Məhkəmə qərarları › İş №2(078)-667/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-667/2024

22.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-667/2024 22.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 1700 (bir min yeddi yüz) manat pulun, hüquqi yardımın göstərilməsi haqqında 04/917 nömrəli müqavilə əsasında ödənilmiş 250 (iki yüz əlli) manat vəkilin göstərdiyi yardıma görə xərcin, 20 (iyirmi) manat marka pulunun və ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində həmkəndlisi və qonşusu X12 ona X13 rayon filialında sürücülük işinin və bir nəfər tanışının olduğunu, onun onu həmin yerə işə düzəldə biləcəyini demişdir. Həmin işə düzəltmək üçün isə həmin şəxsə 1700 manat pul verməli olacağını bildirmişdir. O işsiz olduğu üçün buna razı olmuş və pulu hazırladıqdan sonra Etibarla birlikdə Daşarx kəndinin yaxınlığında Naillə görüşüb Etibarın yanında 1700 manat pulu sürücülük və şəxsiyyət vəsiqəsilə birlikdə Nailə vermişdir. Həmin vaxt Nail ona, iş yerindən nahar yeməyi verilməklə hər ay 700 manat maaş və 3 aydan bir mükafat alacağını bildirmişdir. Sonralar onun dələduzluq yolu ilə vəd edərək onun və bir neçə şəxsin pulunu ələ keçirməsi ona məlum olmuşdur. Zərərçəkmişlərin ərizəsinə əsasən Cavabdeh barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə başlanmış cinayət işinə Naxçıvan Şəhər Məhkəməsində baxılaraq məhkəmənin 02 iyun 2022-ci il tarixli hökmü ilə 3 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Kəngərli Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qərarına əsasən isə Cavabdeh cəzadan vaxtından əvvəl azad edilmişdir. Cavabdehin bu müddət ərzində pulunu qaytarmadığını və onun harada olmasını bilmədiyindən həmin pulu tələb edə bilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu proseslə bağlı müqavilə əsasında ödəniş etdiyi 250 manat vəkilin göstərdiyi yardıma görə xərcin, vəkil orderilə bağlı 20 manat marka pulunun və ödənilmiş 37 manat dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılmasını istəyir. Məhkəmə iclasında İddiaçı həmin vaxt işsiz olduğunu, həmkəndlisi Etibarın onu işə düzəldəcək bir nəfər olduğunu dediyini, Naxçıvanbankın Şərur filialında sürücü işinə düzəlmək üçün Nailə pul verdiyini, 1700 (bir min yeddi yüz) manat pul verdiyini, Etibarın maşını ilə gedib Naillə görüşdüklərini, Etibarın maşınından düşüb Nailin maşınına mindiklərini, 1700 manat pulu Nailə verdiyini, Nailin də onu işə düzəldəcəyini, hətta ayda 700 manat əmək haqqı alacağını, nahar yeməyi verəcəklərini və 3 aydan bir paket alacağını dediyini, sonra onun maşından düşdüyünü, Etibarın bir az sonra gəldiyini, ona bayraq günü sədrin ona maşının açarını verəcəyini dediyini, məhkəmə hökmü ilə hər şeyin öz təsdiqini tapdığını, 1700 (bir min yeddi yüz) manat məbləğində pulun cavabehdən alınaraq ona verilməsini istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianın əsaslı olduğunu, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum olunduğunu, bunun da tələbi təsdiq etdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında maşına minəndə Elxanla heç nə danışmadıqlarını, Elxanın Etibarla gəlib maşına oturduğunu, Elxanın pulu maşına qoyub getdiyini, sonra həmin pulu Etibarın götürdüyünü, Elxanın 1700 manat pul qoyduğunu, özünün qaraciyər serrozu olduğunu, xəstəxanada qaldığını, iddiaçıya olan borcuna görə ayda 20 manat pul verə biləcəyini, bundan artıq pul verməyə maddi imkanı olmadığını bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində Naili tanıdığını, bir qohumunun onunla tanış etdiyini, pensiya məsələlərini düzəltdiyini, öz oğlunu işə düzəltmək üçün də Nailə pul verdiyini, qonşusu Elxanı da X13 filialına sürücü düzəldə biləcəyini dediyini, Elxanın da işləyə biləcəyini dediyini, sonra yolda görüşdüklərini, düşüb Nailin maşınına mindiklərini, orada Elxanın pulu Nailə verdiyini, həmin puldan ona heç nə çatmadığını, Elxan maşından düşdükdən 5-6 dəqiqə sonra özünün də düşdüyünü, Nailin pulu onun götürməsini bildirməsinin yalan olduğunu bildirdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-01/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Şərur rayon Şəhriyar kənd sakini X6 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə X7 heç bir səlahiyyətə malik olmadığı halda özünü Naxçıvan MR Kardioloji Mərkəzin baş həkimi X1 kimi təqdim etməklə, vəzifəli şəxslər yanında sözünün keçdiyinə dair həqiqətə uyğun olmayan məlumatlar verərək, hər hansı bir səlahiyyətə malik olmadan, əlillik pensiyası təyin etmək və digər məsələləri də həll etmək imkanının olduğuna inandırmış və bundan sonra 2021-ci ilin iyul ayından başlayaraq 2021-ci ilin oktyabr ayınadək olan dövr ərzində X5 ona İİ qrup əlillik dərəcəsinin təyin olunması üçün 1550 manat, "Müharibə veteranı" statusu alması üçün 1000 manat, veteranlara verilən evlər üçün qeydiyyata salınmasına görə 1500 manat, oğlu X14 MR Ədliyyə Nazirliyinə, digər oğlu X10 Bank ASC-yə işə düzəltmək üçün müvafiq olaraq 4000 manat və 3200 manat, arvadı X3 pensiya təyin olunması üçün 1500 manat, Ramin Hacıyevin "KİA" markalı avtomobilini almaq üçün ilkin ödəniş kimi 3000 manat olmaqla ümümilikdə xeyli miqdarda, yəni 15750 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə Cavabdeh təkrar, İddiaçı özünü Naxçıvan MR Kardioloji Mərkəzin baş həkimi X1 kimi təqdim edib, onu X13 rayon filialında sürüçü kimi işə düzəltdirəcəyi ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə 1700 manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində 3 (üç il) 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli Qərarında qeyd etmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında qeyd etmişdir ki, preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, cavabdehin qeyd olunan əməli törətməsi, dələduzluq əməli nəticəsində iddiaçının 1700 (bir min yeddi yüz) manat məbləğində pulunu ələ keçirməsi qeyd olunan məhkəmə hökmü ilə təsdiq olunur və həmin hökm hazırda məhkəmə üçün cavabdehin iddiaçının pulunu dələduzluq yolu ilə ələ keçirməsinə dair hissədə məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə cavabdeh törətdiyi hüquq pozuntusu (delikt) nəticəsində iddiaçıya maddi ziyan (zərər) vurmuş, lakin həmin ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Odur ki, iddiaçının zərərin əvəzini tam şəkildə tələb etmək hüququ yaranmışdır. Yuxarıda qeyd olunan iş materialı kimə mülki işə əlavə edilən Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-01/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən də görünür ki, Cavabdeh tərəfindən İddiaçı 1700 (bir min yeddi yüz) manat məbləğində maddi zərər vurulmuşdur. İddiaçının digər tələbi isə vəkil üçün ödənilmiş 250 (iki yüz əlli) manat hüquqi yardım xərcinin və ödənilmiş 20 (iyirmi) manat marka pulunun cavabdehdən alınaraq ona ödənilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0 və 115.0.6-cı maddələrinin tələbinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən ödənilmiş 37 (otuz yeddi) manat məbləğində dövlət rüsumu, vəkilə hüquqi yardım üçün ödənilmiş 250 (iki yüz əlli) manat xidmət haqqı və 20 (iyirmi) manat məbləğində marka pulu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin edilməli; -1700 (bir min yeddi yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli; -Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 37 (otuz yeddi) manat məbləğində dövlət rüsumunun, vəkilə hüquqi yardım üçün ödənilmiş 250 (iki yüz əlli) manat xidmət haqqının və 20 (iyirmi) manat məbləğində marka pulunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. 1700 (bir min yeddi yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 37 (otuz yeddi) manat məbləğində dövlət rüsumunun, vəkilə hüquqi yardım üçün ödənilmiş 250 (iki yüz əlli) manat xidmət haqqının və 20 (iyirmi) manat məbləğində marka pulunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar