Məhkəmə qərarları › İş №2(078)-608/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-608/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-608/2024 21.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5400 (beş min dörd yüz) manat məbləğində borc, həmçinin 74 (yetmiş dörd) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5474 (beş min dörd yüz yetmiş dörd) manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddi tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh ilə arasında 28 avqust 2020-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən o, cavabdehə 5400 (beş min dörd yüz) manat məbləğində borc pul verilmişdir. Müqavilənin 1-ci bəndinə əsasən, “Borc verən” “Borc alana” 5400 manat məbləğində borc verir. Müqavilənin 2-ci bəndində əsasən, cavabdeh xx.xx.2021-ci il tarixə kimi borc məbləğini ona qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin o, cavabdehdən borcu tələb edəndə, müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayınır. Müqavilənin 3-cü bəndinə əsasən, İddiaçı, bu Müqavilənin 1-ci bəndində nəzərdə tutulan məbləği Cavabdeh "xxxx" ASC-nin 3 saylı şöbəsində açılan depozit vasitəsi ilə ödəyir. Müqavilənin 5-ci bəndinə əsasən, kredit müqaviləsində irəli gələn borclu şəxsin yaşayış yeri üzrə icra edilməlidir. Müqavilənin 7-ci bəndinə əsasən, “Borc verən" müqavilə üzrə öhdəliyin icrasını tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərinə etdiyi qeydlə təsdiq etməlidir. Müqavilənin 9-cu bəndinə əsasən, ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Müqavilənin 10-cu bəndinə əsasən, “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda,qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Uzun müddət keçməsinə baxmayaraq bu gunə kimi cavabdehdən öhdəliyin icra etməsini dəfələrlə tələb etsə də cavabdeh öhdəliyi icra etmir və borcu qaytarmır. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin o, məhkəmənin ünvanına xx.xx.2024-cü il tarixdə ərizə göndərərək mülki işə onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh izahatında bildirmişdir ki, o, 2019-cu ildə Sumqayıt şəhərində fəaliyyət göstərən “Elmar” marketlər şəbəkəsinin 1 bölümündə işləyib. 2020-ci ildə “Covid” pandemiyası səbəbindən işçilərin sayı azaldığından onu market şəbəkəsinin sahibi 4-5 işçinin əvəzinə işlədirdi. Anbardar, müdir kimi həmin marketdə işləyib. Çox əziyyət çəkib, çünki evdə ailə üzvlərindən işləyən bir tək özü olub. O hətta “Elmar” marketin sahibindən xahiş edib ki, heç olmasa əmək haqqısını artırsın. Ancaq heç bir artım edilməyib. Sonra onu “Elmar” market şəbəkəsinin başqa bir marketinə işçi təyin etdilər. Həmin marketin kassasında 2500 manat kəsir vardı. Həm də kassa məsələsinə baxırdı. İddiaçı Yaqut xanım “Elmar” marketlər şəbəkəsində mühasib işləyirdi. Yaqut xanım bu kəsiri düzəldəcəyini bildirdi. Sonra bir gün Yaqut xanım dedi ki, şirkətə ödəmə etməlidir. Şöferlə 1800 manat və Yaquta xanıma 750 manat pul göndərib. Onun 750 manatı Yaqut xanıma gedəcəkdi. 1800 manatı isə şirkət hesabına köçürüləcəkdi. O da bunu qəbul edib. Həmin pulu Yaquta şöferlə göndərib. Sonra Yaqut xanım ona bildirdi ki, Mehdi “pul mənə çatmayıb axı.” O da pulu şöferlə göndərdiyini bildirib. Lakin ona çatmadığını Yaqut xanım bir daha bildirdi. O şöferlə əlaqə saxladığı zaman şöfer and içərək pulu apardığını bildirdi. 1750 manat da kəsir pul gəldi və həmin kəsiri də onun üstünə qoydular. İşdən ayrılıb “Pioner” marketində çalışmağa başladığı zaman “Elmar” marketin sahibi ilə “Pioner” marketin sahibi ona oyun oynayırlar. “Pioner” marketin sahibi ona əmək kitabçasını təqdim etməyi demiş, lakin onun əmək kitabçası “Elmar” marketin sahibində qalmışdı. Əmək kitabçasını tələb etdiyi zaman “Elmar” marketin sahibi bildirdi ki, nə zaman kəsir pulları ödəsə onda əmək kitabçasını verəcək. Ya da əmək kitabçasına ona maddə ilə çıxardacağını və bu əmək kitabçası ilə heç yerə işə qəbul edilə bilməyəcəyini bildirdi. O da məcbur olub Notariusda borcu qəbul edərək Yaqut xanımla müqavilə bağlayıb. Ancaq onu həmin müqaviləni hədə-qorxu və şantajla məcbur edib bağlatdırdılar. Cavabdeh qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə cavabdehin izahatını, iddiaçının ərizəsini, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 28 avqust 2020-ci il tarixdə tərtib olunaraq həmin tarixdə Sumqayıt şəhəri 3 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 3M-1028 reyestr nömrəli kredit müqaviləsindən aydın olur ki, həqiqətən həmin tarixdə İddiaçı ilə Cavabdeh arasında qeyd olunan müqavilə bağlanmışdır. Müqavilənin şərtinə əsasən İddiaçı Cavabdeh 5400 (beş min dörd yüz) manat borc vermiş, Cavabdeh kredit borcunu xx.xx.2021-ci il tarixədək qaytaracağı ilə bağlı öhdəlik götürmüşdür. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş mobil telefonu iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliyi lazımınca yerinə yetirməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də müvafiq məsuliyyəti yaranmışdır. Cavabdeh izahatında borcun bir hissəsinin qaytarıldığını bildirsə də bunu təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 28 avqust 2020-ci il tarixli kredit müqaviləsi üzrə 5400 (beş min dörd yüz) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 14221103 rüsum nömrəsi ilə ExpressPay vasitəsilə ödənilmiş 74 (yetmiş dörd) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. İş üzrə Cavabdeh 28 avqust 2020-ci il tarixli kredit müqaviləsi üzrə 5400 (beş min dörd yüz) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilsin. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 14221103 rüsum nömrəsi ilə ExpressPay vasitəsilə ödənilmiş 74 (yetmiş dörd) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar