Məhkəmə qərarları › İş №2(078)-64/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-64/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-64/2022 08.02.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 4428 (dörd min dörd yüz iyirmi səkkiz) manat məbləğində pulun, həmçinin hüquqi yardımın göstərilməsi üçün 70 (yetmiş) manat və 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ildə tanış olduğu Cavabdeh şəxsi mənzil almaq istədiyini, bununla kirayə qalmaqdan azad olunaraq şəxsi mülkiyyətinin olması istəyini reallaşdırması ilə bağlı istəyini reallaşdırmaq üçün cavabdehdən ona müəyyən köməklik etməsini xahiş etmişdir. Cavabdehi fərdi qaydada fəaliyyət göstərən hüquqşünas kimi tanıdığından ona etibar etmiş, işlədiyi yerə müştəri kimi gəlmiş, oradakı davranışları ona etibarına səbəb olmuşdur. Nəticədə cavabdeh ona güzəştli şərtlərlə mənzilin alınması üçün köməklik edəcəyini vəd verərək ondan 06 may 2021-ci il tarixində 120 manat, 26 may 2021-ci il tarixində 365 manat, 03 iyun 2021-ci il tarixində 200 manat, 05 iyun 2021-ci il tarixində 1020 manat, 07 iyun 2021-ci il tarixində 1020 manat, 28 iyun 2021-ci il tarixində 503 manat, 30 iyun 2021-ci il tarixində 800 manat, 06 avqust 2021-ci il tarixində 400 manat pul vəsaiti almışdır. Tərəfindən cavabdehə 4428 manat pul ödənilmişdir. Cavabdeh ümumi olaraq güzəştli şərtlərlə mənzilin alınması üçün müəyyən müddətdə gözləməli olduğunu ona bildirdiyindən bir müddət gözlədikdən sonra cavabdehin heç bir müsbət hərəkətlərini görmədiyindən ona ödədiyi pulların qaytarılmasını tələb etmişdir. Cavabdeh ona bildirdiyi əsaslı iradlarla razılaşmadığından 16.08.2021-ci il tarixdə Bakı şəhəri Nizami rayon 25-ci Polis Şöbəsinə ərizə ilə şikayət etmişdir. Şikayəti əsasında cavabdehdən izahat alınmış və o, öz izahatından ondan 3500 manat pul vəsaitinin aldığını etiraf etmişdir, guya aralarıda bağlanmış müqavilədən irəli gələn öhdəliklərini icra etdiyini bildirmişdir. Lakin Bakı şəhəri Nizami rayon 25-ci Polis Şöbəsi tərəfindən 24.08.2021-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və aralarındakı mübahisənin mülki xarakter olduğundan məhkəməyə müraciət etməsi ona izah edilmişdir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən Cavabdeh 4428 (dörd min dörd yüz iyirmi səkkiz) manat məbləğində pulun, həmçinin hüquqi yardımın göstərilməsi üçün 70 (yetmiş) manat və 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, iddia ərizəsinə əlavə etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsində mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq gəlməmişdir. Lakin məhkəmənin elektron poçt ünvanına 20 dekabr 2021-ci il tarixdə iddia ərizəsinə etiraz daxil olmuşdur. Cavabdeh iddia ərizəsinə etirazında iddia tələbinin mülki prosessual pozuntularla icraata qəbul edildiyini, iddiaçının faktları və halları gizlətməklə iş üzrə yalnış qətnamə çıxarılmasına nail olmağa çalışdığını, Nizami rayon Polis İdarəsinin 25-ci polis Bölməsinin 24 avqust 2021-ci il tarixli qərarından da tərəflər arasında müqavilə bağlanmasının aydın olduğunu, müqavilənin 5.1-ci bəndinə görə sifarişçinin sifarişdən imtina edilməsinin və icraçının gördüyü işlərin sifarişçi tərəfindən dayandırılmasına görə cavabdehliyi sifarişçinin daşıması və belə olduğu halda onun tərəfindən ödənilmiş xidmət haqqının geri qaytarılmadığı göstərildiyini, üzərinə düşdüyü bütün öhdəliklərini yerinə yetirdiyini, lakin iddiaçının ilkin ödənişi ödəyə bilməyəcəyini deyərək müqavilədən imtina etdiyini, verilmiş etibarnaməni ləğv etdiyini, iddia tələbinin əsassız və uydurma olması səbəbindən işin məhkəmə baxışından çıxarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, hazırki halda iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsidir. Həmin maddəyə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin maddənin dispozitiv şərtinə görə iddiaçının sübutetmə yükü vəkalət verən olaraq tapşırdığı iş və xidmətlərin haqqını ödəmək, cavabdehin sübutetmə yükü vəkalət alan olaraq ona tapşırılmış iş və xidmətləri icra etməkdir. İş materiallarından aydın olur ki, tərəflər arasında 08 may 2021-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə görə sifarişçi (hazırki işdə İddiaçı) adından sənədləşmələr etmək, ərizələr yazmaq, məsləhətlər vermək, mənzillərin kreditləri ilə bağlı lazımi hüquqi işlər görməyi icraçıya (hazırki işdə Cavabdeh) tapşırır, icraçı isə hazırki müqavilədə göstərilmiş şərtlərlə həmin mübahisənin hüquqi həllinə dair xidmətlər göstərilməsi öhdəliyini üzərinə götürür. Müqavilənin 2.1-ci maddəsinə görə bu müqavilənin icrası ilə əlaqədar zəruri olan bütün sənədləri və məlumatları icraçıya verməyi, icraçının işinin bu müqavilənin şərtlərinə uyğun olan nəticələrini qəbul etməyi, icraçının haqqını bu müqaviləsinin 4.1-ci bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürür. Müqaviləsinin 3.1-ci maddəsinə görə icraçı hazırki müqavilənin 1.1-ci bəndində göstərilmiş işləri sifarişçinin tapşırığına uyğun olaraq tam keyfiyyətlə və hüquqi qaydada yerinə yetirilməsini, bu tapşırığın icrası ilə əlaqədar digər şəxslərin müstəsna hüquqularını pozmamağı öz üzərinə götürür. 3.2-ci bəndinə görə zərurət olduğu hallarda tapşırığın icrasına üçüncü şəxsləri cəlb etməyi, gördüyü işlərin haqqının ödənilməsini tələb etmək hüququna malikdir. Müqavilənin 4.1-ci maddəsinə görə müqavilənin 1.1-ci bəndində göstərilmiş işlər üzrə sifarişçi icraçıya 3500 (üç min beş yüz) AZN pul ödəyir. Müqavilənin 5.1-ci maddəsinə görə sifarişçi onun tərəfindən təqdim edilmiş və ya verilmiş səhv məlumatın nəticəsinə görə özü cavabdehdir. Habelə sifarişçi tərəfindən icraçının gördüyü işlərin dayandırılması, sifarişindən imtina etməsinə görə cavabdehliyi özü daşıyır və belə olduğu halda onun tərəfindən ödənilmiş xidmət haqqı ona geri ödənilmir. İcraçı gördüyü işlərin mahiyyəti, onların prosedurları, müddət, əsasları və işin gedişatı barədə sifarişçiyə mütəmadi olaraq məlumat verir. İş materiallarından aydın olur ki, 03 iyun 2021-ci il tarixdə İddiaçı 300754 nömrəli etibarnamə ilə Cavabdeh etibranamə vermiş, etibarnamə üzrə verilən səlahiyyətlər aşağıdakılardır: sənədləşmə işlərini aparmaq, torpaq sahəsini, tikilini özəlləşdirmək, özəlləşdirmə ilə bağlı tələb olunan bütün hüquqi hərəkətləri etmək, müvafiq arayış və səndələri dövlət və qeyri-dövlət təşkilatlarından götürmək, arxiv idarələrində onu təmsil etmək, lazımi sənədləri təqdim edib sənədlərin dublikatını almaq, vərəsəlik işini açmaq, vərəsəliyi qəbul və ondan imtina etmək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq, Qeydiyyat və Baş Notariat Arxivində, Milli Arxiv İdarəsində, Dövlət Arxivində, Asan Xidmət Mərkəzində, Bələdiyyə İcra Hakimiyyəti, DƏDRX, Notariat və s, təşkilatlarda nümayəndə olmaq, arxiv arayışını almaq, almasına dair imza etmək, adında olan reyestrdən çıxarış almaq, DƏDRX onu təmsil etmək, adından olan Çıxarışı, texniki pasportu, müvafiq sənəd və arayışları almaq, adından imza etmək, ərizə vermək və bu işlə əaqədar olaraq bütün hüquqi hərəkətlər etmək. Etibarnamə 1 il müddətinə verilib və 03.06.2022-ci il tarixədək qüvvədədir. İddia ərizəsinə əlavə edilmiş cinayət işinin başlanılmasının rədd olunması barədə 24 avqust 2021-ci il tarixli qərardan aydın olur ki, vətəndaş İddiaçı Nizami RPİ 25-ci PŞ-nə müraciət edərək təxminən 2 ay əvvəl tanıdığı Cavabdeh ona ev almaq adı ilə ondan 4000 manat pul alaraq vədinə əməl etməyin ona qarşı dələduzluq etməsi əsasında araşdırma aparılmış və İddiaçı, Cavabdeh izahatları alınaraq işin xarakterinin mülki xarakterli mübahisə təşkil etdiyini bildirib cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İddia ərizəsinə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 avqust 2021-ci il tarixli Qərardan aydın olur ki, Cavabdeh izahatında bildirmişdir ki, fərdi qaydada hüquqşünaslıq fəaliyyəti ilə məşğul olur. O 2-3 il bundan əvvəl Seven pub kafedə Sevillə tanış olmuşdur. 2021-ci ilin may ayında həmin kafedə olarkən Sevil ona yaxınlaşıb kirayə yaşadığı ev sahibi ilə aralarında anlaşmazlıq olduğunu və bunun üçün də kreditlə mənzil axtardığını bildirmiş və ondan bu işdə köməklik istəmişdir. Bundan 2-3 gün sonra Sevillə rəsmi şəkildə VÖEN ilə müqavilə bağlayaraq ondan etibarnamə alaraq işə başlamışdır. Aralarında bağlanmış müqavilə üzrə xidmət haqqı olaraq Sevildən 3500 manat almışdır. Bundan sonra o müqavilə üzrə prosessual hüquqi hərəkətləri edərək götürdüyü öhdəlikləri yerinə yetirmişdir. O 4-5 ay ərzində səlahiyyətləri daxilində bütün işləri görmüş və Sevil də razılığını etmişdir. Nəticə əldə olunduğunu gördükdə Sevil aralarında bağlanmış müqavilədən imtina etmişdir. O da Sevilə müqavilənin 5.1-ci maddəsinin şərtlərini izah etmişdir. Belə olan halda o müqavilə üzrə öhdəliklərini yerinə yetirmişdir. Lakin müqavilə sifarişçi tərəfindən xitam edilmişdir. Məhkəmə iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı, tərəflər arasında bağlanmış müqaviləni, etibarnaməni sübut kimi qiymətləndirir və belə nəticəyə gəlir ki, tərəflər arasında imzalanmış müqavilə əsasında 3500 (üç min beş yüz) manat pulun İddiaçı tərəfindən Cavabdeh Mülsüm oğluna verilməsi öz təsdiqini tapır. Lakin iddiaçı iddia tələbində bildirdiyi 4428 manat pulun təsdiqini tapan 3500 manat puldan qalan hissəsini cavabdehə verdiyini bildirsə də bu faktın təsdiqi üçün mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə müqavilə üzrə 3500 (üç min beş yüz) manat pulun İddiaçı tərəfindən Cavabdeh Mülsüm oğluna verilməsini işin mübahisəsiz halı hesab edir. Həmin hissədə cavabdehin etirafı iddiaçının sübutetmə vəzifəsindən azad edir. Məhkəmə cavabdehə verilməsi təsdiq olunan 3500 manat puldan əlavə olaraq verilməsi iddia edilən pulun iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edən hər hansı mötəbər sübutun İddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyini nəzərə alır və həmin hissədə iddia tələbini əsaslı hesab etmir. Məhkəmə cavabdehə münasibətdə sübutmə yükünü nəzərə alıb qeyd edir ki, Cavabdeh məhkəmənin hazırlıq iclasları və məhkəmə baxışı iclasları barədə lazımi qaydada məlumatlandırılmış, iddia ərizəsi və əlavə edilən sənədlərin surəti faktiki yaşadığı ünvan üzrə göndərilmiş, cavabdeh iddia ərizəsinə etiraz yazaraq məhkəmənin elektron poçt ünvanına göndərmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək tərəflər arasında etibarlı müqavilə bağlanmasını və müqavilə üzrə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməsi, lakin iddiaçının etibarnaməni ləğv etdirməsi, belə olan halda müqavilənin 5.1-ci maddəsinə görə iddiaçının həmin pulu tələb edə bilməməsi ilə bağlı bildirdiyi arqumentləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Cavabdeh iddia ərizəsinə etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, konkret və mötəbər sübutlarını təqdim etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, bir müddət gözləsə də cavabdehin heç bir müsbət hərəkətlərini görmədiyindən pulunu geri tələb etdiyini göstərmişdir. Müqavilənin 5.1-ci maddəsi isə sifarişçi tərəfindən icraçının gördüyü işlərin dayandırılması, sifarişdən imtina edilməsinə görə cavabdehliyi özü daşıması və belə olduğu halda onun tərəfindən ödənilmiş xidmət haqqının geri ödənilməməsini tənzimləyir. Müqavilənin sözügedən bəndi üzrə icraçı olaraq Cavabdeh müqavilənin 1.1-ci bəndi üzrə üzərinə götürdüyü işlərin vaxtında yerinə yetirilməsi, işlərin mahiyyəti, işin gedişatı barədə sifarişçiyə mütəmadi olaraq məlumat verilməsi barədə sübutlarını məhkəməyə təqdim etməlidir. Müqavilənin 5.1-ci bəndi üzrə icraçı olaraq cavabdeh öhdəliklərini lazimi qaydada icra etməsi və bu barədə sifarişçini mütəmadi olaraq məlumatlandırılması öhdəliyini daşıyır ki, həmin öhdəliyi icra etməsinə dair məhkəmədə sübutetmə yükünü də cavabdeh daşıyır. Cavabdeh ona verilmiş etibarnamə üzrə, eləcə də müqavilə üzrə iddiaçıya mənzil alınmasına köməklik göstərməsi barədə hansı hərəkətlər etdiyini, nə kimi işlər gördüyünü, hansı hüquqi və prosessual xidmətlər göstərdiyini sübut etməlidir. Cavabdeh həmin hərəkətlərini sübut etdiyi halda artıq iddiaçının tələbinin müqavilənin 5.1ci maddəyə uyğun olaraq əsaslı olub-olmaması məsələsi müzakirə edilə bilər. Bu halda isə cavabdeh qanunla üzərinə qoyulmuş sübutetmə vəzifəsini icra edə bilmir və sübutlarını məhkəməyə təqdim etmir. Ona görə də məhkəmə cavabdehin arqumentlərini əsassız hesab edir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan işin hallarını nəzərə alaraq hesab edir ki, tərəflər arasında tapşırıq müqaviləsinə dair hüquqi öhdəliklər yaranmışdır. Birinci tərəf olaraq iş üzrə İddiaçı müqavilə üzrə götürdyü öhdəliyi və cavabdeh tərəfindən onun adına mənzil əldə edilməsinə köməklik məqsədilə iş və xidmətlərin göstərilməsi barədə nəzərdə tutulmuş 3500 (üç min beş yüz) manat pulu Cavabdeh vermiş, bu hal cinayət işinin başlanmasının rədd qərarı və tərəflər arasında balanmış müqavilə ilə təsdiq edilmişdir, lakin ikinci tərəf olaraq iş üzrə cavabdeh götürdüyü öhdəliyi pozaraq işi yerinə yetirmədiyi halda iddiaçının verdiyi pulu geri qaytarmamışdır. Beləliklə, tərəflər arasında tapşırıq müqaviləsinə dair mülki hüquqi münasibətlər yaranmışdır. Nəticə: Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, iş üzrə Cavabdeh 3500 (üç min büş yüz) manat pul alınaraq iş üzrə İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən Hökumət Ödəniş Portalına 29 sentyabr 2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun 23.71 (iyirmi üç manat yetmiş bir qəpik) manat pul Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə hüquqi yardım göstərilməsi ilə bağlı 70 (yetmiş) manat pulun cavabdehdən tutulması barədə məhkəmə məsrəfinə münasibət bildirərək həmin xərcin cavabdehdən tələb edilməsini əsaslı hesab etmir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş 4 saylı Bakı “Asan xidmət” mərkəzi tərəfindən verilmiş qəbzdən aydın olur ki, İddiaçı 29 sentyabr 2021-ci il tarixdə hüquqi yardım sənəd qəbulu ilə bağlı növbədə dayanmış, 03 sentyabr 2021-ci il tarixli 43-166 nömrəli mədaxil qəbzindən aydın olur ki, İddiaçı 70 manat hüquqi yardım xidməti üzrə pul ödənişi həyata keçirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hüquqi yardım xidməti üzrə pul ödənişi aparmasının məhz hazırki iddia ərizəsinin və sənədlərin hazırlanması ilə birbaşa bağlılığı öz təsdiqini tapmır. Buna görə də məhkəmə məsrəfində dair həmin hissə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. İş üzrə Cavabdeh 3500 (üç min beş yüz) manat pul alınaraq iş üzrə İddiaçı verilsin. İddiaçı tərəfindən Hökumət Ödəniş Portalına 29 sentyabr 2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun 23.71 (iyirmi üç manat yetmiş bir qəpik) manat pul Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar