Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-679/2024 17.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 625 (altı yüz iyirmi beş) manat pul vəsaitinin və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla ümumilikdə 655 (altı yüz əlli beş) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, 2023-ci ilin mart ayında Babək rayonu, Şəkərabad kəndində yaşayan Cavabdeh Naxçıvan şəhərində işlədiyi mebel sexinə gələrək 1000 (bir min) manat dəyərində bir ədəd künc divanı və hər birinin qiyməti 75 (yetmiş beş) manat olmaqla 225 (iki yüz iyirmi beş) manat dəyərində 3 ədəd jurnal stolu hazırlatdırdı. Onun oğlu Orxanın Qazel markalı yük maşını ilə yaşadığı ünvana aparıldı. Cavabdeh razılaşdığı məbləğdə pulu birdəfəlik vermək imkanının olmadığını bildirib, hər ay 100-200 manat verə biləcəyini dedi və o da ona heç bir narazılıq bildirmədi. Həmin vaxtdan indiyə kimi Şərəbanı razılaşdıqları məbləğdən 250 manat bir, 300 manat bir, 50 manat isə kart vasitəsilə ödəməklə ona olan 1225 manat borcundan 600 manatını ödəmişdir. Ümumilikdə Şərəbanının ona 625 manat ödənməmiş borcu qalır. Hazırda cavabdeh borcunun qalan hissəsini qaytarmır. Axırıncı dəfə onunla 1 ay bundan əvvəl telefon vasitəsilə əlaqə saxlayıb. Dedi ki, yavaş-yavaş ödəyəcək. Lakin bu müddət ərzində ona 1 qəpik də olsun pul qaytarmamışdır. Şərəbanının borcu qaytarmaq niyyəti yoxdur. 7 aydır ki, heç bir ödəniş etmir və onun pula çox ehtiyacı var. Buna görə də məcbur qalıb məhkəməyə müraciət etmişdir. Oğlunun bu işlə heç bir əlaqəsi yoxdur. Oğlunun məhkəmə işlərinə qarışmasını istəmir. Mebeli özü satmışdır. Öz adına VÖEN yoxdur. Mebel sexini oğlu işlədir və VÖEN oğlunun adınadır. Mebel sexi onu həyətində yerləşidr. Məhkəmə tərəfindən iddiaçının əsl iddiaçı ilə əvəz olunmasını təklif edilsə də o oğlunun bu işə qarışmasını istəmir. Məsələ onunla cavabdeh arasındadır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh ilə məhkəmə iclas katibi tərəfindən əlaqə saxlanılmış və cavabdeh 410 manat borcu olduğunu, borcunu qısa zaman müddətində qaytaracağını və səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İşə məhkəmədə baxılan zaman iddiaçı mebel əşyalarının satıldığı sexin oğlu X3 məxsus olduğunu bildirmiş, bu barədə fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməni təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə tərəfindən dəfələrlə iddiaçının əsl iddiaçı ilə əvəz olunmasını təklif etsə də, İddiaçı buna razı olmamışdır. Halbuki iddiaçı həmin mebeli cavabdehə satsa da mebel sexi ona məxsus olmamış, həmin mebellər ona aid olmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı izahatında sözügedən mebel sexinin ona məxsus həyətdə yerləşdiyini bildirməklə bu barədə torpaq sahəsinin şəhadətnaməsini təqdim etmişdir. Lakin həmin mebel sexinə aid hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilməmiş, bununla yanaşı mebel sexində sahibkarlıq fəaliyyətini oğlu X2 həyata keçirdiyini, öz adına VÖEN olmadığını, həmin sexdə mebeli satdığını, oğlunun məlumatlı olmadığını bildirmişdir. Bu halda isə iddiaçı həmin əşyalara münasibətdə pul tələb etmək üçün subyektiv hüququn daşıyıcısı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddənin dispozitiv şərtindən də göründüyü kimi satıcı mülkiyyətində olan əşyanı alıcıya verməli, alıcı isə həmin əşyanın müqabilində pul ödəməlidir. Bu halda isə iddiaçı mübahisə predmeti olan mebel əşyalarının mülkiyyətçisi olmamışdır. Mülkiyyətçisi olmadığı əşyanın pulunu tələb etmək hüququ da yaranmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə məhkəmə məsrəflərinə münasibətdə qeyd edir ki, iddia rədd edildiyindən ödənilən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə: Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-679/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-679/2024
17.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver