Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-518/2023 15.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı istilik xəttinin çəkilməsi ilə bağlı yaradılmış maneənin aradan qaldırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı 27 fevral 2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən və tam mülkiyyət hüququ ilə ona məxsus olan mənzilə istilik xətlərinin (bütün istilik xətləri daxil olmaqla) çəkilməsinə yaradılan maneənin aradan qaldırılması, istilik xətlərinə yaradılan maneənin aradan qaldırılması üçün Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilə daxil olmağa Cavabdeh tərəfindən şərait yaradılması, vəkil üçün ödənilmiş 350 (üç yüz əlli) AZN və dövlət rüsumu üçün ödənilmiş 100 (bir yüz) AZN pulun cavabdehdən alınaraq ona – İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 87.76 kv.m olan mənzil (daşınmaz əmlak) daşınmaz əmlakın dövlət reyestrində onun adına tam mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzilə bina dövlət tərəfindən istismara verilərkən istilik xətləri ilə təmin olunmuşdur. Lakin bir neçə il bundan qabaq (mərhum həyat yoldaşının sağlığında) həmin mənzilə dövlət tərəfindən çəkilmiş istilik xəttinin yenisi ilə öz hesablarına istilik xətləri ilə əvəz olunması üçün müəyyən addımlar atılmış və bunun üçün müvafiq dövlət qurumlarına müraciət olunmuşdur. Lakin sonradan həyat yoldaşı dünyasını dəyişdikdən sonra qeyd edilən istilik xətlərinin dəyişdirilməsi baş tuta bilməmişdir. Hal-hazırda, o, yenidən dövlət tərəfindən çəkilmiş istilik xətlərinin bərpa olunmasını istəyir. Lakin həmin binada blokun 4-cü mərtəbəsindəki mənzilin mülkiyyətçisi (Atatürk küçəsi, bina 22, mənzil 34) Cavabdeh buna maneələr yaradır. Bunun üçün onun özünə dəfələrlə tərəfindən müraciət olunsa da, bunun bir nəticəsi olmamışdır. Bundan sonra, o, bu məsələ ilə bağlı həm Naxçıvan Şəhər İcra Hakimiyyətinin 5 saylı mənzil istismar idarəsinə və Naxçıvan İstilik idarəsinə də müraciət etsə də, bunun bir nəticəsi olmamışdır. Yazılı cavabda hazırki iş üzrə cavabdehin yalnız yay ayların bu şəraiti yaradacağı və yalnız 4 yerdən istilik xəttinin bərpa olunacağına icazə verəcəyini bildirmişdir. Halbuki, o, bütün xətlərin bərpa olunmasını istəyir və bunun üçün də Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilə daxil olmaqla həmin xətlərin təmir-bərpası mümkündür. O da bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. O həmçinin vəkil üçün ödənilmiş 350 (üç yüz əlli) AZN pulun və 100 (bir yüz) AZN pulun da cavabdehdən alınaraq ona qaytarılmasını istəyir. 03 aprel 2023-cü il tarixdə cavabdeh Vəlizadə X6 məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə etiraz ərizəsi göndərmişdir. Həmin ərizədə dəfələrlə iddia ərizəsində onun atasının adının müxtəlif şəkildə səhv yazıldığını, bunun insan hüquq və azadlıqlarının pozulması olduğunu, onun bunu texniki səhv kimi qəbul etmədiyini, atasının adını səhv yazan qarşı tərəfin yazılı şəkildə ondan üzr istəməsini tələb etdiyini, hətta buna görə təzminat tələb etmək hüququnun olduğunu, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mülkiyyət hüququnun olduğunu, mülkiyyətin toxunulmaz olduğunu və dövlət tərəfindən müdafiə olunduğunu, mülki qanunvericiliyə əsasən hər bir daşınmaz əmlak mülkiyyətçisinin, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməli olduğunu, bu məqamda yüklü torpaq sahəsinin mülkiyyətçisinin öz mənafelərinin ədalətlə nəzərə alınması hüququna malik olduğunu, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelərin nəzərə alınmalı olduğunu, sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməli olduğunu, tərəflər arasında razılaşmaya əsasən kompensasiyanın birdəfəlik ödəniş şəklində verilə biləcəyini, əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsinin əmələ gəldiyini, Mənzil İstismar İdarəsinin İstilik xəttinin kəsilməsi ilə bağlı heç bir sərəncamının, qərarının olmadığını, 20 avqust 2020-ci ildə imzalanmış aktda bina 22 ev 34ün ondan qabaqkı mülkiyyətçisinin heç bir imzasının olmamamasının Azərbaycan Respublikası qanunvericiliyinə zidd oluğunu, səbəbin həmin mənzildən 5-ci mərtəbəyə qalxan boru xəttinin 4-cü mərtəbədən kəsilməsinin olduğunu, həmin sənədin həmin tarixdə yazılmamasının əsaslı şübhələr yaratdığını, həmin sənədin ekspertizaya göndərilməsini xahiş etdiyini, həmçinin xx.xx.2020-ci ildə İddiaçı tərəfindən yazılan ərizənin həmin tarixdə yazılmasının əsaslı şübhələr yaratdığını, vətəndaşın müraciətini şəxsə yox mənzil istismar idarəsinə etməli və mənzil istismar sahəsində daxil olan ərizələrin qeydiyyatı kitabına düşməli və üzərində icra edilib və ya edilməyəcəyini bildirilməli olduğunu, həmçinin ərizədə hansı tarixdən köməklik ediləcəyini bildirməməsinin Kargüzarlıq haqqında qanunvericiliyi pozduğunu, həmin sənədin də ekspertizaya göndərilməsini xahiş etdiyini, dövlət mülkiyyətinə məxsus istilik boru xəttini kəsib özbaşına yerə qoyduqlarını, aktda da heç bir ziyanın dəyilmədiyinin yazıldığını, sənədlərdəki ifadələrin reallıqla eynilik təşkil etmədiyini, vətəndaşın istilik xəttindən öz evindən keçən hissədən istədiyi vaxt imtina edə biləcəyini, istədiyi vaxt bərpa edə biləcəyini, ona məxsus əmlakın tövlə qapısı olmadığını, ona dəyəcək maddi ziyana görə əşyalarına zərər gəlməməsi üçün klyonkalarla üzlənməli ,ailəsinin 3 gün üçün saxlanc yeri ilə təmin edilməli olduğunu, vətəndaş tərəfindən onun evinə ***-**-** nömrəsinə edilən ilk zəngin dekabr ayı olduğunu, binanın istilik sisteminin dayandırılmasının onun səlahiyyətində olmadığını Atatürk küçəsi bina 22 ev 36-da istilik sisteminin xətlərini onun kəsmədiyini, onun evi alqı-satqı edən zaman həmin mənzilə gedən heç bir xəttin mövcud olmadığını, həmin xəttlər kəsildikdən sonra evin fərqli dizayn olunaraq təmir olunduğunu, həmin quruluşa baxaraq evi bəyənib qanuni yolla aldığını, əşyalarının yerləşdirildiyini, ona mənəvi zərərin ödənilməsi ilə bağlı minumum 10000 (on min) manat təzminat verilməli olduğunu, həmin pulun isə onun imzası ilə bütövlükdə erməni işğalından azad edilmiş ərazilərdə həyata keçirilən layihələrə dəstək vermək məqsədi ilə X8 (Ünvan: Cəfər Cabbarlı küç. 609) ödənilməsini xahiş etdiyini, beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq hər bir halda çoxmənzilli yaşayış binalarında mənzillərə əsaslı dəyişiklik üçün yerli icra hakimyyətinin (bələdiyyənin ) razılığının olmalı olduğunu, razılıqsız yalnız yüngül təmir işlərinin aparılmasına icazə verildiyini, son dövrlər baş verən tektonik proseslərin bu məsələni aktuallaşdırdığını, həmçinin Atatürk küçəsi bina 22 ev 36-da yerləşən mənzilin quruluşunun hal-hazırkı texniki pasportdakı mənzil sxemi (çertyoju) ilə üst-üstə düşmədiyini, mənzil üzərində hər hansı dəyişiklik olduqda mənzilin texniki pasportunu dəyişməyə vətəndaşın borclu olduğunu, digər binalardakı kimi mənzilin foesindən öz istilik xəttini apara biləcəyini, lazım gələrsə onun özünün də foeədən xətt götürməyə və həmin ünvana foedən həmin giriş qapısına kimi xəttin çəkilməsinin maddi məsuliyyətini üstünə götürməyə hazır olduğunu, yekun olaraq onun mülkiyyətinə görə ona dəyəcək maddi və mənəvi ziyanın aradan qaldırıldığı və evin hal-hazırkı vəziyyəti ilə texniki pasportdakı çertyojunun eynilik təşkil etdiyi halda istilik xəttlərinin çəkilməsinə heç bir etirazının olmadığını, mülkiyyətinə görə ona dəyəcək maddi və mənəvi ziyanın aradan qaldırılmadığı halda 2 giriş və 2 çıxış xəttinin verilməsinə razı olduğunu, Azərbaycan Respublikasının vətəndaşı kimi bütün proseslərin qanunauyğun həll olunmasını məhkəmədən xahiş etdiyini qeyd etmişdir. 10 aprel 2023-cü il tarixdə Vəlizadə X6 məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə məlumat məktubu göndərərək, bundan qabaqkı etiraz sənədində qeyd etdiyi səbəbə görə atasının xatirəsinə əziz olaraq qarşı tərəfin yazılı şəkildə üzr istəmədiyi zamana kimi heç bir halda şəxsən və yaxud nümayəndəsi vasitəsilə məhkəmədə iştirak etməyəcəyini bildirmişdir. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Mülki iş üzrə məhkəmə iclasında izahat verən İddiaçı izahatında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə məhkəmə iclasında izahat verən iddiaçının vəkili Vəkil izahatında iddianı müdafiə etdiyini, İddiaçı izahatına əlavəsinin olmadığını, onun izahatında qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, sübutları tədqiq edib və toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məslələri üzrə Dövlət Komitəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 87.76 kv.m olan mənzilin tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/21 nömrəli reyestr kitabının 4046 nömrəli vərəqində qeydiyyata alınması məlum olur. İş materiallarında olan Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil- İstismar İdarəsi tərəfindən verilmiş 25 yanvar 2023-cü il tarixli 13 nömrəli məktuba əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən Atatürk küçəsi bina 22, mənzil 34 ünvanında pasport qeydiyyatdadır və orada yaşayır. İş materiallarında olan Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş məkuba əsasən 26 aprel 2018-ci il tarixdə Naxçıvan şəhəri 2 saylı dövlət notariat kontorunun 07 mart 2018-ci il tarixli , 2V-37 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 87,76 m2 olan 36 nömrəli mənzil daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş məktuba əsasən 02 mart 2022-ci il tarixdə Naxçıvan şəhəri 2 saylı dövlət notariat ofisinin 24 fevral 2022-ci il tarixli , 4Ə-126 nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 83,27 m2 olan 34 nömrəli mənzil daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmışdır. 20 avqust 2020-ci il tarixdə Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil- İstismar İdarəsinin mühəndisi X4, çilingərlər X2, X5 və mənzilin sakini İddiaçı iştirakı ilə tərtib edilmiş aktda vətəndaşın binanın istilik sistemindən imtina etdiyi, istilik pətəklərinin ləğv edildiyi, binanın istilik sisteminə heç bir ziyan vurulmadığı qeyd edilmişdir. İş materiallarında olan İddiaçı Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti İstilik Təsərrüfatı İdarəsinə ünvanlandığı ərizədə Hacıyeva X1 bina 22 mənzil 36 ünvanında yerləşən daşınmaz əmlakın tam mülkiyyət hüququ ilə ona məxsus olduğunu, və onun həmin mənzilin tam mülkiyyətçisi olduğunu, ona məxsus olan mənzilin binanın 5-ci mərtəbəsində yerləşdiyini, bir müddət əvvəl ona məxsus olan mənzilin istilik xətlərini kəsərək ”kombi” sistemi quraşdırmaq qərarına gəldiyini, lakin müəyyən səbəblərə görə bu sistemi quraşdırmağın mümkün olmadığını, həmin kəsilmiş xətti yenidən bərpa etmək istədiyini, bunun üçün binanın 4-cü mərtəbəsindəki mənzilə daxil olaraq həmin sistemin yenidən bərpa olunmasının zəruri olduğunu, lakin həmin mənzilin sahibi olan Cavabdeh buna hər vasitə ilə maneə olmağa cəhd etdiyini və buna imkan vermədiyini, bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinə də şifahi olaraq müraciət etdiyini, hal hazırda həmin, ona aid mənzildə istilik xəttinin olmadığını, buna görə də həmin mənzillə bağlı bir sıra işlərini həyata keçirə bilmədiyini, Atatürk küçəsi bina 22 mənzil 36 ünvanında yerləşən mənzilin istilik sisteminin bərpasına köməklik göstərilməsini xahiş etdiyini qeyd etmişdir. İş materiallarında olan Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti İstilik Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli 12 nömrəli məktuba əsasən Atatürk küçəsi bina 22 mənzil 36 ünvanında ləğv edilən istilik sisteminin bərpası ilə bağlı ünvan 5ar İdarəsinə müraciət edilməsinin məqsədəmüvafiq olması qeyd edilmişdir. İş materiallarında olan İddiaçı Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil-İstismar İdarəsinə, Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti İstilik Təsərrüfatı İdarəsinə ünvanlandığı eyni məzmunlu ərizə ilə müraciət edərək, Atatürk küçəsi bina 22 mənzil 36 ünvanında yerləşən mənzilin istilik sisteminin bərpasına köməklik göstərilməsini xahiş etməsi aydın olur. İş materiallarında olan Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil- İstismar İdarəsi tərəfindən verilmiş 26 yanvar 2023-cü il tarixli 15 nömrəli məktubda Atatürk küçəsi bina 22 mənzil 34 ünvan sahibi Cavabdeh ilə təkrar əlaqə yaradılaraq söhbət aparıldığı, mənzil 36 –ya gedən istilik xəttinin təkrar bərpası üçün köməklik göstərməsinin xahiş olunduğu, buna baxmayaraq Cavabdeh istilik xəttinin bərpasına yalnız yay aylarında şərait yaradacağını, mənzil 36-ya iki ədəd giriş iki ədəd çıxış (cəmi 4 yerdən) istilik xəttinin keçməsinə razılıq verəcəyini bildirdiyi qeyd edilmişdir İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Mülkiyyət hüququnun məzmunu Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Məhkəmə işin yuxarıda şərh olunmuş hallarını qeyd edilən maddi hüquq normalarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı ona məxsus mənzili qanuni şəkildə əldə etsə də, sahiblik və istifadə hüquqlarını sərbəst şəkildə cavabdeh tərəfindən yaradılmış maneələrə görə həyata keçirə bilmir. Bununla da iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Belə olan halda iddiaçı qeyd olunan mənzilə istilik xəttinin çəkilməsi ilə bağlı yaradılmış maneənin aradan qaldırılmasını tələb etməkdə haqlıdır, ona görə də iddiaçının iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 169.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 169.2-ci maddəsinə əsasən hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Məhkəmə cavabdeh tərəfin diqqətinə çatdırır ki, iddiaçının mənzilində olan istilik xəttindən imtina olunması onun hazırda istilik xəttini bərpa etməsinə maneə deyildir. Cavabdeh qanunvericilikdə təsbit olunan qonşuluq hüququna uyğun olaraq iddiaçıya mənzilinə istilik xəttinin çəkilməsinə şərait yaratmalıdır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0 və 115.0.6-cı maddələrinin tələbinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumu və vəkilə hüquqi yardım üçün ödənilmiş 350 (üç yüz əlli) manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə istilik xətlərinin (bütün istilik xətləri daxil olmaqla) çəkilməsinə yaradılan maneə aradan qaldırılmalı və istilik xətlərinin çəkilməsinə yaradılan maneənin aradan qaldırılması üçün Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə daxil olmağa Cavabdeh tərəfindən şərait yaradılmalı; - iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumu və vəkilə hüquqi yardım üçün ödənilmiş 350 (üç yüz əlli) manat xidmət haqqı Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə istilik xətlərinin (bütün istilik xətləri daxil olmaqla) çəkilməsinə yaradılan maneə aradan qaldırılsın və istilik xətlərinin çəkilməsinə yaradılan maneənin aradan qaldırılması üçün Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə daxil olmağa Cavabdeh tərəfindən şərait yaradılsın. İddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumu və vəkilə hüquqi yardım üçün ödənilmiş 350 (üç yüz əlli) manat xidmət haqqı Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-518/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-518/2023
15.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver