Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-580/2021 01.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 11 aprel 2019-cu il tarixli kredit satış müqaviləsinə əsasən ödənilməli olan 300 (üç yüz) manat əsas borc, bundan əlavə 11 aprel 2019-cu il tarixli kredit satış müqaviləsinə əsasən gecikdirilmiş peniya pulu olan 900 (doqquz yüz) manat peniya, əldən çıxmış fayda olan 500 (beş yüz) manat və vəkil üçün ödənilmiş 300 (üç yüz) manat vəkil xərci və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 2030 (iki min otuz) manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, “xxxx” MMC-nin təsisçisidir və onunla Cavabdeh arasında 11 aprel 2019-cu il tarixdə kredit satış müqaviləsi imzalanmış, müqaviləyə əsasən Samsung Galaxy A9 markalı telefonu 950 manata almağa razılıq vermiş, bunun 150 manatı nağd şəkildə əvvəlcədən ödənilmiş və bundan sonra qalan 800 manat isə hər ay 100 manat olmaqla 8 ay müddətinə qaytarılması ilə bağlı öhdəlik götürmüş, lakin cavabdeh müqavilə üzrə ödənişləri vaxtında və lazımi dərəcədə icra etməmiş, belə ki, qalan 800 manatdan yalnız 500 manat ödəmişdir ki, hazırda cavabdehin müqavilə üzrə 300 manat borcu var. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmiş, lakin cavabdeh borcun ödənilməsindən imtina etmişdir. İddiaçı qeyd etmişdir ki, müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulduğundan tələb olunan 900 manat peniya da cavabdehin borcu hesab olunur. Özünün telefon satışı ilə məşğul olaraq maddi qazanc əldə etdiyini və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, yəni vaxtında ödənilməyən ödənişlərin onun üçün maddi zərərlərə gətirib çıxardığını, yəni cavabdehə satılmış telefonun da vaxtında ödənilməyən məbləği onun maddi ilkilərə məniz qalmasına səbəb olur, eyni zamanda telefon cavabdehə yox başqa şəxslərə satılmış olsa idi o, maddi itkilərlə qarşılaşmayacaqdı və buna görə də cavabdehdən əldən çıxmış fayda olan 500 (beş yüz) manatı da tələb edir. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək verdiyi izahatında hüquqlarını müdafiə etdiyi şəxsin izahatını təsdiqlədiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əlavə olunmuş 11.04.2019-cu il tarixli 665 nömrəli kredit-satış müqaviləsinin surətindən aydın olur ki, həqiqətən həmin tarixdə “xxxx” MMC tərəfdən İddiaçı ilə Cavabdeh arasında qeyd olunan müqavilə bağlanmış və müqavilənin şərtinə əsasən Cavabdeh dəyəri 950 manat olan seriya nömrəsi **********02190/01 **********02198/01 olan Samsung Galaxy A9 markalı mobil telefon alır. Müqavilənin şərtinə əsasən Cavabdeh 150 manatı nağd şəkildə əvvəlcədən ödəmiş və bundan sonra qalan 800 manat isə hər ay 100 manat olmaqla 8 ay müddətinə qaytarılması ilə bağlı öhdəlik götürmüşdür. Qalıq borcun ödənilməsi cədvəlindən göründüyü kimi cavabdeh 11.05.2019-cu il tarixdən 16.09.2019-cu il tarixədək hər ay 100 manat olmaqla ümumilikdə 500 manat ödəniş etmişdir. Müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh borcun ödənilməsi ilə bağlı 08.04.2021-ci il tarixdə iddiaçının vəkili Vəkil tərəfindən məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilənin şərtləri tam yerinə yetirilməmişdir. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş mobil telefonu iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliyi lazımınca yerinə yetirməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də müvafiq məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə aşağıdakı əsalara görə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin olunmalıdır. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində Cavabdeh 11 aprel 2019-cu il tarixli kredit satış müqaviləsinə əsasən 300 (üç yüz) manat əsas borc, 900 (doqquz yüz) manat peniya və əldən çıxmış fayda olan 500 (beş yüz) manat pul tələb etdiyini, dəfələrlə cavabdehdən pulunu tələb etsə də, bu pulun geri qaytarılmadığını diqqətə çatdırmış və məhz bu xüsusatların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı Cavabdeh 11 aprel 2019-cu il tarixli kredit satış müqaviləsinə əsasən gecikdirilmiş peniya pulu olan 900 (doqquz yüz) manat peniya, əldən çıxmış fayda olan 500 (beş yüz) manat tutulmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu əsas borca münasibətdə tənasübsüz şəkildə yüksək olduğundan azaldılaraq, 100 (bir yüz) manat məbləğində müəyyən olunmalıdır. İddia tələbi əldən çıxmış fayda olan 500 (beş yüz) manata münasibətdə isə rədd edilməlidir. Belə ki, iddiaçı əldən çıxmış fayda ilə bağlı məhkəməyə hər hansı sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 209.1-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə tərəflərdən məhkəmə tədqiqatının materiallarını daha nə ilə tamamlamağı arzu etdiklərini soruşsa da, tərəflərin hər hansı başqa sübut növlərinin təmin olunmasına dair vəsatətləri olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, iş üzrə Cavabdeh 11 aprel 2019-cu il tarixdə kredit satış müqaviləsi üzrə 300 (üç yüz) manat əsas borc və 100 manat peniya borcu olmaqla ümumilikdə 400 (dörd yüz) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. İddia tələbi qalmış hissədə rədd olunmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən “xxxx” ASC Naxçıvan filialına 27.04.2021-ci il tarixdə 13819 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 7.05 (yeddi manat beş qəpik) manat hissəsi, vəkilə hüquqi yardım üçün 01 aprel 2021-cu il tarixdə verilmiş 004406 nömrəli qəbzlə ödənilmiş 300 (üç yüz) manat xidmət haqqının 100 (bir yüz) manat Cavabdeh alınaraq iddiaçıya qaytarılmalı, tələb dövlət rüsumunun və vəkil xərcinin digər hissəsinə münasibətdə isə rədd edilməlidir. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. İş üzrə Cavabdeh 11 aprel 2019-cu il tarixdə kredit satış müqaviləsi üzrə 300 (üç yüz) manat əsas borc və 100 manat peniya borcu olmaqla ümumilikdə 400 (dörd yüz) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilsin. İddia tələbi qalmış hissədə rədd olunsun. İddiaçı tərəfindən “xxxx” ASC Naxçıvan filialına 27.04.2021-ci il tarixdə 13819 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 7.05 (yeddi manat beş qəpik) manat hissəsi, vəkilə hüquqi yardım üçün 01 aprel 2021-cu il tarixdə verilmiş 004406 nömrəli qəbzlə ödənilmiş 300 (üç yüz) manat xidmət haqqının 100 (bir yüz) manatı Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Tələb dövlət rüsumunun və vəkil xərcinin digər hissəsinə münasibətdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-580/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-580/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver