Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-582/2023 24.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc məbləğinin qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8000 manat borcun, 100 manat ödənilmiş dövlət rüsumunun və 92 manat kredit müqaviləsi haqqının tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddi tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 10 fevral 2017-ci il tarixdə Kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən o, cavabdehə 8000 manat borc vermişdir. Kredit müqaviləsinin şərtinə əsasən cavabdeh kredit borcunu xx.xx.2017-ci il tarixədək qaytaracağı ilə bağlı öhdəlik götürmüşdür. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq cavabdeh götürdüyü öhdəliyi yerinə terirməmiş və borcu qaytarmamışdır. Dəfələrlə cavabdehdən pulu tələb etsə də, o, pulu qaytarmaqdan imtina etmiş, son zamanlar isə telefonlarına da cavab verməmişdir. Covid-19 pandemiyası ilə əlaqədar olaraq indiki vaxtadək cavabdehdən məhkəmə qaydasında pulu tələb etməmişdir. Kredit müqaviləsi bağlanan zaman ondan 92 manat əlavə pul tələb olunub ki, o həmin ödədiyi pulu da cavabdehdən tələb edir. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin o, məhkəmənin elektron ünvanına sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ərizə göndərərək mülki işə onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının ərizəsini, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 10 fevral 2017-ci il tarixli kredit müqaviləsindən aydın olur ki, həqiqətən həmin tarixdə İddiaçı ilə Cavabdeh arasında qeyd olunan müqavilə bağlanmışdır. Müqavilənin şərtinə əsasən İddiaçı Cavabdeh 8000 manat borc vermiş, Cavabdeh kredit borcunu xx.xx.2017-ci il tarixədək qaytaracağı ilə bağlı öhdəlik götürmüşdür. Cavabdeh borcun ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etməmişdir. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş mobil telefonu iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliyi lazımınca yerinə yetirməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də müvafiq məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 10 fevral 2017-ci il tarixli kredit müqaviləsi üzrə 8000 manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. İddia tələbi məhkəmə məsrəfi olan 92 manat kredit müqaviləsi haqqının ödənilməsi hissəsində təmin olunmamalıdır. İddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən "xxxx" ASC Abşeron filialına xx.xx.2023-cü il tarixdə 3369 nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı borc məbləğinin qaytarılması tələbinə dair iddiası təmin edilsin. İş üzrə Cavabdeh 10 fevral 2017-ci il tarixli kredit müqaviləsi üzrə 8000 (səkkiz min) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilsin. İddiaçı tərəfindən "xxxx" ASC Abşeron filialına xx.xx.2023-cü il tarixdə 3369 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-582/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-582/2023
24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver