Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-730/2024 13.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 16 aprel 2024-cü il tarixdə Cavabdeh qarşı təyin olunmuş aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, 30 avqust 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat miqdarında alimentin sabit pul məbləği şəklində ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, qızı İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(078)-513/2020 saylı qətnaməsinə əsasən pozulmuş və xx.xx.2020-ci il tarixdə nikaha xitam verilmişdir. Bu barədə Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 78 nömrəli qeyd aparılmış və nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(078)-513/2020 saylı qətnaməsi ilə 12 oktyabr 2020-ci il tarixdən hesablanmaqla, 30 avqust 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin Cavabdeh işindən azad olunması ilə əlaqədar olaraq 2024-cü ilin yanvar ayından etibarən Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(078)-513/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsindən imtina edir. Bu səbəbdən alimentin ödənilməsi qaydasının dəyişdirilərək 235 manat miqdarında sabit pul məbləğində ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Alimentin 235 manat miqdarında sabit məbləğdə ödənilməsi tələbi ilə bağlı məhkəmədən kənar həlli məqsədilə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya xidmətinə müraciət olunmuş, lakin cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməməsi səbəbindən yekun nəticəyə gəlmək mümkün olmamış və müvafiq arayış verilmişdir. 30 may 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ərizədə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, hazırda tələbi dəqiqləşdirərək Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(078)-513/2020 nömrəli qətnaməsi ilə müəyyən olunan alimentin tutulma qaydasının dəyişdirilərək 30 avqust 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(078)-730/2024 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsinin ərizəsinin təmin olunması və iddia tələbinə Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(078)-513/2020 nömrəli qətnaməsi ilə müəyyən olunan alimentin tutulma qaydasının dəyişdirilərək 30 avqust 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi həddində baxılması qərara alınmışdır. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçı nümayəndəsi Nümayəndə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə yanvar ayından cavabdehin aliment ödəmədiyini, əvvəl əmək haqqı aldığını hissəvi ödədiyini, alimentin tutulma qaydasının dəyişdirilməsini istədiklərini bildirərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin faktiki və mübahisəsiz halları bundan ibarətdir ki, tərəflər 03 sentyabr 2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, onların birgə nikahından 30 avqust 2014cü il təvəllüdlü X5 adlı övladı doğulmuşdur. Tərəflər arasındakı nikah qeydi Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(078)-513/2020 nömrəli qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra 30 avqust 2014-cü il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılmış, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Yuxarıda sadalanan halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(078)-513/2020 nömrəli qətnaməsindən tərəflər arasında 03 sentyabr 2013-cü ildə nikahın bağlanması; - iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 30 oktyabr 2014-cü il tarixli, AZ-İİİ seriyalı, 304277 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 30 avqust 2014-cü il təvəllüdlü X5 adlı övladlarının olması; - iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli, AZ-İ seriyalı, 400424 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflər arasında nikahın pozulması, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 21 iyun 2021-ci il tarixdə 78 nömrə ilə qeyd edilməsi; - iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(078)-513/2020 nömrəli qətnaməsindən iş üzrə tərəflər arasında 03 sentyabr 2013-cü il tarixdə bağlanmış nikahın pozulması, boşanmadan sonra 30 avqust 2014-cü il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılması, Cavabdeh 30 avqust 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsinin qət ediməsi aydın olur. Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(078)-513/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İşin mübahisəli halı isə iddiaçının Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(078)-513/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh 30 avqust 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının hər ay 235 (iki yüz otuz beş) manat məbləğində aliment tələb etməsidir. İşin mübahisəli halının həllinə hüquqi aydınlıq gətirmədən öncə məhkəmə onu qeyd edir ki, aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. İstər ailə qanunvericiliyi, istərsə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarından görünür ki, məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. İşin faktiki hallarından isə müəyyən olur ki, tərəflər arasında olan nikah məhkəmə qaydasında pozularkən məhkəmə uşağın saxlanılması üçün alimentin tutulma qaydasını cavabdehin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən etmişdir. İddiaçı isə hazırki tələbində cavabdehdən onların birgə nikahından doğulmuş uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını və əvvəl müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsini tələb edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinin mahiyyətindən aydın olur ki, aliment aylıq qazancının (gəlirinin) müəyyən hissəsi kimi tutulduqda onun miqdarı ailə qanunvericiliyinin müəyyən etdiyi məbləğdə təyin edilir. Qanunvericilik hüququna toxunan şəxsin müraciəti əsasında məhkəməyə həmin payları artırıb-azalda bilmə səlahiyyəti verdiyi halda, həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə alimentin sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçının tələbinin mahiyyətindən aydın olur ki, o, alimentin tutulma qaydasının dəyişdirilməsini istəyir. İşin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə qeyd edir ki, sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının müəyyən edilməsi əsasları isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsi ilə müəyyən edilir. Belə ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin ailə qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(078)-513/2020 nömrəli qətnaməsi ilə cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment müəyyən edildikdən sonra yetkinlik yaşına çatmayan uşağın böyüdükcə artan təlabatlarını, sosial-iqtisadi göstəricilərin dəyişilməsini, uşaqlar üçün yaşayış minimumunun artmasını, bu müddət ərzində cavabdehin bir uşaq üçün ödədiyi aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentdən başqa iddiaçıya uşağın tələbatlarının ödənilməsi üçün əlavə yardım etməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay sabit pul məbləğində 200 (iki yüz) manat miqdarında aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq, bir uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğin yarısından çoxunun yəni, 200 (iki yüz) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq sayır. Alimentin hansı vaxtdan tutulmalı olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Hazırki mülki iş üzrə isə alimentin miqdarının deyil, onun tutulması qaydası dəyişdirildiyindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsi tətbiq edilməklə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından aydın olur ki, İddiaçı Naxçıvan Şəhər Məhkəməsinə “16” aprel 2024-cü il tarixdə müraciət etmişdir. Bundan əlavə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki-Prosessual Məcəllənin 112.1 və 112.1.6-cı maddələrinə əsasən, ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti – ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi aliment miqdarının dəyişdirilməsi ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda ödəmənin artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə ödəmənin artırıldığı məbləğin bir il üçün nəzərdə tutulan miqdarı 1000 manatdan çox olduğundan, iddia qismən təmin edildiyindən 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(078)-513/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilməli; - “16” aprel 2024-cü il tarixdən hesablanmaqla, tərəflərin birgə nikahından olan 30 avqust 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməli; - iddia qalan hissədə rədd olunmalı; -Cavabdeh 44 (qırx dörd) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməli; -Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalı; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(078)-513/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilsin. “16” aprel 2024-cü il tarixdən hesablanmaqla, tərəflərin birgə nikahından olan 30 avqust 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə rədd olunsun. Cavabdeh 44 (qırx dörd) manat miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-730/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-730/2024
13.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver