Məhkəmə qərarları › İş №2(078)-644/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-644/2021

24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-644/2021 24.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5000 (beş min) manat məbləğində pulun və ödənilmiış 30 (otuz) manat dövlət rüsumunun cəmi 5030 (beş min otuz) manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, özünə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təmir etdirmək üçün usta işləyən Cavabdeh ilə danışaraq ümumi təmir üçün 14000 (on dörd min) manat qarşlığında razılaşmış, təmir işləri 19.11.2020-ci il tarixdə başlamış ilkin olaraq 4000 (dörd min) manat cavabdehə ödəniş etmiş, 04.12.2020-ci il dekabr ayında da əlavə 2000 (iki min) manat ödəniş etmişdir. Daha sonra Cavabdeh özünün tanıdığı tikinti materialları satan mağazada ucuz qiymətə tikinti malları olduğunu bildirib pul lazım olduğunu demiş, o da Azərə əlavə olaraq 2000 (iki min) manat ödəniş etmişdir. Keçən müddət ərzində cavabdeh hər dəfəsində fərqli-fərqli bəhanələr gətirərək günə muzd işləyən fəhlələrin pulu, eləcə də evin təmiri üçün gətirdiyi ustaların əl-xərci üçün ondan fərqli-fərqli zamanlarda 6000 (altı min manat) pul almış, təmiri niyə bitirmədiyini soruşduqda isə, “Material almağa pulunun olmadığını, anasının xəsətəliyinə görə pulları oraya xərclədiyini” demiş və evin təmirini dayandırmışdı. Ümumilikdə 14000 (on dörd min) manat puldan təmir üçün cəmi 9000 (doqquz min) manat xərc çəkmiş geriyə qalan 5000 (beş min) manat pulu ödəməyərək təmiri bitirməmişdir. İddiaçı qeyd etmişdir ki, daha sonra o, Cavabdeh barəsində 14.02.2021-ci il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinə, 03.03.2021-ci il tarixdə isə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə şikayət ərizələri ilə müraciət edərək cavabdehin ona borclu olduğunu 5000 (beş min) manat pulu mənimsədiyini bildirmiş, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində onun, cavabdehin, evin alqı-satqısı zaman işitrak etmiş maklerlik fəaliyyti ilə məşğul olan Valehin və evin təmirində usta kimi işləmiş Rahibin iştirakı ilə cavabdeh ona borclu olduğunu bildirimiş və 30.04.2021-ci il tarixdə borclu olduğu 5000 (beş min) manat pulu qaytaracağına dair iltizamnaməyə imza etmiş, lakin bu günədək heç bir ödəniş etməmiş, bilə-bilə öhədliklərindən boyun qaçırmışdır. Cavabdehin onun adından istifadə edərək çoxlu tikinti materialları aldığını, ona dəfələrlə zəng edib, satıcılar pulunu tələb edəndə bilmişdir ki, sən demə bu şəxs onun adından istifadə edirmiş, buna görə də heç xəbəri olmadığı halda tikinti materialları dükanına pul ödəyir, kimsənin onu dələduz kimi tanımasından qorxur, çünki onun həkimlik nüfuzu var. Evin laminantı, divar kağızı və 5 kv.m kafel-metlax işləri qalır və o bütün bu olanlardan sonra cavabdehə o işləri tamamlamasına imkan verməyib. Özünün də pula ehtiyacı olduğundan məcbur qalıb məhkəməyə müraciət etmişdir. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 06 iyul 2021-ci il tarixdə keçirilən məhkəmə baxış iclası zamanı Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, o, ustadır, iddiaçının evini təmir etdirmək üçün qarşılıqlı razılğa gəlmişlər. Usta kimi işini lazımi səviyyədə görmüş, lakin işi bir az yubatmışdır, çünki qarşıdan qış ayı gəlirdi və dörd otaqlı evin bütün divarlarını qaşıyıb kubikə çıxarmış, bir otağın divarını söküb tuğla ilə tikmiş, 25-30 kv.m olan hamam-tualetdə montaj və kafel işlərini görmüş, lakin kafel-metlax işinin 5 kv.m yarımçıq qalmışdır. Belə ki, iddiaçı ona işləri davam etdirməyinə imkan verməmişdir. İstilik sistemlərini, kanalizasiya sistemlərini işləmiş, 4 otağa və bir dəhlizə alçıpan vurmuş, balkona, mətbəxə lambir vurmuş, divarların hamısına gəc vurmuşdur. Sadəcə bitirmədiyi iş yerin lominantı, divar kağızları, 3 qapını salmaq və 5 kv.m kafel-metlak işləri yarımçıq qalmışdır. İddiaçıdan nəğd 12800 manat pul aldığını, hazırda iddiaçıya 1400-1500 manat borcunun olduğunu bildirən cavabdeh qeyd etmişdir ki, o, məcbur qalıb Naxçıvan Şəhər Polis İdarəsində Nicata 5000 manat borcu olmasına dair imza edib, lakin reallıqda onun Nicata 1500 manat borcu vardır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırki halda iddia tələbinin qanuni əsası podrat müqaviləsidir. Podrat müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 769-cu maddəsinə görə əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Məhkəmə aşağıdakı əsalara görə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin olunmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı istər məhkəməyə ünvanladığı iddia ərizəsində, istərsə də məhkəmə iclası zamanı verdiyi izahatında hazırda cavabdehin ona ümumilikdə 5000 (beş min) manat borcu olduğunu, dəfələrlə cavabdehdən pulunu tələb etsə də, bu pulun geri qaytarılmadığını diqqətə çatdırmış və məhz bu xüsusatların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki işin materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan aydın olur ki, Naxçıvan şəhəri Ə.Qəmküsar küçəsi ev 11-də yerləşən ümumi sahəsi 83.05 kv.m olan 36 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/9 nömrəli reyestr kitabının 1688 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertin 30 avqust 2021-ci il tarixli 205 nömrəli rəyindən aydın olmuşdur ki, ünvan 2 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan 36 nömrəli mənzilin otaqların, kolidorun divarlarının kubikə çıxarılana qədər qaşınması, iki otaq arası divarın sökülüb yenidən tuğla ilə hörülməsi, hamam-tualetin divarlarının kafelin 25 kv.m-nin vurulması, atapleniya, su-kanalizasiya sisteminin işlənməsi, dörd otaq və koridorun alçıpanının vurulması, balkon, mətbəxin lambirinin vurulması, divarlara gəcin çəkilməsinın, yerin şarpının verilməsi tikinti materialları və usta xərci ilə birlikdə 5069.70 (beş min altmış doqquz manat yetmiş qəpik) manat məbləğində təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı və cavabdeh arasında podrat münasibətində irəli gələn mübahisə yaranmışdır. Podratçı işinin yerinə yetirilməsinə görə sifarişçidən tələb etdiyi 12800 (on iki min səkkiz yüz) manat pulu almış, lakin razılaşmada nəzərdə tutulan müddətdə sifarişi yerinə yetirməmiş və işi sifarişçiyə təhvil verməmişdir. Bu hal Cavabdeh öz izahatı ilə təsdiqini tapmışdır. Ümumilikdə cavabdeh tərəfindən mübahisəli evdə aparılan təmir işlərinin hər biri ayrılıqda göstərilməklə dəyərinin nə qədər təşkil etməsi barədə məhkəmə tikinti-texniki eksperti qarşısında sual qoyulmuş, ekspert tərəfindən verilmiş rəydən aydın olmuşdur ki, görülən bütün işlərin ümumi dəyəri usta xərci ilə birlikdə 5069.70 (beş min altmış doqquz manat yetmiş qəpik) manat məbləğində təşkil edir. iddiaçı isə izahatında verdiyi pulun müqabilində görülən işlərin dəyərinin çıxılmaqla qalan məbləği deyil, sadəcə olaraq 5000 (beş min) manat tələb etdiyini bildirmişdir. Cavabdeh isə onun iddiaçıya 1500 (bir min beş yüz) manat borclu olduğunu qeyd etmişdir. Məhkəmə ekspert rəyini sübut qismində qiymətləndirir və hesab edir ki, rəydə cavabdeh olaraq podratçı tərəfindən görülmüş işlərin dəyəri qiymətləndirilmişdir. Müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı aldığı 12800 (on iki min səkkiz yüz) manat pul miqdarında yalnız 5069.70 (beş min altmış doqquz manat yetmiş qəpik) dəyərində iş görmüşdür. Belə olan halda qalan pul məbləğini iddiaçıya qaytarmalıdır. Məhkəmə hazırki vəziyyətdə iddia tələbindən kənara çıxılmasını nəzərdə tutan mülki prosessual qanunvericilikdə göstərilən müstəsna halın mövcud olmamasını nəzərə alaraq iddia tələbi həcmində işə baxılmasını və iddiaçının tələb etdiyi 5000 (beş min) manat dəyərində pulun Cavabdeh alınaraq iş üzrə İddiaçı verilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına (Çəmən market) 07.05.2021-ci il tarixdə 7234 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. İş üzrə Cavabdeh 5000 (beş min) manat pul alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına (Çəmən market) 07.05.2021-ci il tarixdə 7234 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar