Məhkəmə qərarları › İş №2(078)-457/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-457/2021

25.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-457/2021 25.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 31 avqust 2015-ci il tarixli 2(078)-716/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 80 (səksən) manat aliment miqdarının dəyişdirilərək Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin alınıb 12 avqust 2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 29 avqust 2006-cı il tarixdə Naxçıvan şəhər VVADQ şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Culfa Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum akt qeydindən çıxarışdan məlum olur ki, Cavabdeh ilə X1 12 avqust 2007-ci il tarixli X3 adlı övladları var. Tərəflər arasındakı nikah qeydi Culfa Rayon Məhkəməsinin 21 iyun 2011-ci il tarixli 2(079)- 15/2011 nömrəli qətnaməsi ilə pozulmuş və boşanmadan sonra 12 avqust 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının dörddə bir hissəsi məbləğində aliment tutulması qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 24 oktyabr 2012-ci il tarixli 2(078)-383/2012 nömrəli qətnaməsi ilə Cavabdeh hər ay sabit pul məbləğində 50 manat aliment ödənilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 31 avqust 2015-ci il 2(078)-716/2015 nömrəli qətnaməsi ilə məhkəmənin 24 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilərək Cavabdeh 31 iyul 2015-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 80 (səksən) manat aliment tutularaq 12 avqust 2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməsi qət olunmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirmiş və bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu iş üzrə İddiaçı Cavabdeh ilə 2006-cı il tarixdə ailə qurmuş, 2007-ci il tarixdə tərəflərin nikahlarından X3 doğulmuşdur. Tərəflər arasındakı nikah 2011ci ildə Culfa Rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuşdur. Həmin vaxtdan cavabdeh bir müddət əmək haqqının ¼ hissəsi miqdarında aliment ödəmiş, daha sonra məhkəmə qətnamələri ilə aliment miqdarı dəyişdirilərək sabit pul məbləğində ifadə edilmiş, ilkin olaraq 50 manat, daha sonra artırılaraq 80 manat müəyyən edilmişdir. İddiaçı özü Bakı şəhərində yaşayır. İddiaçının dediyinə görə cavabdeh uzun müddətdir ki, Türkiyə Respublikasında yaşayır və orada işləyir. Hazırki vaxtda uşaqlar üçün minimum dolanacaq məbləği 175 manat müəyyən edilmişdir. Cavabdeh bu günədək həmin məbləğin yarısını belə ödəməmişdir. Uşağın 14 yaşı vardır və məktəblidir. Onun gündəlik tələbatları, geyimi, dərs ləvazimatları 80 manatdan dəfələrlə artıq başa gəlir. Ona görə də ata olaraq cavabdeh övladının qayğısına qalmalı və qanunla müəyyən edilmiş aliment məbləğini ödəməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmənin 31 avqust 2015-ci il tarixli 2(078)-716/2015 nömrəli qətnaməsi ilə müəyyən eidlmiş aliment miqdarının dəyişdirilərək Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat məbləğində sabit pul şəklində alimentin tutularaq 12 avqust 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul eidlməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, həmçinin toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək hesab edir ki, iddiaçının aliment miqdarının artırılması tələbi ilə müraciət etməsi üçün əsası olmuşdur. Məhkəmə 2015-cı il üçün yaşayış minimumunun bir uşaq üçün 108 manat məbləğində müəyyən edildiyini, iddiaçının 2015-cı il tarixdə məhkəməyə müraciət edərək məhkəmə tərəfindən alliment məbləğinin 80 manat müəyyən edildiyini, 2015-cı ildən 5 il müddət keçdiyini, həmin müddət ərzində uşağın gündəlik həyat şərtlərinə uyğun tələbatlarının artmasının istisna olunmadığını və iddiaçının maddi vəziyyətinin dəyişməsinin mümkün olan hallarını nəzərdən keçirib hesab edir ki, belə olan halda iddiaçının tələbi qismən əsaslıdır və qismən təmin edilməldir. Məhkəmə 12 avqust 2007-ci il tarixdə doğulmuş X2 hal-hazırda anası İddiaçı himayəsində yaşamasını, uşağın xüsusi qulluq və qidalanmaya ehtiyacını və həyat şərtlərinə uyğun gündəlik tələbatlarını, nəzərə alaraq Cavabdeh 130 (bir yüz otuz) manat məbləğində alimentin müəyyən olunmasını ağlabatan hesab edir. Məhkəmə iddianın qalan hissəsini rədd edərkən iddiaçının cavabdehin kifayət qədər qazancının olmasına dair konkret və mötəbər sübutlar təqdim etmədiyini nəzərə alır. Məhkəmə hesab edir ki, hazırki alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.6-cı maddələrinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda- ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən hazırki iş üzrə 12x(130-80)=600 manat təşkil edir ki, buna görə də iş üzrə Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 31 avqust 2015-ci il tarixli 2(078)-716/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh hər ay sabit məbləğdə 130 (bir yüz otuz) manat miqdarında aliment tutularaq 12 avqust 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia qalan hissədə rədd olunsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar