Məhkəmə qərarları › İş №2(078)-537/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-537/2023

12.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-537/2023 12.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 02 mart 2016-cı il tarixli 2(078)-50/2016 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək (artırılaraq) Cavabdeh 14 iyul 2014cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 220 (iki yüz iyirmi) manat alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 28 dekabr 2007-ci il tarixdə Babək rayon VVADQ şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Sonradan tərəflərin qarşılıqlı razılığı ilə Babək rayon Qeydiyyat şöbəsində 27 oktyabr 2008-ci il tarixdə nikahları pozulmuşdur. Tərəflər sonradan nikah qeydiyyatından keçmədən birlikdə yaşamağa başlamışlar və onların 14 iyul 2014-cü il təvəllüdlü X2 adlı övladları doğulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 02 mart 2016-cı il tarixli 2(078)-50/2016 nömrəli qətnaməsi ilə Cavabdeh 30 oktyabr 2015-ci il tarixdən başlayaraq hər ay sabit məbləğdə 100 (bir yüz) manat alimentin tutularaq 14 iyul 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, Cavabdeh ilə 27.11,2008-ci il tarixdə nikahı pozulmuşdur. Birgə nikahdan bir övladı-xx.xx.2014-cii il təvəllüdlü X2 dünyaya gəlmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(078)-50/2016 nömrəli qətnaməsi ilə Cavabdeh hər ay sabit məbləğdə 100 manat alimentin alınıb onun xeyrinə ödənilməsi qət edilmişdir. Halhazırda həmin məbləğ övladının saxlanılmasına kifayət etmir. O əvvəl Naxçıvan MR Dövlət Gömrük Komitəsində inspektor işləmişdir. Ürək xəstəsi olduğu üçün xəstəliklə pensiyaya çıxmışdır. Əvvəl 700 manat əmək haqqı almışdır. İndi 350 manat pensiya alacaq. Hələ ki, ilk pensiyanı almamışdır. Özünə aid evdə qızı ilə yaşayır. Qızı 3-cü sinifdə təhsil alır. Onu əlavə hazırlıqlara göndərir. Övladının maddi tələbatlarının qarşılanmasında xeyli əziyyət çəkir. Ona görə də alimentin miqdarının artırılmasını xahiş edir. Övladı böyüdükcə onun maddi tələbatı da artır. Ürək çatışmamazlığından əziyyət çəkir.Hazırda heç yerdə işləmir. Cavabdeh musiqi müəllimi işləyir. Kifayət qədər əmək haqqı alır, əlavə olaraq da toy məclislərində nağara çalır. O həm işləyib, həm toylara getdiyi üçün mən əmək haqqının hissəsindən aliment tələb etmir. Cavabdehin izahatına münasibət bildirərək iddiaçı qeyd etmişdir ki, cavabdeh yalan danışır. Ona şər deyir. O orqan işçisi olmuşdur. Bu şəxs onu aldadıb evli olduğu halda subay deyib, onu nikaha salıb. Sonra evli olduğunu bilmişdir. Onlar boşananda uşaq yox idi. Sonra cavabdehlə qeyri-rəsmi yaşamışdır. Bu uşaq da dünyaya gəlib. Nə vaxt istəyir cavabdeh aparıb DNT testi keçirə bilər. O aliment verməmək üçün illərdir bu yalanı deyir. İddiaçı iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçı yalançıdır. O hazırda evlidir. Onun 1 uşağı vardır. Onun həyatında 1 ailəsi və 1 övladı olub. O da hazırkı ailəsi və övladıdır. O neçə illər anlatmağa çalışmışdır ki, iddiaçının övladı onun öz doğma övladı deyil. Onu zor tətbiq edərək atalığı qəbul etməsi barədə ərizə yazdırıblar. O da qorxaraq Quliyeva Güldanın doğma atası olmasına razılıq vermişdir. Neçə illərdir 100 manat aliment verir. Musiqi müəllimi işləyir. Ayda 700 manat əmək haqqı alır. Öz ailəsini ancaq saxlayır. Həyat yoldaşı da musiqi müəllimi işləyir. Ayda 300 manat əmək haqqı alır. Onun əlavə iş yeri yoxdur. Kirayə yaşayır. O heç bir toy məclisinə getmir. İddianın rədd edilməsini xahiş edirəm. Sədrlik edənin sualına cavab olaraq cavabdeh bildirmişdir ki, 2005-ci ildə öz ailəsi ilə evlənmişdir. O nikahda ola-ola məcburən Babək Rayon Qeydiyyat Şöbəsinə aparılmışdır. Keçmiş daxili işlər naziri Əhməd Əhmədovun otağına aparılmışdır. Neçə gün orada saxlanılmış, döyülmüşdür. Sonra ona Babəkin qeydiyyatında ikinci dəfə nikaha salıblar. 2014-cü ildə iddiaçı ilə nə rəsmi, nə də qeyri-rəsmi evli olmamışdır. Ona yenə zorla ərizə yazdırıb uşağın atası olması barədə razılıq alıblar. Onun DNT analizi vermək barədə maddi imkanı yoxdur. Ancaq tez bir zamanda imkanını toplayıb DNT analizi verəcək və bu uşağa bu günə qədər ödədiyi bütün pulları iddiaçıdan geri alacaq. Onun evi yoxdur, kirayə yaşayır. Hər ay 350 manat kirayə ödəyir. Avtomobili yoxdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Toylara getmir. İkinci iş yeri yoxdur. Sadəcə öz əmək haqqısı var. 700 manat əmək haqqı alır. Elektron sistemdə niyə əmək haqqım çox yazılıb deyə bilmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb onları qiymətləndirərək hesab edir ki, iddiaçının aliment miqdarının artırılması tələbi ilə müraciət etməsi üçün əsası olmuşdur. Belə ki, 2016-cı il üçün yaşayış minimumu bir uşaq üçün 117 (bir yüz on yeddi) manat məbləğində müəyyən edilmiş, həmin vaxt məhkəmə qətnaməsi ilə Cavabdeh hər ay sabit məbləğdə 100 (bir yüz) manat miqdarında alimentin tutulması müəyyən edilmişdir. 2016-cı ildən 7 ildən artıq müddət keçdiyindən həmin müddət ərzində uşaqların gündəlik həyat şərtlərinə uyğun tələbatlarının artmasının istisna olunmur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır. Tərəflərin maddi vəziyyətini, eləcə də uşaqların tələbatlarının artmasının mübahisə doğurmadığını nəzərə aldıqda məhkəmə belə qənaətə gəlir ki, belə olan halda iddiaçının tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə qeyd edilənləri, 14 iyul 2014-cü il təvəllüdlü X1 hal-hazırda anası İddiaçı himayəsində yaşamasını, uşağın həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq Cavabdeh hər ay sabit məbləğdə 170 (bir yüz yetmiş) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir. Məhkəmə iddianın qalan hissəsini rədd edərkən cavabdehin öhdəliyində əlavə bir uşağının olmasını, eləcə də uşaqların saxlanılmasında hər iki valideynin bərabər iştirakını nəzərə alır. Məhkəmə cavabdehin məhkəmə iclasında bildirdiyi halların hazırki iddia tələbində mübahisələndirilmədiyindən hər hansı hüquqi qiymət verilmədiyini onun diqqətinə çatdırır. Cavabdehin bildirdiyi hallar nə qədər ki, hüquqi çərçivədə öz həllini tapmamışdır formal mülahizə hesab edilir və bu hazırki iddianın rədd edilməsi üçün əsas hesab edilmir. Elektron məhkəmə informasiya sistemindən Cavabdeh gəlir məlumatlarında onun Babək rayon Mədəniyyət Şöbəsində musiqi müəllimi işləməsi və 986.33 manat əmək haqqı alması göstərilmişdir. Məhkəmə cavabdehin iddianın rədd edilməsi barədə izahatında bildirdiyi arqumentləri əsassız hesab edir. Belə ki, cavabdehin əmək haqqı mövcuddur və iddiaçı iddiasını əmək haqqına münasibətdə deyil sabit şəkildə müəyyən edilməsini xahiş etmişdir. Sabit şəkildə aliment müəyyən edilməsi iddiaçının ərizəsi əsasında müəyyən edidiyindən məhkəmə əmək haqqının hissəsi tutulması barədə məsələni müzakirə etmir. Məhkəmə hesab edir ki, hazırki alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.6-cı maddələrinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda- ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən hazırki iş üzrə 12x(170-100)=340 manat təşkil edir ki, buna görə də iş üzrə Cavabdeh iddianın təmin edilmiş hissəsinə uyğun olaraq qiymətləndirilən iddialar üzrə 1000 manata qədər 30 manat dövlət rüsumunun ödənilməli olması əsası ilə 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin Naxçıvan Şəhər Məhkəməsinin 02 mart 2016-cı il tarixli 2(078)-50/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh hər ay sabit məbləğdə 170 (bir yüz yetmiş) manat miqdarında aliment tutularaq 14 iyul 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia qalan hissədə rədd olunsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar