Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-495/2023 11.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Naxçıvan MR DİN-nin DYPİnin rəisi işləyən Cavabdeh1 və onun müavini işləmiş Cavabdeh2 ona vurduqları 1750 (bir min yeddi yüz əlli) manat maddi zərərin və ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, onun ** BX *** dövlət qeydiyyat nişanlı, istehsal ili 1996-cı il olan, MERSEDES BENZ 300 markalı, sedan tipli nəqliyyat vasitəsi var. Həmin nəqliyyat vasitəsini xx.xx.2005-ci ildə Bakı şəhərindən alıb. Avtomobili aldığı zaman onun qeydiyyat nömrəsi ** OH *** idi. Bakı qeydiyyat nömrəsini xx.xx.2022-ci ildə hazırki qeydiyyat nömrəsinə dəyişib. Naxçıvan Muxtar Respublikasının köhnə rəhbərliyi dövründə Azərbaycan Respublikasının digər rayonlarının dövlət qeydiyyat nişanları ilə olan nəqliyyat vasitələrinin Naxçıvan MR ərazisində istifadəsinə məhdudiyyət qoyulmuşdu. Onlardan biri kimi o da Bakı qeydiyyat nömrəsi ilə olan nəqliyyat vasitəsinin Naxçıvan MR ərazisində istifadə möhləti 10 gün idi. 10 gündən sonra Naxçıvan MR ərazisindən çıxmalı idi. Bu səbəbdən də Naxçıvan MR-in o zamankı rəhbərliyinin qanunsuz göstərişlərinin qanunsuz şəkildə yerinə yetirən Naxçıvan MR DİN-nin DYPİ-nin rəisi işləyən Cavabdeh1 ilə aralarında tez-tez mübahisə yaranırdı. Belə ki, Cavabdeh1 onu məcbur edirdi ki, maşını Naxçıvan MR ərazisindən çıxarıb Bakı şəhərinə aparsın. Cavabdeh1 müavini Cavabdeh2 da Cavabdeh1lə əlbir olub onu maksimum dərəcədə sıxışdırırdılar ki, nəqliyyat vasitəsini Naxçıvan MR ərazisindən çıxarıb Bakı və digər Azərbaycan rayonlarına aparsın. Onu dəfələrlə maşınının nömrəsinə görə (Bakı nömrəsi olduğuna görə) saxlayıb DYP-nin cərimə meydançasına aparıblar, maşını aylarla heç bir əsas olmadan cərimə meydançasında saxlayıblar və heç bir cərimə protokol yazmadan buraxıblar. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə gecə saat 21-22 radələrində Naxçıvan MR DİN-nin DYPİ-nin rəisi polis mayoru Cavabdeh1 və onun müavini işləmiş Cavabdeh2 təxminən 10-15 nəfər polis əməkdaşlarının iştirakı ilə yaşadığı binanın həyətində saxladığım həmin vaxt ** OH *** dövlət qeydiyyat nişanlı olan Mersedes Benz 300 markalı avtomaşını DYP-nin evakuatoru vasitəsi ilə onun heç bir xətası olmadığı halda razılığı olmadan zorla DYPİ-nin cərimə meydançasına apardılar. Həmin vaxt o, elektron nəzarət cihazı daşıdığından cihaz siqnal verdiyindən o, evdən çox aralana bilməyib. Həmin vaxt Cavabdeh1 və Cavabdeh2 ondan sərt bir şəkildə qanunsuz olaraq tələb edirdilər ki, “maşını sür apar cərimə meydançasına”, o isə cavabında bildirib ki, “Ayağımda elektron cihaz var indi apara bilmərəm”. Onlar da “Sən apara bilmirsənsə biz apararıq” demişlər. Evakuatorla maşını çəkərkən maşının arxa "buferini" və qoşqu (buksir) yerini çəkib qırmışlar. Onlarının bütün qanunsuz əməllərini telefonunun kamerası ilə çəkib və CD-də məhkəməyə təqdim etmişəm. Bu hadisədən 2 gün sonra xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Tural adlı DYP əməkdaşı ona telefonla zəng vuraraq "rəis səni çağırır” demiş, o da DYP-nə getmişdir. İdarədə onu Cavabdeh1 özü qarşılamış və axşam maşını apararkən sərt davranışlarından fərqli olaraq bu dəfə mülayim davranıb bildirdi ki, "maşınını get apar, amma sürmə və şəhərə çıxma" demiş, hətta ondan əvvəllər zorla aldıqları maşının açarını da qaytarıb özünə vermişdir. O, maşını sürüb evə gedərkən DYPİ-nin yanındakı körpüdən keçərkən maşında nasazlıq başlamış, Əliabad qəsəbəsindəki evinə çatanda isə mator tutuldu və işləmədi (kiplədi). O, matorun qapağını açıb baxanda mator “sepinin” üzərində balaca çınqıllar görmüş və Bakı nömrəsi ilə maşın sürməyinin qarşısını almaq üçün Cavabdeh1 və Cavabdeh2 ən çirkin yola, avtomaşına zərər vurmaq yoluna əl atdıqlarını bilmişdir. Qohumların və qonşusunun yanında matorun katerini açdıqda yağa qum, çınqıl və bilmədiyi maye qatıldığını görmüşlər. Ona qəsdən zərər vurduqlarını bilib bütün hərəkətləri telefonun kamerasına çəkmişdir. Mator yağından nümunə üçün götürüb saxlamış, yararsız hala düşmüş mator və karopkanı da hissələri ilə birlikdə saxlamışdır. Bunları etdikdən sonra tam əmin olub DYPİ-nə qayıdıb Ayaza iradını bildirmişdir. Ayaz da “mən etməmişəm” deyib tez otağına getdi. Həmin avtomaşın onun ailəsinin yeganə dolanışıq mənbəyi olduğundan məcbur qalıb evinin soyuducusunu satıb mator və karopkanı yenidən yığdırıb. Matoru Faiq usta, karopkanı isə Ramin usta təmir etdi. Bütünlükdə 1750 (bir min yeddi yüz əlli) manat maşınının mator və karopkasına xərc çəkib. Həmin xərci də Naxçıvan MR DİN-nin DYPİ-nin rəisi polis mayoru Cavabdeh1 və onun müavini Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində çəkib. İddiaçı sonda qeyd olunanları nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh1 rəsmi qaydada məlumat verilmiş, lakin iştirak etməmiş, nümayəndə və vəkil vasitəsilə təmsil olunmuşdur. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı dindirilmiş Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, nümayəndəsi olduğu və hüquqlarını müdafiə etdiyi Cavabdeh1 neçə illər Naxçıvan MR DYPİ-nin rəisi vəzifəsini icra edib. Təmsil etdiyi şəxsin bildirdiyinə görə həqiqətən də DYPİ-yə verilən tapşırığa əsasən Naxçıvan MR də Bakı qeydiyyat nişanlı avtomobillərin istifadəsinə icazə verilmirdi. Ona görə də DYPİ tərəfindən iddiaçıya bununla bağlı xəbərdarlıq edilsə də o, qoyulan göstərişə tabe olmamış və avtomobilini idarə etməkdə davam etmişdir. Cavabdehlər də məcbur qalaraq həmin avtomobili DYPİ-nin həyətinə aparmışlar. Sonra iddiaçı gəlib öz avtomobilini oradan aparmışdı. Ancaq Cavabdeh1 qeyd etdiyinə görə avtomobil DYPİ-nin həyətində saxlanılan zaman onun avtomobilinə heç bir ziyan törədilməmişdir. Hətta maşının mator və karopkası elektron olduğu üçün heç kim ona toxuna da bilməzdi. Bu sadəcə iddiaçının öz əsassız iddiasıdır. Vəkil sonda qeyd olunanları nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə digər Cavabdeh2 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin o, xx.xx.2023-cü il tarixdə məhkəmənin ünvanına teleqram göndərərək iddianı qəbul etmədiyini, məhkəmə prosesində iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycn Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-in 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin maddənin 1096.2-ci bəndinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır”. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki hüquq pozuntusu qanunun və ya müqavilənin tələblərini pozan hərəkət (və ya hərəkətsizlik) əsasında yaranır. Mülki hüquq və vəzifələri pozanların məsuliyyətə cəlb olunması üçün zəruri olan, istənilən mülki hüquqpozmada müxtəlif birləşmələr şəklində rast gələn ümumi və tipik şərtlər toplusu mülki hüquqpozmanın tərkibi adlanır. Bu şərtlər aşağıdakılardır: 1. Şəxsin öz üzərinə qoyulmuş vəzifələri və digər şəxslərin hüquqlarını pozması; 2. Ziyan və zərərin mövcudluğu; 3. Hüquq pozanın hüquqazidd davranışı ilə baş vermiş ziyanlı nəticələr arasında səbəbli əlaqə; 4. Hüquq pozanın təqsiri. Mülki işin məhkəmə araşdırması zamanı iddiaçı avtomobilinə dəyən zərərin cavabdehlər tərəfindən ödənilməsini mübahisləndirir, lakin bununla bağlı hər hansı mötəbər sübut növünü məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə CD şəklində əlavə edilən fotoşəkillərdən və vide çəkilişlərdən avtomobilin sıradan çıxdığını bildirdiyi hissələr və avtomobilin polis əməkdaşları tərəfindən evakuatora çəkilməsi öz əksini tapmışdır. İddiaçının bildirdiyi hallar-yəni avtomobilən dəyən zərərin məhz Cavabdeh1 və Cavabdeh2 tərəfindən vurulmasına dəlalət edən başlıca dəlillər-mötəbər sübutlar təqdim edilməmişdir. Halbuki iddiaçı izahatına və eləcə də iddia ərizəsində onun avtomobilinin yol polisi İdarəsinə aparılması barədə qərar verən şəxslər rəis Cavabdeh1 və onun müavini Cavabdeh2 cavabdeh hesab etmişdir. Məhkəmə hazırlıq iclasında məhkəmə iddiaçıya cavabdehləri əsl cavabdeh Naxçıvan MR DİN X1 İdarəsi ilə əvəz edilməsi barədə fikrini soruşmuş, iddiaçı buna etiraz edərək cavabdeh qismində məhz Cavabdeh1 və Cavabdeh2 tanıdığını qeyd etmişdir. Halbuki iddiaçı öz izahatında bildirmişdir ki, onun avtomobilinin polis idarəsinə aparılması üçün 10-15 polis əməkdaşı gəlmişdir. Yəni cavabdehlər fiziki şəxs olaraq şəxsi münasibətlər zəminində iddiaçıya məxsus avtomobili polis idarəsinə aparmamışdır. İddiaçının iddia etdiyi qaydada avtomobilin X2 İdarəsinin rəisi və əməkdaşlarının iştirakı ilə aparılması cavabdehin nümayəndəsi və vəkilinin izahatı ilə təsdiq edilir. Belə olan halda iddiaçının iddiasına cavab verməli orqan Naxçıvan MR Daxili İşlər Nazirliyinin X1 İdarəsidir. Hazırki cavabdehlərin fiziki şəxs olaraq iddiaçıya məxsus əmlaka ziyan vurulması, ziyanın vurulmasında təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbi əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə məhkəmə məsrəflərinə münasibətdə qeyd edir ki, iddia rədd edildiyindən ödənilən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-495/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-495/2023
11.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver