Məhkəmə qərarları › İş №2(078)-612/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-612/2022

11.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-612/2022 11.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh alimentin artırılaraq sabit pul məbləğində tutulması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-182/2012 nömrəli, 23 avqust 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək X1 yetkinlik yaşına çatanadək saxlanması üçün atası Cavabdeh hər ay sabit məbləğdə 193 (bir yüz doxsan üç) manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 31 iyul 2007-ci il tarixdə Naxçıvan şəhər Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, onların nikahlarından 27 sentyabr 2008-ci il təvəllüdlü X2 adlı övladları doğulmuşdur. Aralarındakı nikah qeydi cavabdehin tələbi əsasında Naxçıvan Şəhər Məhkəməsinin 23 avqust 2012-ci il tarixli 2(078)-182/2012 nömrəli qətnaməsi ilə pozulmuş, boşanmadan sonra 27 sentyabr 2008-ci il təvəllüdlü X2 onun yanında saxlanılmaqla övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh işləmədiyi təqdirdə sabit məbləğdə 50 (əlli) manat, işlədiyi təqdirdə isə hər ay qazancının (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq onun xeyrinə ödənilməsi qət olunmuşdur. Cavabdeh hazırda ona 100 manat aliment ödəyir. Qızı Fidan 14 yaşın içindədir və Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin 7-ci sinfində oxuyur. Əvvəllər uşaq balaca olduğundan cavabdehin ödədiyi aliment pulu ilə uşağın təlabatlarını müəyyən mənada qarşılamaq olurdu. Lakin hazırda uşaq böyüyüb və onun tələbatları demək olar ki, hər gün biraz daha artır. Həmçinin qızı Fidan məktəbdənkənar hazırlıq kurslarına gedərək təhsil alır, bu da onun tələbatlarını daha da artırır və onları qarşılamaqda çətinlik çəkir. Özü Naxçıvan MR Vərəm Dispanserində xadimə işləyir. Uşağın atası Orxan hər ay ödədiyi aliment pulundan əlavə uşağın saxlanılmasında ona heç bir köməklik etmir. Orxan hazırda Bakı şəhərində dəmiryol idarəsində işləməklə yaxşı qazanc əldə etsə də onun hər ay nə qədər qazanc əldə etməsindən məlumatı yoxdur. Hesab edir ki, uşağı saxlamaq, onun zəruri ehtiyaclarını ödəmək və qayğısına qalmaq onun olduğu qədər bir ata kimi Orxanın da borcudur. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 31 iyul 2007-ci il tarixdə Naxçıvan şəhər Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, onların nikahlarından 27 sentyabr 2008-ci il təvəllüdlü X2 adlı övladları dünyaya gəlmişdir. Tərəflər arasındakı nikah qeydi Naxçıvan Şəhər Məhkəməsinin 23 avqust 2012-ci il tarixli 2(078)-182/2012 nömrəli qətnaməsi ilə pozulmuş, boşanmadan sonra 27 sentyabr 2008-ci il təvəllüdlü X2 anasının yanında saxlanılmaqla onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh işləmədiyi təqdirdə sabit məbləğdə 50 (əlli) manat, işlədiyi təqdirdə isə hər ay qazancının (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət olunmuşdur. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, Vərəm Xəstəxanasında xadimə işləyir, aylıq əmək haqqısı 264 manatdır. Cavabdeh Bakı şəhərində yaşayır. Orada evlənib, övladı vardır. Bir dəfə olsun uşaqla maraqlanmır. Onun ehtiyacını qarşılamır. Uşaq 14 yaşındadır. 9-cu sinifdə təhsil alacaq. Tək ana olaraq çatdıra bilmir. İndi cavabdeh ona 100 manat aliment ödəyir. Həmin pul uşağın ehtiyacını qarşılamır. Orxan uşağı ilə telefonla belə danışmır. Nə vaxt Orxanın anası Bakıya gedirsə onda oğlunu məcbur edir ki, uşağa zəng vursun. Özü anasının yanında qalır, anasının pensiyasını da onun əmək haqqına əlavə edir və elə dolanır. Cavabdehin 100 manat aliment ödənilməsi istəyini qəbul etmir, onun borcudur ki, uşağını saxlasın. Cavabdehin hazırda işlədiyi işdən əlavə hər hansı gəlirinin olub-olmadığını bilmir. Qeyd etdiklərini nəzərə alıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin o, məhkəmənin ünvanında 16 iyun 2022-ci il tarixli ərizə göndərərək ərizəsində iddia tələbinə etiraz etdiyini, kirayədə yaşadığını, ailə vəziyyəti ilə əlaqədar uşağın saxlanılması üçün 100 (bir yüz) manatdan artıq aliment verməyə imkanının olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb onları qiymətləndirərək hesab edir ki, iddiaçının alimentin artırılaraq sabit pul məbləğində tutulması tələbi ilə müraciət etməsi üçün əsası olmuşdur. Məhkəmə 2012ci il üçün yaşayış minimumunun bir uşaq üçün 87 manat məbləğində müəyyən edildiyini, həmin vaxt məhkəmə tərəfindən Cavabdeh işləmədiyi təqdirdə sabit məbləğdə 50 (əlli) manat, işlədiyi təqdirdə isə hər ay qazancının (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment müəyyən edildiyini, hazırda iddiaçının dediyinə görə cavabdehin uşağın saxlanılması üçün 100 manat aliment ödədiyini, bunu iddiaçının öz izahatında qeyd etdiyini, 2012-ci ildən 10 il müddət keçdiyini, həmin müddət ərzində uşağın gündəlik həyat şərtlərinə uyğun tələbatlarının artmasının istisna olunmadığını, iddiaçının və cavabdehin maddi vəziyyətinin dəyişməsinin mümkün olan hallarını nəzərdən keçirib hesab edir ki, belə olan halda iddiaçının tələbi qismən əsaslıdır və qismən təmin edilməldir. Məhkəmə 27 sentyabr 2008-ci il təvəllüdlü X1 hal-hazırda anası İddiaçı himayəsində yaşamasını, uşağın xüsusi qulluq və qidalanmaya ehtiyacını və həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq Cavabdeh hər ay sabit məbləğdə 150 (bir yüz əlli) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir. Məhkəmə iddianın qalan hissəsini rədd edərkən iddiaçının cavabdehin kifayət qədər qazancının olmasına dair konkret və mötəbər sübutlar təqdim etmədiyini nəzərə alır. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş və iş materiallarına əlavə edilmiş 16 iyun 2022-ci il tarixdə "xxxx" QSC İnfrastruktur Departamenti 2 nömrəli X5 tərəfindən verilmiş 106 nömrəli arayışda qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən "xxxx" QSC İnfrastruktur Departamentinin Yol xidmətinin 2 nömrəli X3 yol montyoru vəzifəsində işləyir və o, tutulmalar çıxıldıqdan sonra mart ayında 496.29, aprel ayında 270.49, may ayında 84.82 manat əmək haqqı almışdır. Məhkəmə cavabdehin iddia tələbinə etiraz etməsinə dair ərizəsində qeyd etdiyi halları, 100 manatdan əlavə aliment ödənilməsinə imkanı olması barədə ərizədə bildirdiyi hallara qiymət verərək həmin arqumentləri əsassız hesab edir və qeyd edir ki, cavabdehin maddi imkanının az olması onun övladını saxlamaq öhdəliyindən azad etmir. 27 sentyabr 2008-ci il təvəllüdlü X2 anası ilə yaşayır və onun qulluq və digər zəruri tələbatlarını iddiaçı qarşılayır. 2022-ci il üçün uşaqların saxlanılması üzrə yaşayış minimumu qanunla 193 manat müəyyən edilmişdir. Uşaqları saxlamaq vəzifəsini hər iki valideyn daşıyır. Məhkəmə uşağın iddiaçının yanında qalmasını, onun bütün tələbatlarını, ehtiyaclarının iddiaçı tərəfindən qarşılanmasını nəzərə alır və bu halda hesab edir ki, daha artıq məbləğdə aliment cavabdehdən tutulmalıdır. Məhkəmə hesab edir ki, hazırki alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.6-cı maddələrinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda- ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən hazırki iş üzrə 12x(150-100)=600 manat təşkil edir ki, buna görə də iş üzrə Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 23 avqust 2012-ci il tarixli 2(078)-182/2012 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh hər ay sabit məbləğdə 150 (bir yüz əlli) manat miqdarında aliment tutularaq 27 sentyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia qalan hissədə rədd olunsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar