Məhkəmə qərarları › İş №2(078)-528/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-528/2024

07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-528/2024 07.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Nəsirova Şəlalə Fəxrəddin qızına qarşı müəyyən olunmuş aliment məbləğinin artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Nəsirova Şəlalə Fəxrəddin qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(078)-1369/2023 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilərək 10 aprel 2008-ci il təvəllüdlü X2, 01 aprel 2010-cu il təvəllüdlü X4 və 28 mart 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi hər ay sabit pul məbləğində bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 705 (yeddi yüz beş) manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Nəsirova Şəlalə Fəxrəddin qızı ilə 07 iyun 2007-ci il tarixdə Naxçıvan şəhər Nikah evində nikahımızı rəsmiləşdirib ailə qurub. Həmin nikahdan 10 aprel 2008-ci il təvəllüdlü X7, 01 aprel 2010-cu il təvəllüdlü X8 və 28 mart 2014-cü il təvəllüdlü X9 adlı övladları doğulmuşdur. Lakin aralarındakı nikah onun tələbi əsasında Naxçıvan Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(078)- 12/2021 saylı qətnaməsi ilə pozulmuş və birgə nikahdan doğulmuş övladları Fatimə onun yanında, Aysu və Manaf isə cavabdeh Nəsirova Şəlalə Fəxrəddin qızının yanında saxlanılmaları barədə qətnamə qəbul edilmişdir. Aysu və Manafın baxımsızlığı, icbari təhsildən yayındırıldığı və s. səbəblərə görə həmin qətnamədən uşaqlara münasibətdə onun tərəfindən apellyasiya şikayəti verildiyindən Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinə əsasən hər üç uşağın onun yanında saxlanılması barədə qərar qəbul olunmuşdur. Bundan sonra o, aliment tələbi barədə Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırsa da tələbi rədd olunmuş, bu səbəbdən də o həmin qətnamədən Naxçıvan MR Ali Məhkəməsinə apellyasiya şikayəti verdiyinə görə Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək hər bir uşağa 80 manat, olmaqla cəmi 240 manat aliment qət olunmuşdur. Lakin həmin alimentin məbləği az olduğundan o yenidən alimentin artırılması tələbi barədə Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırmış, Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(078)-1369/2023 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq hər bir uşaq üçün 150 manat olmaqla 3 uşağa görə cəmi birlikdə 450 manat aliment ödənilməsi qət olunmuşdur. Şəlalə döğrudürüst, vaxtlı-vaxtında alimenti məqsədli şəkildə ödəmir. Bakı şəhərində həm evdə fərdi qaydada, həm də ingilis-dili hazırlığı kursunda İFLTS proqramı üzrə instrüctor işləyir və SOCAR şirkətindən tərcümə işləri qəbul edərək yüksək məbləğdə qazanc əldə edir. Bundan başqa Şəlalə Nəsirovanın məhkəmə tərəfindən maddi vəziyyəti zənginləşdirilmiş və birgə nikah müddətində əldə etdikləri əmlakda payları müəyyən olunduğundan adına daşınmaz əmlakı da vardır. Özü heç bir yerə işləmir, son bir il ərzində iki dəfə əməliyyat olunub və əmək qabliyyətini qismən itirib. DİO-dan pensiyaya çıxıb. Aldığı pensiya ilə uşaqlara sərf olunan xərclərin öhdəsindən gəlməkdə çətinlik çəkir. Hər bir əşyanın, qida məhsullarının və dərman vasitələrinin qiymətində davamlı artım müşahidə olunur ki, bu da onların ailə büdcəsinə təsir edir. Belə ki, böyük qızı Fatimə Qəribovanın qan azlığı- Reynoud sindromu, ayaqlarında revmatizma və allergiya xəstəliyindən müalicə alması, qızım Aysu Qəribovanın yastıpəncəlikdən müalicə alması və oğlu Manafın sağ gözündə yara olduğuna görə uzun müddət müalicə alması və onların repetitor xərclərinin artdığından övladlarının müayinə və müalicə xərcləri, saxlanmaları, inkişafı və gələcəyi üçün cavabdehin ödəyəcəyi alimentin məbləğinin artırılmasını istəyir. İddiaçı tələbinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78-ci maddələrini, yaşayış minimumu haqqında Qanuna istinad edərək hərəsinə sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat aliment tutulması haqda barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə baxışı iclasında verdiyi izahatında iddianı müdafiə edərək bildirmişdir ki, 06 may 2024-cü il tarixdə saat 11:35-də Nizami Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Türkan Hümbətzadə ***-***-**-** nömrəli telefonla ona zəng vuraraq yazmış olduğu şikayət ərizəsi ilə əlaqədar cavabdeh Nəsirova Şəlalə Fəxrəddin qızı ilə əlaqə saxladığını və Şəlalənin ona hazırlıq kursunda hazırlıq keçdiyini və icra şöbəsinə gəlməyə vaxtının olmadığı bildirmişdir. Əgər mümkün olarsa məhkəmə prosesinə fasilə verib icra məmuru Türkan Hümbətzadə ilə əlaqə saxlanılmasını xahiş edir. Çünki cavabdeh iddia ərizəsinə etirazda satıcı işlədiyini yazılı olaraq bildirmişdir. Amma icra məmuruna faktiki olaraq hazırlıq kursunda repetitor fəaliyyəti ilə məşğul olduğundan icra şöbəsinə aliment borcları ilə bağlı gələ bilməyəcəyini bildirir. İlk olaraq hər uşağa görə təyin olunmuş 80 manat aliment uşağın xərclərinə olan tələbatı ödəmədiyi heç kəsə sirr deyil. 2023-cü ildə bir uşağın saxlanılmasına görə minimum aliment məbləği 220 manat idi. Həmin minimum məbləğində cəmi 150 manatını 2023-cü il üçün aliment təyin edildi. Cavabdeh həmin artırılmış məbləği ödəməmək üçündə apellyasiya müddətinin bərpa edilməsi üçün məhkəmə qərarından 4 ay sonra iddia qaldırmış və məhkəmə qərarını vaxtında aldığına və vaxtında iddia qaldırmadığına görə iddiası təmin edilməmişdir. Cavabdeh təyin olunmuş alimentə görə borcun 720 manatını Bakı şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə ödəmişdir. Həmin məbləğ də qızı Aysunun musiqi təhsili üçün musiqi alətinin alınmasına sərf olunmuşdur. Qeyd olunan hər uşağa görə 150 manat aliment məbləğini cavabdeh vaxtında ödəmək istəmir, həm də hər ay kəsirlə ödəyir. Halbuki keçən il təyin olunmuş aliment məbləği uşaqların tələbatlarına yetmir. İşsiz valideyn üçün dövlətin müəyyən etdiyi 235 manat pul minimum xərclərin ödənilməsinə yetə bilər. Lakin uşaqdan ayrı qalan valideyn min bir cəhdlə gəlirini gizlədir və nikah dövründə də işlədiyi təhsil müəssisəsindən əlavə repetitorluq fəaliyyətindən əldə etdiyi gəlirin əsas hissəsini onunla birgə çoxuşaqlı ailə olduqlarından uşaqların xərclərinə sərf edirdi. Uşaqların saxlanmaları, qida, təhsil və sağlamlıqları üçün lazım olan dəstəyi cavabdeh Nəsirova Şəlalə Fəxrəddin qızı göstərmək istəmir. O, Bakı şəhər Nizami Rayon Məhkəməsində məhkəmə prosesində aliment borcunu daşınmaz əmlak üzrə çıxarışları əldə etdiyi paydan dəyəri 200.000 manat puldan ödəyəcəyini bildirmişdir. Əgər aylıq əldə etdiyi gəlirdən alimenti ödəmək istəmirsə alimentin ödənişi məhkəmə qərarı ilə əmlakdan tanınan yüzdə əlli paya yönəldilsin. Əmlak üzrə iddia qaldırmış cavabdeh vəkili vasitəsilə ilk olaraq 150.000 manat tələb etsə də hazırda 200.000 manat əmlaka görə pul tələb edir. Həmin məbləğdən alimentə görə ümumilikdə 50.000 manat ödənilsə belə yenə də kifayət qədər maddi zənginliyi qalacaqdır. Cavabdehin əmlak üzrə hüququ vardır və bunu heç kim inkar etmir, lakin uşaqlar qarşısında vəzifə və öhdəliyi də vardır. Cavabdeh hansısa dağın başında işsiz, evdar, savadsız və təhsilsiz biri deyil. O ali təhsilli ingilis dili müəllimi diaqnostik qiymətləndirmədən yüksək balla keçmiş, hazırda Bakı şəhərinin mərkəzində həm baxış kursunda həmdə evdə repetitorluq fəaliyyəti ilə məşğul olan və kifayət qədər yaxşı gəlir əldə edən biridir. Ötən ildən də bu yana bütün tələbatlar üzrə də qiymətlərdə artım hər ay artmaqda davam edir. Ərzaq mağazasında məhsulların qiyməti hər ay 30-40 qəpik dəyişir. Gündəlik 5 çörək, xama, şəkər tozu, tərəvəz, kərə, pendir, ət, toyuq, balıq, kərə yağı, duru yağ və adını saymadığı qida məhsulları istehlak olunmalıdır. Bazarda olan meyvə qiymətləri 5 manatdan aşağı deyil. Ətin qiyməti isə 14-15 manat arası dəyişir. Qeyd etdiyi qida xərcləri evin soyuducusunun demək olar ki, boş qalmasına səbəb olur. Uşaqların məktəbdə dərsarası qidalanması, sınaqlarda iştirakı pul tələb edir. Uşaqların yaşla bağlı geyimləri 3 aydan bir demək olar ki, bədən və ayaq ölçülərində fərq yaradır. Mövsümi xəstəliklərə görə də xərclər vardır. X11 Şəhər Xəstəxanasının təyin etdiyi eynək gözlüyünün də 6 aydan da çox vaxt keçib və onu dəyişdirmək üçün 250 manat sərf etməlidir, lakin gündəlik tələbatlar buna imkan vermir və hər dəfə uşaq deyəndə məcbur təxirə salır. Bu da uşağın gözündə əlavə yük olaraq qalır. Oğlu Manafın gözündə quruluq səbəbindən yaranan yaraya salınan dərmanın hər ayda bir dəyişilməsi də 20 manat vəsait tələb edir. Oğlu Manafın xx.xx.2024-cü ildə növbəti göz müayinəsi üzrə resepti və dərmana görə olan ödənişin qəbzini və ötən müddətdə ödədiyi alimentə görə ödəniş kartı üzrə çıxarışı sənədlərinə əlavə edib. Qızı Aysunun yastıpəncəlikdən əziyyət çəkməsi səbəbilə Naxçıvan Şəhər Xəstəxanasının ayaqqabı üçün yazdığı içlik 50 manatdır. Lakin son bir ildi onu da dəyişməyə imkan çatdıra bilmir. Uşaqların xəstəliyi (Reynoud sindromu, allergiya, revmotizm, yastıpəncəlik və göz xəstəliyi) səbəbilə məktəbə, məktəbdən evə və hazırlığa daşınması da əlavə xərc tələb edir. Ailə vəziyyətinin də subay olması səbəbindən yaşadığı evdə uşaqlara qulluq üçün evin təmizliyi, ütü, yemək hazırlanmasına da görə qulluq edən şəxsə əlavə vəsait sərf olunur. Yadında qalan adlarını sadaladığı və sadalamadığı xərclər ötən il təyin olunmuş aliment məbləği ilə ödənilməsi mümkün deyil və bütün bu tələbatların da tək onun pensiyası ilə ödənilməsi imkan xaricindədir. Cavabdeh özünün əsl müəllim və repetitor peşəsini gizlədərək külli miqdarda gəlir əldə etdiyini nə qədər gizlədə bilər ki? Özünü satıcı kimi qələmə verən cavabdeh heç satıcı işlədiyi mağazadan aldığı məvacibin miqdarını da məhkəməyə təqdim etməmişdir. O belə təsəvvür yaradır ki, Bakı şəhərində satıcılıqla məşğul olur, əmlak və digər iddialara Bakı və Naxçıvan şəhərindən ödənişlə vəkillər tutur, aliment borclarını ödəmir və həm də Bakı şəhərinin mərkəz yerində yaşayır. Aliment öhdəliyini icra etdiyini qeyd edən cavabdeh unudur ki, ödədiyi məbləğlər kart vasitəsilə olduğundan onun yalanlarının ifşası onun üçün əlçatmaz deyil. Övladlarının saxlanılması üçün aliment borclarını ödəmək əvəzinə sonu olmayan iddialara həvəs göstərən Şəlalə Nəsirova Bakı və Naxçıvan vəkillərinə və məhkəmələrə ödəməyə həvəslə pul xərcləyir, lakin övladlarına aliment ödəmək istəmir. Cavabdeh növbə ilə hamını şantaj və hədələrlə aldadacağını düşünür və “ölümümün səbəbkarları” deyə qeyd edərək hər kəsi şantajla qorxuzaraq məsuliyyətdən azad olunacağını düşünür. Cavabdeh hər məhkəmədə bir-birini inkar edən fikirlər deyir və gah hazırlıq kursunda işlədiyini, gah ordan çıxıb evdə hazırlıq keçdiyini, gah da ümumiyyətlə hazırlıq müəllimi işləmədiyini və indi də satıcı işlədiyini bildirir. Bununla əlaqədar hər kəsdə olduğu kimi onda da sual yaranır ki, bu qədər iddialara ödəniş edib pulla vəkillər tutan məhkəmələrə ödəniş edən, arabir aliment ödəyən və özünü Bakı şəhərində hər cür təmin edən biri hansı sa dükanda satıcı işləməklə bunu necə bacarır? İstəyi 3 uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması və hüquqlarının qorunmasıdır. Birgə nikahda olduqları müddətdə övladları hər cür təmin olunaraq yaxşı yaşayıb, təhsildə yaxşı nəticə əldə etmələri üçün hazırlıq kurslarına davam edirdilər. O, cavabdehdən özü üçün heç nə istəmir və yalnız uşaqların sosial təminatlarının birgə yaşadıqları dövrdə olduğu səviyyədə saxlanılmasını tələb edir. Evli olduqları müddətdə hər ikisinin gəlirinin əsas hissəsi çox övladlı ailə olduqlarından övladlarının qida, sağlamlıq, geyim, təhsil və digər xərclərinə sərf olunurdu. Ona görə də alimentin miqdarı müəyyən edilərkən uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmasını tələb edir. Ölkədə olan infilyasiya qida, geyim və digər malların qiymətlərinin əvvəlki illərə nisbətən artması uşaqlar üçün olan tələbatın ödənilməsini əlçatmaz edir. Uşaqların qeyd olunan xərclərlə yanaşı müalicə və əməliyyat xərcləri də var. Lakin çatdıra bilmədiyindən bir qədər təxirə salınır. Cavabdehin gizli tutduğu qazanclarını demir, amma heç olmasa dövlətin müəyyən etdiyi hər uşağa görə 235 manat alimenti ödəməsini tələb edir. Çünki hər uşağa təyin olunmuş 150 manat pul həmin xərclərin üçdə birinə belə yetmir. Həmin vəsaitin uşaqlara sərf olunmasından şübhəsi varsa hər ödənişi kartla keçirdiyindən qəbzləri ona və icra məmuruna təqdim edə bilər. Cavabdeh hazırlıq kursunda və evdə repetitor işləyərək gəlirini gizli tutduğundan işsiz olan valideyn üçün 2024-cü il üçün hər uşağa 235 manat nəzərdə tutulmuşdur. Həmin məbləğdə onun qazancının yanında kiçik bir məbləğdir. Əgər qazancının yarısını aliment vermək istəmirsə o zaman nikahın pozulması üzrə özünün də dediyi və tələb etdiyi 200.000 manat dəyər tələb etdiyi əmlakdan ödənilməsi istəyini də nəzərə alınmasını xahiş edir. Cavabdeh Şəlalə Nəsirova artıq daşınmaz əmlak xidmətindən hər ev üzrə çıxarışlarını da alıb və onun əmlaklar üzrə maddi vəziyyətini də nəzərə alınmasını xahiş edir. Əmlak üzrə payın məhkəmə qərarı ilə əldə etməsi cavabdehin hüququdursa, uşaqların saxlanılması da cavabdeh Şəlalə Nəsirovanın vəzifə və öhdəliyidir. Gəlirini gizli tutaraq gəlirinin yarısını övladlarının saxlanmasına sərf etməkdən boyun qaçırdığını və məhkəmə qərarı ilə kifayət qədər əmlak üzrə rəsmi olaraq pay əldə edərək çıxarışlar aldığını nəzərə alıb 2024-cü il üçün alimentin məbləği artırılaraq hər uşağa görə 235 manat təyin olunmasını istəyir. Məhkəmə tərəfindən verilən sualları cavablandıran iddiaçı qeyd etmişdir ki, hər ay 1100 manat təqaüd alır. 2 evi, 1 torpaq sahəsi və 1 maşını var. 3 aydır maşını xarab olub. Bir neçə avadanlığı sıradan çıxıb. Bir evi 14 saylı məktəbin yanında yerləşir. Digər evi də “Cahan Gənclər Şəhərci”yində yerləşir. Evin birində 1 otağını 2 aydır ayda 200 manata kirayə verib. Çünki digər otaq cavabdeh Şəlalə Nəsirovaya aiddir. Oranın qapısını bağlı saxlayır. Hətta Şəlalə bununla bağlı vergi xidmətinə şikayət etdi və onu 40 manat cərimə etdilər. Hazırda 3 ildir valideynlərinin yanında atasına məxsus evdə uşaqları ilə bərabər yaşayır. Evi neçə müddət kirayə verə bilməyib. Çünki notariusda kirayə müqaviləsi ilə bağlı müraciət etdiyində 3 il müddətdə gözləməyi bildirdilər. 2 övladının sağlığında problem var. Müalicə olunmalıdırlar. Övladlarının 16, 14 və 10 yaşları var. O, axırıncı dəfə 2023-cü ilin noyabr ayında alimentlə bağlı iddia qaldırıb. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh Nəsirova Şəlalə Fəxrəddin qızına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, lakin o, məhkəmənin ünvanına 05 mart 2024-cü il tarixdə iddia ərizəsinə etiraz göndərmiş və sözügedən etiraz ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Ş.Nəsirova etiraz ərizəsində qeyd etmişdir ki, iddia tələbini qəbul etmir, tələbin dəlilləri tamamilə qanunsuz və əsassızdır. Belə ki, İddiaçı uşaqlarını ondan almaq üçun vəzifəsindən və nüfuzundan istifadə edərək, ona olmazın şər-böhtanlar atmış, şərəf və ləyaqətimi alçaltmış, onu yaşadığı doğma el-obasını tərk etməyisinə səbəb olmuşdur. O, bununla da kifayətlənməyərək ona qarşı uşaqların alınması barədə məhkəmədə iddia qaldırmış, nəticədə məhkəmələr canının bir parçası olan, ana qayğısına daha çox ehtiyacı olan azyaşlı övladlarını ondan qopararaq atalarının himayəsinə verilməsi barədə qanunsuz, ədalətsiz qərarlar qəbul etmiş, həmin qərarlarla da ondan qopardıqları övladlarına aliment ödəməyə məcbur etmişdir. O, uşaqlarını görmək, onlarla əlaqə saxlaya bilmək üçün dəfələrlə dövlət orqanlarına rəsmi ərizələrlə müraciət edib. Lakin iddiaçı keçmiş polis işçisi və eyni zamanda Naxçıvan Dövlət Universitetinin müəllimi olduğundan, Naxçıvan Muxtar Respublikasında kifayət qədər nüfuzu və dövlət orqanlarına təsiri olduğundan, onun bu qanunsuzluqları barədə hər hansı tədbir görülməmişdir. Hətta həmin şəxsin nüfuzu Bakıya da gəlib çatmış, aliment öhdəliyini icra etməyinə baxmayaraq, Nizami Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Türkan Hümbətzadənin əli ilə ona hədə-qorxu gəlmiş, onun icradan yayınamamasına baxmayaraq icra məmuru onu polis gücü ilə gətirəcəyi və həbs etdirəcəyi ilə hədələmiş, bu hədəsini real olaraq həyata keçirmiş və sonda isə onu məhkəmə qarşısına çıxardaraq barəsində qanunsuz tenbeh tətbiqinin qəbul edilməsinə nail olmuşdur. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-338/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibatı məsuliyyətə cəlb edillərək 500 manat inzibati cərimə olunmuşdur. O, həmin qanunsuz və ədalətsiz qərardan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3(103)-273/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibatı tənbeh tədbiri tətbiq edilməsinə dair 25 yanvar 2024-cü il tarixli, 3(007)-338/2024 nömrəli qərarı ləğv edilərək, barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi qərarında göstərmişdir ki, Nəsirova Şəlalə Fəxrəddin qızının daimi iş yeri olmasa belə icra sənədi üzrə dövri olaraq ödənişlər etdiyini nəzərə alaraq hesab edir ki, Şəlalə Nəsirovanın əməlində icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı olmamışdır. Tələbkarın məqsədi bəllidir. O, birgə nikah dövründə əldə olunmuş əmlakları tələb etməyə başlayandan sonra, İddiaçı icra əli ilə onu bu yolla tələbindən döndərməyə çalışmış, icra məmurunun əli ilə ona 25000 pul təklif etmiş, tələbi yerinə yetirmədiyini görəndə isə icra məmurunun əli ilə onu hədələmişdir. O, icra məmuru Türkan Hümbətzadənin qanunsuzluqları barədə ölkə başçısı cənab İlham Əliyevə və müvafiq səlahiyyətli şəxslərə müraciətlər etmiş və bu müraciətləri də son nəfəsinə qədər davam etdirəcək. Məhkəmədə bildirdiyi kimi tələbkarın və icra məmurunun qanunsuzluqları və hədələri onu intihar həddinə çatdırmışdır. Ölümünün səbəbkarlarını cənab Prezidentə ünvanladığı ərizəsində qeyd etmişdir. İddiaçı iddia ərizəsində yalandan yazır ki, guya o,... Bakı şəhərində həm evdə fərdi qaydada, həm də ingilis dili hazırlığı kurusunda İELTS proqramı üzrə instruktor işləyir və SOCAR şirkətindən tərcümə işləri qəbul edərək yüksək məbləğdə qazanc əldə edir. Bundan başqa onun guya ki, məhkəmə tərəfindən maddi vəziyyətim zənginləşdirilmiş və birgə nikah müddətində əldə etdikləri əmlakda payları müəyyən olunduğundan adına daşınmaz əmlak da vardır... Həmin yalan və böhtan dolu iddia dəlilinə münasibətdə bildirir ki, əvvəla o, iddiaçının öz nüfuzundan istifadə edib təzyiqlər göstərməsi səbəbindən doğma elobasından çıxmağa məcbur olub, eyni zamanda da, o, Naxçıvan şəhər Təhsil söbəsinə təsir etdiyi üçün o, işlədiyim məktəbdən qanunsuz şəkildə çıxarılıb və bu səbəbdən də ixtisası üzrə hər hansı yerdə işləyə bilmir. Bugünki gün o, mağazalarda satıcı fəaliyyəti göstərir və tək qayəsi övladlarına maddi yardım göstərə bilmək və gələcəkdə övladlarını ondan ala bilməkdir. İddiaçı onun hər hansı bir yerdə işləməsini təsdiqləyən bir dənə belə olsun sübutu məhkəməyə təqdim etməmiş, bu yalanların, sadəcə şifahi şəkildə məhkəməyə bildirmiş və məhkəmə yolu ilə qanunsuz şəkildə alimentın artırılmasına nail olmuşdur. İkincisi, məhkəmə tərəfindən maddi vəziyyətinin zənginləşdirilməsi və birgə nikah müddətində əldə etdikləri əmlakda paylarının müəyyən olunması məsələsinə gəldikdə, iddiaçı həmin əmlakları sanki ona lütf edirmiş ki, məhkəməyə məlumat verir amma o bildirir ki, hüququnun olduğu həmin əmlaklardan pay əldə edə bilməməyi üçün müxtəlif yollara baş vurmuş, lakin sonda məhkəmə həmin əmlaklarda olan paylarına dair hüququnu təsdiq etmişdir. Lakin payının müəyyən edilməsi hələ həmin əmlakın onun sahibliyi və istifadəsində olması demək deyildir və bu günki gün, iddiaçı onun pay hissəsini də qanunsuz şəkildə kirayə verməklə, onun payından qanuni əsası olmadan gəlir əldə edir və görünən odur ki, onun tərəfindən vergidən yayınma halı da mövcuddur və o, bu barədə müvafiq orqanlara müraciətlər ünvanlayıb. Qeyd edilən əmlakların bölünməsi tələbinə dair iş də, hakim Gülnar Səfərəliyevanın icraatındadır və 2(078)-4/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadla əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə icraat ekspertizanın müvafiq rəyi alınanadək işin icraatı dayandırılsa da, 1 aydan artıq vaxt keçməsinə baxmayaraq hələ də, ekspertin rəyi məhkəməyə daxil olmamışdır. Görünən odur ki, iddiaçı ekspertizaya da təsir göstərməklə rəyin verilməsi müddətini maksimum uzatmağa çalışır və o bu barədə də müvafiq orqanlara şikayətlər ünvanlayıb. Ümumiyyətlə, iddiaçının onu əmlaklardan imtina etməyə cəhd edən sıxışdırmaları sistematik xarakter daşımaqdadır. Belə ki, İddiaçı Zülfuqar oğlu ona qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, onunla birgə nikahdan doğulmuş 10 aprel 2008-ci il təvəllüdlü X2, 01 aprel 2010-cu il tarixdə anadan olmuş X4 və 28 mart 2014-cü il tarixdə anadan olmuş X1, təhsili və sağlamlığı üçün sərf olunan 2340 (iki min üç yüz qırx) manat əlavə xərclərə cəlb edilərək onlara sərf olunmuş məbləğin yarısının, yəni 1170 (min yüz yetmiş) manat vəsaitin ondan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 22 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı Zülfuqar oğlu iddia tələbinin həcminin artırılması ilə bağlı ərizəni məhkəməyə təqdim edərək, xx.xx.2023-cü il tarixli mədaxil orderində göstərilən sənədlərin tərcümə olunması üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində pulun ondan tutulmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(078)- 929/2023 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmiş, həmin qətnamədən verdiyi apellyasiya şikayəti, Naxçıvan MR Ali Məhkəməsi Mulkı kollegiyasının 2(108)-19/2024 sayılı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir. İddiaçı bununla da kifayətlənməmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-4/23 saylı, 24 yanvar 2023-cü ıl tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş 10 aprel 2008-cı ıl təvəllüdlü X2, 01 aprel 2010-cu il tarixdə anadan olmuş X4 və 28 mart 2014-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində hər biri üçün 80 manat məbləğində aliment təyin olunmuş məbləğin artırılaraq, hər uşaq üçün hər sabit pul məbləğində 220 manat təyin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 1369/2023 sayılı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2(108)- 4/2023 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 10 aprel 2008-ci il təvəllüdlü X2, 01 aprel 2010-cu il təvəllüdlü X4 və 28 mart 2014- cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Nəsirova Şəlalə Fəxrəddin qızından hər ay sabit pul məbləğində bir uşağa 150 (yüz əlli) manat olmaqla, üç uşağa görə cəmi 450 (dörd yüz əlli) manat miqdarında aliment tutularaq, İddiaçı Zülfuqar oğluna ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, məndən 45.20 (qırx beş manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etsə də, müraciəti təmin olunmamış və o qanunsuz olaraq məhkəmədə iştirsakı təmin olunmadan, iddiaçının təqsiri ucbatından işdən qovulmağı nəzərə alınmadan ayda 450 manat aliment ödməyə məcbur buraxılmışdır. Həmin qətnamədən 2-3 ay sonra yeni bir aliment arıtırılması tələbi ilə qarşıqarşıyadır və görünən odur ki, iddiaçı onu intihara sürükləmək üçün bir neçə aydan bir iddia ilə məhkəməyə müraciət edəcəkdir. O, ölkə rəhbərliyinə müraciətində də, ölümünün səbəbkarlarının kimlər olacağını açıq şəkildə qeyd edib və ümid edir ki, hazırki tələbə baxacaq məhkəmə bu qanunsuzluğun bir parçasına çevrilməyəcəkdir. Əks halda, məsuliyyətin bir qismi də iddiaçının hər qanunsuz və ədalətsiz tələbini təmin edən məhkəmələrin üzərinə düşür və o bu barədə də Məhkəmə-Hüquq Şurasına müraciətlər ünvanlayıb. Cavabdeh Nəsirova Şəlalə Fəxrəddin qızı sonda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdeh Nəsirova Şəlalə Fəxrəddin qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İşin mülki işin materiallarında olan məhkəmə qətnamələri ilə təsdiq olunmuş mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 07 iyun 2007-ci il tarixdə Naxçıvan şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. İddiaçı və Nəsirova Şəlalə Fəxrəddin qızının nikahlarından 10 aprel 2008-ci il təvəllüdlü X7, 01 aprel 2010-cu il təvəllüdlü X8 və 28 mart 2014-cü il təvəllüdlü X9 adlı övladları vardır. Naxçıvan Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 2(078)-12/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Nəsirova Şəlalə Fəxrəddin qızına qarşı nikahın pozulması, uşaqların atanın himayəsində qalması tələbi barədə iddiası qismən təmin olunaraq İddiaçı ilə Nəsirova Şəlalə Fəxrəddin qızı arasında 07 iyun 2007-ci il tarixdə Naxçıvan şəhər Nikah evində bağlanmış və 156 nömrə ilə qeydə alınmış 156 nömrə ilə qeydə alınmış nikahın pozulması, iş üzrə tərəflərin uşaqları- 10 aprel 2008-ci il təvəllüdlü X7 atası İddiaçı, 01 aprel 2010-cu il təvəllüdlü X8 və 28 mart 2014-cü il təvəllüdlü X9 isə anaları Nəsirova Şəlalə Fəxrəddin qızının yanında saxlanılması, nikahın pozulması dövlət qeydiyyatına alınarkən İddiaçı 15 (on beş) manat dövlət rüsumu alınaraq, dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. Sözügedən qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş və Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 02 dekabr 2021-ci il tarixli 2(108)- 125/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Naxçıvan Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 2(078)-12/2021 nömrəli qətnaməsinin qismən mübahisələndirilən “iddia qismən təmin edilsin, iş üzrə tərəflərin uşaqları- 10 aprel 2008-ci il təvəllüdlü X7 atası İddiaçı, 01 aprel 2010-cu il təvəllüdlü X8 və 28 mart 2014-cü il təvəllüdlü X9 isə anaları Nəsirova Şəlalə Fəxrəddin qızının yanında saxlanılmasın və iddia qalan hissədə rədd edilsin” hissələrində ləğv olunaraq ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilmiş və iddia tam təmin olunaraq iş üzrə tərəflərin birgə nikahlarından doğulmuş uşaqları 01 aprel 2010-cu il təvəllüdlü X8 və 28 mart 2014-cü il təvəllüdlü X5 ataları İddiaçı yanında saxlanılması qət olunmuşdur. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh Nəsirova Şəlalə Fəxrəddin qızı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 11 may 2022-ci il tarixli 2(102)-2106/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 02 dekabr 2021-ci il tarixli 2(108)-125/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(078)-881/2021 nömrəli qətnaməsi ilə iddiaçı Nəsirova Şəlalə Fəxrəddin qızının cavabdeh İddiaçı qarşı birgə mülkiyyətdə olan əmlakda payların müəyyən olunması tələbi barədə iddiası təmin olunaraq İddiaçı adına qeydiyyata alınmış Naxçıvan şəhəri Çənlibel 25/34 ünvanında yerləşən ümumi sahəsi 66.36 kv.m olan 3 otaqlı mənzil, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 61.19 kv.m olan 2 otaqlı mənzil, Şahbuz rayon Nurs kəndində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsi və ** BE *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ İX 35” markalı avtomobil birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə, Nəsirova Şəlalə Fəxrəddin qızının həmin əmlakdan ½ hissəsinə payının müəyyən edilməsi qət olunmuşdur. Sözügedən qətnamədən narazı qalan cavabdeh İddiaçı apellyasiya şikayəti vermiş və Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(108)-22/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti edilməyərək Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(078)-881/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh İddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-4177/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(108)-22/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2(108)-4/2023 nömrəli qətnaməsinin surətinə əsasən, İddiaçı cavabdeh Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızına qarşı aliment tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, e-2(078)-764/2022 nömrəli qətnaməsindən İddiaçı vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, e-2(078)-764/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, İddiaçı cavabdeh Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızına qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, iddianın verildiyi 30 iyun 2022-ci il tarixdən hesablanmaqla, cavabdeh Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızından hər bir uşağa 80 (səksən) manat olmaqla, üç uşaq üçün ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin hər ay tutularaq, birgə nikahdan doğulmuş 10 aprel 2008-ci il təvəllüdlü X2, 01 aprel 2010-cu il təvəllüdlü X4 və 28 mart 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı ödənilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(078)-1369/2023 nömrəli qətnaməsi ilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2(108)-4/2023 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 10 aprel 2008-ci il təvəllüdlü X2, 01 aprel 2010-cu il təvəllüdlü X4 və 28 mart 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Nəsirova Şəlalə Fəxrəddin qızından hər ay sabit pul məbləğində bir uşağa 150 (yüz əlli) manat olmaqla, üç uşağa görə cəmi 450 (dörd yüz əlli) manat miqdarında aliment tutularaq, ataları İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə rədd edilərək Nəsirova Şəlalə Fəxrəddin qızından 45.20 (qırx beş manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarına görə alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Bir sözlə aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Məhkəmə iddiaçının izahatını, cavabdehin etirazını işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, həmçinin toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək hesab edir ki, iddiaçının aliment məbləğinin artırılması ilə bağlı tələblə müraciət etmək üçün əsası olmamışdır. Məhkəmə qeyd edir ki, 2023-cü il tarixdə aliment təyin edilən zaman uşaqlar üçün minimum dolanacaq xərci 220 manat olması halı və iddiaçının qazancı, diqqətəlayiq digər hallar nəzərə alınmaqla aliment məbləği bir uşaq üçün 80 manatdan 150 manata qədər artırılmış, üç uşaq üçün ümumilikdə 450 manat müəyyən edilmişdir. Hazırda bir uşaq üçün minimum dolanacaq xərci 235 manat olması, 2023-cü ilin noyabr ayından 2024-cü ilin may ayına qədər keçən az müddət ərzində maddi və ailə vəziyyətində hər hansı dəyişikliyin olması ilə bağlı sübut təqdim edilmədiyi halda ümumi izahatlar əsasında aliment məbləğinin artırılmasını məhkəmə qanuni və ədalətli hesab etmir. Məhkəmə bildirir ki, hər bir uşağın saxlanılmasında, onun tərbiyə edilməsində, qayğıları ilə məşğul olmaqda hər iki valideyn eyni qaydada məsuliyyət daşımaqla, bərabər iştirak etməlidir. Aliment uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi üçün onunla birlikdə yaşamayan və ya saxlanılmasıda iştirak etməyən valideyndən alınan maddi vəsaitdir. Təbii ki, uşağın qeyd edilən qayğıları ilə məşğul olmaq hər iki valideynin üzərinə düşür və aliment miqdarı da hər bir valideynin üzərinə düşən hissədə müəyyən edilir. Bu vəzifəni bir valideynin üzərinə qoymaq olmaz. Həmin qayğılar himayəsində olduğu vaxt ərzində uşağın yanında qaldığı valideynin üzərinə düşdüyündən və digər valideyn daimi uşaqla birlikdə yaşamadığından, həmin qayğılardan tam və ya qismən uzaq olduğundan aliment miqdarı qeyd edilən qayğılar nəzərə almaqla təyin edilir. Yəni aliment miqdarı özündə müəyyən mənada bu qayğıları əks etdirir. Məhkəmə iddianın rədd edərkən uşaqların saxlanılması vəzifəsinin hər iki valideynin üzərinə qoyulduğunu əsas gətirərək, iddiaçının öz izahatına əsasən hər ay 1100 manat təqaüd alması, mülkiyyətində birgə mülkiyyət olaraq 2 yaşayış evi və 1 maşın, 1 torpaq sahəsinin olması, öz izahatına əsasən evini kirayə verməklə əlavə gəlir əldə etməsini, həmçinin cavabdehin iddia tələbində artırılması tələb edilən miqdarda qazancının olmasına dair konkret və mötəbər sübutlar təqdim etmədiyini nəzərə alır. Həmçinin məhkəmə cavabdehin adına əmlakların, avtomobilin, torpaq sahəsinin olması barədə iddiaçının izahatına münasibətdə qeyd edir ki, sözügedən əmlaklarda iddiaçının və cavabdehin pay hüququnun olması qanuni qüvvədə olan qətnamələrdə öz təsdiqini tapsa da, hazırki vəziyyətdə cavabdeh real şəkildə həmin əmlaklar barəsində mülkiyyətini həyata keçirmir. Bunun təsdiqi isə həmin əmlakların paylı mülkiyyətinə dair əlavə məhkəmə aktlarının mövcud olmadığına dair, bu gün həmin əmlaklara bütövlükdə sahibliyi və istifadəni iddiaçının həyata keçirməsinə dair iddiaçının məhkəmənin suallarına cavab olaraq bildirdiyi hallar təşkil edir. Şəxsin barəsində müvafiq qətnamələrlə əmlaklarda pay hüququnun müəyyən edilməsi onun aylıq kifayət qədər gəlir əldə etməsini təsdiq etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı cavabdeh Nəsirova Şəlalə Fəxrəddin qızına qarşı müəyyən olunmuş aliment məbləğinin artırılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar