Məhkəmə qərarları › İş №2(078)-690/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-690/2021

30.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-690/2021 30.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı alimentin sabit məbləğdə tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh oğlundan 14.05.2011-ci il təvəllüdlü X5, 02.12.2013-cü il təvəllüdlü X4 və 28.12.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün ayda bir uşağa 175 (bir yüz yetmiş beş) manat olmaqla üç uşaq üçün 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh oğlu ilə 24 yanvar 2011-ci il tarixində nikaha girərək ailə həyatı qurmuşlar. Birgə nikahlarından 14.05.2011-ci il təvəllüdlü X8, 02.12.2013-cü il təvəllüdlü X7 və 28.12.2014-cü il təvəllüdlü X6 dünyaya gəlmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 16 iyun 2016-cı il tarixli, 2(078)-289/2016 nömrəli qətnaməsi ilə Cavabdeh oğlu ilə iddiaçı arasında olan 24 yanvar 2011-ci il tarixində Naxçıvan şəhər Nikah Evində bağlanmış 12 nömrəli nikah qeydi pozulmuşdur. Həmin qətnamə ilə tərəflərin övladları 14.05.2011-ci il təvəllüdlü X5, 02.12.2013-cü il təvəllüdlü X4 və 28.12.2014-cü il təvəllüdlü X2 iddiaçının yanında qalması qət edilmişdir. Cavabdehdən uşaqların saxlanması üçün məhkəmə qətnaməsi ilə aliment kəsilsə də Cavabdeh oğlu aliment ödəmirdi. Həmin dövr iddiaçı işləyərək qazanc əldə etdiyindən uşaqlarının saxlanması üçün Cavabdeh oğlu tərəfindən ödənilməli olan hər ay bir uşaq üçün 80 (səksən) manat olmaqla, üç uşaq üçün 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin verilməsindən imtina etmişdir. İddiaçı hal-hazırda işdən çıxmışdır, heç bir yerdə işləmir, heç bir qazancı yoxdur və maddi imkanı yaxşı deyil. İddiaçı cavabdehlə nikahı pozulandan bu günədək uşaqları təkbaşına böyüdür, Qoşqar uşaqlara heç bir maddi köməklik göstərməmiş, övladlarının saxlanılması üçün bu günədək heç bir köməklik etməmiş və uşaqlarının saxlanması üçün aliment ödəməmişdir. Uşaqlara yalnız iddiaçı baxır, amma uşaqların maddi təminatını artıq ödəməkdə çətinliklər çəkir. İddiaçı artıq işsizdir, habelə uşaqlar elə yaş həddindədir ki, onların təhsilinə və digər xərclərinə, müalicəsinə də pul lazım olur. Tək qadın olaraq iddiaçı bunların öhdəsindən yalnız başına gəlməkdə əziyyət çəkir. Hal-hazırda uşaqlarının saxlanmasında maddi çətinlik çəkir. Bu səbəbdən də övladlarının saxlanması üçün maddi köməyə ehtiyacı vardır. Cavabdeh hazırda Naxçıvanda yerləşən cəzaçəkmə müəssisəsində cəza çəkir. Buna baxmayaraq onlara məxsus ev onun valideynləri tərəfindən kira verilərək qazanc əldə edirlər. Bu səbəbdən də iddiaçı hesab edir ki, bugünkü gün ayda hər bir uşağın saxlanması üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla üç uşaq üçün 525 (beş yüz iyirmi beş) manat aliment yetərli olar və cavabdehin də bu məbləği ödəmək imkanı vardır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh oğluna rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, cavabdeh 22 iyun 2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək ərizəsində İddiaçı ona qarşı alimentin sabit məbləğdə tutulmasına dair 30 iyun 2021-ci il tarixdə, saat 09:20-yə təyin edilmiş məhkəmə baxış iclasını onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı Cavabdeh oğlu ilə 24 yanvar 2011-ci il tarixdə nikaha girərək ailə həyatı qurduğunu, birgə nikahlarından 14.05.2011-ci il təvəllüdlü X8, 02.12.2013-cü il təvəllüdlü X7 və 28.12.2014-cü il təvəllüdlü X2 dünyaya gəldiyini, cavabdeh ilə nikahının Naxçıvan Şəhər Məhkəməsinin 16 iyun 2016-cı il tarixli qətnaməsi ilə pozulduğunu, həmin qətnamə ilə övladları 14.05.2011-ci il təvəllüdlü X5, 02.12.2013-cü il təvəllüdlü X4 və 28.12.2014-cü il təvəllüdlü X2 onun yanımda saxlanılmasının qət edildiyini, məhkəmə qətnaməsi ilə cavabdehə 1 uşaq üçün 80 (səksən) manat olmaqla 3 uşaq üçün cəmi 240 (iki yüz qırx) manat aliment kəsilməsinə baxmayaraq cavabdehin alimenti ödəmədiyini, həmin dövrdə işləyib qazanc əldə etdiyi üçün alimentin verilməsindən imtina etdiyini, hazırda işdən çıxdığını, işləmədiyini, bu səbəbdən övladlarının maddi ehtiyaclarını ödəmək imkanı olmadığını, cavabdehin cəza çəkmə müəssisəsində çəza çəkdiyini, lakin birgə nikah dövründə yaşadıqları evin cavabdehin valideynlərinin kirayə verərək qazanc əldə etdiklərini, cavabdehin aliment ödəmək imkanı olduğunu, Cavabdeh oğlundan 14.05.2011-ci il təvəllüdlü X5, 02.12.2013-cü il təvəllüdlü X4 və 28.12.2014-cü il təvəllüdlü X1 üçün bir uşağa 175 (bir yüz yetmiş beş) manat olmaqla cəmi 525 (beş yüz iyirmi beş) manat aliment tutulması istədiyini bildirərək iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki işin materiallarını və iddiaçının məhkəmədə verdiyi izahatı bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin 24 yanvar 2011-ci ildə nikaha daxil olması, onların birgə nikahından 14.05.2011-ci il təvəllüdlü X5, 02.12.2013-cü il təvəllüdlü X4 və 28.12.2014-cü il təvəllüdlü X2 anadan olması, tərəflərin hazırda ayrı yaşaması, onların birgə nikahından olan uşaqların hazırda anaları, yəni iş üzrə iddiaçının yanında qalmaları işin mübahisəsiz hallarıdır. Bu halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 16 iyun 2016-cı il tarixli, 2(078)-289/2016 nömrəli qətnaməsinin surətindən tərəflər arasında 24 yanvar 2011-ci ildə nikahın bağlanması; - iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 10 oktyabr 2019-cu il tarixli, AZ-İV seriyalı, 167968 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 14 may 2011-ci ildə X8 adlı övladlarının doğulması; - iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 16 yanvar 2014-cü il tarixli, AZ-İİİ seriyalı, 075303 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 02 dekabr 2013-cü ildə X7 adlı övladlarının doğulması; - iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 fevral 2015-ci il tarixli, AZ-İİİ seriyalı, 304443 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 28 dekabr 2014-cü ildə X6 adlı övladlarının doğulması; - iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 16 iyun 2016-cı il tarixli, 2(078)-289/2016 saylı qətnaməsinin surətindən iş üzrə tərəflər arasında 24 yanvar 2011-ci il tarixdə Naxçıvan Şəhər Nikah Evində bağlanmış 12 nömrəli nikah qeydinin pozulması, nikahın pozulmasından sonra iş üzrə tərəflərin uşaqları-14.05.2011-ci il təvəllüdlü X5, 02.12.2013-cü il təvəllüdlü X4 və 28.12.2014-cü il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılması, onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh oğlundan hər ay sabit məbləğdə bir uşaq üçün 80 (səksən) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat alimentin tutularaq 14.05.2011-ci il təvəllüdlü X5, 02.12.2013-cü il təvəllüdlü X4 və 28.12.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməsinin qət olunması; - iş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən Naxçıvan şəhər İcra Şöbəsinə verilmiş 15 noyabr 2016-cı il tarixli ərizədən İddiaçı Cavabdeh oğluna qarşı aliment tələbi ilə əlaqədar olan işlə bağlı aliment tələbindən imtina etdiyi; - iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 202555 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflər arasında nikahın 14 oktyabr 2019-cu il tarixdə pozulması, bu barədə akt qeydləri kitabında 39 nömrə ilə qeyd edilməsi aydın olur. -iddia tələbindən və iddiaçının məhkəmədə verdiyi izahatından tərəflərin ayrı yaşaması, onların birgə nikahından olan uşaqların hazırda anaları, yəni iş üzrə iddiaçının yanında qalmaları aydın olur. İşin mübahisəli halı isə iddiaçının tələb etdiyi alimentin miqdarı ilə bağlıdır. Belə ki, iddiaçı iddia ərizəsində övladları X5, X4 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, üç uşaq üçün cəmi 525 (beş yüz iyirmi beş) manat alimentin sabit pul məbləğində tutulmasını tələb etmişdir. İşin bu mübahisəli halının həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay 1 uşaq üçün 90 (doxsan) manat olmaqla, ümumilikdə isə üç uşaq üçün 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, iş üzrə tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların iddiaçının yanında qalmaları, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hər bir uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğin (175 manatın) yarısından çoxunun – yəni 90 (doxsan) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələbi yaşayış minimumu həddində alimentin təyin olunması ilə bağlı olsa da, məhkəmə alimentin yaşayış minimumu həddində yəni hər uşaq üçün 175 manat məbləğində təyin edilməsinin qeyri mümkünlüyünü onunla izah edir ki, İddiaçı alimentin sabit pul məbləğində tutulmasının miqdarı ilə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir, həmçinin yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən də aydın olduğu kimi uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir, yəni hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər şəkildə öhdəlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, İddiaçı mövcud iddia tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə “31” may 2021-ci il tarixdə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin hesab edir ki, mülki işə baxılması zamanı cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 15.43 (on beş manat, qırx üç qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -“31” may 2021-ci il tarixdən hesablanmaqla, 14 may 2011-ci il tarixdə anadan olan X5, 02 dekabr 2013-cü il tarixdə anadan olan X4 və 28 dekabr 2014-cü il tarixdə anadan olan X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh oğlundan bir uşaq üçün 90 (doxsan) manat olmaqla, ümumilikdə üç uşağa görə 270 (iki yüz yetmiş) manat miqdarında aliment tutularaq, uşaqların anası İddiaçı ödənilməli; -iddia qalan hissədə əsaslı sayılmadığından rədd olunmalı; -Cavabdeh oğlundan 15.43 (on beş manat, qırx üç qəpik) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməli; -qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. “31” may 2021-ci il tarixdən hesablanmaqla, 14 may 2011-ci il tarixdə anadan olan X5, 02 dekabr 2013-cü il tarixdə anadan olan X4 və 28 dekabr 2014-cü il tarixdə anadan olan X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh oğlundan bir uşaq üçün 90 (doxsan) manat olmaqla, ümumilikdə üç uşağa görə 270 (iki yüz yetmiş) manat miqdarında aliment tutularaq, uşaqların anası İddiaçı ödənilsin. İddia qalan hissədə əsaslı sayılmadığından rədd olunsun. Cavabdeh oğlundan 15.43 (on beş manat, qırx üç qəpik) manat miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar