Məhkəmə qərarları › İş №2(078)-649/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-649/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-649/2021 26.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 18 may 2021-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 14 avqust 2020-ci il tarixli kredit satış müqaviləsinə əsasən ödənilməli olan 820 (səkkiz yüz iyirmi) manat əsas borcun, bundan əlavə 14 avqust 2020-ci il tarixli kredit satış müqaviləsinə əsasən gecikdirilmiş peniya pulu olan 1200 (bir min iki yüz) manat peniya pulunun, əldən çıxmış fayda olan 1500 (bir min beş yüz) manat pulun və vəkil üçün ödənilmiş 300 (üç yüz) manat vəkil xərcinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, nəticə etibarı ilə ümumilikdə 3850 (üç min səkkiz yüz əlli) manat pulun alınaraq İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" MMC-nin təsisçisi, İddiaçı ilə Cavabdeh arasında 14 avqust 2020-ci il tarixdə kredit satış müqaviləsi imzalanmışdır. 14 avqust 2020-ci il tarixli kredit satış müqaviləsinə əsasən cavabdeh X4 10+ markalı telefonu 1900 (bir min doqquz yüz) manat dəyərində almağa razılıq vermiş və əvvəlcədən 500 (beş yüz) manat pul nağd qaydada ödənilmiş və bundan sonra yerdə qalan 1400 (bir min dörd yüz) manat hər ay 235 (iki yüz otuz beş) manat olmaqla (sonuncu ay 225 manat olmaq şərtilə) 6 ay müddətinə cavabdeh tərəfindən ödənilməli idi. Lakin həmin müqavilə üzrə cavabdeh tərəfindən nağd qaydada ödənilmiş puldan əlavə kredit müqaviləsi üzrə ödəməli olan 1400 (bir min dörd yüz) manat puldan yalnız 580 (beş yüz səksən) manat ödəniş həyata keçirilmişdir. Eyni zamanda iddiaçı qeyd etmişdir ki, müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 (on) manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin İddiaçı telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə edir və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yəni vaxtında ödənilməyən ödənişlər iddiaçı üçün maddi zərərlərə gətirib çıxarmışdır. Yəni cavabdehə satılmış telefonların vaxtında ödənilməyən pulları iddiaçının maddi itkilərə məruz qalmasına səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxslərə həmin telefonlar satılsa idi, İddiaçı maddi itkilərlə qarşılaşmayacaqdı. 26 iyul 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclası zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 26 iyul 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclası zamanı iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək verdiyi izahatında hüquqlarını müdafiə etdiyi şəxsin izahatını təsdiqlədiyini, onun izahatına heç bir əlavəsinin olmadığını bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, İddiaçı ilə Cavabdeh arasında 14 avqust 2020-ci il tarixli 666 nömrəli kredit-satış müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən satıcı qismində çıxış edən "xxxx" MMC-nin özünə məxsus olan əşyanı, yəni seriya nömrəsi **********51909 **********51917 olan X4 10+ markalı mobil telefonu Cavabdeh verməsi, sonuncunun isə malları müqavilədə göstərilən şərtlərlə qəbul etməsi barədə müqavilə tərəflərinin razılığa gəlməsi işin mübahisəsiz halıdır. Bu halın mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş 14 avqust 2020-ci il tarixli 666 nömrəli müqavilə ilə təsdiq olunur. İddiaçının cavabdehlə aralarında bağlanmış müqavilə üzrə Cavabdeh yaranmış borcun qaytarılmasını tələb etməsi isə işin mübahisəli halıdır. İşin mübahisəli halını məhkəmə təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə qismən öz təsdiqini tapdığından, onun tələbi əsaslı sayıldığı hissədə təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş yazılı sübutlardır. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 08 may 2021-ci il tarixli arayışdan və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, iş üzrə cavabdeh Məmmədov X2 MR, Naxçıvan şəhəri, Əlincə məhəlləsi, bina 23, mənzil 03 ünvanında rəsmi qeydiyyatdadır. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmiş, lakin cavabdeh qeyd olunan ünvanda yaşamadığı üçün bildiriş və iddia ərizəsinin surəti geri qaytarılmışdır. Hazırki mülki iş üzrə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmə bildirişi 07 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq rəsmi qaydada Cavabdeh çatdırılması üçün Naxçıvan şəhər İcra hakimiyyətinin 1 saylı Mənzil İstismar İdarəsinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əlavə olunmuş 14 avqust 2020-ci il tarixli 666 nömrəli kredit-satış müqaviləsindən aydın olur ki, həqiqətən həmin tarixdə "xxxx" MMC tərəfdən İddiaçı ilə Cavabdeh arasında qeyd olunan müqavilə bağlanmış və müqavilənin şərtinə əsasən iddiaçı tərəf Cavabdeh dəyəri 1900 (bir min doqquz yüz) manat olan seriya nömrəsi **********51909 **********51917 olan X4 10+ markalı mobil telefonu vermişdir. Müqavilənin şərtinə əsasən Cavabdeh 500 (beş yüz) manatı nağd şəkildə əvvəlcədən ödəmiş və bundan sonra qalan 1400 (bir min dörd yüz) manat isə 14 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay 235 (iki yüz otuz beş) manat (sonuncu ay, yəni 14 fevral 2021-ci il tarixdə isə 225 (iki yüz iyirmi beş) ) olmaqla 6 ay müddətinə qaytarılması ilə bağlı öhdəlik götürmüşdür. Qalıq borcun ödənilməsi cədvəlindən göründüyü kimi cavabdeh 14 sentyabr 2020-ci il tarixdən 14 noyabr 2020-ci il tarixədək 3 ay ərzində ümumilikdə 580 (beş yüz səksən) manat ödəniş etmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq göndərilmişdir. Tərəflər arasında olan razılaşmadan aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə Mülki Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqaviləyə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin malın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlığı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini ödəməkdən yayınmışdır. Hazırda cavabdeh alqı-satqı müqaviləsi üzrə alınmış avadanlıq üçün müəyyən olunmuş ödəniş cədvəlinə uyğun ödəməli olduğu borc və müqaviləyə əsasən ona hesablanmış cərimə borcunu iddiaçıya ödəməkdən yayınmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 4-cü bəndində qeyd olunur ki, alıcı firmaya xəbərdarlıq etmədən borcu gecikdirdiyi halda hər keçən gün üçün 10 (on) manat həcmində penya hesablanır. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 1200 (bir min iki yüz) manat məbləğində dəbbə pulu əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, tələb olunan penya (dəbbə pulu) 200 manat məbləğədək azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2014-cü il tarixli qərarında da Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində həmçinin Cavabdeh 14 avqust 2020-ci il tarixli kredit satış müqaviləsinə əsasən əldən çıxmış fayda olan 1500 (bir min beş yüz) manatın tutulmasını da xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia iddiaçının əldən çıxmış fayda tələbinə münasibətdə rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində əldən çıxmış fayda qismində 1500 (bir min beş yüz) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etsə də qeyd olunan tələbi ilə bağlı məhkəməyə hər-hansı bir sübut təqdim etməmişdir, eyni zamanda məhkəmə araşdırması zamanı da iddiaçının qeyd olunan tələbinin əsaslı olmasını təsdiq edən hallar ortaya çıxmamışdır. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun və vəkil üçün ödənilmiş 300 (üç yüz) manat məbləğində pulun da cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 8.70 (səkkiz manat, yetmiş qəpik) manat miqdarı, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat xidmət haqqının 87 (səksən yeddi) manat miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin edilməli; -iş üzrə Cavabdeh 14 avqust 2020-ci il tarixli kredit satış müqaviləsi üzrə 820 (səkkiz yüz iyirmi) manat əsas borc və 200 (iki yüz) manat peniya borcu olmaqla ümumilikdə 1020 (bir min iyirmi) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməli; -Cavabdeh 8.70 (səkkiz manat, yetmiş qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilməli; -Vəkilə hüquqi yardım üçün ödənilmiş xidmət haqqının 87 (səksən yeddi) manat miqdarı Cavabdeh alınaraq İddiaçı ödənilməli -İddia qalan hissədə əsaslı olmadığından rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia qismən təmin edilsin. İş üzrə Cavabdeh 14 avqust 2020-ci il tarixli kredit satış müqaviləsi üzrə 820 (səkkiz yüz iyirmi) manat əsas borc və 200 (iki yüz) manat peniya borcu olmaqla ümumilikdə 1020 (bir min iyirmi) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilsin. Cavabdeh 8.70 (səkkiz manat, yetmiş qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Vəkilə hüquqi yardım üçün ödənilmiş xidmət haqqının 87 (səksən yeddi) manat miqdarı Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə əsaslı olmadığından rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar