Məhkəmə qərarları › İş №2(078)-562/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-562/2021

31.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-562/2021 31.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş alimentin miqdarının artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14 may 2015ci il tarixdə anadan olmuş X3 və 15 dekabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər bir uşağa 75 manat olmaqla, iki uşağa görə cəmi 150 manat sabit pul məbləğində alimentin tutulması barədə Naxçıvan Şəhər Məhkəməsinin 22 may 2017-ci il tarixli 2(078)-494/2017 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək Cavabdeh hər ay hər bir uşağa sabit məbləğdə 150 manat olmaqla ümumilikdə 300 manat alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 28 mart 2014-cü il tarixdə Naxçıvan şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından 14 may 2015-ci il tarixli X5 və 15 dekabr 2016-cı il təvəllüdlü X4 adlı övladları var. Tərəflər arasındakı nikah qeydi pozulmamışdır. Naxçıvan Şəhər Məhkəməsinin 22 may 2017-ci il tarixli 2(078)-494/2017 nömrəli qətnaməsi ilə Cavabdeh 21 aprel 2017-ci il tarixdən hesablanmaqla 14 may 2015-ci il tarixdə anadan olmuş X3 və 15 dekabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 75 manat olmaqla, iki uşağa görə cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət olunmuşdur. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 28 mart 2014-cü il tarixdə Naxçıvan şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, onların nikahlarından 14 may 2015-ci il tarixli X5 və 15 dekabr 2016-cı il təvəllüdlü X4 doğulmuşdur. İddiaçı qeyd etmişdir ki, aralarındakı nikah qeydi pozulmasa da münasibətləri tutmadığı üçün 4 ildir ki, faktiki olaraq ayrı yaşayırlar və övladları onun himayəsindədir. Bundan əvvəl uşaqların saxlanılması üçün məhkəməyə müraciət etmiş və Naxçıvan Şəhər Məhkəməsinin 22 may 2017-ci il tarixli 2(078)-494/2017 nömrəli qətnaməsi ilə Cavabdeh 21 aprel 2017-ci il tarixdən hesablanmaqla 14 may 2015-ci il tarixdə anadan olmuş X3 və 15 dekabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 75 manat olmaqla, iki uşağa görə cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət olunmuşdur. Özünün Naxçıvan MR Xəstəxanasında tibb bacısı işlədiyini, aylıq 400 manat əmək haqqı aldığını, istər əməkhaqqısı, istərsə də cavabdehin hər ay ödədiyi 150 manat alimentlə ehtiyaclarının tam qarşılana bilmədiyini, belə ki, uşaqları ilə birlikdə kirayə yaşadığını, uşaqlar da böyüdüyü üçün təlabatlarının, gündəlik xərclərinin də artdığını, həmin xərclərin qarşılanmasında çətinlik çəkdiyini bildirən İddiaçı Sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul eidlməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçı onun ikinci həyat yoldaşıdır və aralarındakı nikah qeydi pozulmasa da, faktiki olaraq uzun illərdir ki, ayrı yaşayırlar. İddiaçının bundan əvvəl də məhkəməyə aliment tələbi ilə müraciət etdiyini, məhkəmənin müvafiq qətnaməsi ilə ondan ümumilikdə 150 manat alimentin tutulmasının qət olunduğunu, müəyyən olunmuş alimenti hər ay vaxtlıvaxtında iddiaçının xeyrinə ödədiyini, lakin hazırda iddiaçının tələb etdiyi aliment məbləğinin çox yüksək olduğunu, bunu ödəməyin onun maddi imkanı xaricində olduğunu, baytar olaraq X1 işlədiyini, 319 manat əmək haqqı aldığını, hər uşağa 80 manatdan artıq aliment ödməyəsinin qeyri-mümkün olduğunu bildirən Cavabdeh qətnamə qəbul edilərkən qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb onları qiymətləndirərək hesab edir ki, iddiaçının aliment miqdarının artırılması tələbi ilə müraciət etməsi üçün əsası olmuşdur. Məhkəmə 2017-ci il üçün yaşayış minimumunun bir uşaq üçün 136.6 manat məbləğində müəyyən edildiyini, iddiaçının 2017-ci il tarixdə məhkəməyə müraciət edərək məhkəmə tərəfindən alliment məbləğinin iki uşaq üçün ümumilkdə 150 manat müəyyən edildiyini, 2017-ci ildən 4 il müddət keçdiyini, həmin müddət ərzində uşaqların gündəlik həyat şərtlərinə uyğun tələbatlarının artmasının istisna olunmadığını və iddiaçının maddi vəziyyətinin dəyişməsinin mümkün olan hallarını nəzərdən keçirib hesab edir ki, belə olan halda iddiaçının tələbi qismən əsaslıdır və qismən təmin edilməldir. Məhkəmə 14 may 2015-ci il təvəllüdlü X3 və 15 dekabr 2016-cı il təvəllüdlü X2 hal-hazırda anası İddiaçı himayəsində yaşamasını, uşaqların xüsusi qulluq və qidalanmaya ehtiyacını və həyat şərtlərinə uyğun gündəlik tələbatlarını, nəzərə alaraq Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla iki uşaq üçün ümumilikdə 220 (iki yüz iyirmi) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir. Məhkəmə iddianın qalan hissəsini rədd edərkən iddiaçının cavabdehin kifayət qədər qazancının olmasına dair konkret və mötəbər sübutlar təqdim etmədiyini nəzərə alır. Məhkəmə hesab edir ki, hazırki alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.6-cı maddələrinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda- ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən hazırki iş üzrə 12x(220-150)=840 manat təşkil edir ki, buna görə də iş üzrə Cavabdeh iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 14 (on dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 22 may 2017-ci il tarixli 2(078)-494/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla iki uşaq üçün ümumilikdə 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutularaq 14 may 2015-ci il təvəllüdlü X3 və 15 dekabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia qalan hissədə rədd olunsun. Cavabdeh 14 (on dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar