Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-503/2024 07.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(078)-85/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq 02 noyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 14 dekabr 2007-ci il tarixdə Şahbuz rayon VVADQ şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Tərəflərin nikahlarından 02 noyabr 2008-ci il təvəllüdlü X2 adlı övladları var. Tərəflər arasındakı nikah qeydi Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(078)-85/2021 nömrəli qətnaməsi ilə pozulmuş, boşanmadan sonra 02 noyabr 2008-ci il təvəllüdlü X2 anasının yanında saxlanılmaqla, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat miqdarında alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 14 dekabr 2007-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, nikahlarından 02 noyabr 2008-ci il təvəllüdlü X2 adlı övladları var. Aralarındakı nikah qeydi özünün tələbi əsasında Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(078)-85/2021 nömrəli qətnaməsi ilə pozulmuş, boşanmadan sonra 02 noyabr 2008-ci il təvəllüdlü X2 anasının yanında saxlanılmaqla, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat miqdarında alimentin tutulması qət edilmişdir. Azyaşlı övladı ilə birlikdə atası evində yaşayır. Yaşamağa şəxsi evi yoxdur. Cavabdehin ödədiyi 130 manat aliment pulu uşağın məsrəflərini qarşılamağa bəs etmir. Uşağın müalicəsinə və sair pul lazım olur. Uşağın saxlanılmasına müəyyən olunmuş aliment uşağın məsrəflərini ödəmir. Bu gün verilən alimentlə uşağın təminatını ödəmək çox çətindir. Cavabdeh bakubus marşrutunu işlədir və yaxşı qazanc əldə edir. Ona görə də 300 manat aliment tələb edir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, alimentin təyin edildiyi vaxtdan artıq 3 il keçir. Bu müddətdə Şəhriyar sadəcə 130 manat aliment ödəyərək işinin bitdiyini hesab edib. Hazırda uşağın bütün məsrəfləri çoxalır. Heç nəyi maddi baxımdan çatdırmaq olmur. Ona görə də 300 manat aliment tələb edir. Özü hazırda Naxçıvan Sağlamlıq Mərkəzində tibb bacısı işləyir. Cavabdeh “Baku Bus” da işləyir. Ancaq əlavə gəliri də var. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb onları qiymətləndirərək hesab edir ki, iddiaçının aliment miqdarının artırılması tələbi ilə müraciət etməsi üçün əsası olmuşdur. Belə ki, iddiaçı iddia ərizəsi ilə 2020-ci ildə məhkəməyə müraciət edib. 2021-ci il üçün aliment 130 (bir yüz otuz) manat məbləğində müəyyən edilmiş, həmin vaxtdan 3 il müddət keçdiyindən həmin müddət ərzində uşağın gündəlik həyat şərtlərinə uyğun tələbatlarının artması istisna olunmur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır. Tərəflərin maddi vəziyyətini, eləcə də uşaqların tələbatlarının artmasının mübahisə doğurmadığını nəzərə aldıqda məhkəmə belə qənaətə gəlir ki, belə olan halda iddiaçının tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə qeyd edilənləri, 02 noyabr 2008-ci il təvəllüdlü X1 hal-hazırda anası İddiaçı himayəsində yaşamasını, uşağın həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq Cavabdeh hər ay sabit məbləğində 190 (bir yüz doxsan) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir. Məhkəmə iddianın qalan hissəsini rədd edərkən cavabdehin əmlak vəziyyətini, eləcə də cavabdehin kifayət qədər qazanc əldə etməsinə dair iddiaçının hər hansı sübut təqdim etmədiyini nəzərə alır. Elektron məhkəmə informasiya sistemində Cavabdeh şəxsi məlumatlarında onun mülkiyyətində hər hansı daşınmaz əmlakın və nəqliyyat vasitəsinin olmaması, gəlir məlumatlarında onun "xxxx" MMC-də sürücü işləməsi və aylıq əmək haqqının 345 manat olması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, hazırki alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.6-cı maddələrinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda- ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən hazırki iş üzrə 12x(190-130)=720 manat təşkil edir ki, buna görə də iş üzrə Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(078)-85/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh hər ay sabit məbləğində 190 (bir yüz doxsan) manat miqdarında aliment tutularaq 02 noyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia qalan hissədə rədd olunsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-503/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-503/2024
07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver