Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-624/2024 15.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, iddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Cavabdeh Kamal oğluna qarşı pul tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdim: İddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Cavabdeh Kamal oğluna qarşı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Kamal oğlundan 16042 (on altı min qırx iki) manat pulun Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə geri qaytarılaraq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etmişdir ki, həmin ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. «İnzibati İcraat Haqqında» Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi icrası «İcra Haqqında» Azərbaycan Respublikası Qanununa əsasən icra məmurları tərəfindən icra olunur. Həmin Qanunun 82.2-ci maddəsinə görə isə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə qeyd edir ki, inzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Belə hüquq münasibətlərində tərəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir. Qeyd olunmalıdır ki, inzibati hüquq münasibətlərinin bu əlaməti dövlət idarəetmə fəaliyyətinin mahiyyətini göstərir. İnzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Bu isə inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı fəaliyyəti üzərində məhkəmə nəzarətinin müəyyən edilməsini tələb edir. «İnzibati icraat haqqında» Qanunun 72-ci maddəsində inzibati orqanların qəbul etdiyi inzibati aktlardan inzibati şikayətin inzibati qaydada və ya məhkəmə qaydasında verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Hazırkı icraat daxilində tələb yönəldilmiş borclu (cavabdeh) inzibati aktla üzərinə konkret hərəkəti həyata keçirmək vəzifəsi qoyulmuş şəxsdir. Pul tələblərinin icra edilməsi zamanı tələbin icraya yönəldilməsi haqqında qərar icra sənədi kimi çıxış edir. Belə olan halda da, “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinə əsasən məhkəmə qaydasında icra sənədinin əldə edilməsinə heç bir ehtiyac qalmır. Tələbin icraya yönəldilməsi haqqında qərar birmənalı şəkildə hansı tələbin (məbləğ, forma, müddət) irəli sürüldüyünü əks etdirməlidir. Bu qərar özü müstəqil olaraq inzibati akt hesab edilir və ona qarşı müstəqil qaydada inzibati şikayət və inzibati iddia (mübahisələndirmə) irəli sürülə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” qərarının 5.1 və 7.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 15.4-cü bəndinə göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə istinad edərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçının qeyd edilən məbləğin qaytarılması barədə inzibati akt olan qərar qəbul etməli və həmin qərar icraya yönəldilməlidir. Bu cür inzibati akt faktiki olaraq müvafiq olaraq icraya yönəldilməli olan sənəd hesab edilir. Məhkəmə izah edir ki, inzibati orqan ödənilməsini əsassız hesab etdiyi məbləğin geri alınması üçün məhkəməyə müraciət etməli deyil, müvafiq qərar (inzibati akt) qəbul etməli və özlüyündə icra sənədi sayılan həmin inzibati aktı icra edilməsi üçün icra qurumuna göndərməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Cavabdeh Kamal oğluna qarşı pul tələbinə dair ərizəsi yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilməkdən imtina edilsin. İddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həmin tələblə bağlı müvafiq inzibati akt qəbul etmək səlahiyyəti izah edilsin. İddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəməyə göndərilmiş ərizə və ona əlavə edilən sənədlər iddiaçıya qaytaılsın. Qərardaddan şikayət, qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-624/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-624/2024
15.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver