Məhkəmə qərarları › İş №2(078)-463/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-463/2024

13.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-463/2024 13.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələb etdiyi 5100 (beş min yüz) manat borc pulun və eyni zamanda məhkəmə xərci üçün tərəfindən ödənilmiş 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 5171 (beş min yüz yetmiş bir) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir: Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış vergi məlumatlarından görünür ki, sahibkar olan Cavabdeh2 vergi ödəyicisi kimi qeydiyyatdadır. (VÖEN **********) Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış vergi məlumatlarından görünür ki, İddiaçı fəaliyyətini müvəqqəti dayandırmış sahibkar kimi qeydiyyatdadır. (VÖEN **********) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarının 12-14-cü bəndlərində qeyd olunur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarının 28-ci bəndində qeyd olunur ki, məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, İddiaçı sahibkar kimi fəaliyyətini müvəqqəti dayandırması və onun VÖEN-nin aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə nəticə etibarilə kommersiya mübahisəsidir, ona görə də hazırki mülki işə ümumi məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah olunmalıdır ki, qanuvericiliyin yuxarıda göstərilən normalarına əsasən iddiaçı hazırki iddia tələbi ilə müvafiq kommersiya məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 05 fevral 2024-cü il tarixli, 13396 nömrəli qəbzlə ödənilmiş 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 05 fevral 2024-cü il tarixli, 13396 nömrəli qəbzlə ödənilmiş 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar