Məhkəmə qərarları › İş №2(078)-560/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-560/2024

25.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-560/2024 25.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi İddiaçı, iddiaçının vəkili və nümayəndəsi X2, Cavabdeh, mütəxəssislər X3 və X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4700 (dörd min yeddi yüz) manat məbləğində pulun, və ödənilmiş 67 (altmış yeddi) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, Cavabdeh onun dostu olub, ailəvi get-gəli olub. Sadəcə olaraq aralarında olan qızıl məsələsinə görə indi danışmırlar. O, pula ehtiyacı olduğundan həyat yoldaşına məxsus qızılları satmaq istəmişdir. Qızıllar-qarnütür brilyant dəsti, bir ədəd üzük, bir ədəd qolbaq, bir ədəd boyunbağı, bir cüt sırğadan ibarət buta formalı idi. Qızıllar 2011-ci ildə alınıb. O vaxt 4200 manat idi. Tanışlıqla 3800-3900 manata Bakı şəhərindən alıb. Səhv xatırlamırsa gəlmə qızıl deyirdilər italyan qızılı idi. Qaşları brilyant idi. Həmin qızılları Murada verməmişdən qabaq Laçın ticarət mərkəzində yoxlatmış və qiyməti 4700 manat hesablamışdılar, həmin vaxt qızıllara 4700 manat pul verirdilər, lakin fikirləşib ki, Murad dostudur, artıq qiymətə baha satar, ona görə satmayıb və qızılları gətirib Murada vermişdi. Həmin vaxt Murad da qızıl işi ilə məşğul olduğundan Murada “qızılları satmaq istəyirəm, onu neçəyə sataram?” soruşduğunda Murad da ona “qızılları Bakıya göndərək, orada qiymət qoysunlar, Naxçıvanda baha olduğu üçün sata bilmərik” demişdir. İki gün sonra Murad zəng vurub dedi ki, qızıllara 2800 manat pul verirlər. O da Murada “qızılları satma, ucuz istəyirlər, qarşılığında az pul verirlər. qaytar gətir” deyib. Bir neçə gün keçəndən sonra Muraddan qızılları niyə gətirmədiyini soruşmuş, Murad da “mənə vacib pul lazım oldu, anamın, həyat yoldaşımın və sənin verdiyin qızılları lombarda qoyub pul götürdüm” deyib. Murada narazıçılığını bildirib ki, ondan icazəsiz, niyə qızıllarını lombarda qoydun. Murad da ona bir aya lombardın pulunu ödəyib, qızıllarını qaytaracam dediyində o, “eybi yox, dostuq, lakin bir aya mənim qızıllarımı qaytar” deyib. İki ay keçəndən sonra o Bakı şəhərinə getmiş və orada Murada zəng vurub ki, qızılları hansı lombardadırsa, zəng vurub xəbər etsin ki, o öz qızıllarını götürsün. Murad da cavabında dedi ki, “lombardın pulunu ödəyə bilmədim və qızıllar batdı”. Naxçıvana qayıdıb Muradın ailəsi ilə söhbət etmiş, Muradın atası Həsən ona söz verdi ki, “10-15 gün mənə vaxt ver, sənin qızıllarını alıb qaytaracam” desə də sonra Həsən əmi ona zəng vurdu ki, “mənə aidiyyəti yoxdur, həll edə bilmədim, Muradla özün aranızda məsələni həll edin”. Ondan sonra gedib polisə müraciət etmiş, İdarədə hər ikisinin izahatı alınmış, xx.xx.2023-cü il tarixli qərarla münasibətlər mülki-hüquqi öhdəlik olduğundan və həmin münasibətlər mülki qanunvericiliklə tənzimləndiyindən, həmçinin qeyd edilən məsələdə cinayət hadisəsi olmadığından və Cavabdeh əməli cinayət sayılmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Buna görə də o, məsələnin həlli üçün məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi X4 izahatında hüquqlarını müdafiə etdiyi şəxsin izahatını təsdiq etdiyini, əlavəsinin olmadığını bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı rədd edirək izahatında bildirmişdir ki, İddiaçı 2017-ci ildən tanıyır, onunla tanış olub, ailəvi dost olmuşlar. Hal-hazırda münasibəti heç yaxşı deyil, yol getmirlər. Aralarında olan pul haqq-hesabına görə ailəvi dostluq münasibəti pozulub. Belə ki, 2021-2022-ci illərdə Gündüz ona “bir iş var, pul qoyursan üstünə faiz gəlir” deyib. O da bunun necə olduğunu soruşanda Gündüz deyib ki, 3000 manat pul qoyursan və əlavə olaraq 1500 manat pul götürürsən. O da razılaşaraq Gündüzə 3500 manat pul verib ki, Gündüz həmin pulu işə qoysun, o da əlavə pul qazansın. Ondan sonra iş çökdü, qoyduqları pullar batdı. Ondan sonra da Gündüz bir dəst sırğa- üzük-boyunbağı qızıl gətirib qızıllarını ona verdi ki, o qiymətləndirsin. Həmin qızıllar ağ qızıl idi, üzərindəki qaşlar da brliyant idi. Üzərindəki qaşın sotunun nə qədər olduğunu bilmir. O, qızılları qiymətləndirmiş, həmin qızıllara 2800 manat lom qiyməti qoymuşdur. Gündüz qiymətlə razılaşmamış və qızıllar onda qalmışdır. O da Gündüzə deyib ki, “həmin qızılları sənə iş üçün verdiyim 3500 manata çıxıram”, lakin Gündüz onunla razılaşmadı. O, həmin qızılları Bakıya satıb. Qızıllar sökülüb Bakı Laçın Ticarət mərkəzində satılıb. Həmin qızılları 2800 manata satıb. 2700 manat pulu da Gündüzlə aralarında olan işə görə qoyduğu 3500 manata çıxıb. Həmin pulun üstünə 700 manat qoyub borcuna verib. Daha dəqiqi o, qızılları Bakı şəhərində lombarda qoymuş, 3500 manat götürmüşdür. Həmin qızılları 5 ay lombarda saxlayıb. Qızılları qardaşı İqballa yollayıb. İqbal da sonra qızılları lomabrdan götürüb ona qaytarıb. Qızılları Laçın ticarət mərkəzində 2800 manata tanımadığı qızıl alverçisinə satıb. Məhkəmə baxışı iclasında mütəxəssis X7 izahatında göstərmişdir ki, o, ********** nömrəli VÖEN-lə 20 ildir zərgərlik fəaliyyəti ilə məşğuldur. Dəst təqribən 5-10 il əvvəl istehsal olunub. 585 əyar Türkiyə qızılıdır. 25-30 qram olur. Əvvəl qızılın qramı 60-65 manat olub, indi qramı lom qiyməti 71 manatdır. Pərakəndə satışı isə qramı 90 manatdır. Şəkildə aydın görünmür deyə qaşların brilyant olub-olmadığını deyə bilmir. Əgər bu qızıl Bakıda işlənibsə qaşlar brilyant olmaya da bilər. Amma çox ehtimal ki, qaşlar brilyantdır. 35 qram olsa 2485 manat edir. Təqribən 2 karat brilyant olsa 200-250 manat olar ki, bu da 2685 manatdır. Ümumi olaraq 3000-3100 manat təşkil edər. Hazırda satışda bu model mallar yoxdur. Məhkəmə baxışı iclasında mütəxəssis X8 izahatında göstərmişdir ki, o, uzun illərdir ki, zərgərlik fəaliyyəti ilə məşğuldur. Şəkildə göründüyü qədəri ilə Yerli istehsaldır Bakı istehsalıdır. Zavod istehsalı deyil. İlk çıxanda 750 ilə çıxıb, sonradan 585-lə çıxıb. 585 əyarlı dəst 35-37 qram olur. 750 əyar 90-105 manatdır. Bakı işi olmayan 585 əyar 105-110 manatdır. Bakı işində qızılın qamı maxsimum 90 manatdır. Sotunu deyə bilmir, çünki 15 çeşiddə brilyant var. Sotu 1-2 manat daş var. Bakı istehsalında ideal daş olmur. Bu dəst buta işi sayılır. İlk çıxaranlar Ruslangil olub. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin və mütəxəssislərin izahatını dinləyib, iddia ərizəsini, işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq iddianın qismən təmin edilməsi nəticəyə gəlir. Naxçıvan Şəhər Polis İdarəsinin 06 dekabr 2023-cü il tarixli qərarından aydın olur ki, İddiaçı müraciəti əsasında Cavabdeh əməlində cinayət tərkibi olmadığından göstərilən xüsusatlar mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (Mahmudov Rusiyaya qarşı iş, 26 iyul 2007-ci il tarixli qərar). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qızılın mövcud olması, onun brilyant qarnitur dəstindən ibarət olması, Bakı şəhərindən iddiaçı tərəfindən satın alınması, iddiaçı tərəfindən cavabdehə verilməsi işin mübahisəsiz hallarıdır. İşin mübahisəli halı qızılın qiyməti və onun borc qarşılığında verilməsidir. 25 iyul 2024-cü il tarixdə X7 və X8 qızıl-zinət əşyalarının qiymətləndirilməsi üzrə mütəxəssis qismində məhkəməyə dəvət olunmuş, onlara təqdim olunan fotoşəkildə olan qızıllara baxaraq hesab edirlər ki, şəkildə göründüyü qədəri ilə Yerli istehsaldır Bakı istehsalıdır. Zavod istehsalı deyil. İlk çıxanda 750 probla çıxıb, sonradan 585 əyarla çıxıb. 585 əyarlı dəst 35-37 qram olur. 750 əyar 25-28 manatdır. Bakı işi olmayan 585 əyar 105- 110 manatdı. Bakı işi maxsimum 90 manatdır. Sotunu deyə bilmir, çünki 15 çeşiddə brilyant var. Sotu 1-2 manat daş var. Bakı istehsalında ideal daş olmur. Bu dəst buta sayılır. İddiaçı izahatında bildirmişdir ki, cavabdeh qızılı 2800 manata almaq istədiklərini bildirmiş, cavabdeh isə izahatında qızılı 2800 manata satdığını bildirmişdir. Lakin həmin qiymətdən artıq məbləğdə qızılın satılması işə baxılan zaman təsdiqini tapmamışdır. Eləcə də mütəxəssislər qızıla dəqiq qiymət qoyulmasının mümkün olmadığını bildirmişlər. Qızıl naturada mövcud olmadığından onun ekspertizasını təyin etmək mümkün olmamışdır. Belə olan halda məhkəmə belə hesab edir ki, müvafiq qızılın dəyəri olan 2800 manat pul Cavabdeh tutulub İddiaçı verilməlidir. Məhkəmə cavabdehin izahatında bildirdiyi hallarıqızılın borc qarşılığında verilməsinə dair izahatını heç bir sübutla təsdiq edilmədiyindən əsaslı hesab edir. Qızılın qiymətinə münasibətdə mütəxəssislər tərəfindən ilk təəssürat formalaşmış, iddiaçı və cavabdehin izahatları əsasında qızılın qiymətinin 2800 manat olması müəyyən edilmişdir. Qızılın borc qarşılığında verilməsi isə işə baxılan zaman sübuta yetirilməmişdir. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2800 (iki min səkkiz yüz) manat məbləğində pul tutularaq İddiaçı qaytarılmalıdır. İddia tələbi qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" ASC Naxçıvan filialına 17577 nömrəli qəbzlə ödənilmiş 67 (altmış yeddi) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 40 (qırx) manatı Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlımünаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2800 (iki min səkkiz yüz) manat məbləğində pul tutularaq İddiaçı qaytarılsın. İddia qalan hissədə rədd olunsun. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" ASC Naxçıvan filialına 17577 nömrəli qəbzlə ödənilmiş 67 (altmış yeddi) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 40 (qırx) manatı Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar