Məhkəmə qərarları › İş №2(078)-669/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-669/2022

30.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-669/2022 30.09.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı Rıza oğlunun və Cavabdeh iştirakları ilə, İddiaçı Rıza oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Rıza oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 835 (səkkiz yüz otuz beş) manat borc məbləğinin və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 865 (səkkiz yüz altmış beş) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Rıza oğlu tələbini əsaslandıraraq bildirmişdir ki, o, Türkiyə Respublikasından məişət əşyaları gətirib Naxçıvanda istəyən şəxslərə satmaqla məşğul olurdu. Cavabdeh 2020ci il tarixindən tanıyırdı. Bir gün o, iddiaçıya yaxınlaşaraq ondan xahiş edib ki, qızım ailə qurur, ona bir neçə adda əşya cehiz verməliyəm. Xahiş edib ki, lazım olan əşyaları ondan götürsün və pulunu hissə-hissə iddiaçıya ödəsin. İddiaçı da onu tanıdığı üçün etiraz etməyib və onun iddiaçıdan istədiyi 835 (səkkiz yüz otuz beş) manat dəyərində məişət əşyalarını (tozsoran, qazan dəsti, samovar, ütü və sair əşyaları) ona verib. Cavabdeh ona bildirib ki, hər ay 100 (yüz) manat olmaqla pulunu tam şəkildə özünə qaytarıb verəcək. Ülviyyə ilə bu cür razılaşmalarına baxmayaraq bu günədək heç bir manat da pulu özünə qaytarıb verməmişdir. Cavabdeh tərəfindən pulu verilmədikdə iddiaçı, məcbur qalıb Naxçıvan şəhər Polis İdarəsinə müraciət edib. Orada Ülviyə gəlib polislərə söz verib, eyni zamanda da ona zəng vurub deyib ki, iki ay məni gözlə hər ay 200 (iki yüz) manat olmaqla 835 (səkkiz yüz otuz beş) manat pulunu qaytarıb özünə verəcəyəm. Lakin yenə də cavabdeh verdiyi malların pulunu özünə qaytarıb verməyib. Dəfələrlə Ülviyyədən ona borclu qaldığı 835 (səkkiz yüz otuz beş) manat pul borcunu ona geri qaytarmasını tələb etsə də cavabdeh bu günədək 835 (səkkiz yüz otuz beş) manat borcunun ona qaytarılması ilə bağlı heç bir addım atmır və hər dəfəsində müxtəlif bəhanələrlə ona ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırdır. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı Rıza oğlu izahatında Azərbaycan dilini yaxşı bildiyini, Azərbaycan dilində danışılanları tam anladığını, ona görə də tərcüməçiyə ehtiyac olmadığını qeyd edərək onun Türkiyə Respublikasından məişət əşyaları gətirib Naxçıvanda istəyən şəxslərə satmaqla məşğul olduğunu, Cavabdeh 2020-ci il tarixindən tanıdığını, Ülviyyənin ortağı Coşqunla birlikdə dükan işlətdiyini, onlara da dükanda satmaları üçün mal verdiyini, lakin bir müddət sonra Ülviyyə və Coşquna verdiyi onların dükanında qalan malları götürdüyünü, dükandan malları götürdüyü vaxt Ülviyyənin ona qızının ailə quracağını, ona bir neçə adda cehiz verməli olduğunu bildirdiyini, Ülviyyənin lazım olan əşyaları ondan götürməyi və pulunu hissə-hissə iddiaçıya ödəməyi ondan xahiş etdiyini, özünün də cavabdehi tanıdığı üçün ona etiraz etmədiyini, ona 835 (səkkiz yüz otuz beş) manat dəyərində tozsoran, qazan dəsti, samovar, ütü və.s məişət əşyalarını nisyə verdiyini, cavabdehə verdiyi qalan əşyaların nədən ibarət olmasını tam xatırlamadığını, Cavabdeh həmin vaxt hər ay 100 (yüz) manat olmaqla pulunu tam şəkildə özünə qaytarıb verəcəyini ona bildirdiyini, Ülviyyə ilə bu cür razılaşmalarına baxmayaraq onun bu günədək heç bir manat da pulu özünə qaytarıb vermədiyini, cavabdeh tərəfindən pulu verilmədikdə məcbur qalıb Naxçıvan şəhər Polis İdarəsinə müraciət etdiyini, orada Ülviyyənin gəlib polislərə söz verib, eyni zamanda da ona zəng vurub iki ay onu gözləməyini hər ay 200 (iki yüz) manat olmaqla 835 (səkkiz yüz otuz beş) manat pulunu qaytarıb özünə verəcəyini bildirdiyini, lakin yenə də cavabdehin verdiyi malların pulunu özünə qaytarıb vermədiyini, dəfələrlə Ülviyyədən ona borclu qaldığı 835 (səkkiz yüz otuz beş) manat pul borcunu ona geri qaytarmasını tələb etsə də cavabdehin bu günədək 835 (səkkiz yüz otuz beş) manat borcunun ona qaytarılması ilə bağlı heç bir addım atmadığını, hər dəfəsində müxtəlif bəhanələrlə ona ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırdığını, artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəldiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh izahatında iddianı qismən qəbul etdiyini, onun iş ortağı Şahid2 adlı şəxslə Naxçıvan şəhərində 2020-ci ildə özləri üçün bir dükan kirayə götürdüklərini, həmin dükanda elektrik malları satmaq istədiklərini, iddiaçının heç tanımadıqları halda onların dükanına gəldiyini, özünü Türkiyə Respublkasının vətəndaşı kimi təqdim edib, Naxçıvan şəhərinə Türkiyədən elektrik malları gətirib satdığını bildirdiyini, həmin malların bir qismini də onların dükanına qoymağı və onların onun mallarının satışını təşkil etmələrini xahiş etdiyini, onun və Coşqunun da iddiaçı ilə razılaşdıqlarını, İddiaçı mallarını gətirib onların dükanına qoyduğunu, həmin malların ütü feni, ütü, tozsoran, sokçəkən maşını və qazan, qaşıq-bıçaq dəsti kimi əşyalar olduğunu, lakin pandemiya müddətinə düşdüyü üçün onların satışlarının zəiflədiyini, hər ayda dükanın kirayəsi üçün 600 manat pul verdiklərini, dükanın pulunu ödəməyi çatdıra bilmədikləri üçün dükanı işlətməkdən imtina etdiklərini, iddiaçıya da dükanı boşaltdıqları üçün gəlib öz mallarını aparmasını dediklərini, iddiaçının bir tanışı ilə maşınla gəlib mallarını aparanda bir-iki adda məhsullarını iddiaçıdan xahiş edib qızı üçün cehiz götürdüyünü, həmin malların pulunu hissə-hissə verəcəyini dediyini, iddiaçının da razılaşdığını, iddiaçıdan ütü, qazan dəsti, plastmas qaşıq dəsti, bıçaq dəsti aldığını, ümumilikdə iddiaçıdan aldığı malların qiymətinin 435 (dörd yüz otuz beş) manat olduğunu, maddi imkanı olmadığı üçün hələ də bu günə kimi iddiaçının 435 (dörd yüz otuz beş) manat pulunu verə bilmədiyini, özünün iddiaçıya heç vaxt 835 (səkkkiz yüz otuz beş) manat borcu olmadığını, nəyə görə iddiaçının ondan 835 (səkkiz yüz otuz beş) manat tələb etdiyini bilmədiyini, Coşqunun ona borcu olub-olmadığını dəqiq deyə bilməyəcəyini, amma özünün 435 (dörd yüz otuz beş) manat borcdan əlavə iddiaçıya heç bir borcunun olmadığını bildirərək iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı ifadə verən Şahid3 ifadəsində onun İddiaçı uzun illərdir tanıdığını, onunla çox yaxın dost olduqlarını, Yusufun yaxşı insan olduğunu, onun yalan deməyəcəyini, Ülviyyə və Coşqunun Yusufun mallarını satdığını, onun yanında Yusufun Ülviyyəyə hər hansı bir mal vermədiyini, Ülviyyənin İddiaçı nəsə mal aldığını görmədiyini, Yusufun dediyinə əsasən Ülviyyənin və Coşqunun ona borclu olduğundan məlumatı olduğunu bildirdi. Məhkəmə iclası zamanı ifadə verən Şahid1 ifadəsində onun İddiaçı uzun illərdir tanıdığını, Yusufun Ülviyyə xanıma və Coşquna nə vaxt nə qədər dəyərdə mal verdiyini bilmədiyini, Yusuf bir gün ona Ülviyyəgilin malları sata bilmədiyini, dükanı boşaltdıqlarını, birlikdə gedib malları oradan götürmələrini bildirdiyini, Yusuf ilə birlikdə gedib malları dükandan götürdüklərini, həmin malların içində qranit materialdan olan qazan olduğunu, həmin qazanı özünün qızına almaq istədiyini, ancaq Yusufun həmin vaxt ona həmin qazanı Ülviyyənin xahişi əsasında ona nisyə satdığını bildirdiyini, həmin vaxt malların bir qismini Ülviyyənin kənara çəkərək onları qızına cehiz aldığını bildirdiyini, Ülviyyənin Yusufla malların dəyərini hesabladıqlarını, həmin vaxt Ülviyyənin götürdüyü cehiz mallarının dəyərinin 1000 manata yaxın olduğunu bildiyini, sonradan Ülviyyənin hələ də həmin malların pulunu qaytarmadığını Yusufdan eşitdiyini bildirdi. Məhkəmə iclası zamanı ifadə verən Şahid2 ifadəsində Ülviyyə ilə ortaq olduqlarını, birlikdə bir dükan götürüb işlətdiklərini, pandemiya səbəbindən onların dükanı işlədə bilmədiklərini, kirayə haqqını verə bilmədikləri üçün dükanı boşaltmaq məcburiyyətində qaldıqlarını, dükanı işlədən vaxt İddiaçı onların dükanına gəlib özünü tanıtdığını, onun mallarının satılmasında ona köməklik etmələrini xahiş etdiyini, onların da razılaşdığını, sonra dükanı bağlayanda iddiaçıya mallarını götürməsini bildirdiklərini, iddiaçının gəlib mallarını apardığını, həmin vaxt Ülviyyənin iddiaçıdan 435 manat dəyərində qızına cehiz əşyaları götürdüyünü, sonra imkan olmadığına görə Ülviyyənin həmin borcu ödəyə bilmədiyini, Ülviyyənin borcundan əlavə Yusufa olan özünün borcunu ödədiyini bildirdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarıını, şahidlərin ifadələrini dinləyib, həmin izahat və ifadələri iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri olmuş və onlar arasında şifahi alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki işin məhkəmə araşdırması zamanı iş üzrə iddiaçı cavabdehin ona 835 (səkkiz yüz otuz beş) manat məbləğində borcu olduğunu, cavabdehə 835 (səkkiz yüz otuz beş) manat dəyərində məişət əşyaları verdiyini, cavabdehin həmin pulu hər ay 100 manat olmaqla hissəhissə qaytarmağı öhdəsinə götürdüyünü, ancaq cavabdehin bu günə qədər həmin borcu qaytarmadığını bildirmişdir. İddia tələbinə münasibət bildirən iş üzrə Cavabdeh isə izahatında iddiaçının bir tanışı ilə maşınla gəlib mallarını aparanda bir-iki adda məhsullarını iddiaçıdan xahiş edib qızı üçün cehiz götürdüyünü, həmin malların pulunu hissə-hissə verəcəyini dediyini, iddiaçının da razılaşdığını, iddiaçıdan ütü, qazan dəsti, plastmas qaşıq dəsti, bıçaq dəsti aldığını, ümumilikdə iddiaçıdan aldığı malların qiymətinin 435 (dörd yüz otuz beş) manat olduğunu, maddi imkanı olmadığı üçün hələ də bu günə kimi iddiaçının 435 (dörd yüz otuz beş) manat pulunu verə bilmədiyini, özünün iddiaçıya heç vaxt 835 (səkkkiz yüz otuz beş) manat borcu olmadığını bildirmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi cavabdeh iddiaçıdan 435 manat məbləğində məişət əşyaları aldığını və həmin məbləği hələ də iddiaçıya qaytarmadığını qəbul edir. Cavabdeh iddiaçının ondan tələb etdiyi əlavə 400 manat borcu olduğunu isə qəbul etmir. Məhkəmə cavabdehin iddiaçıdan 435 (dörd yüz otuz beş) manat dəyərində məişət əşyası aldığına, hələ də həmin borcu qaytarmadığına dair etirafını həqiqətən də həmin məişət əşyalarının cavadbehə nisyə satılmasının, onun iddiaçıya 435 (dörd yüz otuz beş) manat məbləğində borcunun olmasının yəni iddia tələbinin həmin hissəsinin təsdiqi kimi qəbul edir. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan məişət əşyalarını cavabdehə təhvil vermiş, cavabdeh isə tərəflər arasındakı razılaşma üzrə müəyyən olunmuş şərtlər daxilində məişət əşyalarını əldə etməsinə, həmin malın dəyərini iddiaçıya ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin 435 (dörd yüz otuz beş) manat məbləğində malın dəyərini ödəməkdən yayınmışdır. Məhkəmə cavabdeh iddiaçıya borclu olduğu 435 (dörd yüz otuz beş) manat məbləğində borcunu qaytarmamasını qəbul etdiyindən bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələbinə görə isə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehin ona 835 manat borcu olduğunu qeyd etsə də, cavabdeh ona olan borcunun 435 manat olduğunu qəbul etmiş, lakin borcun qalan hissəsini inkar etmişdir, iddiaçı isə iddia tələbinin qalan hissəsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının vəsatəti əsasında dindirilən şahidlər də iddiaçının iddia tələbinin qalan hissəsini təsdiq edəcək ifadə verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən Mülki-Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.3-cü maddəsini və yuxarıda qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutulmaqla 30 sentyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı iddiaçıya iddia tələbinin qalan hissəsinin əsaslı olması ilə bağlı sübutları məhkəməyə təqdim etməsi təklif olunsa da iddiaçı məhkəməyə təqdim edilmiş şahidlərdən başqa hər hansı bir sübutunun olmadığını bildirmişdir. İddiaçı iddia tələbinin qalan hissəsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Qeyd edilən hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. İddiaçı isə iddia tələbinin cavabdehin qəbul etdiyi hissəsindən qalan hissəsinin əsaslılığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun 16 (on altı ) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -435 (dörd yüz otuz beş) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Rıza oğluna ödənilməli; -iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməli; -iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun 16 (on altı) manat hissəsi Cavabdeh alınaraq İddiaçı Rıza oğluna ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 435 (dörd yüz otuz beş) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Rıza oğluna ödənilsin. İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. İddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun 16 (on altı) manat hissəsi Cavabdeh alınaraq İddiaçı Rıza oğluna ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar