Məhkəmə qərarları › İş №2(078)-490/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-490/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-490/2021 11.10.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14.06.2014-cü il tarixli, 2295 nömrəli Kredit (nisyə) satış müqavilələrindən irəli gələn hesablanmış, ödənilməmiş ümumilikdə 482 (dörd yüz səksən iki) manat borcun, həmçinin ərizə verilməsi üçün 21 (iyirmi bir) manat dövlət rüsumu əlavə olunmaqla, borclu Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı ilə cavabdeh arasında bağlanan 14.06.2014-cü il tarixli 2295 nömrəli kredit satış müqaviləsinə əsasən borc alana 100 (bir yüz) manat ilkin ödəniş edilməklə 482.79 (dörd yüz səksən iki manat yetmiş doqquz qəpik) manat məbləğində Samsung Galaxy məhsulunu 6 ay müddətinə kreditlə - nisyə satmışdır. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, kreditin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada, yəni aylıq 80.47 (səksən manat qırx yeddi qəpik) manat məbləğində icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Borclunun 14.06.2014-cü il tarixli 2295 nömrəli müqavilə üzrə 402 (dörd yüz iki) manat əsas və 80 (səksən) manat cərimə məbləği olmaqla cəmi 482 (dörd yüz səksən iki) manat borcu yaranmışdır. Borclu Cavabdeh dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq öhdəliyini yerinə yetirməmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2015-ci il tarixli, 2(078)-1030/2015 nömrəli məhkəmə əmri ilə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh İddiaçı MMC-nin xeyrinə 482 (dörd yüz səksən iki) manat borcun və ödənilmiş 21 (iyirmi bir) manat dövlət rüsumunun tutulması əmr edilmiş, borclu Cavabdeh tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmadığından məhkəmə əmri 30 noyabr 2015-ci il tarixdə icra olunması üçün Naxçıvan Şəhər İcra bölməsinə göndərilmişdir. İş üzrə borclu Cavabdeh 19 mart 2021-ci il tarixli ərizə ilə həmin məhkəmə əmrinə etiraz verərək həmin məhkəmə əmrinin surətinin ona göndərilmədiyini və ya rəsmi qaydada təqdim edilmədiyini, bir müddət əvvəl qeydiyyatda olduğu ərazi üzrə sahə müvəkkilinin ona zəng edib barəsində Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən axtarış verildiyini bildirdiyini, həmin axtarışın səbəbini soruşduqda sahə müvəkkilinin onun İddiaçı MMC-yə borcuna görə axtarışa verildiyini bildirdiyini, bundan sonra Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Hüseynovla əlaqə saxladığını həmin vaxt barəsində Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2015-ci il tarixli, 2(078)-1030/2015 saylı məhkəmə əmrinin çıxarılmasının məlum olduğunu, bundan sonra nümayəndəsi Nümayəndə həmin məhkəmə əmrinin rəsmi qaydada ona təqdim edilməsi üçün 29 yanvar 2021-ci il tarixli ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, 17 fevral 2021-ci il tarixdə əmrin surətinin poçt vasitəsilə nümayəndəsinə göndərildiyini və 16 mart 2021-ci il tarixdə ona çatdırıldığını, 14.06.2014-cü il tarixdə İddiaçı ilə kredit (nisyə) müqaviləsi imzalamadığını, ilkin ödəniş etmədiyini, kreditordan heç bir məhsul almadığını bildirib etirazın təmin edilməsini Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2015-ci il tarixli, 2(078)-1030/2015 nömrəli məhkəmə əmrinin ləğv edilməsi və materialların iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmiş və etiraz təmin olunaraq məhkəmənin 13 aprel 2021-ci il tarixli qərardadı ilə Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2015-ci il tarixli, 2(078)-1030/2015 nömrəli əmri ləğv edilərək mülki iş iddia icraatına keçirilmişdir. Qeyd olunan iddia ərizəsi Naxçıvan Şəhər Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçınə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı təşkilat məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş iddiaçının təşkilatın direktoru Əhəd Əsgərov tərəfindən 03 iyun 2021-ci il tarixdə məhkəməyə ərizə göndərilərək ərizədə mülki iş üzrə 27 may 2021-ci il tarixə saat 10:00-a təyin edilmiş məhkəmə iclasında iştirak edə bilmədiklərini, tələbi tam müdafiə etdiklərini, məhkəmə baxışı zamanı cavabdeh tərəfindən ödəniş edilməmiş, heç bir əlavə tələbləri və vəsatətləri olmadığını bildirərək qeyd olunanları nəzərə alaraq mülki iş üzrə təyin edilmiş məhkəmə iclasını İddiaçı nümayəndəsinin iştirakı olmadan keçirərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı direktoru Əhəd Əsgərov tərəfindən həmçinin 16 iyun 2021-ci il tarixdə məhkəməyə ərizə göndərilərək ərizədə mülki iş üzrə 14 iyun 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilmədiklərini, tələbi tam müdafiə etdiklərini, məhkəmə baxışı zamanı cavabdeh tərəfindən ödəniş edilmədiyini, heç bir əlavə tələbləri və vəsatətləri olmadığını bildirərək qeyd olunanları nəzərə alaraq mülki iş üzrə təyin edilmiş məhkəmə iclasını İddiaçı nümayəndəsinin iştirakı olmadan keçirərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş 19 mart 2021-ci il tarixli ərizədə cavabdeh 14.06.2014-cü il tarixdə İddiaçı ilə kredit (nisyə) müqaviləsi imzalamadığını, ilkin ödəniş etmədiyini, kreditordan heç bir məhsul almadığını, onun adından imzalanmış müqavilənin onun xəbəri olmadan tərtib edildiyini və onun imzasının saxtalaşdırılaraq müqavilə tərtib edildiyini qeyd etmişdir. Cavabdehin ərizəsində qeyd etdikləri nəzərə alınaraq Naxçıvan Şəhər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(078)-490/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. “31” avqust 2021-ci il tarixdə isə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə 30 avqust 2021-ci il tarixli, 204 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Qeyd olunan ekspert rəyində ekspertizaya göndərilmiş 2(078)-490/2021 nömrəli mülki işin 05-ci vərəqəsində olan, 14 iyun 2014-cü il tarixli, 2295 nömrəli kredit (nisyə) satış müqaviləsinin aşağısında 6-cı sırada ″Tərəflərin rekvizitləri″ bölməsində ″Alıcı″ qrafasında ″İmza″ sözü önündəki imzanın Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra edildiyi qeyd edilmişdir. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə iddiaçının öz tələbini təsdiq edən halların mövcudluğu ilə bağlı əsas sübutetmə vasitəsi iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsidir. Lakin yuxarıda qeyd olunanlardan da göründüyü kimi həmin müqavilə cavabdeh tərəfindən imzalanmamış, müqavilənin ″Tərəflərin rekvizitləri″ bölməsində ″Alıcı″ qrafasında ″İmza″ sözü önündəki imzanın cavabdeh tərəfindən yox başqa şəxs tərəfindən icra edildiyi ekspert rəyi ilə sübut olunmuşdur. Məhkəmə hesab edir ki, belə olan halda tərəflər arasında iddia ərizəsində borcun tələb edilməsi əsası olan müqavilə ümumiyyətlə mövcud olmamışdır və mövcud olmayan müqavilə üzrə borcun tutulması da istisna edilir. Belə olan halda iddia ərizəsinə əlavə edilmiş müqavilə üzrə cavabdehin öhdəliyinin yaranmasından söhbət gedə bilməz. Qanunvericiliyin tələbləri daxilində ərizəni, ona əlavə olunmuş sənədləri və qeyd olunan ekspert rəyini araşdıran məhkəmə yekunda qeyd edir ki, İddiaçı Cavabdeh qarşı borcun tutulmasına dair tələbinin əsassız olması təsdiq olunur. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Buna görə də, həmin tələb rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia rədd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 20 (iyirmi) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar