Məhkəmə qərarları › İş №2(078)-54/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-54/2022

13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-54/2022 13.01.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı təşkilat "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı overdraft borcun tutulması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xeyirlərinə 865.17 AZN məbləğində vəsaitin və ödənilmiş 30 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş, lakin iddiaçı təşkilat məhkəməyə ərizə göndərərək, iddia ərizələrinə iştirakları olmadan baxaraq tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı təşkilat "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında 09 iyul 2019-cu il tarixli plastik kartlarla xidmət göstərilməsi haqqında müqavilə bağlandığını, iddiaçı bank tərəfindən açılmış hesab üzrə Cavabdeh tərəfindən 19 fevral 2021-ci il tarixə ümumilikdə 865.17 AZN məbləğində texniki overdrafta yol verildiyini, lakin sonradan borclunun ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə, bu günədək geri qaytarmadığını, bu günki günə cavabdehin iddiaçı qarşısında 865.17 AZN məbləğində texniki overdraft üzrə icra edilməmiş öhdəliyinin olduğunu, tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparıldığını, lakin bu danışıqların (pretenziya qaydasında həll olunma) heç bir fayda vermədiyini və kreditor "xxxx" KB ASC-in öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəldiyini, bunları nəzərə alaraq, cavabdehdən xeyirlərinə 865.17 AZN məbləğində vəsaitin və ödənilmiş 30 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul edərək, iş üzrə sifariş etmədiyi təqdirdə onun kartına nəzərdə tutulan məbləğdən daha çox vəsait köçürüldüyünü, tələbə olduğundan, iş yeri olmadığından və standart məbləğdə əmək haqqısı olmadığı üçün kartında nə qədər pulunun olduğuna diqqət etmədiyini, ona görə də, bank kartındakı vəsaitin hamısını xərclədiyini, hərbi xidmətdə olduğu üçün pulu qaytara bilmədiyini, hazırda hərbi xidmətdən qayıtdığını, iddiaçı "xxxx" KB ASC-nin onun hesabına səhvliklə köçürdüyü pul vəsaitini qaytarmalı olduğunu, bunları nəzərə alaraq, qanuni qərar verilməsini xahiş etdi və bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarına əlavə olunmuş "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 iyul 2019-cu il tarixli, ******* nömrəli Ödəniş kartına xidmət göstərilməsi haqqında Müqaviləyə əsasən, bank müştəriyə cari hesab açmağı və hesab üzrə ödəniş kartı vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, müştəri isə bu müqavilənin ayrılmaz hissəsi olan bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. Məhkəmə cavabdehin izahatına və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə hazırki mülki iş üzrə yuxarıda göstərilən maddi və prosessual qanunvericilik normalarına istinad edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, Cavabdeh 865.17 (səkkiz yüz altmış beş manat on yeddi qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı təşkilat "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, Cavabdeh məhkəmə baxışı iclasında iddianı qəbul etdiyini bildirmişdir. Cavabdeh tərəfindən iddianın etiraf edilməsinin qəbul edilməməsi üçün Azərbaycan Respublikası MPM-in 52.5-ci maddəsində nəzərdə tutulan əsaslar iş üzrə müəyyən edilmədiyindən, cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə əsasən: 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli "Məhkəmə qətnaməsi haqqında" qərarının 6.6-cı bəndinə əsasən, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıbazaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 865.17 (səkkiz yüz altmış beş manat on yeddi qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar