Məhkəmə qərarları › İş №2(078)-593/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-593/2024

04.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-593/2024 04.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş alimentin artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(078)-890/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 24 iyun 2016-cı il təvəllüdlü X2 və 24 iyul 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər birinə 235 manat olmaqla iki uşağa görə ümumilikdə 470 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 04 aprel 2016-cı il tarixdə Naxçıvan şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Tərəflərin nikahlarından 24 iyun 2016-cı il təvəllüdlü X5 və 24 iyul 2017-ci il təvəllüdlü X6 adlı övladları var. Tərəflər arasındakı nikah qeydi iddiaçının tələbi əsasında Naxçıvan Şəhər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(078)-890/2022 nömrəli qətnaməsi ilə pozulmuş, boşanmadan sonra uşaqlar anasının yanında saxlanılmaqla, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla iki uşaq üçün cəmi 270 (iki yüz yetmiş) manat miqdarında alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, 04 aprel 2016-cı il tarixdə Cavabdeh ilə ailə həyatı qurub. Nikahlarından 24 iyun 2016-cı il təvəllüdlü X5 və 24 iyul 2017-ci il təvəllüdlü X6 adlı övladları var. Aralarındakı nikah Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, qətnaməsi ilə pozulmuşdur. Nikah pozularkən məhkəmə qətnaməsi ilə uşaqları onun yanımda saxlanılmışdır və hal-hazırda da onunla yaşayırlar. Naxçıvan Şəhər Məhkəməsinin qeyd etdiyi qətnaməsi ilə nikah pozularkən yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün bir uşağa 135 (yüz otuz beş) manat olmaqla, iki uşağa görə cəmi 270 (iki yüz yetmiş) manat aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Övladları artıq böyüyür və onların maddi tələbatları da günü-gündən artır. Səbinə Bayramova orta məktəbin 2-ci sinfində, Səma Bayramova isə 1-ci sinifdə oxuyur və xərcləri böyüdükcə artır. Onların pulsuz verilən tədris vəsaitlərindən əlavə dərs ləvazimatları ilə təmin edə bilməyi üçün həmçinin məktəbdən əlavə baxış kurslarına gedirlər. Bunlardan əlavə hazırda dərman peraparatlarının kəskin bahalaşdığı bir zamanda adi bir zökəm və qripə yoluxmuş uşağın müalicəsi 200 manatdan da artıq tutur ki, bütün bunların da ona ödənilən 270 manat alimentlə qarşılanması mümkün deyil. Hazırda isə ödənilən cəmi 270 manat aliment pulu ilə bir övladının qidalanma, təhsil, müalicə və s. xərclərini artıq qarşılamağı qeyri-mümkün hala gəlmişdir. Bir ana olaraq bu maddi tələbatları ödəməkdə çətinlik çəkir, cavabdeh isə bir ata olaraq öz övladlarının güzəranı ilə maraqlanmır və onların heç bir xərclərinin çəkilməsində iştirak etmir. Övladları balaca olduğu üçün işləmir. 2 ay işləyib, daha sonra uşaqlar məktəbə getdiyi üçün işləməyib. Balaca qızı 1-ci sinifə gedir. Onda disleksiya yaddaş zəifliyi, dil qüsuru var. Hazırda iki uşağa ümumilikdə 270 manat aliment alır. Elşadın yaxşı qazancı olur. Avtosalonda maşın təmiri ilə məşğuldur. Onun ayda qazancı 2500 manata gəlib çıxır. Balaca övladı xəstədir. Gec qavrama zəifliyi var. Ayrıca nitqində problem var. Hazırda özü övladının xəstəliyi səbəbindən işləmir, övladını müalicə etdirir. İddiaçı qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, o məhkəmədə nümayəndə vasitəsilə təmsil olunmuşdur. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək verdiyi izahatında bildirmişdir ki, oğlu ikinci dəfə ailə qurub, bir övladı vardır. Keçən məhkəmə iclasında iddiaçının balaca nəvəsi bağlı təqdim etdiyi pedaqoq rəyi də düzgün hesab edilmir. Elə bil ki, bunların göstərişi ilə həmin rəy tərtib edilib. Səma yaxşı şeir deyir. Yaxşı danışıq qabiliyyəti var. İddiaçı də əvvəllər həm dükanda həm də marketdə işləyib. Oğlu Elşad maşın ustasıdır. Digər oğlu da maşın ustasıdır. Onlar hazırda o, həyat yoldaşı, Elşad, həyat yoldaşı və 1 övladı birlikdə Didivar kəndində yaşayır. Elşadın maşını da iddiaçıya münasibətdə ½ pay hissəyə bölünüb. Cavabdeh onsuzda alimentini vaxtında ödəyir. Heç bir əmək haqqı artımı yoxdur. Aylıq gəliri 450-500 manat təşkil edir. Qış sezonları işləri çox zəif olur. Özü 370 manat pensiya alır. Sex qış ayları işləmir. Oğlunun da qazancı qış ayları zəif olur. Oğlu ilə bərabər başqa usta da sexdə işləyir. Ona görə alimentin miqdarının artırılmasına etiraz edir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb onları qiymətləndirərək hesab edir ki, iddiaçının aliment miqdarının artırılması tələbi ilə müraciət etməsi üçün əsası olmuşdur. Belə ki, 2022-ci il üçün yaşayış minimumu bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmiş, həmin vaxt məhkəmə qətnaməsi ilə Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla iki uşaq üçün cəmi 270 (iki yüz yetmiş) manat miqdarında alimentin tutulması müəyyən edilmişdir. 2022-ci ildən 2 il müddət keçdiyindən həmin müddət ərzində uşaqların gündəlik həyat şərtlərinə uyğun tələbatlarının artmasının istisna olunmur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Tərəflərin maddi vəziyyətini, eləcə də uşaqların tələbatlarının artmasının mübahisə doğurmadığını nəzərə aldıqda məhkəmə belə qənaətə gəlir ki, belə olan halda iddiaçının tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə qeyd edilənləri, 24 iyun 2016-cı il təvəllüdlü X2 və 24 iyul 2017-ci il təvəllüdlü X3 hal-hazırda anası İddiaçı himayəsində yaşamasını, uşağın həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq Cavabdeh hər ay sabit məbləğində bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla iki uşaq üçün cəmi 320 (üç yüz iyirmi) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir. Eləcə də məhkəmə cavabdehin nümayəndəsinin təqdim etdiyi sənədlərə münasibət bildirərək qeyd edir ki, cavabdehin ailə qurması və övladının doğulması onun övladlarının əvvəlki təminatını maksimal dərəcədə təmin etmək öhdəliyini istisna etmir. Məhkəmə iddianın qalan hissəsini rədd edərkən cavabdehin kifayət qədər qazanc əldə etməsinə dair hər hansı sübut təqdim etmədiyini, ailə qanunvericiliyinin hər iki valideynin uşaqlarını saxlamaq vəzifəsi olmasını nəzərə alır. Məhkəmə hesab edir ki, hazırki alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.6-cı maddələrinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda- ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən hazırki iş üzrə 12x(320-270)=600 manat təşkil edir ki, buna görə də iş üzrə Cavabdeh iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(078)-890/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh hər ay sabit məbləğində bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla iki uşaq üçün cəmi 320 (üç yüz iyirmi) manat miqdarında aliment tutularaq 24 iyun 2016-cı il təvəllüdlü X2 və 24 iyul 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia qalan hissədə rədd olunsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar