Məhkəmə qərarları › İş №2(078)-687/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-687/2021

30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-687/2021 30.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh və cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 17 iyul 2018-ci il tarixli akt əsasında təhvil verilmiş 94783 (doxsan dörd min yeddi yüz səksən üç) manat pulun, 83000 (səksən üç min) dollar yəni 141100 (bir yüz qırx bir min bir yüz) manat (kurs 1.70), 12.000 (on iki min) manat, vəkilin xidmət haqqısı üçün ödənilmiş 500 (beş yüz) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 248.413 (iki yüz qırx səkkiz min dörd yüz on üç) manat məbləğində pulun alınaraq iddianı İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirmiş və bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək verdiyi izahatında iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı dindirilən Cavabdeh iddianı etiraf edərək izahatında borcu etiraf etdiyini, iddiaçıya borcunu ödəyəcəyini bildirib müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 verdiyi izahatında təmsil etdiyi şəxsin izahatını təsdiqlədiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və sonda qeyd olunanların nəzərə alınaraq müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırki halda iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən maddənin dispozitiv şərtinə görə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürülmüşdür. Belə ki, pulun verilməsinə münasibətdə sübutetmə yükü iddiaçının, verilmiş pulun qaytarılmasına münasibətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə aşağıdakı əsalara görə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin olunmalıdır. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə ünvanladığı iddia ərizəsində 17 iyul 2018-ci il tarixli akt əsasında təhvil verilmiş 94783 (doxsan dörd min yeddi yüz səksən üç) manat pulun, 83000 (səksən üç min) dollar yəni 141100 (bir yüz qırx bir min bir yüz) manat (kurs 1.70), 12.000 (on iki min) manat, vəkilin xidmət haqqısı üçün ödənilmiş 500 (beş yüz) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 248.413 (iki yüz qırx səkkiz min dörd yüz on üç) manat pulu cavabdehdən iddiaçının xeyrinə tələb etmiş, bu pulun geri qaytarılmadığını diqqətə çatdırmış və məhz bu xüsusatların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə münasibət bildirən iş üzrə cavabdeh Cavabdeh iddiaçıya 247.883 (iki yüz qırx yeddi min səkkiz yüz səksən üç) manat borcu olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə iş üzrə Cavabdeh iş üzrə İddiaçı 247.883 (iki yüz qırx yeddi min səkkiz yüz səksən üç) manat borclu olduğunu etiraf etməsini cavabdeh tərəfindən borcun etirafı kimi qiymətləndirir və hesab edir ki, iş üzrə İddiaçı həmin hissədə iddia tələbini sübutetmə vəzifəsindən azad edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 209.1-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə tərəflərdən məhkəmə tədqiqatının materiallarını daha nə ilə tamamlamağı arzu etdiklərini soruşsa da, tərəflərin hər hansı başqa sübut növlərinin təmin olunmasına dair vəsatətləri olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 17 iyul 2018-ci il tarixli akt əsasında təhvil verilmiş 94.783 (doxsan dörd min yeddi yüz səksən üç) manat pulun, 83.000 (səksən üç min) dollar yəni 141.100 (bir yüz qırx bir min bir yüz) manat pulun (kurs 1.70), 12.000 (on iki min) manat olmaqla, ümumilikdə 247.883 (iki yüz qırx yeddi min səkkiz yüz səksən üç) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına 04.05.2021-ci il tarixdə 21510 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və vəkilə hüquqi yardım üçün 09 may 2021-ci il tarixdə verilmiş 004476 nömrəli qəbzlə ödənilmiş 500 (beş yüz) manat xidmət haqqı Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. İş üzrə Cavabdeh 17 iyul 2018-ci il tarixli akt əsasında təhvil verilmiş 94.783 (doxsan dörd min yeddi yüz səksən üç) manat pulun, 83.000 (səksən üç min) dollar yəni 141.100 (bir yüz qırx bir min bir yüz) manat pulun (kurs 1.70), 12.000 (on iki min) manat olmaqla, ümumilikdə 247.883 (iki yüz qırx yeddi min səkkiz yüz səksən üç) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına 04.05.2021-ci il tarixdə 21510 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və vəkilə hüquqi yardım üçün 09 may 2021-ci il tarixdə verilmiş 004476 nömrəli qəbzlə ödənilmiş 500 (beş yüz) manat xidmət haqqı Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar