Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-506/2024 07.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ödənilməmiş kredit borcuna görə 571 (beş yüz yetmiş bir) manat, hər ay üçün 10 % olmaqla ödənilməmiş 7 ay üzrə 352.08 (üç yüz əlli iki manat səkkiz qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu olmaqla ümumilikdə 953.08 (doqquz yüz əlli üç manat səkkiz qəpik) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, elektronik əşyalar mağazasında sahibkardır. Naxçıvan şəhəri Qaraçuq kəndində qeydiyyatda olan Cavabdeh ilə arasında bağlanmış 01 oktyabr 2023-cü il tarixli 4477 nömrəli kredit müqaviləsi üzrə cavabdeh 715 manat dəyərində bir ədəd Redmi Note 121 markalı mobil telefonu kreditlə almışdır. Aralarında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizə yazaraq və öz imzası ilə imzalayaraq bağlamış olduqları 4477 nömrəli kredit müqaviləsinə görə ümumi məbləği 715 (yeddi yüz on beş) manat, ilkin ödəniş məbləği 72 (yetmiş iki) manat, kreditin qalan məbləği 643 (altı yüz qırx üç) manat olmaqla 9 (doqquz) ay müddətində aylıq 72 (yetmiş iki) manat olmaqla nağd və ya köçürmə yolu ilə ona qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh 4477 nömrəli kredit müqaviləsi üzrə ilk vaxtlar kredit borcunu ödəyərək 715 (yeddi yüz on beş) manat kredit borcundan müxtəlif zamanlarda az məbləğlərlə ödəniş çekləri əsasında ümumilikdə 144 (bir yüz qırx dörd) manat kredit borcundan qaytarmışdır. Lakin cavabdeh kredit borcundan qalmış 571 (beş yüz yetmiş bir) manat pulu 2023-cü ilin noyabr ayının 1dən bu günədək geri qaytarmamışdır. Cavabdehə bir neçə dəfə borclu qaldığı pulu qaytarmasını desə də o, hər dəfəsində müxtəlif bəhanələrlə ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırmışdır. Cavabdehlə aralarında bağlanan 4477 nömrəli kredit müqaviləsinin 3.7-ci bəndinə əsasən aralarındakı razılığa əsasən cavabdehin ödəməli olduğu kredit borcunun yubadılmasına görə hər ay üçün 10 (on) faizi miqdarında kompensasiya (cərimə) hesablanacağını razılaşaraq öhdəsinə götürmüşdür. Bu səbəbdən də cavabdehin ona 01 oktyabr 2023-cü il tarixli, 4477 nömrəli kredit müqaviləsi üzrə 9 (doqquz) ay ərzində ödəməli olduğu kredit borcunu bugünədək ödəmədiyi hər ay üçün 10 (on) faiz olmaqla, ödənilməmiş 7 ay üzrə 352.08 (üç yüz əlli iki manat səkkiz qəpik) manat pulun da ona ödənilməsini istəyir. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddianı müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. 01 oktyabr 2023-cü il tarixli 4477 nömrəli kredit müqaviləsindən aydın olur ki, həqiqətən həmin tarixdə İddiaçı ilə Cavabdeh arasında qeyd olunan müqavilə bağlanmış və müqavilənin şərtinə əsasən Cavabdeh dəyəri 715 manat olan Redmi Note 121 markalı mobil telefon almış, 72 manat ilkin ödəniş apardıqdan sonra qalan 643 manat borcunu 9 ay müddətində, aylıq 72 manat olmaqla nağd və ya köçürmə yolu ilə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş çeklərindən məlum olur ki, Cavabdeh 01 oktyabr 2023-cü il tarixli 4477 nömrəli kredit müqaviləsi üzrə 643 manat kredit borcundan cəmi 144 (bir yüz qırx dörd) manat pulu qaytarmışdır. Müqavilə şərtlərində gecikdirilmiş hər ay üçün aylıq ödənişin 10% miqdarında cərimə pulu ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixdə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərilmişdir. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş mobil telefonu iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliyi lazımınca yerinə yetirməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də müvafiq məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı Cavabdeh müqavilə üzrə ümumilikdə 352.08 (üç yüz əlli iki manat səkkiz qəpik) manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə pulu əsas borca münasibətdə tənasübsüz şəkildə yüksək olduğundan azaldılmalı, əsas borcun 5% miqdarında hesablanmaqla 28.55 manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 571 (beş yüz yetmiş bir) manat əsas borc və 28.55 (iyirmi səkkiz manat əlli beş qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 599.55 (beş yüz doxsan manat əlli beş qəpik) manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 7771 nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. İş üzrə Cavabdeh 571 (beş yüz yetmiş bir) manat əsas borc və 28.55 (iyirmi səkkiz manat əlli beş qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 599.55 (beş yüz doxsan manat əlli beş qəpik) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 7771 nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-506/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-506/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver