Məhkəmə qərarları › İş №2(078)-464/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-464/2024

12.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-464/2024 12.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 8967 (səkkiz min doqquz yüz altmış yeddi) manat pulun və 580 (beş yüz səksən) manat kommunal və vergi borcunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 22 may 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında İddiaçı 580 (beş yüz səksən) manat kommunal və vergi borcunun alınması tələbindən imtina etmiş, iddia tələbindən qismən imtina barədə qərardad qəbul edilmişdir. İddiaçı iddi tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə razılaşaraq 16 noyabr 2023-cü il tarixdə Nehrəm kənd yolunda yerləşən “Alqapı” restoranını bir aylıq sınaq müddəti ilə həmin şəxslərə icarəyə verib. Lakin sınaq müddəti olduğundan rəsmi şəkildə heç bir müqavilə bağlamamışlar. Yaxşı gəlir əldə etdikləri halda müqavilə bağlanacaqdı. Restoranı təhvil verən zaman orada olan ərzaqları 8967 manat dəyərində qiymətləndirərək cavabdehlərə təhvil vermişdir. Onlar isə bununla bağlı şəxsiyyəti təsdiq edən sənədin üzərində öz xəttləri qeyd etdilər. Aylıq icarə haqqını isə 1494 (bir min dörd yüz doxsan dörd) manat verəcəklərini də qeyd eldilər. O, cavabdehlərdən yalnız bir ayın icarə haqqını ala bilib. Növbəti ayın icarə haqqını almaq istədikdə restoranın bağlı olduğunu həmin şəxslərin isə orada olmadığı görüb. Bununla bağlı polisə müraciət edib restoranın açarını onlardan ala bilib. Ona borclu olduqları 8967 manat pulu isə hələ də qaytarmayıblar. Müvafiq dövlət orqanlarına şifahi olaraq müraciət etsə də ona şifahi olaraq bildirilib ki, pulu almaq üçün məhkəməyə müraciət etməlidir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı müdafiə edərək izahatında bir daha ərizədə göstərdiyi xüsusatları təsdiqləyərək bildirmişdir ki, restoranın kirayəsi ilə bağlı mübahisə etmir. O restoranı kirayə verən zaman içərisi dolu ərzaqla verib. Həmin ərzaqların qiyməti 9000 manata kimi pul edir. Restoranı cavabdehlərin hər ikisinə təhvil verib. Ona başdan 2000 manat pul verdilər. Tək elə 600 manatlıq pivə içkiləri vardı. 1000 manatlıq siqaret vardı. Təzə ət, çipsi, müxtəlif içəcəklər vardı. Dükanı 2-3 gün olardı ki, kirayə vermişdi. Həmin şəxsiyyət vəsiqəsinin surətinə imza etdilər. Nə qədər axtarsa da onları tapa bilməyib. Axırda Cavabdeh2 yaşadığı Culfa rayon Polis Şöbəsinə müraciət edib. Sonra cavabdehlər gəlib dükanın açarını oğlunun üstünə atıblar. Dükana baxdığı zaman ona 8967 manat ziyan vurduqlarını görüb. Əgər ona borcu deyillərsə nə yaxşı ona pul müqabilində maşınlarını verməyi təklif etdilər? Hətta məhkəməyə təqdi etdiyi disk də Ceyhun deyir ki, məhkəməyə müraciət etsə, Mirqasım ondan 3500 manat pul alacaq. Əgər onların malı olsaydı qiymətini bilərdilər, onun malı olduğu üçün həmin dəyərdə olan malları özləri üçün xərcləyiblər. İddiaçı sonda iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh1 iddianı rədd edərək izahatında bildirmişdir ki, Mirqasımla əminəvədir. Həmin restoranı kirayə götürən zaman Əlinin evində razılaşmışlar. 2000 manat da ilk başdan kirayə pulu vermişlər. Restoranın içində bir neçə toyuq, çəkilmiş ət, düşes içkisi, bir neçə su vardı. Ümumi restoranda olan mallar 365 manat təşkil edirdi. Həmin günü restorana bazarlıq etmişlər. Onlar bazarlığı həmişə Culfada dükandan və bazardan edirdi. 2 həftə keçəndə onlar iddiaçıya deyib ki, icarə müqaviləsini notarial qaydada bağlasınlar. Ancaq iddiaçı razı olmadı və onlar şəxsiyyət vəsiqəsinin üzərində öz aralarında müqavilə formalı öhdəlik yazdı və imza etdilər. Yalandan deyir ki, 9000 manata qədər mal olub. Yalan danışır. Onları gedib, Babək polisinə şikayət edəcəyini bildirdi. Açarı şəhərdə “Alibaba” adlı kafenin qarşısında iddiaçının oğlu Uğura veriblər. 2000 manata icarəyə müqaviləsi bağlamışlar. 1494 manatı 7 aya bölüb hissə-hissə hər ay verəcəklərdi. Onlar işləməyəcəyi və borclu olduğu halda şərtilə maşın məsələsini iddiaçıya vəd vermişlər. Restoranı təhvil alanda da təhvil verəndə də kameralar vardı. İddiaçı kameraları pozub. Onların hesab dəftəri də vardı. Ancaq restoranı təhvil verəndə onu götürməmişlər. Çünki iddiaçı onlara dedi ki, restorana gəlsələr polisə müraciət edəcək. Şəxsiyyət vəsiqəsinin surətinə iddiaçı yazıb o da imza etdirib. Ortada 8900 manatlıq mal olmayıb. İddiaçı yalan danışır. Onlar dükanın malını başqa topdan satış ərzaq mağazalarından almışlar. İddiaçı onlara 365 manatlıq mal verib. Həmin vaxt iddiaçının oğlu Uğur da orada iştirak edirdi. Malın da pulunu nağd şəkildə veriblər. Cavabdeh1 qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh2 iddianı rədd edərək izahatında bildirmişdir ki, iddiaçıya məxsus restoranı icarəyə götürüb, 15-20 gün işlədib. Orda 2-3 adda mal var idi. İçkilərdən Coca-cola, su və digər içəcəklər vardı. O qalan malı Culfa rayonunda olan topdançı Səbuhi adlı şəxsdən alırdı. Nə Əliyə mal verib, nə də ondan mal alıb. 6 aylıq kirayə üçün imza edib. Ayını 2000 manat dükanın kirayəsi idi. 1-ci ayının kirayəsini verib. 6 aylıq işlədəcəyi üçün sənədə imza edib. O, heç iddiaçının həmin sənədinə baxmadan, oxumadan imza edib. Burda nə qəbahət var ki, bir neçə vətəndaş da hüququnu bilmədən müəyyən sənədlərə imza edərsə deməli hamısı bu cür vəziyyətə qalmalıdırlar? Ortada 8900 manatlıq mala imza etməyi ilə bağlı kağızı imzaladığını bilmirdi. Dükanı Əlinin oğluna təhvil verib çıxıb. Əliyə restoranı təhvil vermək istədiyini bildirəndə kəndin bir neçə uşağını yığıb onu döydürməyə çalışdı. O da çıxıb gedib. Məhkəmə iclasında dindirilmiş şahid X1 ifadəsində göstərmişdir ki, ididaçı onun atasıdır. Cavabdehlər bir ay restoranı işlətdilər. Dekabr ayının 17-də işlətməyə başlatdılar. Özü də gedib arada cavabdehlərə köməklik edirdi. Mətbəx işlərinə və yaxud da gətir-götür işlərinə baxırdı. Restoran Nehrəm kəndinin girəcəyində yerləşir. O, ümumiyyətlə pul haqqhesabına qarışmayıb. Ərzaqlar da öz dükanlarından restorana gedirdi. Mirqasım və Ceyhun tərəfindən ona 365 manat pul verilməyib. Cavabdeh yalan danışır. Şəhərdə gecə saatlarında ona cavabdeh zəng etdi ki, hardasan restoranın açarını verək? O da atasına zəng edib ki, açarları cavabdehlərdən təhvil alsın. Atası da bildirdi ki, təhvil alsın. Buna görə də o, açarları alıb. Gedib baxmışlar ki, restoranda heç bir şey qoymayıblar. Heç bir ərzaq yox idi. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş tərəflər arasında sadə formada bağlanmış və Cavabdeh1 şəxsiyyət vəsiqəsinin surətində yazılmış qeydlərə əsasən İddiaçı 8967 manat dəyərində malı Cavabdeh1 və Cavabdeh2 verməsi, qarşı tərəfin isə icarə haqqı kimi hər ay 1494 manat ödəyəcəkləri, bunun may ayına qədər davam edəcəyi barədə öhdəlik götürmüşlər. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında hər hansı yazılı icarə müqaviləsi bağlanmamışdır. Şifahi razılıq əsasında cavabdehlər iddiaçıya aid restoranı bir ay üçün kirayə haqqını ödəməklə istifadə etmiş, daha sonra kirayə münasibətləri pozulmuşdur. Cavabdehin şəxsiyyət vəsiqəsinə yazılmış və hər iki cavabdehin və iddiaçının imzalasının olduğu sənəddən görünür ki, İddiaçı 8967 manat dəyərində malı Cavabdeh1 və Cavabdeh2 verməsi, qarşı tərəfin isə hər ay 1494 manat ödəyəcəkləri, bunun may ayına qədər davam edəcəyi barədə öhdəlik götürmüş, malın təhvil alması barədə imza etmişlər. Cavabdehlər izahatında onlara reallıqda mal verilmədiyini bildirsələr də restoranı təhvil alarkən 30 manat dəyərində mal olduğunu və həmin malın pulunu iddiaçının oğluna verdiklərini qeyd etməsinə baxmayaraq şahid cavabdehlərin bildirdikləri halları təsdiq etməmişdir. Cavabdehin təqdim etdiyi şahid ifadəsində isə restoranın işlədiyi dövrdə malın həmin dükandan alındığını bildirsə də bununla bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir. Cavabdehlərin malın təhvil alınmasına dair sənədi imzalamasını, imzanın özlərinə məxsus olduğunu bildirməsi, daha sonra iddiaçı məhkəməyə müraciət edənə qədər bu halı mübahisələndirməmələri, eləcə də restoranda malın mövcudluğunu təsdiq etmələri, lakin imzaladıqları məbləğdə malın olmadığını bildirmələri məhkəmə tərəfindən sənəddə qeyd edilənlərin həqiqi olmasına dair nəticəyə gəlinməsinə əsas olmuşdur. Həmin sənəddə qeyd edilənlərin əksi cavabdehlər tərəfindən sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiası əsaslı olduğundan təmin olunmalı, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8967 (səkkiz min doqquz yüz altmış yeddi) manat pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı rüsumdan azad olduğundan 109.67 (bir yüz doqquz manat altmış yeddi qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tuutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8967 (səkkiz min doqquz yüz altmış yeddi) manat pul alınıb İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 109.67 (bir yüz doqquz manat altmış yeddi qəopik) tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar