Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-597/2021 16.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1025/2019 nömrəli, 09 oktyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilərək Cavabdeh 10 sentyabr 2011-ci il təvəllüdlü X7 və 19 iyul 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 175 (bir yüz yetmiş beş) manat olmaqla, iki uşağa görə cəmi 350 (üç yüz əlli) manat sabit məbləğdə alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 20 noyabr 2010-cu il tarixdə Kəngərli Rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. İş materiallarına əlavə olunmuş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 13.01.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı, 679261 nömrəli və Naxçıvan şəhər Nikah evi tərəfindən 27.12.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 075273 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən məlum olur ki, Cavabdeh və X1 nikahlarından 10 sentyabr 2011-ci il təvəllüdlü X11 və 19 iyul 2013-cü il təvəllüdlü X8 adlı övladları vardır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-651/2014 nömrəli, 27 noyabr 2014-cü il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah qeydi pozulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-630/2014 nömrəli, 19 avqust 2014-cü il tarixli qətnaməsi ilə 10 sentyabr 2011-ci il təvəllüdlü X11 və 19 iyul 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa 75 manat olmaqla, ümumilikdə 150 manat sabit məbləğdə aliment müəyyən edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-293/2015 nömrəli, 17 aprel 2015-ci il tarixli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin 2((078)-630/2014 nömrəli, 19 avqust 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək Cavabdeh hər ay bir uşağa 100 manat olmaqla, ümumilikdə 200 manat sabit məbləğdə aliment tutularaq 10 sentyabr 2011-ci il təvəllüdlü X7 və 19 iyul 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 xeyrinə ödənilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1025/2019 nömrəli, 09 oktyabr 2019-cu il tarixli qətnaməsinin surətindən aydın olur ki, həmin qətnamə ilə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-293/2015 nömrəli, 17 aprel 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit məbləğdə aliment miqdarı dəyişdirilərək, Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla, iki uşaq üçün ümumilikdə 250 (iki yüz əlli) manat miqdarında aliment tutularaq 10 sentyabr 2011-ci il təvəllüdlü X7 və 19 iyul 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. İş üzrə iddiaçı X3 məhkəmə baxışı iclasında verdiyi izahatında cavabdehlə 20 noyabr 2010-cu il tarixdə Kəngərli Rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduğunu, nikahlarından 10 sentyabr 2011-ci il təvəllüdlü X11 və 19 iyul 2013-cü il təvəllüdlü X8 adlı övladlarının doğulduğunu, xasiyyətləri tutmadığı üçün Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-651/2014 nömrəli, 27 noyabr 2014cü il tarixli qətnaməsi ilə aralarındakı nikah qeydinin pozulduğunu bildirmiş və qeyd etmişdir ki, o, keçən bu illər ərzində bir neçə dəfə aliment tələbi barədə iddia qaldırmışdır. Belə ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-630/2014 nömrəli, 19 avqust 2014-cü il tarixli qətnaməsi ilə 10 sentyabr 2011-ci il təvəllüdlü X11 və 19 iyul 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa 75 manat olmaqla, ümumilikdə 150 manat sabit məbləğdə aliment müəyyən edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-293/2015 nömrəli, 17 aprel 2015-ci il tarixli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin 2((078)-630/2014 nömrəli, 19 avqust 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək Cavabdeh hər ay bir uşağa 100 manat olmaqla, ümumilikdə 200 manat sabit məbləğdə aliment tutularaq 10 sentyabr 2011-ci il təvəllüdlü X7 və 19 iyul 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə ödənilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1025/2019 nömrəli, 09 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-293/2015 nömrəli, 17 aprel 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit məbləğdə aliment miqdarı dəyişdirilərək, Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla, iki uşaq üçün ümumilikdə 250 (iki yüz əlli) manat miqdarında aliment tutularaq 10 sentyabr 2011-ci il təvəllüdlü X7 və 19 iyul 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı H.Babayeva hazırda övladlarının böyüdüyünü və tələbatının artdığını, onun xeyrinə hər ay ümumilikdə 250 (iki yüz əlli) manat aliment ödəndiyini, övladlarının saxlanılması üçün ona ödənilən alimentdən başqa maddi kömək göstərmədiyini, ödənilən aliment məbləği ilə günün tələbləri baxımından övladlarının tələbatlarını qarşılamaqda maddi cəhətdən çətinlik çəkdiyini, özünün Naxçıvan MR Səhiyyə Nazirliyində aparıcı məsləhətçi işlədiyini, 630 manat əmək haqqı aldığını, bundan başqa Naxçıvan Universitetində saat hesabı dərs tədris etdiyini və saata uyğun hər saatı 5 manat olaraq əmək haqqı aldığını, pandemiya ilə bağlı bu il dərs saatının 250 saat olduğunu, cavabdehin nümayəndəsinin qeydi etdiyi evi, maşını olması ilə bağlı halların düzgün olduğunu, evinin atasının ona hədiyyəsi olduğunu, ayağında problem olduğuna görə avtomobil aldığını, lakin özünün və uşaqlarının tələbatlarını ödəmək üçün əmək haqqının kifayət etmədiyini, cavabdehin əvvəl özəl şirkətdə işlədiyini, lakin hazırda işləməsi ilə bağlı məlumatı olmadığını, cavabdehin evli olduğunu və həmin evlilikdən də övladı olduğunu, övladlarının saxlanılması üçün maddi cəhətdən öz atalıq borcunu yerinə yetirməli olduğunu, eşitdiyinə görə cavabdehin Bakı şəhərində özünə ev tikdirdiyini, maddi imkanının yaxşı olduğunu bildirmişdir. İddiaçı H.Babayeva sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin o, nümayəndəsi vasitəsilə məhkəməyə iddia tələbinə etiraz ərizəsi göndərmişdir. Cavabdeh ərizəsində iddia tələbinə etiraz etdiyini, belə ki, aldığı əmək haqqının alimentin artırılmasına imkan vermədiyini, hazırkı işinin də zəmanətinin olmadığını, hazırda ikinci nikahdan iki azyaşlı övladının olduğunu, Bakı şəhərində kirayə yaşadığını, sosial problemlərinin çox olduğunu, aldığı əməkhaqqı ilə dolana bilmədiyini, yaşayış minimumunun Naxçıvan şəhərinə nisbətən Bakı şəhərində baha olduğunu, heç vaxt alimenti gecikdirmədiyini, iddiaçının uşaqları ona göstərməsə də, ona qarşı düşmən kimi yetişdirsə də hər zaman vaxtı-vaxtında ödədiyini, alimentin artırılacağı təqdirdə ödəmələrdə problem yaranacağını, əgər gələcəkdə sosial-iqtisadi problemləri yaxşılaşarsa aliment məbləğinin də artıra biləcəyini, hazırda iddiaçının sosial vəziyyətinin ondan yaxşı olduğunu, onda olan məlumata görə iddiaçının iki yerdə işlədiyini, ondan fərqli olaraq kirayədə yaşamadığını, uşaqları saxalamağın hər ikisinin borcu olduğunu bildirmiş və qərar qəbul olunarkən qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 nümayəndəsi olduğu şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirmiş və bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehin nümayəndəsi X6 məhkəmə baxışı iclasında verdiyi izahatında oğlu-iş üzrə Cavabdeh “xxxx” MMC-də eksbeditor vəzifəsində işlədiyini, 700 manat əməkhaqqı aldığını, işlədiyini, bundan əvvəl təyin olunmuş aliment məbləğlərini özünün ödədiyini, övladının Bakı şəhərində kirayə yaşadığını, evli olduğunu, ikinci evliliyindən iki övladının olduğunu, oğlunu ailəsinin tələbatının ödənilməsində özünün də köməklik etdiyini, iddiaçının işlədiyini və kifayət qədər qazancı olduğunu, həm Bakı şəhərində, həm də Naxçıvan şəhərində evi olduğunu, avtomobili olduğunu, tələb olunan aliment məbləğinin yüksək olduğunu, bunu ödəməyin cavabdehin maddi imkanı xaricində olduğunu, tələb olunan aliment məbləğini artırmağın hazırki vəziyyətdə gərəksiz olduğunu bildirərək sonda müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarına görə alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, həmçinin toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək hesab edir ki, iddiaçının aliment məbləğinin artırılması ilə bağlı tələblə müraciət etmək üçün əsası olmamışdır. Belə ki, iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1025/2019 nömrəli, 09 oktyabr 2019-cu il tarixli qətnaməsi qəbul edilən zaman iddiaçı X1 izahatına əsasən əmək haqqısı 450 manat olmuş, hazırda izahatına əsasən əmək haqqısı 630 manat təşkil edir, 2019-cu ildə olduğu kimi hazırda işə baxılan zaman ikinci iş yeri vardır və müəllim işləyir. Cavabdeh 2019-cu il tarixdə nümayəndəsinin izahatına əsasən işsiz olmuş, kirayə yaşamış, əlavə bir uşağı olmuş, hazırda işləməklə 700 manat əmək haqqı alır və ikinci bir uşağı doğulmuşdur, həmçinin kirayə yaşayır. Hazırda cavabdehin iddiaya etiraza əlavə etdiyi sənəddən aydın olur ki, Cavabdeh oğlu “xxxx” MMC-də eksbeditor vəzifəsində işləməklə 700 manat əmək haqqı alır. Məhkəmə qeyd edir ki, 2019-cu il tarixdə aliment təyin edilən zaman uşaqlar üçün minimum dolanacaq xərci 160 manat olması halı və iddiaçının qazancı, diqqətəlayiq digər hallar nəzərə alınmaqla aliment məbləği bir uşaq üçün 100 manatdan 125 manata qədər artırılmış, iki uşaq üçün 250 manat müəyyən edilmişdir. Hazırda bir uşaq üçün minimum dolanacaq xərci 175 manat olması, həmçinin iddiaçının qazancında izahatına əsasən 180 manat artım fərqi olduğu-yəni müsbət mənada maddi vəziyyətinin dəyişməsi nəzərə alınmaqla, eləcə də cavabdehin ailə vəziyyətindəki dəyişiklik-yəni yenidən bir övladının doğulması nəzərə alınmaqla aliment məbləğinin artırılmasını məhkəmə qanuni və ədalətli hesab etmir. Məhkəmə iddianın rədd edərkən uşaqların saxlanılması vəzifəsinin hər iki valideynin üzərinə qoyulduğunu əsas gətirərək, iddiaçının işləməklə əmək haqqı alması, əlavə müəllim olaraq işləməsi, özünə aid fərdi yaşayış evinin olması və digər tələbatlarının ödənilməsi üçün zəruri vəsaitə malik olmasını etiraf etməsini, həmçinin cavabdehin iddia tələbində artırılması tələb edilən miqdarda qazancının olmasına dair konkret və mötəbər sübutlar təqdim etmədiyini nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı X1 və Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-597/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-597/2021
16.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver