Məhkəmə qərarları › İş №2(078)-669/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-669/2023

01.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-669/2023 01.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın dəyərinin geri qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona məxsus olan cehiz əşyalarını qırıb yararsız hala salaraq vurduğu ziyana görə həmin əşyaların dəyəri olan 1450 (bir min dörd yüz əlli) manat məbləğin və iş üzrə ödəmiş olduğu 34.50 (otuz dörd manat, əlli qəpik) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, onun X4 ilə aralarında olan nikah Naxçıvan şəhər Məhkəməsinin 2(078)-28/2022-ci il tarixli qətnaməsi ilə pozulmuş və həmin qətnaməyə əsasən birgə nikahlarından doğulmuş hər iki övladı onunla birlikdə keçmiş əri Yanar Əliyevin mülkiyyətində olan ünvan 1 ünvanında yaşayır. Onların hal-hazırda əmlak tələbi ilə bağlı işlərinə Naxçıvan MR Ali Məhkəməsində baxılır. Lakin bunlara baxmayaraq keçmiş əri Yanar Əliyevin anası Cavabdeh 17 mart 2023-cü il tarixdə həmin evə gəlib, onu evdə olan qonaqların yanında nalayiq küçə söyüşləri ilə söyüb təhqir edərək qonaqları evdən qovub, onun atası evindən apardığı cehiz əşyalarını qırıb tam yararsız hala salmışdır. O, nə qədər çalışsa da keçmiş qayınanası Sonanın cehiz əşyalarını qırıbdağıtmasının qarşısını ala bilməyib. Sonra isə o, keçmiş qayınanasından qırıb-dağıtdığı əşyaların dəyərini tələb etsə də, yenə də onu söyüb-təhqir edərək adına böhtan xarakterli sözlər danışıb, vurmuş olduğu zərərin dəyərini ödəməkdən imtina etmişdir. Cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın dəyəri və əşyaların siyahısı: televizor plazma, LG markalı, 108 ekran -1 ədəd 900 manat, üçgözlü çərəz qabı-1 ədəd 70 manat, qənddan -3 ədəd -60 manat, stul - 4 ədəd 240 manat, mətbəx qapısı - 180 manat. Cəmi dəyəri 1450 (bir min dörd yüz əlli) manat təşkil edir. Mübahisə yalnız məhkəmə qaydasında həll edilməlidir. Qeyd olunan iddia ərizəsi Naxçıvan Şəhər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. 22 may 2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında iş üzrə tərəflər iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. İş üzrə tərəflər iştirak etmədiklərindən qeyd olunan məhkəmə iclası təxirə salınaraq 01 iyun 2023-cü il tarixə təyin edilmişdir. 01 iyun 2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmiş, Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında iştirak etmiş, İddiaçı isə məhkəmə hazırlıq iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsi tətbiq olunmalı və İddiaçı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.7-ci maddələrinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmış, məhkəmə iclasında iştirak etməmiş və işə onun iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə məlumat verməmişdir. Sonuncu məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 isə işə mahiyyəti üzrə baxılmasını tələb etməmiş və işin baxılmamış saxlanması barədə etirazının olmadığını bildirmişdir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 14 aprel 2023-cü il tarixli, 15641 nömrəli qəbzlə ödənilmiş 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın dəyərinin geri qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia qaldırarkən İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 14 aprel 2023-cü il tarixli, 15641 nömrəli qəbzlə ödənilmiş 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar