Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-60/2023 12.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçının vəkil və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 5000 (beş min) ABŞ dollarının və iş üzrə ödəmiş olduğu 105 (yüz beş) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə tələbi əsaslandıraraq bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Türkiyə Respublikası vətəndaşı olan İddiaçı dediklərinə əsasən iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh tanımış, münasibətləri yaxşı olmuş, hətta Təranə xanımın evində dəfələrlə qalmışdır. Naxçıvanda işləri bitdiyindən Türkiyə Respublikasına qayıtmış, amma yenə Təranə ilə dostluğunu sürdürmüş, 16 avqust 2022-ci il tarixdə Təranənin ona vatçap vasitəsilə pula ehtiyacı olduğunu, 5-6 min dollar borc para verməsini çox zor durumda olduğunu, ilin sonunadək geri verəcəyini, ona səninlə kardeşik kardeşimdən yardım istədiyini yazmışdır. İddiaçı dost olduqlarını, pulu göndərəcəyini amma necə göndərəcəyini bildirmişdir. Cavabdeh X1 şəxsiyyət vəsiqəsinin surətini vatsap vasitəsi ilə ona göndərərək İsmayıl Həsənovun adına pulu göndərməsini bildirmişdir. X12 İsmayıl Həsənovun adına 5000 min ABŞ dolları göndərmiş və banka kodunu ataraq gedib götürə biləcəyini bildirmişdir. Cavabdeh vatçap yazışmasında əmanəti aldığını, Allah nəsib etsə ilin sonundan daha erkən göndərəcəyini bildirmişdir. Cavabdeh dediyi vaxtda pulu göndərmədiyindən, İddiaçı ilə Cavabdeh arasında vatçap yazışmaları və səs kayıtları olmuşdur. Cavabdeh 5000 min ABŞ dollarını aldığını etiraf etmiş, lakin ilk öncə pulunun olmadığını, maddi sıxıntılarının olduğunu, Bakı şəhərinə gedəndən sonra orada pul tapıb 5000 min ABŞ dollarını ona geri qaytaracağını bildirsə də hərdən bir bəhanə gətirərək 5000 min ABŞ dollarını ona qaytarmamışdır. Cavabdeh Airf qızı 08 dekabr 2022-ci il tarixdə məhkəməyə etiraz məktubu göndərərək hazırda Bakı şəhərində yaşadığı və uzun illərdir ki, işləmədiyi üçün keçirilən məhkəmə proseslərində gəlib iştirak edə bilmədiyini, buna maddi durumunun çətin olması və yol xərclərini həll edə bilməməsi kimi problemləri olmasının səbəb olduğunu, bu halın üzürlü hesab edilməsini xahiş etdiyini, uzun illər dövlət qulluğunda işlədiyini, 2015-ci ildən tutduğu vəzifənın islahatlar çərçıvəsində ləğv edilib, ixtisar olunduğunu, iki ali təhsilinin olduğunu, 7 ildir ki, hələ də işlə təmin olunmadığını, başqa vəzifəyə keçirilmədiyini, evdə ailə başçısının olmadığını öhdəsində yetmiş yaşlı pensiyaçı anasının olduğu üçün, mövcud kommunal xərclərin vaxtında ödənilməsi və ümumiyyətlə normal insan yaşayışı üçün uzun illər işləməmək, ailəyə heç bir yerdən gəlir gəlməməsi də nəzərə alınsa müəyyən iş axtarmaq, işlə təmin olunmaq zərurəti yarandığını, Muxtar Respublika Ali Məclisinin Sədrinə həm YAP üzvü kimi, həm də sabiq komanda üzvü kimi 3 dəfə teleqram vurduğunu, onun teleqramlarına rəsmi cavab verilmədiyini, maddi durumunun çətinliyinə görə onun Bakı şəhərinə gəlib müəyyən iş müraciətləri ilə məşğul olmaq ,öz şəxsi problemlərini yoluna qoymaq işləriylə yanaşı şəxsi tanışlıq, dostluq, qohumluq əlaqələrinin köməyi ilə iş axtarmaq məsələləri ilə məşğul olduğunu, bu proseslərin müəyyən vaxt tələb etdiyini, onun Bakı şəhərinə gələndə maddi çətinliklər içərisində olduğunu, uzun illərdir tanış olduğu, özünü ailəsinə, ona dost, bacı kimi tanıdan Dilşən xanım ona tez-tez mesajla zəng etməklə guya mənəvi dəstək olduğunu bildirdiyini, maddi durumuyla, niyə işsiz qalması ilə maraqlandığını, bir neçə dəfə israrla Bakıya gedib orada iş üçün müraciət etməyini, işlə təmin olunmağını təklif etdiyini, maliyyə durumunun çətin olmasını dediyində onun cavabdehə “biz kardeşiz, arkadaşız, malım malına, canım canına fəda olsun” yazdığını və ona maddi köməklilkdə hazır olduğunu bildirdiyini, bütün vatsap mesaj yazışmalarının telefonda qaldığını lazım bilinsə təqdim edə biləcəyini, Dilşənin onların evində, süfrələrinin başında 10 il çörək yediyini, anasına “Ana” deyə müraciət etdiyini, demək olar ki hər ay Naxçıvana gəlib onun qonağı olduğunu anasının ona süfrə açdığını, onu Ali Məclisin sədri ilə şəxsən tanış etdiyini, biznes layihəsini həyata keçirməyə yardımçı olduğunu, dəfələrlə bahalı hədiyyələr aldığını, Naxçıvanda olarkən həmişə diqqət, qayğı, dəstək göstərdiyini, onu tək qoymadığını, səmimiyyətin, dostluğun qarşılıqlı olduğuna inandığını, onun köməklik təklifini qəbul edərkən bir neçə aylıq müddətə Bakıya gedə bilmək üçün biraz borc pul aldığını, işləri düzələn kimi qaytaracağını dediyini, Dilşənin pulunu heç kimin inkar etmədiyini, Dilşənin ona köçürmə yolu ilə 5000 ABŞ( beş min dollar) pul göndərdiyini, hələ işlə təmin olunmadığı üçün borcunu qaytara bilmədiyini, bu haqda özünə yazib bildirdiyini,biraz gözləməsini xahiş etdiyini, işə başlayan kimi ilk əmək haqqısının onun hesabına köçürəcəyinə söz verdiyini, ancaq Dilşən xanımın hər ay durmadan ondan pulunu qaytarmağı tələb etdiyini, dostluğa, insanlığa, ona evində, ailsində qoyulan hörmətə göstərilən diqqətə sığmayan addımlar atdığını, Naxçıvanda səfərdə olarkən onun iddiaçıya verdiyi 5000 (beş min) AZN nağd pulu qaytarmaqdan iddiaçının imtina etdiyini, sübutun yoxdur deyib inkar etdiyini, ona dəfələrlə yüksək səviyyədə hörmətlər olunduğunu, bunları inkar etməyin qadınlığa insanlığa sığmadığını, X11 5000 (beş min) manat pulu, Naxçıvan şəhərindəki “Gioncarlo” qızıl mağazasından aldığı və ona verdiyi qızıl boyun bağını Bakı şəhərində qonağı olarkən brend mağazalardan alınmış dəyəri iki min manat olan qara rəngli paltarı və dəyəri altı yüz manat olan çantanı geri alınıb qaytarılmalı olan və müəyyən səbəblərdən gecikdirilən 5000 (beş min) dollar borc göndərdiyi pulla konpensasiya olunmasına köməklik gostərilməsini xahiş etdiyini, Dilşən Karanın ondan aldıqlarını inkar etdiyini, özünü qeyri səmimi apardığını və məhkəmə prosesinə düzgün məlumat vermədiyini, onun yeddi ildir işsiz olduğunu heç bir sosial yardım almadığını özəl bizneslə məşğul olmadığını, hazırda 5000 (beş min) dollar pulunun olmadığını, Dilşən Eminəyə verdiyi 5000 (beş min) manat pul və hədiyyə etdiyi bahalı qızıl zinət və geyim əşyaları ilə ona olan borcunun konpensasiya olunaraq bağlanılmasını və yaxud işlə təmin olunan kimi ilk əmək haqqısının və borcu bitənədək növbəti məvaciblərini də onun hesabına köçürülməsi təklifini mümkün olarsa qanunvericilik tələblərinə uyğun nəzərə alınmağını, əgər Dilşən xanım arzu edərsə onun məmnuniyyətlə onun həyat yoldaşı X7 məhkəmə prosesinə dəvət etdiyini, və Mitat bəyə Dilşən xanımın Naxçıvanda kimlərlə harada, hansı işlərlə məşğul olduğunu, bunlara dair telefon yazışmalarını, danışıqlarını, X9 qəbuluna nə üçün getdiyini Bakı şəhərində kiminlə görüşdüyünü ondan aldığı 5000 manat pulu və bahalı hədiyyələri nə üçün aldığını ətraflı və faktlarla anlatacağını bildirmək istədiyini bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh Airf qızına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, 08 dekbar 2022-ci il tarixdə məhkəməyə etiraz məktubu göndərmiş, hal hazırda Bakı şəhərində yaşadığını, uzun illərdir işləmədiyi üçün keçirilən məhkəmə proseslərində iştirak edə bilməyəcəyini, buna maddi vəziyyətinin çətin olması və yol xərclərinin həll edə bilməməsi kimi problemlərinin olduğunun səbəb olduğunu, üzürlü hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfindən 08 dekabr 2022-ci il tarixdə məhkəməyə göndərilmiş etiraz məktubunu nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında iddiaçının vəkil və nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının vəkil və nümayəndəsinin izahatını dinləyib, cavabdeh tərəfindən məhkəməyə göndərilmiş iddiaya etiraz məktubunu araşdırıb, həmin izahatı və iddiaya etiraz məktubunu iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia tələbinə münasibət bildirən iş üzrə Cavabdeh məhkəməyə göndərdiyi iddiaya etiraz məktubunda iddiaçının köməklik təklifini qəbul edərkən bir neçə aylıq müddətə Bakıya gedə bilmək üçün biraz borc pul aldığını, işləri düzələn kimi qaytaracağını dediyini, Dilşənin pulunu heç kimin inkar etmədiyini, Dilşənin ona köçürmə yolu ilə 5000 ABŞ (beş min) dollar məbləğində pul göndərdiyini, hələ işlə təmin olunmadığı üçün borcunu qaytara bilmədiyini, bu haqda özünə yazıb bildirdiyini, bir az gözləməsini xahiş etdiyini, işə başlayan kimi ilk əmək haqqısının onun hesabına köçürəcəyinə söz verdiyini, ancaq Dilşən xanımın hər ay durmadan ondan pulunu qaytarmağı tələb etdiyini qeyd etmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi cavabdeh iddiaçıdan həqiqətən də 5000 (beş min) ABŞ dolları məbləğində borc aldığını və həmin pulu qaytarmadığını inkar etmir, həmin borcu qəbul edir. Məhkəmə cavabdehin iddiaçıdan 5000 (beş min) ABŞ dolları məbləğində borc almasını və qaytarmadığını bildirməsinə dair etirafını həqiqətən də iddia ərizəsində qeyd olunan məbləğdə pulun ona verilməsinin və iddiaçıya qaytarılmamasının yəni iddia tələbinin təsdiqi kimi qəbul edir və hesab edir ki, iddiaçı iddia tələbini sübut etmə yükündən azad edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən tərəflərin hansı hüquqi münasibətdə olmalarının müəyyən edilməsi tələbinə müvafiq olaraq qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi iş üzrə tərəflər arasındakı borc tələbinin məbləği 3000 (üç min) manatdan artıq olsa da onlar arasında bununla bağlı yazılı borc müqaviləsi bağlanmamışdır. Göründüyü kimi tərəflər arasında yaranmış münasibətlərin əsasında duran hər hansı qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından əsassız varlanma hüquq münasibətlərindən irəli gələn münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı 5000 (beş min) ABŞ dolları məbləğində pulu Cavabdeh verməsi ilə cavabdeh heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadan İddiaçı hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2 və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında heç bir müqavilə və ya qanuni əsas olmadan cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə iddiaçının ona verdiyi pul məbləğini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddia tələbində göstərilən pul məbləğinin iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmiş, hətta məhkəməyə göndərdiyi etiraz məktubunda qeyd olunan borcunun olduğunu və onu qaytarmadığını qeyd etmişdir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, 5000 (beş min) ABŞ dolları məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin cavabdehin diqqətinə çatdırır ki, cavabdeh iddiaçıdan 5000 (beş min) manat pulu, Naxçıvan şəhərindəki “Gioncarlo” qızıl mağazasından aldığı və ona verdiyi qızıl boyun bağını Bakı şəhərində qonağı olarkən brend mağazalardan alınmış dəyəri iki min manat olan qara rəngli paltarı və dəyəri altı yüz manat olan çantanı geri alınıb qaytarılmalı olan və müəyyən səbəblərdən gecikdirilən 5000 (beş min) dollar borc göndərdiyi pulla konpensasiya olunmasına köməklik gostərilməsini xahiş etsə də qeyd olunan pulun və əşyaların iddiaçıdan tələb olunması ilə bağlı məhkəməyə qarşılıqlı iddia verməmişdir, ona görə də qeyd olunan tələbə məhkəmə tərəfindən münasibət bildirilə bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Qeyd olunan qərara istinad edən məhkəmə hesab edir ki, qətnamə icra edilərkən ödəniş gününə manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 105 (bir yüz beş) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - 5000 (beş min) ABŞ dolları məbləğində pul (ödəniş gününə manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsinə uyğun olaraq) Cavabdeh tutularaq İddiaçı ödənilməli; -105 (yüz beş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 5000 (beş min) ABŞ dolları məbləğində pul (ödəniş gününə manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsinə uyğun olaraq) Cavabdeh tutularaq İddiaçı ödənilsin. 105 (yüz beş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-60/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-60/2023
12.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver