Məhkəmə qərarları › İş №2(078)-55/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-55/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-55/2025 14.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ona vurduğu 35.000 (otuz beş min) ABŞ dollarının, 9.600 (doqquz min altı yüz) manatın və dövlət rüsumu kimi ödənilmiş 390 (üç yüz doxsan) manatın cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, Naxçıvan şəhəri, İstiqlal küçəsi 91 saylı evin 12 saylı mənzilində yaşayan Cavabdeh oğlu X1 vasitəsi ilə təxminən 2020-ci ildən tanımış və həm həmyerli və həm də oğlunun tanışı kimi normal münasibətləri olmuşdur. Özü təxminən 3 il olar ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 10 saylı evin 16 saylı mənzilində kirayədə yaşayır. 2020-ci ilin fevral ayında, Nəimi özünün Naxçıvan şəhərində olan mənzilini satdığını və mənzilin pulunun özündə olduğunu bilərək 35.000 ABŞ dolları borc istəmiş və həmin pulu öz ehtiyacları və biznesi üçün xərcləyəcəyini və imkanı yarandıqca onun da müvəqqəti yaşadığı mənzilin kirayə pulunun və digər xərclərinin qarşılanması üçün hər ay 300-400 ABŞ dolları məbləğində pul verəcəyini, bir ildən sonra isə pulunu tam olaraq özü mənzil alması üçün qaytaracağını bildirmişdir. Özü də onu yaxından tanıdığından və oğlu Rüstəm Hacıyevlə dostluq münasibətlərində olduğundan, 2021-ci ilin fevral ayında həmin məbləğdə pulu kirayədə yaşadığı yuxarıda göstərdiyi binanın qarşısında, Nəiminin idarə etdiyi “Range Rover” markalı minik avtomaşınında, onun Elşən adlı dostunun yanında oğlu Rüstəmlə birlikdə ona vermişlər. Bundan sonra bir neçə ay Nəimi özünə hər ay 400 manat vermiş və özü yeni mənzil alana kimi kirayə haqlarımı ödəmişdir. Bir il tamam olduqdan sonra ev almaq üçün ona verdiyi 35.000 ABŞ dollarını geri istədikdə o, müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmağa başlamışdır. Daha sonra isə pulunu qaytarmağa maddi imkanı olmadığını bildirmişdir. Son bir neçə aydır ki, ümumiyyətlə gizlənməyə başlamışdır. İndiyə qədər də pulunu qaytarmaqdan imtina edir. Nəimi bir neçə ay ona kiçik məbləğdə pul verməklə onun etibarını qazanmaq istəmişdir. Məqsədi isə onun pulunu ələ keçirmək olmuşdur. Cavabdeh ondan aldığı pulu vaxtında qaytarmadığından o mənzil ala bilməmişdir. İki ildir ki, hər ay 400 manat kirayə haqqı ödəməyə məcbur olmuşdur ki, bununla da onun qeyri-qanuni hərəkətləri nəticəsində əlavə olaraq ona 9.600 (doqquz min altı yüz) manat zərər vurulmuşdur. Hal hazıra da bütün məsrəflər nəzərə alınmaqla ona 35 ABŞ dolları, 9.800 manat və verdiyi iddia ərizəsi üçün dövlət rüsumu kimi ödədiyi 390 manat özünə qaytarmalıdır. Cavabdeh ona borclu olduğunu aralarında olan telefon danışıq məlumatları, SMS yazışmaları və pulu ona verərkən apardıqları videoçəkiliş, oğlu Rüstəm və Cavabdeh Elşən adlı tanışı da təsdiq edir. İddia ərizəsi Naxçıvan Şəhər Məhkəməsinin 16 avqust 2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. 14 yanvar 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı və Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə İddiaçı və Cavabdeh iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı 08 yanvar 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, işə baxılmasını istəmədiyini, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin ona geri qaytarılmasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə iş üzrə Cavabdeh iddia ərizəsinin baxılmamış saxlanılmasına dair hər hansı etirazı daxil olmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qaldırılarkən İddiaçı tərəfindən "xxxx" ASC-nin Baş ofisi vasitəsilə 03 iyul 2024-cü il tarixli, 10895 nömrəli qəbzlə ödənilmiş 390 (üç yüz doxsan) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia qaldırılarkən İddiaçı tərəfindən "xxxx" ASC-nin Baş ofisi vasitəsilə 03 iyul 2024-cü il tarixli, 10895 nömrəli qəbzlə ödənilmiş 390 (üç yüz doxsan) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar