Məhkəmə qərarları › İş №2(078)-637/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-637/2021

16.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-637/2021 16.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş aliment məbləğinin həcminin artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24 noyabr 2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən tutulan aliment məbləğinin artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 03 noyabr 1996-cı il tarixdə Naxçıvan şəhər VVADQ şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından 25 oktyabr 1997-ci il təvəllüdlü X3, 09 iyun 1999-cu il təvəllüdlü X1 və 24 noyabr 2009-cu il tarixli X4 adlı övladları var. 25 oktyabr 1997-ci il təvəllüdlü X3, 09 iyun 1999-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatmışdır. Tərəflər arasındakı nikah qeydi Naxçıvan Şəhər Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli 2(078)-597/2015 nömrəli qətnaməsi ilə pozulmuş, boşanmadan sonra yetkinlik yaşına çatmayan 09 iyun 1999-cu il təvəllüdlü X1 və 24 noyabr 2009-cu il tarixli X4 anasının yanında saxlanılmaqla, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 01 iyul 2015-ci il tarixdən hesablanmaqla hər ay bir uşağa 80 manat olmaqla, iki uşağa görə cəmi 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət olunmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin o, 11.06.2021-ci il tarixdə məhkəmənin ünvanına teleqram göndərərək iddianı müdafiə etdiyini, Bakı şəhərində yaşadığını, maddi imkanı olmadığı üçün məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmiş və mülki işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli 2(078)-597/2015 nömrəli qətnaməsi ilə onunla Cavabdeh arasında 03 noyabr 1996-cı il tarixdə Naxçıvan şəhər VVADQ şöbəsində bağlanmış 26 nömrəli nikah qeydi pozulmuş, boşanmadan sonra yetkinlik yaşına çatmayan 09 iyun 1999-cu il təvəllüdlü X1 və 24 noyabr 2009-cu il tarixli X4 onun yanında saxlanılmaqla, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 01 iyul 2015-ci il tarixdən hesablanmaqla hər ay bir uşağa 80 manat olmaqla, iki uşağa görə cəmi 160 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsi qət olunmuşdur. Ərizədə qeyd edilmişdir ki, cavabdeh övladlarının təlabatları ilə maraqlanmamış, hətta məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğini də vaxtlı-vaxtında ödəməmiş, onun Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə dəfələrlə telefon vasitəsilə müraciətindən sonra cavabdeh fasilərlə 50, bəzən də 80 manat ödəmişdir. Uşağın artıq böyüdüyünü, təbii olaraq ehtiyaclarının da artdığını, özünün uşağın tələbatlarını qarşılamaqda çətinlik çəkdiyini, cavabdehin isə isə hərdən məcburi qaydada ödədiyi alimentdən başqa uşağın heç bir tələbatı ilə maraqlanmadığını bildirən İddiaçı ərizəsində qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul eidlməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, məhkəmənin 2015-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğini belə maddi imkanı çox aşağı olduğu üçün ödəyə bilmədiyini, iddiaçının bunu bildiyi təqdirdə yenə də aliment tələbi barədə məhkəmədə iddia qaldırmasının yersiz olduğunu, hazırda iddiaçının tələb etdiyi aliment məbləğinin çox yüksək olduğunu, bunu ödəməyin onun maddi imkanı xaricindədir. Cavabdeh qətnamə qəbul edilərkən qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb onları qiymətləndirərək hesab edir ki, iddiaçının aliment miqdarının artırılması tələbi ilə müraciət etməsi üçün əsası olmuşdur. Məhkəmə 2015-ci il üçün yaşayış minimumunun bir uşaq üçün 108 manat məbləğində müəyyən edildiyini, iddiaçının 2015-ci il tarixdə məhkəməyə müraciət edərək məhkəmə tərəfindən alliment məbləğinin iki uşaq üçün ümumilkdə 160 manat müəyyən edildiyini, hazırda uşaqlardan birinin yetkinlik yaşına çatdığını, 2015-ci ildən 6 il müddət keçdiyini, həmin müddət ərzində uşaqların gündəlik həyat şərtlərinə uyğun tələbatlarının artmasının istisna olunmadığını və iddiaçının maddi vəziyyətinin dəyişməsinin mümkün olan hallarını nəzərdən keçirib hesab edir ki, belə olan halda iddiaçının tələbi qismən əsaslıdır və qismən təmin edilməldir. Məhkəmə 24 noyabr 2009-cu il təvəllüdlü X2 hal-hazırda anası İddiaçı himayəsində yaşamasını, uşağın xüsusi qulluq və qidalanmaya ehtiyacını və həyat şərtlərinə uyğun gündəlik tələbatlarını, nəzərə alaraq Cavabdeh hər ay sabit məbləğdə 120 (bir yüz iyirmi) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir. Məhkəmə iddianın qalan hissəsini rədd edərkən iddiaçının cavabdehin kifayət qədər qazancının olmasına dair konkret və mötəbər sübutlar təqdim etmədiyini nəzərə alır. Məhkəmə hesab edir ki, hazırki alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.6-cı maddələrinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda- ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən hazırki iş üzrə 12x(120-80)=480 manat təşkil edir ki, buna görə də iş üzrə Cavabdeh iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 13.3 (on üç manat otuz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli 2(078)-597/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh hər ay sabit məbləğdə 120 (bir yüz iyirmi) manat miqdarında aliment tutularaq 24 noyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia qalan hissədə rədd olunsun. Cavabdeh 13.3 (on üç manat otuz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar