə söhbət etmişdir. Bir dəfə Xələddinlə Rza danışan zaman Xələddin pulu gətirib Rzaya vermişdir. Bunun nə pul olduğunu soruşmuşdur. Xələddin uşağını işə düzəldəcəyini demişdir. Xələddinin oğlu hərbi xidmətdən qayıtmış, işləmirdi. Pulu stolun üstündə saydılar. Nəvəsinin işə düzələcəyinə sevinmişdir. Pul bir paçka dollar, bir paçka yüzlük, bir paçka isə əllilik idi. Pulu saymışlar. Sonra pulu qara rəngli sellofana qoymuşlar və Rza pulu götürüb getmişdir. Həmin vaxtdan Rza tezliklə işə düzəldəcəyini demişdir. Cavabdeh vəzifəli şəxslər ilə oturub durduğunu, onların yaxşı iş düzəldəcəklərini demişdir. Amma heç bir işə düzəltməmişdir. Telefonda Xələddini tənqid etmişdir. Bir dəfə də Rzaya məhkəməyə getməyək, sən bacımın oğlusan, Xələddin də kürəkənimdir, mən ortada qalmaq istəmirəm demiş və Rza Xələddin haqqında söyüş söyməyə başlamışdır. O vaxtdan Rza yoxdur. Cavabdeh heç bir yerdə işləmir. Bakıya gedib ikinci ailə qurub. Ailə qurduğu qadının imkanlı olduğunu düşünürmüş. Söhbət təxminən yay aylarında, yayın son aylarında olmuşdur. Danışıqlar Sumqayıtda, Novxanıda olubdur. Xələddinin Novxanıda evi vardır. Bir-bir saymış, nə qədər puldur demişdir. Ümumi 14000 manat pul idi. Rza 30000 manat istəmiş, Xələddin 30000 manata imkanının çatmadığını, övladı işə girən zaman qalan pulu verəcəyini bildirmişdir. Rza təxminən bir il olar ki, Azərbaycandan gedibdir. Pulu alandan sonra ölkədən getmişdir. Rza orada ailəsi ilə birlikdə yaşayır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının izahatını, şahidin ifadəsini dinləyərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. Nəzərə almaq lazımdır ki, tələbin qanuni əsası kimi bir neçə normanın yoxlanması istisna deyil. Nəticə etibarilə, onların hər birinin dispozisiya şərtləri yoxlanmaqla iddianın əsaslılığına qiymət vermək olar. İşin məhkəmədə araşdırılmış halları mülki işə əlavə edilmiş səs yazıları olan CD, iddiaçının izahatı və şahidin ifadəsi ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 6000 ABŞ dolları və 3800 manat məbləğində pul vəsaitini vermişdir. İddiaçı tərəfin izahatından pulun verilməsi məqsədinin iddiaçının övladının işlə təmin edilməsinə köməklik təşkil etməsi göstərilsə də qeyd edilən halın təsdiqi məhkəmədə sübuta yetirilməmişdir. Lakin tərəflər arasında borc münasibətlərinin mövcud olması, iddiaçının cavabdehə tələb etdiyi məbləğdə pul vəsaitini verməsi və cavabdehin həmin vəsaiti qaytarmaması iş materialları ilə sübuta yetirilmişdir. Mülki qanunvericiliyin borc müqaviləsindən bəhs edən 739-cu maddəsinin tələbinə görə 3000 manatdan artıq olan məbləğdə borc verildikdə yazılı formada bağlanmalıdır. İşin hallarından aydın olur ki, tərəflər arasında yazılı müqavilə bağlanmamışdır. Bu halda isə artıq qanunun məcburi normasına əməl edilməməsi tərəflər arasında müqavilə münasibətlərini istisna edir və hazırki tələbə əsassız varlanmadan irəli gələn münasibətlər tətbiq edilməlidir. İddia tələbinin qanuni əsasının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsində nəzərdə tutulmuş əsassız varlanma təşkil edir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 6000 (altı min) ABŞ dolları və 3800 (üç min səkkiz yüz) manat olmaqla, ümumilikdə 14000 (on dörd min) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə məhkəmə məsrəflərinə münasibətdə qeyd edir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən 01 noyabr 2023-cü il tarixdə 569779 nömrəli qəbzlə hüquqi xidmətə görə ödənilmiş 250 (iki yüz əlli) manat məbləğində pul Cavabdeh alınıb iddiaçıya qaytarılmalıdır. İddia təmin edildiyindən İddiaçı tərəfindən "xxxx" ASC-nin Baş ofisi vasitəsilə 22 yanvar 2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 132 (yüz otuz iki) manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 6000 (altı min) ABŞ dolları və 3800 (üç min səkkiz yüz) manat olmaqla, ümumilikdə 14000 (on dörd min) manat məbləğində əsas pul alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən 01 noyabr 2023-cü il tarixdə 569779 nömrəli qəbzlə hüquqi xidmətə görə ödənilmiş 250 (iki yüz əlli) manat məbləğində pul Cavabdeh alınıb iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Baş ofisi vasitəsilə 22 yanvar 2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 132 (yüz otuz iki) manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar