Məhkəmə qərarları › İş №2(078)-454/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-454/2024

06.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-454/2024 06.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızına qarşı fərdi yaşayış evindən məcburi qaydada əşyaların çıxarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən iddia ərizəsində sadalanan cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızına məxsus 12 adda əşyaların məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi İddiaçı adına ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı, xx.xx.2022-ci il tarixli, **********61-10301 dövlət reyestr nömrəsi ilə qeydiyyatdan keçirməklə İddiaçı adına qeydiyyata alınmışdır. Hazırda həmin əmlak tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Naxçıvan Şəhər Məhkəməsində Məmmədova (İsayeva) Ayna Əli qızını ünvan 3 ünvanında yaşayış və istifadə hüququna kompensasiya ödəmədən xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(078)-1010/2022 nömrəli qətnaməsi əsasında cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızının kompensasiya verilmədən yaşayış və istifadə hüququna xitam verilmişdir. Cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızının ünvan 3 ünvanında yaşadığı müddətdə bir ədəd yataq (150 manat), bir ədəd döşək (20 manat), bir ədəd yorğan (15 manat), iki ədəd balınc (10 manat), altı ədəd nəlbəki (5 manat), altı ədəd stəkan (4 manat), altı ədəd zir (4 manat), bir ədəd divan (70 manat), bir ədəd kreslo (30 manat), bir ədəd qaz piltəsi (20 manat), iki ədəd 2-3 xalça (20 manat), bir ədəd 3 metrlik daroşka (20 manat) adlı əşyaları var. Ümumi əşyaların maddi dəyəri 368 manat təşkil edir. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçı vəkili və nümayəndəsi Vəkil iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında izahat verən iddiaçının vəkili Vəkil izahatında ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın İddiaçı mülkiyyətində olduğunu, həmin evin ona valideynlərindən qaldığını, həmin evdə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı inzibati məhkəməyə müraciət etdiklərini, İsayeva (Məmmədova) Ayna Əli qızının həmçinin istifadə hüququnun da olduğunun məlum olduğunu, buna görə də ümumi məhkəməyə müraciət etdiklərini, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1010/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə İsayeva (Məmmədova) Ayna Əli qızının yaşayış və istifadə hüququna xitam verildiyini, həmin evdə olan və İsayeva (Məmmədova) Ayna Əli qızına məxsus olan əşyaların bir ədəd yataq, bir ədəd döşək, bir ədəd yorğan, iki ədəd balınc, altı ədəd nəlbəki, altı ədəd stəkan, altı ədəd zir, bir ədəd divan, bir ədəd kreslo, bir ədəd qaz piltəsi, iki ədəd 2x3 metr ölçüdə xalça və bir ədəd 3 metrlik daroşka olduğunu, 6 ədəd nəlbəki və 6 ədəd zir kimi qeyd etdikləri əşyaların hər biri ayrı dəst olduğu üçün iddia ərizəsində o formada qeyd etdiklərini, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən iddia ərizəsində sadalanan cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızına məxsus 12 adda əşyaların məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində İddiaçı onun xalasının qızı olduğunu, cavabdehin həmin evdə yataq dəsti, yorğan, döşək, qab-qacaq, qaz piltəsi, daroşka, kreslo kimi əşyalarının olduğunu, həmin evə gedib-gələn biri olduğunu, xalasının evi olduğunu, xalası öldükdən sonra yasda da həmin əşyaların evdə olduğunu, ondan sonra həmin evin bağlı olduğunu, xalası öldükdən sonra həmin evə getmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində İddiaçı onun xalasının qızı olduğunu, İsayeva (Məmmədova) Ayna Əli qızının xalasının gəlini olduğunu, həmin evə gedib-gələn biri olduğunu, cavabdehin həmin evdə yataq dəsti, yorğan, döşək, qab-qacaq, xalça kimi əşyalarının olduğunu, həmin əşyaların hazırda da həmin evdə olduğunu bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, sübutları tədqiq edib və toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ********** nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması aydın olur. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1010/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızına qarşı yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi tələbinə dair iddiasının təmin edilməsi və İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-31/2010 nömrəli, 01 fevral 2010-cu il tarixli qətnaməsi əsasında Cavabdeh verilmiş yaşayış və istifadə hüququna xitam verilməsi qət edilmişdir. Məhkəmə iddianı əsaslı sayıb təmin edərkən iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş sübutlara istinad edir. İş materiallarından və işin məhkəmədə araşdırılmasından aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iddia ərizəsindən aydın olur ki, iş üzrə cavabdeh İsayeva (Məmmədova) X2 şəhəri, C.Naxçıvani küçəsi, döngə 2, ev 22 ünvanında yaşayır. Cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızına hazırki mülki iş üzrə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər, məhkəmənin 14 fevral 2024-cü il tarixli, 2(078)-454/2024 nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmiş, həmin bildiriş qəbul edilmiş, həmçinin həmin bildiriş və ona əlavə edilmiş sənədlər cavabdehin Elektron Məhkəmə İnformasiya Sistemində olan elektron kabinetinə də yerləşdirilmiş, həmçinin məhkəmə iclasının vaxtı və yeri barəsində ona sms bildiriş də göndərilmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən hallar məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə görə cavabdeh iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Cavabdehə göndərilmiş bildirişdə cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 20 gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə və iddiaçıya təqdim etməsi izah olunsa da, cavabdehin ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. İddia tələbinə yəni, cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızına məxsus əşyaların iddiaçının mülkiyyətində olan evdən məcburi götürülməsinə hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Mülkiyyət hüququnun məzmunu Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəlləninin 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq iddiaçıya məxsus mənzildə cavabdehin əşyalarının olması iddiaçının mənzil üzərində mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. İddia tələbinin məhkəmədə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ona məxsus mənzili qanuni şəkildə əldə etsə də, cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan əşyalar iddiaçının evində saxlanılmaqla iddiaçının öz mülkiyyətindən sahiblik və istifadə hüququna maneə yaradılır. Bununla da iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Belə olan halda iddiaçı qeyd olunan mənzildən cavabdehə məxsus əşyaların götürülməsini tələb etməkdə haqlıdır, ona görə də iddiaçının iddia tələbi təmin edilməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızından alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızına məxsus bir ədəd yataq, bir ədəd döşək, bir ədəd yorğan, iki ədəd balınc, altı ədəd nəlbəki, altı ədəd stəkan, altı ədəd zir, bir ədəd divan, bir ədəd kreslo, bir ədəd qaz piltəsi, iki ədəd 2x3 metr ölçüdə xalça və bir ədəd 3 metrlik daroşka cavabdeh tərəfindən məcburi qaydada götürülməli; - iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızından alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızına məxsus bir ədəd yataq, bir ədəd döşək, bir ədəd yorğan, iki ədəd balınc, altı ədəd nəlbəki, altı ədəd stəkan, altı ədəd zir, bir ədəd divan, bir ədəd kreslo, bir ədəd qaz piltəsi, iki ədəd 2x3 metr ölçüdə xalça və bir ədəd 3 metrlik daroşka cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızı tərəfindən məcburi qaydada götürülsün. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızından alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar