Məhkəmə qərarları › İş №2(078)-470/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-470/2024

23.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-470/2024 23.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 7350 (yeddi min üç yüz əlli) manatın və iş üzrə ödəmiş olduğu 93.50 (doxsan üç manat əlli qəpik) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində bildirmişdir ki, Cavabdeh xx.xx.2020ci il tarixdə "xxxx" ASC-dən 36 aylığa 26 000 (iyirmi altı min) manat kreditə pul götürmüşdür. Həmin vaxtı ona X1 zamin durmuşdur. Kredit müqaviləsinə əsasən, Məmməd banka ayda 966 manat ödəməli idi. xx.xx.2020-ci il tarixdə Allahverdiyev Həmzə zaminlikdən çıxmış və o Zaminlik müqaviləsinə əsasən, Cavabdeh zamin durmuşdur. Cavabdeh 2022-ci ilin mart ayına qədər kredit ödənişin ödəmiş, lakin sonrakı 2 ay ərzində ödənişi kəsir ödəmiş, daha sonra ödənişi ödəməyi dayandırmışdır. Sonra ona bankdan bir neçə dəfə bildiriş gəlmişdir. xx.xx.2023-cü il tarixdə onların məhkəməsi olmuşdur. Məhkəmədə cavabdeh olaraq o iştirak etmişdir. İddiaya baxılmış Naxçıvan şəhər Məhkəməsinin 2(078)-150/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qəbul edilmişdir. Qətnaməyə əsasən, Cavabdeh və ondan ümumilikdə 9772,62 manat (doqquz min yeddi yüz yetmiş iki manat altmış iki qəpik) borc, həmçinin 118.13 (yüz on səkkiz manat on üç qəpik) manat pul tutularaq Azər-Türk Bank ASC-yə ödənilməlidir. Qətnamə məcburi icraya yönəldilmiş, icra məmuru tərəfindən tələbin könüllü icrası üçün 10 gün müddət təyin edilmişdir. Könüllü icra müddəti ərzində tələb təmin edilmədiyindən onlardan 692 manat icra ödənişinin tutulması barədə qərar qəbul edilmişdir. Məmməd Naxçıvanda olmadığı üçün o məhkəmə proseslərində iştirak etməmişdir. 2023-cü ilin may ayından dekabr ayınadək ümumilikdə onun əmək haqqından 7350 manat pul vəsaiti tutulmuş və dekabr ayında banka olan borc tamamilə bağlanmışdır. Məmmədin borcu bağlandıqdan sonra ondan ödədiyi pulu geri tələb etsə də, o pulu ödəməkdən imtina etmişdir. Cavabdeh ona dəymiş ziyanı ödəmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, onun pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbi təmin edilməlidir. 23 may 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxış iclasına gəlməmiş, məhkəməyə 14 may 2024-cü il tarixdə ərizə göndərərək ərizədə Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, hazırkı iş üzrə məhkəmə baxış iclasının 23 may 2024-cü il tarixə saat 14:15-ə təyin olunduğunu, məhkəmə iclasında işi ilə əlaqədar Bakı şəhərində olacağından iştirak edə bilməyəcəyini, hazırlıq iclasında verdiyi izahatına əlavəsinin olmadığını, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı məhkəməyə göndərdiyi ərizəni nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Keçirilmiş əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı pulun əmək haqqından tutulduğunu, əvvəl daha çox tutulduğunu, özünün başqa krediti də olduğunu, onu da ödədiyini, 2 uşağı olduğunu, anasının xərçəng xəstəsi olduğunu, onun müalicə və əməliyyat xərclərini özünün qarşıladığını, buna görə icra şöbəsinə müraciət etdiyini, sonra köməklik etdiklərini, tutqunun məbləğini azaltdıqlarını, ancaq əvvəl tələbin cavabdehin əmək haqqına yönəldilmədiyini, Ədliyyə Nazirliyinə və Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə müraciət etdiyini, ona cavabdehin işlədiyi hərbi hissəni müəyyən edə bilmədiklərini, Müdafiə Nazirliyinə sorğu verdiklərini bildirdiklərini, sonra hərbi hissəni müəyyən etdiklərini və onun da əmək haqqına yönəldildiyini, məhkəmə qətnaməsi ilə onlardan tutulmalı olan məbləğin 7350 manatının ondan qalanının isə cavabdehdən tutulduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 1028591/19349 nömrəli zaminlik müqaviləsindən aydın olur ki, İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2020-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Həmin zamin müqaviləsinin 1.1-ci bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində bağlanmış ******* nömrəli kredit müqaviləsi əsasında “Borcalan”-a verilmiş 26000 (iyirmi altı min) manat məbləğində kreditlə əlaqədar olaraq “Borcalan” Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin”, “Borcalan” ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-150/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 mart 2020-ci il tarixli, ******* nömrəli Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi Müqaviləsinə xitam verilməsi, Cavabdeh və İddiaçı 8813.92 (səkkiz min səkkiz yüz on üç manat doxsan iki qəpik) manat əsas borc və 958.70 doqquz yüz əlli səkkiz manat yetmiş qəpik) manat faiz borcu olmaqla, cəmi 9772.62 (doqquz min yeddi yüz yetmiş iki manat altmış iki qəpik) manat məbləğində borc, həmçinin ödənilmiş 118.13 (yüz on səkkiz manat on üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Culfa rayon İcra və Probasiya Bölməsi tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli, 04 nömrəli arayışda qeyd olunmuşdur ki, İddiaçı iş yerindən verilən məlumata əsasən, barəsində olan Naxçıvan Şəhər Məhkəməsinin e- 2(078)-150/2023-012 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə ondan 6657.65 (altı min altı yüz əlli yeddi manat altmış beş qəpik) manat kredit borcu və 692.35 (altı yüz doxsan iki manat otuz beş qəpik) manat məbləğində icra ödənişi borcu tutulmuşdur. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianı əsaslı sayıb təmin edərkən iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlara istinad edir. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, iş üzrə cavabdeh Bayramov X4 şəhəri, 1 nömrəli hərbi şəhərcik-1, zabit yataqxanası, bina 1, mənzil 107 ünvanında rəsmi qeydiyyatdadır. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər, məhkəmənin 19 fevral 2024-cü il tarixli, 2(078)-470/2024 nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmiş, qeyd oluna bildiriş qəbul olunmuş, həmçinin qeyd olunan bildiriş və ona əlavə edilən sənədlər cavabdehin Elektron Məhkəmə İnformasiya Sistemində olan elektron kabinetinə yerləşdirilmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən hallar məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə görə cavabdeh iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Cavabdehə göndərilmiş bildirişdə cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 20 gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə və iddiaçıya təqdim etməsi izah olunsa da, cavabdehin ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında zaminlik müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən belə məlum olur ki, Əliyev X2 Məmməd Heydər oğlunun "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında olan borc öhdəliyinin icrasının təminini zaminlik müqaviləsi əsasında öz üzərinə götürmüş, zaminlə borclunun kredit təşkilatı qarşısında məsuliyyəti birgə məsuliyyət olmuş, zamin əsas borclunun kredit verən qarşısında öz öhdəliyinə əməl etmədiyinə görə kredit verən qarşısında öhdəliyinin icrasını həyata keçirmişdir. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Cavabdeh isə iddia tələbinə qarşı etiraz, həmçinin müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan 6657.65 (altı min altı yüz əlli yeddi manat altmış beş qəpik) manat əsas borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İddiaçının tələbinin 692.35 (altı yüz doxsan iki manat otuz beş qəpik) manat məbləğində icra ödənişinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş Culfa rayon İcra və Probasiya Bölməsi tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli, 04 nömrəli arayışdan İddiaçı Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-150/2023-012 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 6657.65 (altı min altı yüz əlli yeddi manat altmış beş qəpik) manat kredit borcu və 692.35 (altı yüz doxsan iki manat otuz beş qəpik) manat məbləğində icra ödənişi borcu tutulduğu müəyyən olunur. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsini nəzərə alan məhkəmə qeyd edir ki, göründüyü kimi zamin olaraq iddiaçı borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi icra xərclərini ödəməklə uğradığı zərərin də əvəzini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, 7350 (yeddi min üç yüz əlli) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 93.50 (doxsan üç manat əlli qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - 7350 (yeddi min üç yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli; - 93.50 (doxsan üç manat əlli qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 7350 (yeddi min üç yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. 93.50 (doxsan üç manat əlli qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar