Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-60/2021 29.01.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı təşkilat Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsinin nümayəndələri X1, X2, X3 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı təşkilat Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı təşkilat Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2 xəstəlik vərəqəsi və uşağa qulluğa görə yəni xx xxxx 2017-ci il tarixində 468,64 (dörd yüz altmış səkkiz manat altmış dörd qəpik) manat, xx xxxxxxxx 2017-ci il tarixində 57,96 (əlli yeddi manat doxsan altı qəpik) manat və xx xxxxxxx 2017-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək ödənilmiş 505,30 (beş yüz beş manat otuz qəpik) manat, ümumilikdə isə cəmi 1031,30 (bir min otuz bir manat otuz qəpik) manat pul vəsaitinin Naxçıvan MR Dövlət Sosial Müdafiəsi Fondunun Naxçıvan Şəhər Şöbəsinə geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı təşkilat Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsinin nümayəndəsi X4 iddianı müdafiə edərək izahatında Fond tərəfindən ödənilən müavinətlər araşdırılarkən bəzi çatışmazlıqlar müəyyən edildiyini, Cavabdeh 2017-ci ilin may ayında Naxçıvan MR Doğum Mərkəzinin verdiyi əmək qabiliyyətinin olmaması vərəqəsi ilə 126 (bir yüz iyirmi altı) gün müddətinə hamiləlik və doğuma görə xəstəlik vərəqəsinə əsasən Fondun Şəhər Şöbəsi tərəfindən 468,64 (dörd yüz altmış səkkiz manat altmış dörd qəpik) pul vəsaiti ödənildiyini, daha sonra cərrahi doğuşla əlaqədar olaraq əmək qabiliyyəti olmaması vərəqəsi əsasında hamiləlik və doğuma görə 14 (on dörd) gün müddətinə xəstəlik vərəqəsi əsasında 57,96 (əlli yeddi manat doxsan altı qəpik) pul vəsaitinin Fondun Naxçıvan Şəhər Şöbəsi tərəfindən poçt vasitəsilə cavabdehə göndərildiyini, ümumilikdə iki vəstəlik vərəqəsi əsasında 526,60 (beş yüz iyirmi altı manat altmış qəpik) manat cavabdehə pul ödənildiyini, bundan əlavə cavabdehin Fondun Şəhər Şöbəsinə təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surəti, fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətinə, doğum haqqında şəhadətnamənin surətinə, nikah haqqında şəhadətnamənin surətinə əsasən uşağa qulluğa görə xx xxxxxxx 2017-ci ildən xx xxxxxxx 2018-ci ilədək uşağa qulluğa görə 505,30 (beş yüz beş manat otuz qəpik) manat pul vəsaitinin qanunvericiliyə ziddə olaraq cavabdehin hesabına köçürüldüyünü, cavabdehin yenidən 2020-ci ilin may ayında Fonda müraciətindən sonra bu halların araşdırıldığını, yuxarıda göstərilən vəsaitlərin həmin dövrdə Fondda işləyən məsul şəxslərin səhvliyi nəticəsində qanunvericiliyin tələbləri pozularaq verildiyinin məlum olduğunu, həmin pul vəsaitlərin cavabdeh tərəfindən geri qaytarılmalı olduğunu, ona görə ki, cavabdehin işçi olmamaqla yanaşı, əmək müqaviləsi olmadığını, həmçinin fərdi sahibkar olaraq sığorta edən olduğunu, sığortaolunan hesab edilmədiyini, cavabdehin işçi olaraq işə götürülməsi üçün əmək müqaviləsi və yaəmrin surətinin sənədlərə əlavə etmədiyini, sənəd çatışmazlığı səbəbindən. Həmçinin Sosial Sığorta haqqında Azərbaycan Respublikası Qanununun müvafiq normalarına uyğun olaraq düzgün olmayaraq cavabdehə pul vəsaiti verildiyini bildirib, Cavabdeh 2 xəstəlik vərəqəsi və uşağa qulluğa görə yəni xx xxxx 2017-ci il tarixində 468,64 (dörd yüz altmış səkkiz manat altmış dörd qəpik) manat, xx xxxxxxxx 2017-ci il tarixində 57,96 (əlli yeddi manat doxsan altı qəpik) manat və xx xxxxxxx 2017-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək ödənilmiş 505,30 (beş yüz beş manat otuz qəpik) manat, ümumilikdə isə cəmi 1031,30 (bir min otuz bir manat otuz qəpik) manat pul vəsaitinin Naxçıvan MR Dövlət Sosial Müdafiəsi Fondunun Naxçıvan Şəhər Şöbəsinə geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı təşkilat Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsinin nümayəndəsi X5 digər nümayəndə X1 izahatına əlavəsi olmadığını bildirib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı təşkilat Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsinin nümayəndəsi X6 digər nümayəndə X1 izahatına əlavəsi olmadığını bildirib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanında qeydiyyatda olduğunu və hər ay məcburi sığorta haqqını ödədiyini, saç ustası işlədiyini, məcburi sosial sığorta ödədiyi vaxt ona gələcəkdə hansı təminatlarının olması izah edilən zaman hamiləliyə və doğuşa görə məzuniyyət pulunun alınmasını da bildirdiklərini, qanunsuz heç bir iş görmədiyini, sənədlərini toplayıb Fondun Naxçıvan Şəhər Şöbəsinə təqdim etdiyini, qanunauyğun olaraq müavinət hesablandığını və aldığını, ikinci uşaqla bağlı müraciət edən zaman ona həmin pulun verilməsinin qanunvericiliyə uyğun olmadığını bildirdikləri zaman bir dəfə bu pulun ona verildiyini qeyd etdiyini, sonra isə əsassız yerə ona qarşı iddia qaldırdıqlarını bildirdiyini göstərib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında cavabdehin Sosial Sığorta Haqqında Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan imtiyazlarından istifadə etdiyini və bunun cavabdehin hüququ olduğunu, hər ay işlədiyi dövrdə vaxtında məcburi dövlət sığorta haqqını ödədiyini, sığorta hadisəsindən birinin hamiləlik və doğum olduğunu, cavabdehin özü-özünü sığorta edən olduğunu, çünki fərdi sahibkarlıqla məşğul olduğunu, bütün lazimi sənədləri toplayıb Fondun Şəhər Şöbəsinə təqdim etdiklərini, əsassız olduğu halda cavabdehə müavinət verilə bilməyəcəyini, ikinci dəfə müraciət etmədikləri halda Şöbə tərəfindən əvvəllər hər hansı vətəndaşa pul hesablanıb-hesablanmaması barədə araşdırma aparılmayacağını, düzgün olaraq cavabdehə pul ödənildiyini bildirib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tərəflərin izahatları və əlavə edilmiş sübutlarla əlaqəli şəkildə təhlil edib hesab edir ki, işin məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. «İnzibati İcraat Haqqında» Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi icrası «İcra Haqqında» Azərbaycan Respublikası Qanununa əsasən icra məmurları tərəfindən icra olunur. Həmin Qanunun 82.2-ci maddəsinə görə isə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə qeyd edir ki, inzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Belə hüquq münasibətlərində tərəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir. Qeyd olunmalıdır ki, inzibati hüquq münasibətlərinin bu əlaməti dövlət idarəetmə fəaliyyətinin mahiyyətini göstərir. İnzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Bu isə inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı fəaliyyəti üzərində məhkəmə nəzarətinin müəyyən edilməsini tələb edir. «İnzibati icraat haqqında» Qanunun 72-ci maddəsində inzibati orqanların qəbul etdiyi inzibati aktlardan inzibati şikayətin inzibati qaydada və ya məhkəmə qaydasında verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Hazırkı icraat daxilində tələb yönəldilmiş borclu (cavabdeh) inzibati aktla üzərinə konkret hərəkəti həyata keçirmək vəzifəsi qoyulmuş şəxsdir. Pul tələblərinin icra edilməsi zamanı tələbin icraya yönəldilməsi haqqında qərar icra sənədi kimi çıxış edir. Belə olan halda da, “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinə əsasən məhkəmə qaydasında icra sənədinin əldə edilməsinə heç bir ehtiyac qalmır. Tələbin icraya yönəldilməsi haqqında qərar birmənalı şəkildə hansı tələbin (məbləğ, forma, müddət) irəli sürüldüyünü əks etdirməlidir. Bu qərar özü müstəqil olaraq inzibati akt hesab edilir və ona qarşı müstəqil qaydada inzibati şikayət və inzibati iddia (mübahisələndirmə) irəli sürülə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” qərarının 5.1 və 7.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 15.4-cü bəndinə göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə istinad edərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçının qeyd edilən məbləğin qaytarılması barədə inzibati akt olan qərar qəbul etməli və həmin qərar icraya yönəldilməlidir. Bu cür inzibati akt faktiki olaraq müvafiq olaraq icraya yönəldilməli olan sənəd hesab edilir. Məhkəmə izah edir ki, inzibati orqan ödənilməsini əsassız hesab etdiyi məbləğin geri alınması üçün məhkəməyə müraciət etməli deyil, müvafiq qərar (inzibati akt) qəbul etməli və özlüyündə icra sənədi sayılan həmin inzibati aktı icra edilməsi üçün icra qurumuna göndərməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r v e r d i : İddiaçı təşkilat Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya ödənilməsini əsassız hesab etdiyi məbləğin geri alınması üçün müvafiq qərar (inzibati akt) qəbul etməsi və özlüyündə icra sənədi sayılan həmin inzibati aktı icra edilməsi üçün icra qurumuna göndərməsi hüququnun olması izah edilsin. Qərardaddan onun tərəflərə rəsmi təqdim olunduğu gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-60/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-60/2021
29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver