Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-67/2022 18.02.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçı təşkilatın nümayəndəsi X2 və vəkili Vəkil iştirakı ilə, iddiaçı təşkilat İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 dekabr 2019-cu il tarixli kredit satış müqaviləsinə əsasən ödənilməli olan 400 manat əsas borcun, bundan əlavə 07 dekabr 2019-cu il tarixli kredit satış müqaviləsinə əsasən gecikdirilmiş penya pulu olan 1200 manat penya pulunun, əldə çıxmış fayda olan 1000 manat pulun, vəkil üçün ödənilmiş 300 manat vəkil xərcinin, ödənilmiş 30 manat dövlət rüsumunun və 13 manat notarius xərcinin, nəticə etibarilə, ümumilikdə 2943 (iki min doqquz yüz qırx üç) manat pulun alınaraq iddiaçı X3 qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı təşkilatın nümayəndəsi qismində izahat verən X5 iddianı müdafiə edərək, onunla Cavabdeh arasında 07 dekabr 2019-cu il tarixdə kredit satış müqaviləsi imzalandığını, 07 dekabr 2019-cu il tarixli kredit satış müqaviləsinə əsasən cavabdehin Samsung Galaxy A50 markalı telefonu 650 manat dəyərində almağa razılıq verdiyini, əvvəlcədən 100 manat pulu nağd qaydada ödədiyini, bundan sonra yerdə qalan 550 manatın hər ay 110 manat olmaqla, 5 ay müddətinə cavabdeh tərəfindən ödənilməli olduğunu, lakin həmin müqavilə üzrə cavabdeh tərəfindən nağd qaydada ödənilmiş puldan əlavə kredit müqaviləsi üzrə ödənilməli olan 550 manat puldan yalnız 150 manat ödənişin həyata keçirildiyini, yəni müqavilə üzrə cavabdehin öhdəsinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyini, müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat penya (cərimə) pulunun ödənilməsinin nəzərdə tutulduğunu, buna görə də, həmin məbləğlərin də cavabdehin borcu hesab olunduğunu, özünün telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə etdiyini, qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, yəni vaxtında ödənilməyən ödənişlərin onun üçün maddi zərərlərə gətirib çıxardığını, yəni cavabdehə satılmış telefonların vaxtında ödənilməyən pullarının onun maddi itkilərə məruz qalmağına səbəb olduğunu, cavabdehə yox, başqa şəxslərə həmin telefonlar satılsaydı, özünün maddi itkilərlə qarşılaşmayacağını, cavabdehin müvafiq kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyini, cavabdehin öhdəliyinin borcu vaxtında ödəmək olduğunu, borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq olunduğunu, borc pulun ödənilməsinin ondan tələb edildiyini, lakin onun borcun ödənilməsindən imtina etdiyini, buna görə ciddi maddi itkilərlə qarşılaşdığını, özünün Naxçıvan şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanındığını, geniş müştəri dairəsinin olduğunu, müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malik olduğunu, satıcı-alıcı münasibətlərinin kəskinləşməsinin, münasibətlərin pozulmasının və mübahisənin məhkəməyə daşınmasının heç də yaxşı hal olmadığını, lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şəraitin dayandığını, əgər cavabdeh borcu vaxtında ödəsəydi, məsələnin də bu səviyyəyə gəlib çıxmayacağını, cavabdehin ümumilikdə həmin müqavilədən yaranan 400 manat əsas borcunun olduğunu, bundan əlavə, müqavilədə nəzərdə tutulmuş gecikdirilmiş hər gün üçün ödənilməli olan 10 manatın, yəni ümumilikdə penya olaraq 1200 manatın, həmçinin bunun üçün özünə vəkil tutduğuna görə qonorar olaraq ödədiyi 300 manat pulun və 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istədiyini, ekspertin rəyi ilə razılaşdığını, bunları nəzərə alaraq, qanuni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili qismində izahat verən Vəkil iddianı müdafiə etdiyini, iddiaçının izahatına əlavəsinin olmadığını, əlavə olaraq cavabdehin iddia tələbini qismən etiraf etdiyini, iddia tələblərinin cavabdehin etirafı və digər sübutlarla təsdiq olunduğunu, cavabdehin 400 manat borcunun qalmasını bildirməsini, ekspertin rəyi ilə razılaşdıqlarını, bunların nəzərə alınaraq, iddianın təmini barədə qərar verilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. 15 dekabr 2021-ci il tarixdə məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh izahatında iddianı qismən qəbul etdiyini, həqiqətən müqavilə bağlayıb telefon aldığını, 400 manat borcunun yarandığını, maddi imkanı olmadığından ödəyə bilmədiyini, iddia tələbində cərimə və əldən çıxmış fayda məbləğinin çox hesablandığını bildirmişdir. İş materiallarına əlavə olunmuş: İddiaçı ilə Cavabdeh arasında 07 dekabr 2019-cu il tarixdə bağlanmış 888 nömrəli kredit satış müqaviləsinə əsasən, satıcı malı alıcının mülkiyyətinə kredit-satış qaydasında verir, alıcı isə aldığı malın dəyərini müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürür. Alıcı üzərində olan borcu vaxtında ödəməyi tam öhdəsinə götürür. Alıcı firmaya xəbərdarlıq etmədən borcu gecikdirdiyi halda hər keçən gün üçün 10 (on) manat həcmində penya hesablanır. Alıcı İddiaçı MMC-dən dəyəri 650 manat, markası Samsung Galaxy A50 olan mobil telefonu razılaşaraq 5 ay müddətinə kreditlə alır. Alınan malın 100 manatı nağd qaydada, qalan borc isə 550 manata aylıq ödənilir (11 yanvar 2020-110 manat, 11 fevral 2020-110 manat, 11 mart 2020-110 manat, 11 aprel 2020-110 manat, 11 may 2020-110 manat). Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 nömrəli, 08 fevral 2022-ci il tarixli ekspert rəyinə əsasən, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 07 dekabr 2019-cu il tarixli, 888 nömrəli kredit satış müqaviləsinin şərtlərinə əsasən Cavabdeh əsas borcu 400 (dörd yüz) manat, penya borcu 900 (doqquz yüz) manat, əldən çıxmış fayda borcu isə 38.63 (otuz səkkiz manat altmış üç qəpik) manat təşkil edir. Məhkəmə izahatlara, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit satış müqaviləsi bağlanmış, cavabdeh öhdəliyini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmiş, nəticədə icranı gecikdirmişdir. Məhkəmə həmçinin ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 400 (dörd yüz) manat əsas borc, 900 (doqquz yüz) manat penya pulu, əldə çıxmış fayda olan 38.63 (otuz səkkiz manat altmış üç qəpik) manat pul, vəkil üçün ödənilmiş 300 (üç yüz) manat vəkil xərci, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi və 13 (on üç) manat notarius xərci olmaqla, cəmi 1681.63 (min altı yüz səksən bir manat altmış üç qəpik) manat məbləğində pul iddiaçı təşkilat İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iş materiallarında olan müqavilədən görünür ki, iddiaçı hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağlamış və 300 manat ödəniş etmişdir. Bundan başqa, iş materiallarında olan məhkəməyə müraciət etmək üçün hazırlanan sənəd surətlərinin təsdiqlənmiş surətindən görünür ki, təsdiqlənmə notariat orqanında aparılmış və 13 manat rüsum iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 400 (dörd yüz) manat əsas borc, 900 (doqquz yüz) manat penya pulu, əldə çıxmış fayda olan 38.63 (otuz səkkiz manat altmış üç qəpik) manat pul, vəkil üçün ödənilmiş 300 (üç yüz) manat vəkil xərci, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi və 13 (on üç) manat notarius xərci olmaqla, cəmi 1681.63 (min altı yüz səksən bir manat altmış üç qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-67/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-67/2022
18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver