Məhkəmə qərarları › İş №2(078)-457/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-457/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-457/2025 23.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı İmamquliyeva (Qənbərli) Selcan Qafar qızının Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı İmamquliyeva (Qənbərli) Selcan Qafar qızı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ona verdiyi 8860 (səkkiz min səkkiz yüz altmış) manat, hüquqi yardıma görə ödədiyi 300 (üç yüz) manat və dövlət rüsumu olaraq ödədiyi 111.6 (bir yüz on bir manat altmış qəpik) manat, ümumilikdə, 9271.6 (doqquz min iki yüz yetmiş bir manat altmış qəpik) manat pulun alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, həyat yoldaşı X10 cinayət hadisəsi törətdiyinə görə onun hüquqlarının müdafiəsi üçün vəkil tutmuşlar. Qayınatası Cavabdeh Şirinin cəzadan azad edilməsi müqabilində vəkilə əlavə pul verilməli olduğunu, özünün buna imkanı olmadığını və buna görə də onun 10.000 (on min) manat məbləğində pul tapmalı olduğunu, əks təqdirdə ərinin türməyə düşəcəyini bildirmişdir. O, isə əlində o qədər pul olmadığını demişdir. Qayınatası işlədiyi üçün bankdan pul götürməklə bu məbləği təmin etməyini təklif etmişdir. Həyat yoldaşının azadlıqda qalacağını düşündüyünə görə “Kapital Bank"dan 48 (qırx səkkiz) ay müddətinə illik faiz dərəcəsi 24.2% olmaqla 8860 (səkkiz min səkkiz yüz altmış) manat məbləğində kredit götürərək həmin pulu vəkilə verməsi üçün qayınatasına təhvil vermişdir. Həmin kredit məbləğini reallaşdırmaq üçün 88.6 (səksən səkkiz manat altmış qəpik) manat nağdlaşdırma komissiyası və 177.2 (yüz yetmiş yeddi manat iyirmi qəpik) manat həyat sığortası üzrə sığorta haqqı olmaqla, ümumilikdə 265.8 (iki yüz altmış beş manat səksən qəpik) manat xərcləmişdir. Bir müddət sonra vəkilin onları aldatdığı və özünün də barəsində cinayət işinin başlanıldığı məlum olmuşdur. Vəkilin təqsirləndirildiyi cinayət işinin araşdırılması zamanı onun qayınatası vasitəsilə ona verdiyi 8860 (səkkiz min səkkiz yüz altmış) manat pul istintaq orqanı tərəfindən qayınatası həmin cinayət işində zərər çəkmiş şəxs kimi tanındığından ona geri qaytarılmışdır. Ona verdiyi pulu geri tələb etdikdə isə müxtəlif bəhanələrlə bundan imtina edir. Bundan əlavə, cavabdeh bu haqsızlığı etməklə onu əlavə xərclər çəkməyə vadar etmişdir. Belə ki, o, məhkəməyə müraciət etmək, hüquqlarının professional qaydada müdafiəsi üçün vəkil tutmaq, eləcə də dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Çəkdiyi əlavə xərclər - 300 (üç yüz) manat vəkillə bağladığı müqaviləyə görə və dövlət rüsumu olaraq ödədiyi 111.6 (bir yüz on bir manat altmış qəpik) manat puldan ibarətdir ki, bu da ümumilikdə 411.6 (dörd yüz on bir manat altmış qəpik) manat edir. Buna görə də cavabdehdən çəkdiyi əlavə xəclərin də ondan alınıb özünə verilməsini istəyir. Cavabdeh 26 fevral 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, İddiaçı ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi xx.xx.2024-cü il tarixli kreditlə bağlı qeyd edir ki, adı çəkilən krediti iddiaçı həyat yoldaşı ilə birlikdə banka gedərək götürmüş, həmin kreditdən 500TT**********2791 nömrəli qəbz əsasında İddiaçı 177.20 manat sığorta haqqı, 10 manat işsizlik sığortası, GTKR3014535B500 saylı kredit müqaviləsinin tam ödənişi 1675.71 manat, BRCB3014534B500 saylı kredit müqaviləsinin tam ödənişi 2785.38 manat olmaqla, cəmi 4736.89 manat banka ödəmişdir. Həmin kreditdən 3600 manat həyat yoldaşı İmamquliyev Şirinə vermiş, o da gətirib ona vermişdir. O, Cavabdeh həmin pulun üzərini düzəldib zərərçəkmiş, Kızılay Halfiyə çəkdiyi zərərin ödənilməsi üçün xx.xx.2024-cü il tarixdə Qafar Qənbərov və İmamquliyev Şirinin iştirakı ilə verilmişdir. Pulun qalanı ona məlum deyil. Adı çəkilən kredit barədə oğlu X10 daha ətraflı məlumatlıdır. Cavabdeh 10 aprel 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, İddiaçı ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, vəkil X19 verilən pul vəsaitini X8ndan oğlu İmamquliyev Şirinə kömək məqsədi ilə xahiş etmişdir ki, vəkil X19 pul vəsaiti verməli olduğundan imkan daxilində pul vəsaiti ilə köməklik etsin. X8 xx.xx.2024-cü il tarixli, GTZK**********0 saylı kredit müaviləsinə əsasən Kapital bankdan 5900 (beş min doqquz yüz) manat pul vəsaitini kredit formasında götürüb ona vermişdir. Vəkil X20 verməli olduğu pul vəsaiti tam düzəlmədiyi üçün daha sonra Bakı şəhərində yaşayan X1ndan, X9ndan və bacısının oğlu X2, oğlu İmamquliyev Şirinə kömək məqsədi ilə xahiş etmişdir ki, vəkil X19 pul vəsaiti verməli olduğundan imkan daxilində pul vəsaiti ilə köməklik etsinlər. X1 26 iyun 2024-cü il tarixdə saat 14:51-də MPAY vasitəsi ilə ona məxsus 4169 7414 7847 5351 nömrəli kapital bank maaş kartına 1300 (min üç yüz) manat pul vəsaiti göndərmişdir. X9 26 iyun 2024-cü il tarixdə saat 18:49-da MilliÖn terminal aparatı vasitəsi ilə ona məxsus 4169 7414 7847 5351 nömrəli kapital bank maaş kartına 300 (üç yüz) manat pul vəsaiti göndərmişdir. Bacısının oğlu X12 26 iyun 2024-cü il tarixdə saat 18:47-də MPAY vasitəsi ilə ona məxsus 4169 7414 7847 5351 nömrəli kapital bank maaş kartına 400 (dörd yüz) manat pul vəsaiti göndərmişdir. X22 sabiq qaynatası X3 kürəkəni oğlu İmamquliyev Şirinə köməklik məqsədilə vəkil X19 verməyi üçün qarşılıqsız 1000 (min) manat ona pul vəsaiti vermişdir. Özü xx.xx.2024-cü il tarixində vəkil X26 ilə görüşərək 8835 (səkkiz min səkkiz yüz otuz beş) manat pul vəsaiti vermişdir. Sonradan o, Naxçıvan şəhər Polis idarəsinə çagrılaraq X22 sabiq qaynatası X21 tərəfindən şikayət olunduğu ona bildirilmiş və şikayətə əsasən X13 oğlu İmamquliyev Şirinə köməklik məqsədilə verdiyi 1000 (min) manat pul vəsaitinin qaytarılmasını tələb etmişdir. O, Naxçıvan şəhər Polis İdarəsinin müstəntiqi Rahim müəllimin tərtib etdiyi protokola əsasən 1000 (min) manat pul vəsaitini Rahim müəllimə təqdim etmişdir. Yuxarıda yazmış olduğu dəlil və sübutların araşdırılıb hüquq çərçivəsində qiymətləndirilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə 23 iyun 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə iddiaçı İmamquliyeva (Qənbərli) Selcan Qafar qızına mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxış iclasına gəlməmiş, məhkəmə baxış iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçı İmamquliyeva (Qənbərli) Selcan Qafar qızının vəkili və nümayəndəsi Vəkil iddiaçının iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı İmamquliyeva (Qənbərli) Selcan Qafar qızı məhkəmə iclası zamanı verdiyi izahatında həyat yoldaşının cinayət əməli işlədiyini, onun azadlıqdan məhrum edilməməsi üçün dəymiş ziyanı ödəmək istədiklərini, bu səbəbdən də 8860 manat kredit götürdüyünü, hal-hazırda həmin pulu cavabdehdən tələb etdiyini, belə ki, dekabr ayı işin üstünün açıldığını, may ayı zərəçəkmiş şəxsin ona dəymiş ziyanın ödənilməsini istədiyini, bu halda şikayətini geri götürəcəyini bildirdiyini, özlərinin də 7000 manat pulu zərərçəkmiş şəxsə ödədiklərini, onun şikayətini geri götürdüyünü, ancaq işin məhkəmədə olduğunu, özlərinin vəzifəli şəxslərlə əlaqə saxladıqlarını, onların da yoldaşının təqsirləndirildiyi maddənin ağır olduğunu, bu səbəbdən böyük ehtimal həbs olunacağını bildirdiklərini, hər bir halda 10000 manat pul tapmalarını, yuxarıya kiminsə əli ilə həmin pulu çatdıra bilsələr, onun daha yüngül cəza alacağını dediklərini, hər kəsin köməklik etməyə çalışdığını, özünə də evin gəlini kimi və rəsmi iş yeri olan biri kimi kredit götürməsini dediklərini, özünün də uşağı atasız böyüməsin deyə razı olduğunu, 14 may 2024-cü il tarixində 8860 manat kredit götürdüyünü, həmin vaxt həyat yoldaşının da yanında olduğunu, bundan sonra 11 iyun 2024-cü il tarixdə sonuncu məhkəmə iclasının olduğunu və hökm oxunduğunu, həyat yoldaşı X4 5 il 6 ay müddətinə azadlıqdan məhrum edildiyini, apelyasiya şikayəti verdiklərini, Babək adlı vəkillə tanış olduqlarını, həmin vəkilin hər ailədən 10000 manat pul istədiyini, özlərinin də həmin pulu verdiklərini, zərərçəkmiş şəxsə verilən pulun özünün götürdüyü kreditlə verilmədiyini, həmin vaxt özünün kredit götürməsinin səbəbi hökm çıxarılmadan kiməsə pulu çatdıra bilərlərsə evdə pul olması olduğunu, özünün götürdüyü krediti qayınatasına verdiyini, prokurorluq tərəfindən qayınatası X4 zərərçəkmiş şəxs kimi tanındığını və pulun ona qaytarıldığını, qayınatasından öz pulunu istədikdə onun vermədiyini, özünün həyat yoldaşı ilə birlikdə kredit götürməyə getdiyini, həmin vaxt ona başqa kreditinin olmamalı olduğunu dediklərini, özünün də adına kredit olduğunu, həm də birbanka borcu olduğunu, bunların götürdüyü kreditdən ödənildiyini, belə ki, 8860 manat kredit götürdüyünü, onun 4736 manatının əvvəlki kredit borclarına tutulduğunu, onlara təxminən 4124 manat pul verdiklərini, özünün 8860 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə iddia qaldırdığını, çünki digər 4736 manat pulun da öz ehtiyaclarına ödənilmədiyini, X10 tərəfindən xərcləndiyini, bu səbəbdən həmin pulu da X10 həbsdə olduğu üçün onun atası Cavabdeh istədiyini, 14 may 2024-cü il tarixdə "xxxx" ASC-dən 8860 manat kredit götürdüyünü, 2 müqavilə üzrə banka 4736 manat borcu olduğu üçün bankın həmin pulu tutaraq həmin kreditləri bağladığını, təxminən 4120 manat pul qaldığını, həmin pulu özünün həyat yoldaşı X7 verdiyini, onun da atası Cavabdeh 3600 manat pul verdiyini, özünün Cavabdeh şəxsən pul vermədiyini, keçmiş ərinin həmin pulu ona verdiyini, 8860 manatın iddia ərizəsində qeyd etdiyi kimi istifadə edilmədiyini bildirmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbini müdafiə etdiklərini, 14 may 2024-cü il tarixində iddiaçı İmamquliyeva (Qənbərli) Selcan Qafar qızının kredit götürdüyünü, həmin kreditin vəkil vasitəsilə hakimə verilməsi üçün götürüldüyünü, həmin pulun Cavabdeh tərəfindən vəkilə verildiyini, kreditin cinayət işi Ağır Cinayətlər Məhkəməsində olduğu vaxt götürüldüyünü, sadəcə olaraq həmin vaxt vasitəçi tapılmadığı üçün verilmədiyini, 11 iyun 2024-cü il tarixdə hökm çıxarıldığını, X4 5 il 6 ay müddətinə azadlıqdan məhrum edildiyini, ondan sonra vasitəçi tapılaraq pulun vəkilə verildiyini, iddia ərizəsini özünün yazdığını, anlaşılmazlıq olduğunu, özünün də məsələnin reallığını məhkəmə iclasında öyrəndiyini, lakin hər bir halda cavabdeh tərəfin ona verildiyini təsdiq etdiyi 3600 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsinə münasibətdə iddianın təmin edilməli olduğunu düşündüyünü bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında iddiaçı İmamquliyeva (Qənbərli) Selcan Qafar qızının ona pul vermədiyini, belə ki, oğlunun cinayət işi olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmək üçün pul lazım olduğunu, bunun üçün oğlu X4 3600 manat pul verdiyini, üstünü də özünün düzəltdiyini, zərərçəkmiş şəxsə 7000 manat pul verdiklərini, həmin pulu da oğlu ilə, oğlunun qayınatasının aparıb zərərçəkmiş şəxsə verdiklərini, onun şikayətini geri götürdüyünü, oğlu X4 cinayət işi birinci instansiya məhkəməsində olarkən özlərinin heç kimlə sövdələşmədiklərini, kiməsə pul vermək məsələsi olmadığını, sadəcə olaraq zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəmək üçün pul yığdıqlarını, Ağır Cinayətlər Məhkəməsində hökm çıxdıqdan sonra Bakı şəhərindən Babək adlı vəkil tapdıqlarını, özünün qaynının adına kredit götürdüyünü, həmçinin özlərinin arvadının adına əvvəl avtomobil almaq üçün 9500 manat kredit götürdüklərini, həmin pulun 5000 manatını avtomobilə verdiyini, 4500 manatını saxladığını, həmin pulu qoyduğunu, həmçinin öz bacı və qardaşlarının pul göndərdiklərini, həmin pulları vəkilə verdiyini, bundan əlavə iddiaçı İmamquliyeva (Qənbərli) Selcan Qafar qızının atasının 1000 manat pulu təmənnasız verdiyini dediyini, ancaq sonradan Polis şöbəsinə müraciət etdiyini, özünün də onun pulunu aparıb qaytardığını, iddiaçı İmamquliyeva (Qənbərli) Selcan Qafar qızının 8860 manat mələğində götürdüyü krediti ona vermədiyini, hətta həmin kreditin elə 4736 manatı ilə öz kredit borclarını bağladığını, qalan 4120 manatı barədə özünün heç bir məlumatı olmadığını, sadəcə olaraq oğlu X4 ona 3600 manat pul verdiyini, onun da üstünü özünün düzəldərək zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiklərini, o pulu vəkilə vermədiklərini, həmin 3600 manat pulu da ona Selcanın şəxsən vermədiyini, oğlunun verdiyini, Selcanın ona ümumiyyətlə şəxsən pul vermədiyini, həmin 3600 manat pul da şəxsən Selcan tərəfindən ona verilmədiyi üçün ərarvad arasında olan bir şey olduğunu, özünün həmin kredit məbləğindən ümumiyyətlə faydalanmadığını, pul veribsə belə oğluna verdiyini, ona heç bir pul vermədiyini, ona aidiyyatı olmadığını bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində 14 may 2024-cü il tarixində keçmiş həyat yoldaşı İmamquliyeva (Qənbərli) Selcan Qafar qızı ilə zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəmək üçün kredit götürməyə getdiklərini, belə ki, zərərçəkmiş şəxsə 7000 manat pul ödəməli olduqlarını, bank tərəfindən Selcana 9000 manat kredit verə biləcəklərinin deyildiyini, ancaq Selcanın kredit borcu və birbanka borcu çıxdığını, həmin kredit müqavilələri üzrə olan borclarını bağlamasının deyildiyini, Selcanın da bağladığını, 8860 manat verilən kreditdən, 4736 manatının Selcanın kredit borclarına ödənildiyini, bir krediti Selcanın iş yoldaşına görə götürdüyünü bildiyini, digər borcunun niyə olduğunu bilmədiyini, maraqlanmadığını, həmin kredit məbləğindən təxminən 4120 manat pul qaldığını, Selcanın borcu olduğunu, 500 manatı ona verəcəyi üçün istədiyini, özünün də heç nə demədiyini, çünki 3600 manat pul lazım olduğunu, 3400 manat pulu özlərinin düzəltdiyini, yəni həmin kredit məbləğindən Selcanın ona 3600 manat pul verdiyini, həmin pulu da özünün aparıb atasına verdiyini, özünün və Selcanın atası Qafarın iştirakı ilə həmin 7000 manat məbləğində pulu zərərçəkmiş şəxsə verdiklərini, bu pulun vəkilə verilən pulla heç bir əlaqəsi olmadığını, Selcanın atasına heç bir pul vermədiyini bildirdi. İddia ərizəsinə əlavə edilmiş 14 may 2024-cü il tarixli, GTKR7802656B500 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında 14 may 2024-cü il tarixli, GTKR7802656B500 saylı Kredit Müqaviləsi imzalanmış və İddiaçı illik 24.2 faiz dərəcəsi ilə 48 ay müddətinə 8860 (səkkiz min səkkiz yüz altmış) manat məbləğində kredit verilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı 14 may 2024-cü il tarixli, GTKR7802656B500 saylı Kredit Müqaviləsi üzrə banka olan borcunun müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur. Həmin ödəniş cədvəlindən kredit müqaviləsi üzrə xx.xx.2024-cü ildən başlayaraq xx.xx.2028-ci ilədək hər ay 289.83 (iki yüz səksən doqquz manat səksən üç qəpik) manat, sonuncu ay isə, yəni xx.xx.2028-ci il tarixdə 297.16 (iki yüz doxsan yeddi manat on altı qəpik) manat ödəməli olduğu aydın olur. Ödənişin son müddəti xx.xx.2028-ci il tarixidir. İş materiallarına əlavə edilmiş 14 may 2024-cü il tarixli, 500TT**********2791 nömrəli qəbzdən görünür ki, İddiaçı həmin tarixdə 88.6 manat nağdlaşdırma, 177.2 manat sığorta haqqı, 10 manat işsizlik sığortası, GTKR3014535B500 saylı kredit müqaviləsinin tam ödənişi 1675.71 manat, BRCB3014534B500 saylı kredit müqaviləsinin tam ödənişi 2785.38 manat olmaqla, cəmi 4736.89 (dörd min yeddi yüz otuz altı manat səksən doqquz qəpik) manat məbləğində pulu "xxxx" ASC-nin Naxçıvan filialına ödəmişdir. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli, RGRR9060481B299 saylı Kredit Müqaviləsi üzrə banka olan borcunun müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur. Həmin ödəniş cədvəlindən kredit müqaviləsi üzrə xx.xx.2024-cü ildən başlayaraq xx.xx.2028-ci ilədək hər ay 282.51 manat, sonuncu ay isə, yəni xx.xx.2028-ci il tarixdə 286.77 manat ödəməli olduğu aydın olur. Ödənişin son müddəti xx.xx.2028-ci il tarixidir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 1(109)-15/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, X4 barəsində seçilmiş polisin nəzarəti altına vermə tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunması və onun məhkəmə iclas zalında dərhal həbsə alınması, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi və X4 cəzaçəkmə müddətinin əvvəlinin onun həbsə alındığı 11 iyun 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 1(078)- 3/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, X26 Azərbaycan Respublikası CM-in 312-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, X16 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, X16 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi və məhkəmə zalında dərhal həbsə alınması, X16 cəzaçəkmə müddətinin əvvəlinin 11 sentyabr 2024-cü il tarixdən hesablanması, X16 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Ali Məhkəməsi Cinayət kollegiyasının 1(108)-7/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs X16 müdafiəçisi X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə məhkum olunmasına dair Naxçıvan Şəhər Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 1(078)-3/2025 nömrəli hökmü ləğv edilmiş, X16 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1 -ci maddəsindən həmin Məcəllənin 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, X26 zərərçəkmiş şəxslərlə barışıb dəymiş ziyanı tamamilə ödədiyi və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində başlanılmış iş üzrə icraata xitam verilmiş, X16 barəsində seçilmiş həbs qətimkan təbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Məhkəmə iddiaçı İmamquliyeva (Qənbərli) Selcan Qafar qızının iddia ərizəsində “Kapital Bank" ASC-dən 48 (qırx səkkiz) ay müddətinə illik faiz dərəcəsi 24.2% olmaqla 8860 (səkkiz min səkkiz yüz altmış) manat məbləğində kredit götürərək həmin pulu vəkilə verməsi üçün qayınatası-iş üzrə Cavabdeh təhvil verdiyini qeyd edərək, həmin pulun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etməsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia ərizəsində 8860 (səkkiz min səkkiz yüz altmış) manat məbləğində pulu ərinin barəsində cinayət işi olduğu üçün cavabdehə vəkilə verməsi üçün verdiyini qeyd etsə də, məhkəmə iclasında verdiyi izahatında həmin halları təkzib edərək, əsl həqiqətdə həmin pulun 4736.89 (dörd min yeddi yüz otuz altı manat səksən doqquz qəpik) manat hissəsinin elə kredit götürdüyü gün bank tərəfindən özünün əvvəlki kredit borclarına tutulduğunu, həmin kredit məbləğindən sadəcə olaraq 4123.11 (dörd min yüz iyirmi üç manat on bir qəpik) manat hissəni nağdlaşdırdığını, sadəcə olaraq həmin 4736.89 (dörd min yeddi yüz otuz altı manat səksən doqquz qəpik) manat məbləğində pulu öz ehtiyaclarına sərf etmədiyindən və cavabdehin oğlu-X10 tərəfindən xərcləndiyindən hal-hazırda X10 azadlıqda olmadığından həmin pulu da cavabdehdən tələb etdiyini bildirmişdir. Qeyd edilənlərdən də görünür ki, iddiaçı İmamquliyeva (Qənbərli) Selcan Qafar qızı tərəfindən “Kapital Bank" ASC-dən götürülmüş 8860 (səkkiz min səkkiz yüz altmış) manat məbləğində kreditin 4736.89 (dörd min yeddi yüz otuz altı manat səksən doqquz qəpik) manat hissəsi nəinki iddiaçı tərəfindən cavabdehə verilmiş, ümumiyyətlə həmin pul iddiaçı tərəfindən nağdlaşdırılmamış, iddiaçının kredit müqaviləsi bağlanan vaxt mövcud olan kredit borclarına tutulmuşdur. İddiaçı İmamquliyeva (Qənbərli) Selcan Qafar qızı tərəfindən “Kapital Bank" ASCdən götürülmüş 8860 (səkkiz min səkkiz yüz altmış) manat məbləğində kreditin qalan 4123.11 (dörd min yüz iyirmi üç manat on bir qəpik) manat hissəsinin cavabdehdən tələb olunmasına münasibətdə isə məhkəmə belə qeyd edir ki, iddiaçı elə özü məhkəməyə verdiyi izahatında həmin pulu əri X7 verdiyini, onun tərəfindən Cavabdeh verildiyini, özünün birbaşa cavabdehə ümumiyyətlə pul vermədiyini, sadəcə olaraq ərinin barəsində cinayət işi olduğu üçün pul yığdıqlarını, həmin məbləğdə pulu da X7 verdiyini qeyd etmiş, həmçinin Cavabdeh məhkəməyə verdiyi izahatlarında 3600 manat məbləğində pulun iddiaçı tərəfindən deyil, oğlu X10 tərəfindən zərərçəkmiş şəxsə ödənilməsi üçün ona verildiyini, iddiaçı İmamquliyeva (Qənbərli) Selcan Qafar qızı tərəfindən ona şəxsən pul verilmədiyini bildirmiş, məhkəmə iclasında dinlənilmiş şahid X10 da ifadəsində İmamquliyeva (Qənbərli) Selcan Qafar qızı tərəfindən bankdan götürülmüş kreditin 4123.11 (dörd min yüz iyirmi üç manat on bir qəpik) manat hissəsini nağdlaşdırdıqlarını, həmin pulun da təxminən 500 manat hissəsinin İmamquliyeva (Qənbərli) Selcan Qafar qızının borcu olduğu üçün ona lazım olduğunu dediyindən onun götürdüyünü, ona cəmi 3600 manat pul verdiyini, özünün həmin pulu zərərçəkmiş şəxsə vermələri üçün gətirib atası Cavabdeh verdiyini bildirmişdir. Qeyd edilənlərdən də görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumiyyətlə pul verilməmişdir. Belə ki, iddiaçı götürdüyü kreditdən ümumiyyətlə cavabdehə pul verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, hətta özü də məhkəmə iclasında iştirak edərək verdiyi izahatlarında cavabdehə pul vermədiyini bildirmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, həmin münasibət, yəni ərinin cinayət işi olduğu üçün İmamquliyeva (Qənbərli) Selcan Qafar qızının cinayət işi üzrə zərərçəkmiş şəxsə verilməsi üçün bankdan kredit götürərək müəyyən hissəsini ərinə verməsi ailə münasibətlərindən irəli gələn məsələdir və hal-hazırda əri-X10 həbsdə olduğundan cavabdehə qarşı iddia qaldıraraq ərinə verdiyi pulu cavabdehdən tələb etməsi qanunvericiliyin tələbi baxımından qanunauyğun deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə qanunvericiliyin qeyd edilən tələblərini iş materialları ilə əlaqəli formada tədqiq edərək belə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə hər hansı əmlak verilməmiş və cavabdeh iddiaçının hesabına hər hansı bir əmlak etməmişdir. Bu səbəbdən də tərəflər arasında əssassız varlanma və ya müqavilə hüquq münasibətləri yaranmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı İmamquliyeva (Qənbərli) Selcan Qafar qızı “Kapital Bank" ASC-dən götürdüyü 8860 (səkkiz min səkkiz yüz altmış) manat məbləğində pulu Cavabdeh verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən və həmçinin işin araşdırması zamanı cavabdehə iddiaçı tərəfindən hır hansı məbləğdə pulun verilmədiyi sübuta yetirildiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən Mülki-Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. İddiaçı İmamquliyeva (Qənbərli) Selcan Qafar qızı isə 8860 (səkkiz min səkkiz yüz altmış) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi ilə bağlı iddia tələbinin əsaslılığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı İmamquliyeva (Qənbərli) Selcan Qafar qızının “Kapital Bank" ASC-dən götürdüyü 8860 (səkkiz min səkkiz yüz altmış) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi tələbi əsassız olduğundan rədd edilməlidir. İddiaçı İmamquliyeva (Qənbərli) Selcan Qafar qızının digər tələbi hüquqi yardıma görə ödədiyi 300 (üç yüz) manat və dövlət rüsumu olaraq ödədiyi 111.6 (bir yüz on bir manat altmış qəpik) manat məbləğində pulun Cavabdeh alınaraq özünə verilməsinə dair hissədə məhkəmə belə hesab edir ki, iddia tələbi 8860 (səkkiz min səkkiz yüz altmış) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair hissədə rədd edilməli olduğundan, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0 və 115.0.6-cı maddələrinin tələbinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia rədd edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 111.6 (bir yüz on bir manat altmış qəpik) manat məbləğində dövlət rüsumu və vəkilə hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat xidmət haqqı iddiaçı İmamquliyeva (Qənbərli) Selcan Qafar qızının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddiaçı İmamquliyeva (Qənbərli) Selcan Qafar qızının Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu və vəkilə hüquqi yardım üçün ödənilmiş xidmət haqqı iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı İmamquliyeva (Qənbərli) Selcan Qafar qızının Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu və vəkilə hüquqi yardım üçün ödənilmiş xidmət haqqı iddiaçının özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar