Məhkəmə qərarları › İş №2(078)-59/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-59/2021

04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-59/2021 04.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı, iddiaçının vəkili X3, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Qanuni nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı X2 vərəsələri Cavabdeh3, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4 və Cavabdeh5 55000 (əlli beş min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, mərhum Eldəniz Abdullayevlə 2017-ci ildə tanış olmuşdur. Özü Şərur rayonunda yaşayır və bazarda valyuta dəyişmə işi ilə məşğul olur. Eldəniz ona Naxçıvan şəhərində “Güvən” şirkətində işlədiyini və Kəngərli, Şərur, Sədərək rayonlarına mobil rabitə konturları verdiyini bildirmişdir. Özü Şərur rayonunda bir neçə mağaza sahibi ilə maraqlanmış və həqiqətən Eldənizin kontur payladığını bildirmişdirlər. Eldənizlə işləməyə başlamış və Eldənizə türk lirəsi vermiş, qarşılığında isə Eldəniz ona Azərbaycan manatı qaytarmışdır. 2017-ci ildən başlayaraq Eldənizlə işləmiş və onunla dostluq münasibəti yaranmış, ona inamı və etibarı artmışdır. Əvvəllər Eldənizə 15000 (on beş min) manat dəyərində 50000 (əlli min) TL (türk lirəsi) vermişdir. Eldəniz isə davamlı olaraq pulun bir hissəsini qaytarır, yenidən türk lirəsi götürürdü. İşlədikləri son dövrlərə qədər münasibətləri yaxşı olmuş, Eldənizlə aralarında olan pul alış-verişlərində heç bir problem yaranmamışdır. 2020-ci ilin mart ayında Eldəniz onun yanına gələrək siqaret almaq istədiyini, ancaq pulu çatmadığını bildirmiş, 25000 (iyirmi beş min) manat pul lazım olduğunu demişdir. Eldənizə hazırda 30000 (otuz min) manat borcunun olduğunu, 25000 (iyirmi beş min) manat da verəcəyi halda 55000 (əlli beş min) manat borcunun olacağını bildirmişdir. Eldəniz ona 10 gün içində pulun 25000 (iyirmi beş min) manat pulunu qaytaracağını demişdir. Eldənizə 25000 (iyirmi beş min) manat dəyərində 85000 (səksən beş min) türk lirəsi vermişdir. 10 gündən sonra Eldənizə zəng edib borcunu istəmiş, Eldəniz karantinlə əlaqədar işinin zəiflədiyini, tezliklə pulu qaytaracağını da bildirmişdir. Eldənizə bundan sonra dəfələrlə zəng vursa da pulunu ala bilməyib Eldənizin valideynlərinin ev telefonuna zəng vuraraq vəziyyəti onlara bildirmişdir. Eldənizin atası Elbrus əmi və anası Solmaz xala vəziyyətdən xəbərinin olmadıqlarını bildirmiş, Eldənizi tapıb məsələni aydınlaşdıracaqlarını demişdir. Həmin gün axşam Eldəniz valideynlərinin yanından ona zəng vuraraq nəyə görə valideynlərinə pul məsələsini dediklərini soruşmuş, pulu gətirib qaytaracağını demişdir. Səhəri Eldəniz onların evinə gəlmiş, çörək yemiş, and içmişdir ki, hissə-hissə pulu qaytaracaqdır. Eldəniz pulu ödəmədiyindən xx xxx 2020-ci ildə Eldənizə zəng vurub niyə gəlmədiyini soruşmuş, Eldəniz xəstələndiyini, sabah gələcəyini bildirmişdir. Səhəri Eldənizə zəng vurub niyə gəlmədiyini soruşanda şəhərdən çıxdığını saat 12-də orada olacağını demişdir. Rayonda Eldənizi gözləsə də gəlməmiş, zənglərinə də cavab verməmiş, qardaşı Raufa zəng vurub Eldənizin onu aldatdığını, gəlmədiyini, zənglərinə də cavab vermədiyini demişdir. Raufun isə onun da zənglərinə cavab vermədiyini, danışan kimi ona məlumat verəcəyini bildirmişdir. Bir gün sonra mayın 13-də Eldənizin intihar etməsini eşitmişdir. Yas mərasiminin ikinci günü gəlmiş, qardaşı Raufla danışmış, Rauf isə böyük qardaşı Elmarı çağıraraq Eldənizin nisyə verdiyi malların pulunu yığaraq onun borcunu qaytaracaqlarını demişdirlər. Lakin sonradan onun pulunu ödəyə bilmədiklərindən şirkətdən Eldənizin alacağı 4000 (dörd min) manatı onun adına yazılaraq hissə-hissə ödəniləcəyini bildirmiş, bu barədə şirkət rəhbəri ilə danışmışdırlar. Həmin puldan 2900 manat pul hissə-hissə ona ödənilmiş, qalan 1100 manat isə üç ay ərzində ödəniləcəkdir. Qalan pulu isə Eldənizin arvadı Gülnarə xanımın adına Babək rayonu Xalxal kəndində olan 20 sot torpaq sahəsinin veriləcəyini bildirmişlər. Hətta Solmaz xala ona “Eldənizə dükanların verəcəyi vardır, pulları yığanda sənin də pulun veriləcəkdir” demişdir, Rauf ona həmin yerdə torpağın sotunun 700-800 manat olduğunu demiş, Gülnarə xanım notariat kontoruna gedərək onun adına etibarnamə vermişdir. Həmçinin torpağın plan-ölçüsünü vermişdir. Hesablamışdır ki, həmin torpağı 15-16 min manata sata bilər. Hətta Rauf ona Bakı şəhərində Ramanada Eldənizin 2 sot torpaq sahəsi olduğunu bildirmiş, o isə həmin torpaq sahəsini də ona verəcəyi halda qalan pulu istəməyəcəyini bildirmişdir və qalan pulu da mərhuma bağışlayacağını və halallıq verəcəyini düşünmüşdür. Torpağın yerləşdiyi yerə Raufla gedərək kənddə yaşayanlardan torpağın qiymətinin soruşanda bildirmişdirlər ki, həmin torpaq bütövlükdə 4000-5000 manata ancaq satıla bilər. Buna narazılığını bildirmişdir. Sonradan isə Gülnarə xanımın onun adına verdiyi etibarnaməni ləğv etdirdiyini öyrənmişdir. Əlində Eldənizin borcunun olmasına dair videosu da vardır. O evini satıb Eldənizə pul vermişdir. Bütün Şərur mağaza sahiblərinin inamını və etibarını qazandığı üçün Eldənizə özü də inanmış, onun pulunu qaytarmayacağını düşünməmişdir. Eldənizin vəfatından sonra prokurorluqda araşdırma aparılan zaman Eldənizin bir çox şəxs borcunun olduğunu öyrənmişdir. Özü gözdən əlildir, onun pulu ilan sümüyüdür. Heç kim onun pulunu inkar edə bilməz. Eldənizin ölümündən sonra bir neçə əmlakı miras qalsa da avtomobilin üzərinə həbs qoyulan kimi arvadı Gülnarə xanım onu satmışdır. Ən azından borcunun yarısını verərlərsə qalan hissəsini mərhuma halallıq verə bilər. Lakin Eldənizin vərəsələri onun pulunu vermək istəmirlər. Qeyd edilənlərə əsasən borcunun bütövlükdə 55000 (əlli beş min) manat məbləğində cavabdehlərdən alınaraq verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili X7 iddianı müdafiə edərək izahatında iddiaçının izahatını təsdiqlədiyini, mərhum Eldəniz Abdullayevlə iddiaçının borc münasibətlərində olmasının iddiaçının təqdim etdiyi video CD ilə təsdiq edildiyini, mərhumun vərəsələrinin şirkət tərəfindən mərhuma ödənilməli olan 4000 manatın iddiaçıya hissə-hissə ödənilməsi, mərhumun arvadının adına olan torpaq sahəsinin etibarnamə ilə iddiaçıya verilməsinin, hətta Bakı şəhərində yerləşən 2 sot mərhumun adına olan torpaq sahəsinin iddiaçıya veriləcəyini bildirmələrinin borcun etirafı olduğunu, iddiaçının pulun ən azı yarısının ödəniləcəyi təqdirdə qalan pulun da mərhuma halal etdyini bildirdiyini, lakin pulun mərhumun vərəsələri tərəfindən verilmədiyini gördükdə bütövlükdə pulunu vərəsələrdən tələb etdiyini bildirib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh3 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçını məhkəmə iclasında tanımışdır. Hələ oğlunun sağlığında iddiaçı ilə bir dəfə telefonla danışmışdır. Təxminən 2020-ci ilin may ayının 6-da iddiaçı onun yaşadığı ev telefonuna zəng vuraraq Eldənizin ona borcu olduğunu, telefonuna zəng vursa da telefonu açmadığını bildirmişdir. O da iddiaçıya bu məsələdən xəbərinin olmadığını, oğlu ilə danışıb məlumat verəcəyini demişdir. Həmin vaxt oğluna zəng vursa da danışa bilməmiş, sonra şirkətlə danışmış və oğlu axşamüstü kəndə gəlmişdir. Oğlu ilə iddiaçının kənddə danışmasından evdə olmadığından xəbəri olmamışdır. Həmin vaxt arvadı evdə olmuşdur. İddiaçı ilə oğlunun pul alış-verişindən xəbəri olmamışdır. Oğlunun vəfatından sonra iddiaçı özü bildirmişdir ki, hər həftə Eldəniz ona 400 manat pul veribdir. İddiaçı özü Eldənizə pulu faizlə veribdir və onun iddiaçıya heç bir borcu qalmamışdır. Hətta 2020-ci ilin mayın əvvəlində oğlu onun kürəkəni olan Allahverdidən 19500 (on doqquz min beş yüz) manat pul almışıdır, demişdir ki, pulu aparır Natiqə borcunu versin və bununla da borcunu bağlasın. Həmin pulun oğlunun iddiaçıya verib-vermədiyindən məlumatı yoxdur. Lakin oğlunun kürəkənindən aldığı pulu kürəkəninə qaytarmaq onun borcudur və borcunu qaytaracaqdır. Özü bankdan 15000 (on beş min) kredit götürübdür və hər ay 532 manat kredit ödəyir. Özünün və yoldaşının pensiyası 530 manat pul alır, hər ay 2 manat da üzərinə qoyub kredit ödəyirlər. Oğlunun vəfatından sonra ondan qalan heç bir əmlakı qəbul etməyibdir və bu barədə notariat kontoruna ərizə veribdir. Onun cavan yaşda oğlu intihar edibdir, səbəbini isə heç kim bilmir. Zamanında iddiaçı oğlu ilə pul alışverişi olanda ona xəbər verməyib, məsləhətləşməyibdir. Oğlu iddiaçıya aldığı pulun faizini hər həftə verəndə aralarında heç bir mübahisə olmamışdır. Hesab edir ki, oğlunun iddiaçıya heç bir borcu yoxdur. Ona görə də iddianın rədd ediləməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, mərhum oğlunun iddiaçıya heç bir borcu yoxdur. Öğlunun ölümünə səbəb iddiaçıdır, iddiaçı onu canından bezdirdiyinə görə intihar edibdir. İddiaçı ilə oğlunun arasında borc məsələsi olmasından iddiaçı onların evlərinə zəng vurduqdan sonra məlumatları olmuşdur. Telefon danışığında nə qədər borc olması barədə heç nə eşitməmişdir. Həmin gün oğlu onlara gəlmiş və onun yanında iddiaçı ilə danışmışdır. Hələ o vaxtı iddiaçı demişdir ki, hər həftə 400 manat oğlu ona pul veribdir. İddiaçı faizlə pul verən adamdır və oğluna verdiyi pulun faizini tələb edir. Onların heç nəyi yoxdur, özləri kredit ödəyirlər. Oğlundan qalan bütün mirasdan imtina edibdirlər. Gəlini iki uşağı ancaq saxlayır. Oğlu öldüyündən iddiaçının da pulu ölübdür. Düzdür onun iddiaçı ilə danışığı olubdur, iddiaçıya demişdir ki, Eldənizə də dükanların verəcəyi vardır, əgər pul yığılarsa pulunun veriləcəyini demişdir. Lakin heç kim pul verməyibdir. İddiaçının dediyi o borc sahiblərinin heç bir onlardan pul tələb etməyibdirlər. Onları narahat etməyibdirlər. Bir iddiaçı oğlu öldüyü halda onlardan pul tələb edir. Onun kürəkəni Allahverdi oğluna satdığı avtomobilin pulunu vermişdir. Nəyə görə verdiyi bilmir və o və əri hesab etmişdirlər ki, yəqin aparıb Natiqin pulunu veribdir. Lakin həmin pulun Natiqə veriləcəyi adı ilə alınmasını dəqiq bilməmişlər, sadəcə belə fərz etmişlər. Qeyd etdiklərinə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh Qanuni nümayəndə iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə mərhum ərinin borc məsələsindən, aralarında pul alışverişindən yalnız ərinin vəfatından sonra xəbəri olmuşdur. Yas mərasiminin ikinci günü iddiaçı onlardan pul tələb etməyə başlamışdır. İddiaçını bir insan olaraq qəbul etmiş və ona yaxşılıq edərək Eldənizə şirkətin verəcəyi 4000 manat pulu və özünün adına olan Xalxal kəndində yerləşən 20 sot torpaq sahəsini verəcəklərini, bununla da borc məsələsinin qutarmasını bildirmişdir. Hətta özü notariat orqanına gedərək həmin torpaq sahəsi ilə bağlı iddiaçıya etibarnamə də vermişdir. Lakin iddiaçının məhkəməyə müraciət etdiyini eşidəndə etibarnaməsini ləğv etdirmişdir. O insanlıq edərək heç bir məlumatı və xəbəri olmadığı halda ərinin vəfatından sonra iddiaçının dəfələrlə borcla bağlı onları narahat etdiyinə görə bu hərəkətləri etmişdir. Lakin iddiaçı həmin torpağı bəyənməmiş, iddia ərizəsində 55000 manat pul borcunun olduğunu bildirmişdir. Hesab edir ki, mərhum ərinin iddiaçıya heç bir borcu qalmayıbdır. Məhkəmə tərəfindən mərhumun adına olan avtomobilin üzərinə həbs qoyulsa da özü qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında Eldənizə məxsus olan əmlakları qəbul etmişdir. Həmin əmlakllardan olan avtomobili 20400 (iyirmi min dörd yüz) manata satmışdır. Övladlarının biri Universitetdə ödənişli təhsil alır, digəri məktəblidir. Özü müəllimdir. Avtomobilin pulu ilə övladlarının təhsilini ancaq qarşılayır. Üzərinə həbs qoyulmuş Şəkərabad kəndində yerləşən və onun adına olan 4 sot torpaq sahəsini hələ 2013-cü ildə satmışdır və orada ev tikilmişdir. Evi tikən şəxsin bütün sənədləri vardır. Onun adına sadəcə olaraq Xalxalda 20 sot torpaq vardır. Mərhum ərinin iddiaçıya heç bir borcu olmadığına görə hesab edir ki, onun da iddiaçıya verəcəyi hər hansı puldan söhbət gedə bilməz. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh4 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh5 yetkinlik yaşına çatmadığından qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə təmsil olunmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində ifadə verən X10 bildirmişdir ki, mərhum X8 onun qaynı olmuşdur. O özünə məxsus olan avtomobili 19500 (on doqquz min beş yüz) manata satmışdır, başqa bir avtomobil alacağını fikirləşmişdir. 2020-ci ilin may ayının əvvəlində Eldəniz ondan satdığı avtomobilin pulunu borc olaraq istəmişdir. Eldəniz ona borcunun olduğunu, borclarını qaytarmaq üçün həmin pulu almışdır. Lakin onların arasında Natiq adlı şəxsə borcunu qaytarmaq üçün pul istəməsi söhbəti olmamışdır. O satdığı avtomobilin pulunu bütövlükdə 19500 (on doqquz min beş yüz) manat olaraq Eldənizə vermişdir. Bundan bir neçə gün sonra isə Eldəniz intihar etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində ifadə verən X9 ifadəsində bildirmişdir ki, iddiaçının arvadıdır. Natiq gözdən əlil olduğundan pul məsələləri daim onun və ya oğlunun iştirakı ilə həyata keçirilmişdir. İddaçı Şərur rayonunda valyuta dəyişmə işi ilə məşğuldur və türk lirəsi sataraq manat əldə edir. Dəfələrlə mərhum Eldəniz Abdullayev onların evinə gələrək iddiaçıdan pul almışdır. İddiaçı ilə onun arasında dostluq yaranmışdır. Onlara gələndə çay-çörək yemiş və davamlı olaraq pul alış-verişləri olmuşdur. Natiq onların Şərur rayonunda olan evini sataraq türk lirəsinə çevirmiş və həmin pulu da Eldənizə borc vermişdir. 2020-ci ilin mart ayından başlayaraq Natiqlə Eldəniz arasında olan pul məsələsində ödəmələrdə gecikmələr yaranmış, hər dəfə Natiq pulu tələb etdikdə Eldəniz pandemiya ilə əlaqədar işlərinin zəiflədiyini, tezliklə pulunu hissə-hissə qaytaracağını demişdir. Lakin pulu qaytarmamışdır və sonra Eldənizin intihar etdiyini eşitmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin maddənin 2-ci bəndinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmənin qənaətinə görə hazırki işdə 55.000 manatın iddiaçı tərəfindən verilməsi və həmin öhdəliyin icra edilib-edilməməsi halı araşdırılmalı və sübut olunmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halı sübut etməlidir. Həmin normaya uyğun olaraq hazırki iş üzrə sübutetmə yükü 55.000 manatın verilibverilməməsi hissəsində iddiaçının, öhdəliyin icra edilib-edilməməsi hissəsində cavabdehin üzərinə düşür. Məhkəmə araşdırması zamanı iddiaçı izahatında hələ mərhum Eldəniz Abdullayevin sağlığında borcun gecikdirildiyi vaxtdan dəfələrlə tələb etdiyini, onun telefonunu açmadığı üçün mərhumun valideynlərinin evinə zəng vurduğunu, valideynləri ilə danışdığını, valideynlərinin evində Eldənizin ona zəng vuraraq “valideynlərimi niyə narahat edirsən, mən sənin borcunu danmıram ki” dediyini, Eldənizin intihar etdiyini eşitdikdən sonra yasın ikinci günü oraya getdiyini, qardaşı Raufla, Elmarla danışdığını, ona Eldənizə şirkət tərəfindən ödənilməli olan 4000 manatın hissə-hissə ödəniləcəyini, qalan pulun Xalxalda mərhumun arvadı Gülnarə xanımın adına olan 20 sot torpaq sahəsinin veriləcəyini, bu barədə ona etibarnamə verildiyini, Solmaz xalanın qalan pulu Eldənizə mağaza sahiblərinin verəcəkləri olduğunu, pulu yığılan vaxt ona verəcəklərini dediyini, onun isə mərhumun ona olan borcunun ən azı yarısınə verdikləri halda qalanı da halal edəcəyini göstərmişdir. İddiaçının izahatında göstərdikləri hallar iş materiallarına əlavə edilmiş sənədlərlə, iddiaçı ilə X2 arasında olan telefon danışıqlarını əks etdirən videogörüntünü əks etdirən CD, həmçinin cavabdehlərin izahatları ilə öz təsdiqini tapmışdır. Belə ki, Cavabdeh3 izahatında hələ oğlunun sağlığında iddiaçı ilə bir dəfə telefonla danışdığını, təxminən 2020-ci ilin may ayının 6-da iddiaçı onun yaşadığı ev telefonuna zəng vuraraq Eldənizin ona borcu olduğunu, telefonuna zəng vursa da telefonu açmadığını bildirdiyini, iddiaçıya bu məsələdən xəbərinin olmadığını, oğlu ilə danışıb məlumat verəcəyini dediyini, həmin vaxt oğluna zəng vursa da danışa bilmədiyini, sonra şirkətlə danışdığını və oğlunun axşamüstü kəndə gəldiyini, oğlu ilə iddiaçının kənddə danışmasından evdə olmadığından xəbəri olmadığını, həmin vaxt arvadının evdə olduğunu, hətta 2020-ci ilin mayın əvvəlində oğlunun onun kürəkəni olan Allahverdidən 19500 (on doqquz min beş yüz) manat pul aldığını, Natiqə borcunu verəcəyini və bununla da borcunu bağlayacağını bildirdiyini, həmin pulun oğlunun iddiaçıya verib-vermədiyindən məlumatı olmadığını, oğlunun vəfatından sonra iddiaçıya torpaq təklif etsələr də sonradan razı olmadığını göstərmişdir. Cavabdeh2 izahatında iddiaçı ilə oğlunun arasında borc məsələsi olmasından iddiaçı onların evlərinə zəng vurduqdan sonra məlumatı olduğunu, telefon danışığında nə qədər borc olması barədə heç nə eşitmədiyini, həmin gün oğlunun onlara gəldiyini və onun yanında iddiaçı ilə danışdığını,oğlunun öldüyünü, iddiaçının da pulunun öldüyünü, özünün iddiaçı ilə danışığı olduğunu, “Eldənizə də dükanların verəcəyi vardır, əgər pul yığılarsa pulunun veriləcəyini” dediyini, lakin heç kimin pul vermədiyini, kürəkəni Allahverdinin oğluna satdığı avtomobilin pulunu verdiyini, nəyə görə verdiyini bilmədiyini, o və əri hesab etmişdirlər ki, yəqin aparıb Natiqin pulunu verəcəyini, lakin həmin pulun Natiqə veriləcəyi adı ilə alınmasını dəqiq bilmədiyini, sadəcə belə fərz etdiyini göstərmişdir. Cavabdeh Qanuni nümayəndə izahatında iddiaçı ilə mərhum ərinin borc məsələsindən, aralarında pul alış-verişindən yalnız ərinin vəfatından sonra xəbəri olduğunu, yas mərasiminin ikinci günü iddiaçının onlardan pul tələb etməyə başladığını, iddiaçını bir insan olaraq qəbul etdiyini və ona yaxşılıq edərək Eldənizə şirkətin verəcəyi 4000 manat pulu və özünün adına olan Xalxal kəndində yerləşən 20 sot torpaq sahəsini verəcəklərini dediyini, bununla da borc məsələsinin qutarmasını bildirdiyini, hətta özü notariat orqanına gedərək həmin torpaq sahəsi ilə bağlı iddiaçıya etibarnamə də verdiyini, lakin iddiaçının məhkəməyə müraciət etdiyini eşidəndə etibarnaməsini ləğv etdirdiyini bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını, iş materiallarında olan sübutları qarşılıqlı şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, İddiaçı ilə mərhum X8 arasında borc münasibətləri yaranmışdır. Hələ mərhum X1 İddiaçı borc münasibətlərinin olmasına dair mərhumun valideynləri-cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məlumat vermişdir. Həmçinin məhkəmə qeyd edir ki, X5 vəfatından sonra iddiaçı ilə mərhumun yaxınlarının borc məsələsində danışıqlarının olması, borcun qaytarılması üçün Eldəniz Abdullayevə şirkətin verəcəyi olan 4000 (dörd min) manat pulun iddiaçıya hissə-hissə verilməsi, həmin pullun 2900 (iki min doqquz yüz) manatının iddiaçı tərəfindəən bu günədək alınması, əlavə olaraq cavabdeh Qanuni nümayəndə adına olan Babək rayonu Xalxal kəndində yerləşən 20 sot torpaq sahəsinin etibarnamə əsasında iddiaçıya verilməsini təsdiq edən etibarnamənin mövcudluğu iddia tələbinin qismən də olsa əsaslı hesab edilməsi kimi qiymətləndirilməlidir. İşə məhkəmədə baxılan zaman İddiaçı iddia tələbində göstərdiyi mərhu X8 ilə borc münasibətlərində olması və onun iddiaçıya borclu olmasını sübuta yetirsə də borcun məbləğinin məhz 55000 (əlli beş min) manat olmasına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə ümumi borcun məbləğini tərəfləri qarşılıqlı izahatını, şahid ifadələrini qarşılıqlı şəkildə tədqiq edərək 19500 (on doqquz min beş yüz) manat olması qənaətinə gəlmişdir. Belə ki, Cavabdeh3 izahatında hətta 2020-ci ilin mayın əvvəlində oğlunun onun kürəkəni olan Allahverdidən 19500 (on doqquz min beş yüz) manat pul aldığını, Natiqə borcunu verəcəyini və bununla da borcunu bağlayacağını bildirdiyini, həmin pulun oğlunun iddiaçıya verib-vermədiyindən məlumatı olmadığını bildirmiş, Cavabdeh2 isə izahatında kürəkəni Allahverdinin oğluna satdığı avtomobilin pulunu verdiyini, nəyə görə verdiyini bilmədiyini, o və əri yəqin aparıb Natiqin pulunu verəcəyini hesab etdiklərini, lakin həmin pulun Natiqə veriləcəyi adı ilə alınmasını dəqiq bilmədiyini, sadəcə belə fərz etdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X10 ifadəsində mərhum X8 onun qaynı olduğunu, özünə məxsus olan avtomobili 19500 (on doqquz min beş yüz) manata satdığını, başqa bir avtomobil alacağını fikirləşdiyini, 2020-ci ilin may ayının əvvəlində Eldənizin ondan satdığı avtomobilin pulunu borc olaraq istədiyini, Eldəniz ona borcunun olduğunu, borclarını qaytarmaq üçün həmin pulu aldığını dediyini, lakin onların arasında Natiq adlı şəxsə borcunu qaytarmaq üçün pul istəməsi söhbəti olmadığını, satdığı avtomobilin pulunu bütövlükdə 19500 (on doqquz min beş yüz) manat olaraq Eldənizə verdiyini, Eldənizin pulunu qaytarmadan intihar etdiyini bildirmişdir. Məhkəmə həmin cavabdehlərin izahatlarını, şahidin ifadəsini iş materialları ilə qarşılıqlı şəkildə tədqiq edib hesab edir ki, iddiaçının, cavabdehlərin izahatlarına, şahidin ifadəsinə əsasən iddiaçının pulunu tələb etməsi, borcun qaytarılması məsələsi 2020-ci ilin may ayının əvvəllərində hələ Eldəniz Abdullayev sağ ikən olmuş, həmin vaxt məhz iddiaçı mərhumdan borcunu tələb etmiş, Cavabdeh3 izahatına əsasən mərhum isə bacısının ərindən borc alaraq Natiqə olan borcunu bağlayacağını bildirmişdir. Qeyd edilən hallar onu deməyə əsas verir ki, İddiaçı ilə mərhum X8 arasında yaranmış borc məbləğinin 19500 (on doqquz min beş yüz) manat olması iş üzrə toplanmış sübutlarla-tərəflərin izahatları, şahid ifadəsi ilə sübuta yetirilmişdir. Həmçinin ümumi borc məbləğinin 2900 (iki min doqquz yüz) manat olan hissəsini iddiaçı izahatında şirkətdən hissə-hissə olaraq ona verildiyini göstərmişdir. Məhkəmə hesab edir ki, qalan ümumi borcun məbləği 19500(on doqquz min beş yüz)-2900(iki min doqquz yüz)=16600(on altı min altı yüz) manat təşkil edir. Məhkəmə X2 İddiaçı borclu olduğu 16600 (on altı min altı yüz) manat öhdəliyinin icra edilməsinə münasibətdə qeyd edir ki, həmin öhdəliyin icrası üçün mərhum X4 miras qalmış əmlakı qəbul edən vərəsəsi-cavabdeh Qanuni nümayəndə məsuliyyət daşımalı, mərhumun digər vərəsələri-cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 mərhumdan miras qalan əmlakı qəbul etmədiklərindən və mirası qəbul etməməklə yanaşı Cavabdeh5 2005-ci il təvəllüdlü olduğundan yetkinlik yaşına çatmadığından mərhumun öhdəliklərinə görə məsuliyyət daşımamalıdırlar. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun borc münasibətlərindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də bu halda borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Həmin məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsindən aydın olur ki, xx xxx 2020-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi Qanuni nümayəndədır. Şəhadətnamə verilən miras əmlak Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AD003370 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KNAFZ4A84E5174690, mühərrikin nömrəsi xx və buraxılış ili 2013 olan KİA CERATO MİNİK markalı 75BC002 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsindən aydın olur ki, xx xxx 2020-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi Qanuni nümayəndədır. Şəhadətnamə verilən miras əmlak Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixdə X6 verilmiş **********19-05101- 093002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Naxçıvan şəhəri, 4-cü küçə, 26 ünvanında yerləşən ümumi sahəsi 50.6 kv.m, yaşayış sahəsi 37.2 kv.m, yardımçı sahəsi 13,4 kv.m, 2 otaqlı olan fərdi yaşayış evindən ibarətdir. İş materiallarına əlavə edilmiş X11, Cavabdeh2 və Cavabdeh4 tərəfindən notariat orqanına təqdim edilmiş ərizələrdən aydın olur ki, həmin şəxslər xx xxx 2020-ci il tarixdə vəfat etmiş X5 ölümündən sonra miras qalmış bütün miras əmlakdan ona çatası paydan Qanuni nümayəndə xeyrinə imtina etmişdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, X2 vərəsəsi Qanuni nümayəndə 16600 (on altı min altı yüz) manat pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə (iddia məbləğinin qalan hissəsinin Qanuni nümayəndə tutulmasına münasibətdə) rədd edilməli, iddia tələbi X2 qalan vərəsələri-cavabdehlər Abdullayev Elbrus Yusif oğluna, Cavabdeh2 və Cavabdeh4 və Cavabdeh5 münasibətdə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, iddia qismən təmin olunduğundan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2020-ci il tarixdə 55833 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 9.05 (doqquz manat beş qəik) manat hissəsi cavabdeh Qanuni nümayəndə alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. X2 vərəsəsi-cavabdeh Qanuni nümayəndə 16600 (on altı min altı yüz) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilsin. İddia tələbinin qalan məbləği cavabdeh Qanuni nümayəndə münasibətdə rədd edilsin. İddia tələbi cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 münasibətdə əsassız olduğundan rədd edilsin. İddiaçı tərəfindən “Kapital Bank” Şərur filialına xx.xx.2020-ci il tarixdə 55833 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 9.05 (doqquz manat beş qəpik) manat hissəsi cavabdeh Qanuni nümayəndə tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar