Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-720/2021 09.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 22 iyul 2011-ci il tarixli 2(078)-83/2011 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək 12 fevral 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 28 oktyabr 2009-cu il tarixdə Kəngərli rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından 12 fevral 2010-cu il təvəllüdlü X2 adlı övladları var. Tərəflər arasındakı nikah qeydi cavabdehin tələbi əsasında Naxçıvan Şəhər Məhkəməsinin 22 iyul 2011-ci il tarixli 2(078)-83/2011 nömrəli qətnaməsi ilə pozulmuş, boşanmadan sonra 12 fevral 2010-cu il təvəllüdlü X2 anasının yanında saxlanılmaqla onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh işləmədiyi təqdirdə hər ay sabit məbləğdə 50 (əlli) manat, işlədiyi təqdirdə isə qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq Qəhrəmanova (Orucova) Aygün İlqar qızının xeyrinə ödənilməsi qət olunmuşdur. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 28 oktyabr 2009-cu il tarixdə Kəngərli rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, onların nikahlarından 12 fevral 2010-cu il təvəllüdlü X2 doğulmuşdur. İddiaçı qeyd etmişdir ki, aralarındakı nikah qeydi cavabdehin tələbi əsasında Naxçıvan Şəhər Məhkəməsinin 22 iyul 2011-ci il tarixli 2(078)-83/2011 nömrəli qətnaməsi ilə pozulmuş, boşanmadan sonra 12 fevral 2010-cu il təvəllüdlü X2 anasının yanında saxlanılmaqla onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh işləmədiyi təqdirdə hər ay sabit məbləğdə 50 (əlli) manat, işlədiyi təqdirdə isə qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq onun xeyrinə ödənilməsi qət olunmuşdur. Cavabdehin 2020ci ilin iyun ayından rəsmi iş yeri olmadığı üçün qətnamədə göstərildiyi kimi 50 manat aliment ödədiyini, bundan başqa uşağın heç bir ehtiyacının ödənilməsində iştirak etmədiyini, ödənilən 50 manat alimentlə ehtiyaclarını qarşılana bilmədiyini, qızı böyüdüyü üçün təlabatlarının, gündəlik xərclərinin də artdığını, həmin xərclərin qarşılanmasında çətinlik çəkdiyini bildirən İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul eidlməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, uzun müddətdir ki, işsizdir və buna görə də qətnamədə müəyyən olunmuş məbləğdə-50 manat aliment ödəyir. Özünün ikinci dəfə ailə həyatı qurduğunu, ikinci evliliyindən də iki övladının doğulduğunu, birinci nikahından olan övladının saxlanılmasına aliment ödədiyi kimi, ikinci evliliyindən də olan uşaqlarını düşünmək məcburiyyətində olduğunu, lakin hazırda iddiaçının tələb etdiyi aliment məbləğinin çox yüksək olduğunu, bunu ödəməyin onun maddi imkanı xaricində olduğunu bildirən Cavabdeh qətnamə qəbul edilərkən qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb onları qiymətləndirərək hesab edir ki, iddiaçının aliment miqdarının artırılması tələbi ilə müraciət etməsi üçün əsası olmuşdur. Məhkəmə 2011-ci il üçün yaşayış minimumunun bir uşaq üçün 76 manat məbləğində müəyyən edildiyini, həmin vaxt məhkəmə tərəfindən Cavabdeh işləmədiyi təqdirdə hər ay sabit məbləğdə 50 (əlli) manat, işlədiyi təqdirdə isə qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment müəyyən edildiyini, 2011-ci ildən 10 il müddət keçdiyini, həmin müddət ərzində uşağın gündəlik həyat şərtlərinə uyğun tələbatlarının artmasının istisna olunmadığını və cavabdehin maddi vəziyyətinin dəyişməsinin mümkün olan hallarını nəzərdən keçirib hesab edir ki, belə olan halda iddiaçının tələbi qismən əsaslıdır və qismən təmin edilməldir. Məhkəmə 12 fevral 2010-cu il təvəllüdlü X1 hal-hazırda anası İddiaçı himayəsində yaşamasını, uşağın xüsusi qulluq və qidalanmaya ehtiyacını və həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq Cavabdeh hər ay sabit məbləğdə 120 (bir yüz iyirmi) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir. Məhkəmə iddianın qalan hissəsini rədd edərkən iddiaçının cavabdehin kifayət qədər qazancının olmasına dair konkret və mötəbər sübutlar təqdim etmədiyini nəzərə alır. Məhkəmə hesab edir ki, hazırki alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.6-cı maddələrinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda- ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən hazırki iş üzrə 12x(120-50)=840 manat təşkil edir ki, buna görə də iş üzrə Cavabdeh iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 14 (on dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 22 iyul 2011-ci il tarixli 2(078)-83/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh hər ay sabit məbləğdə 120 (bir yüz iyirmi) manat miqdarında aliment tutularaq 12 fevral 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia qalan hissədə rədd olunsun. Cavabdeh 14 (on dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-720/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-720/2021
09.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver