Məhkəmə qərarları › İş №2(078)-634/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-634/2021

27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-634/2021 27.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 14 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə 3582.13 (üç min beş yüz səksən iki manat, on üç qəpik) manat əsas borc, 576.27 (beş yüz yetmiş altı manat, iyirmi yeddi qəpik) manat faiz borcu və 145.62 (bir yüz qırx beş manat, altmış iki qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4304.02 (dörd min üç yüz dörd manat, iki qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 fevral 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh 14 feval 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 21 faizlə 36 ay müddətinə 4000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 20 aprel 2021-dək Cavabdeh banka 14 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə 3582.13 (üç min beş yüz səksən iki manat, on üç qəpik) manat əsas borc, 576.27 (beş yüz yetmiş altı manat, iyirmi yeddi qəpik) manat faiz borcu və 145.62 (bir yüz qırx beş manat, altmış iki qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4304.02 (dörd min üç yüz dörd manat, iki qəpik) manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi İsa Hacıyev tərəfindən 26 avqust 2021-ci il tarixdə məhkəməyə teleqram göndərilərək həmin teleqramda məhkəmənin icraatında olan və 27.08.2021-ci il tarixə saat 11:30-a təyin olunmuş 2(078)-634/2021 saylı mülki iş üzrə üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, iddia ərizəsini müdafiə etdiklərini, bankın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını, növbəti məhkəmə iclaslarının bankı nümayəndəsinin iştirakı olmadan keçirilməsinin təyin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsinin qeyd olunan teleqramını nəzərə alan məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 14 fevral 2020-ci il tarixli, 4-Y-1-0-351-20 nömrəli kredit müqaviləsi imzalanması və cavabdehə 36 ay müddətinə, illik 21% dərəcəsi ilə 4000 (dörd min) manat məbləğində kredit verilməsi barədə müqavilə tərəflərinin razılığa gəlməsi işin mübahisəsiz halıdır. Bu halın mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş 14 fevral 2020-ci il tarixli, 4-Y-1-0-351-20 nömrəli kredit müqaviləsi ilə təsdiq olunur. İddiaçının cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh yaranmış kredit borcunun qaytarılmasını tələb etməsi isə işin mübahisəli hallarıdır. İşin mübahisəli halını məhkəmə təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə qismən öz təsdiqini tapdığından, onun tələbi əsaslı sayıldığı hissədə təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə ekspert rəyi və iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş digər yazılı sübutlardır. Məhkəmənin iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə məlumat şöbəsi tərəfindən verilmiş 07 aprel 2021-ci il tarixli arayışından, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatından aydın olur ki, cavabdeh Quliyev X3 şəhəri, İstiqlal küçəsi, ev 73, mənzil 17ünvanında rəsmi qeydiyyatdadır. Cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin 19 may 2021ci il tarixli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onun qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilmiş, lakin cavabdeh qeyd olunan ünvanda yaşamadığı üçün bildiriş və iddia ərizəsinin surəti geri qaytarılmışdır. Hazırki mülki iş üzrə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin 19 may 2021-ci il tarixli, 2(078)-634/2021 nömrəli məhkəmə bildirişi 17 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq rəsmi qaydada Cavabdeh çatdırılması üçün Naxçıvan şəhər İcra hakimiyyətinin 5 saylı Mənzil İstismar İdarəsinə göndərilmişdir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Bundan əlavə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə cavabdehin mobil telefon nömrəsinə SMS göndərilməsinə, həmçinin cavabdehə telefonoqram verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsi və “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 240cı bəndinə əsasən yuxarıda qeyd edilən hallar məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 14 fevral 2020-ci il tarixli, 4-Y-1-0-351-20 nömrəli kredit müqaviləsi imzalanmış və cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 21 (iyirmi bir) faiz dərəcəsi ilə, istehlak məqsədi üçün 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 72 (yetmiş iki) faiz dərəcəsi ilə dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Həmin kredit müqaviləsinin 5.4.3-cü və 5.4.4-cü bəndinə əsasən Borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri Kreditora vaxtında ödəməyi, Kreditor tələb etdikdə krediti hesablanmış faizlər və cərimə faizləri ilə birlikdə qaytarmağı öhdəsinə götürür. Həmin kredit müqaviləsinin 7.1-ci, 7.1.1-ci və 7.1.2-ci bəndinə əsasən Borcalan ona verilmiş krediti və hesablanmış faizi ödəniş qrafiki üzrə ödəmədikdə, Borcalan tərəfindən ödənişlər 12 (on iki) ay ərzində 3 (üç) dəfədən və ya ardıcıl olaraq 2 (iki) dəfədən çox gecikdirildikdə kreditor krediti hesablanmış faizi ilə birlikdə qaytarılmasını Borcalandan tələb edə bilər. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən isə Cavabdeh həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini 14 mart 2020-ci ildən başlayaraq 14 fevral 2023-cü ilədək hər ay 150.70 (bir yüz əlli manat, 70 qəpik) manat ödəməli olması aydın olur. Həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsindən, həm də tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş məxaric qəbzi ilə öz təsdiqini tapır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş 14 fevral 2020-ci il tarixli məxaric qəbzindən görünür ki, həmin tarixdə 4000 (dörd min) manat məbləğində pul Cavabdeh verilmiş və həmin məxaric qəbzi cavabdeh tərəfindən imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş 20 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14 fevral 2020-ci il tarixli, 4-Y-1-0-351-20 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-ə 3582.13 (üç min beş yüz səksən iki manat, on üç qəpik) manat əsas borc, 576.27 (beş yüz yetmiş altı manat, iyirmi yeddi qəpik) manat faiz borcu və 145.62 (bir yüz qırx beş manat, altmış iki qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4304.02 (dörd min üç yüz dörd manat, iki qəpik) manat borcu mövcuddur. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 14 fevral 2020-ci il tarixli, 4-Y-1-0-351-20 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddia ərizəsinə əlavə olunmuş 05 aprel 2021-ci il tarixli, UD-5270 nömrəli xəbərdarlıqdan isə Cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımi qaydada icra etməməsi və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə xəbərdarlıq göndərilməsi aydın olur. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı qarşısında öz öhdəliyini lazımınca icra etməməsi öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələbini bu hissədə əsaslı qəbul edir. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, bunun hesablanması xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən 01 iyul 2021-ci il tarixdə 2(078)-634/2021 nömrəli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 avqust 2021-ci il tarixli, 223 nömrəli ekspert rəyində isə kreditor və borcalan arasında bağlanmış 14.02.2020-ci il tarixli, 4-Y-1-0-351-20 saylı kredit müqaviləsi üzrə yaranan öhdəliklərin borcalan tərəfindən tam icra edilmədiyi, təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları və 14 fevral 2020-ci il tarixli, 4-Y-1-0-351-20 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 20.04.2021-ci il tarixə (maliyyə arayışının verilmə tarixi) kredit üzrə olan əsas borcu 3601.16 (üç min altı yüz bir manat, on altı qəpik) manat, faiz borcunun 558.78 (beş yüz əlli səkkiz manat, yetmiş səkkiz qəpik) manat təşkil etdiyi qeyd olunmuşdur. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Ekspert rəyi ilə əsas borcun iddiaçının tələb etdiyi məbləğdən artıq, faiz borcunun isə iddiaçının tələb etdiyi məbləğdən az olması müəyyən edilmişdir. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Eyni zamanda həmin maddə ilə o da müəyyən olunur ki, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki vəziyyətdə isə iddia tələbindən kənara çıxmaq üçün müstəsnalıq mövcud deyil. Bu səbəbdən də yuxarıda qeyd edilən məbləğlə bağlı əsas borca münasibətdə iddia tələbi, faiz borcuna münasibətdə ekspert rəyi əsas götürülməlidir. Qanunvericiliyin tələbləri daxilində ərizəni və ona əlavə əlavə olunmuş sənədləri araşdıran məhkəmə yekunda qeyd edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı əsas və faiz borcuna dair tələbinin əsaslı olması iş materialları ilə qismən təsdiq olunur. Buna görə də, həmin tələb qismən təmin olunmalıdır. Məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi müqavilənin ləğv ediməsinə dair hissədə isə hesab edir ki, müqavilə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İddia ərizəsinə əlavə edilmiş 06 aprel 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən müqavilənin ləğv edilməsi üçün cavabdehə lazımi qaydada məlumat verilmiş cavabdeh isə ona verilmiş xəbərdarlıqdan 30 gün keçməsinə baxmayaraq müqavilənin ləğv edilməsinə dair imtinasını iddiaçı tərəfə göndərməmişdir. Bununla da məhkəmə qeyd edir ki, Bank qanunvericiliyin yuxarıda göstərilən tələbinə uyğun olaraq müqavilənin ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 72 (yetmiş iki) faiz dərəcəsi ilə dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 145.62 (bir yüz qırx beş manat altmı iki qəpik) manat məbləğində dəbbə pulu əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, tələb olunan penya (dəbbə pulu) 70 manat məbləğədək azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2014-cü il tarixli qərarında da Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 29.35 (iyirmi doqquz manat, otuz beş qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin edilməli; - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 fevral 2020-ci il tarixli, 4-Y-1-0-351-20 nömrəli kredit müqaviləsi ləğv edilməli; - 14 fevral 2020-ci il tarixli, 4-Y-1-0-351-20 saylı kredit müqaviləsi üzrə 3582.13 (üç min beş yüz səksən iki manat, on üç qəpik) manat əsas, 558.78 (beş yüz əlli səkkiz manat, yetmiş səkkiz qəpik) manat faiz, 70 (yetmiş) manat məbləğində cərimə borcu, ümumilikdə 4210.91 (dörd min iki yüz on manat, doxsan bir qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; - 29.35 (iyirmi doqquz manat, otuz beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməli; - İddia digər hissədə əsaslı olmadığından rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 fevral 2020-ci il tarixli, 4-Y-1-0-351-20 nömrəli kredit müqaviləsi ləğv edilsin. 14 fevral 2020-ci il tarixli, 4-Y-1-0-351-20 saylı kredit müqaviləsi üzrə 3582.13 (üç min beş yüz səksən iki manat, on üç qəpik) manat əsas, 558.78 (beş yüz əlli səkkiz manat, yetmiş səkkiz qəpik) manat faiz, 70 (yetmiş) manat məbləğində cərimə borcu, ümumilikdə 4210.91 (dörd min iki yüz on manat, doxsan bir qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. 29.35 (iyirmi doqquz manat, otuz beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia digər hissədə əsaslı olmadığından rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar