Məhkəmə qərarları › İş №2(078)-733/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-733/2024

06.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-733/2024 06.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Məhəmməd oğluna qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətinə vurulan 20000 (iyirmi min) manat ziyanın və dövlət rüsumu olaraq ödədiyi 151 (bir yüz əlli bir) manatın Cavabdeh Məhəmməd oğlundan alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhəri, ünvan 1 ünvanının sahibi - qonşusu Cavabdeh Məhəmməd oğlu evini təmir etdirdiyi zaman, 6 oktyabr 2023-cü il tarixdə təmirçilər istilik sistemini quraşdırıb xətti açıq qoyduqları ücün evlər idarəsindən istilik xətlərinin yoxlanilması ucun gördükləri tədbir nəticəsində ona məxsus 2 nömrəli mənzil subasma nəticəsində zərər görmüşdür. Səhlənkarlığın və onlara məlumat çatdırılmadığına dair etdikləri etinasizlığın nəticəsində mənzil 1 həftə bu vəziyyətdə qapalı şəraitdə qalmış, evin tavanı, divarları, qapılar, mebellər su çəkmiş və yararsiz vəziyyətə düşmüşdür. Həyat yoldaşı Fazil Nəsirov oktyabr ayının 12-də mənzilə gəlmiş, evi bərbad vəziyyətdə görüb kəndə qayıdaraq bu barədə məlumat vermiş və səhəri gün o, həyat yoldaşı və nəvəsi ilə birlikdə mənzilə gələrək vəziyyətlə tanış olmuşlar. X5 yoldası Evlər idarəsinə sahə müvəkkilinə ve sığorta idarəsinə gedib mənzilin yararsizlığı barədə şikayət etmişlər. Sıgorta İdarəsinin işçiləri Evler idarəsinin rəisi və sahə müvəkkili hadisəylə əlaqədar evə baxiş keçirmiş, Sığorta idarəsinin əməkdasları evin vəziyyətini əks etdirən fotolar çəkib özləri ilə götürmüşlər. O cümlədən onun şəxsiyyət vəsiqəsinin surətini və siğorta sənədlərinin surətlərini tələb edərək yoldası və nəvəsi ilə birlikdə idarəyə getmişlər. Nəvəsi siğorta idarəsində onun adından ərizə yazmışdır. Tələb olunan sənədlərin də surətləri siğorta idarəsinə təqdim oludu. Aradan bir müddət sonra Sığorta idarəsinin nümayəndəsi vəziyyətlə bağlı eve gelib çəkiliş edib getmiş, onlardan hec bir xəbər ala bilmədikləri üçün bir neçə dəfə sığorta idarəsinə zərərin ödənilməsinə dair kömək etmələrini tələb etsə də bu günə kimi heç bir tədbir görülməmiş və onlara cavab verilməmişdir. Dekabr ayının 12-si Sığorta idarəsinə gedib idarəni bağlı gördükləri üçün Naxçıvan MR Ali Məclisinə məsələ ilə bağlı müraciət etmiş, onlar da məhkəməyə muraciət etmələrinə dair məsləhət vermişlər. Buna görə də məcbur qalıb məhkəməyə müraciət etmişdir. İddiaçı X2 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddia ərizəsində hər şey ətraflı yazılıb. Evin bütün hər yeri demək olar ki, sıradan çıxıb. Bütün divar kağızları məhv olub. Mebeldə olan qabların içində dolu su var idi. Evin ilk görünüşü olan CD-ni məhkəməyə təqdim edib. Mənzilinə ziyan vurulduqdan sonra təmir ustası çağıraraq ümumi vurulan ziyanı çıxardaraq 20000 manat olduğunu hesablamışdır. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək verdiyi izahatında hüquqlarını müdafiə etdiyi şəxsin izahatını təsdiqlədiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh Məhəmməd oğluna rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh Məhəmməd oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki işin materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan aydın olur ki, Naxçıvan şəhəri Babək məhəlləsində istifadədə olan 0.108 ha torpaq sahəsində yerləşən 3 nömrəli 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində 51.17 kv.m ümumi 29.29 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 12/4 nömrəli reyestr kitabının 750 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin məktubu əsasında Naxçıvan şəhəri, ünvan 1 ünvanının texniki pasportu məhkəməyə göndərilmişdir. Həmin texniki pasport 12 noyabr 1993-cü il tarixdə X3 adına tərtib edilmişdir. İş materiallarında olan alqı-satqı müqaviləsindən aydın olur ki, X4 ilə Cavabdeh arasında 07 may 2005-ci il tarixdə Naxçıvan şəhəri, ünvan 1 ünvanında olan 2 otaqlı mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır. Mülki iş üzrə 05 iyun 2024-cü il tarixdə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertin 31 iyul 2024-cü il tarixli 716-717 nömrəli rəyində qeyd olmuşdur ki, rəyin tədqiqat hissəsində göstərənləri, baxış zamanı və mülki iş materiallarında olan zəruri məlumatları nəzərə alaraq, Naxçıvan şəhəri, Babək məhəlləsi bina 3 ünvanında yerləşən 2 nömrəli mənzilə yuxarı qonşunun mənzilindən su sızması nəticəsində dəymiş ziyan təqribən 3103.0 (üç min yüz üç) manat məbləğində olduğu müəyyən edilmişdir. Mülki iş üzrə 05 iyun 2024-cü il tarixdə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertin 28 avqust 2024-cü il tarixli 716-717 nömrəli rəyində qeyd olmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilən əşyaların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur. O cümlədən:

1. Türkiyə istehsalı olan, 01 ədəd qonaq otağı dəsti (01 ədəd güzgülü tirmo, 02 ədəd güzgülü şkaf, 01 ədəd stol və 04 ədəd stul, televizor altı, 01 ədəd balaca stol) zədələnməmişdən əvvəl, istifadədə olmuş normal vəziyyətdə - 1500,0 manat, hal-hazırda üzərində qüsurlar (su sızması nəticəsində ləkələr, şişkinlik və qopmalar) olduğu üçün 1200,0 manat;

2. 01 ədəd Türkiyə istehsalı, yataq otağı dəsti (01 ədəd 2 nəfərlik çarpayı, 02 ədəd tumba, 01 ədəd şkaf, 01 ədəd güzgülü tirmo) zədələnməmişdən əvvəl, istifadədə olmuş normal vəziyyətdə - 1200,0 manat, hal-hazırda üzərində qüsurlar (su sızması nəticəsində şkafın aynası ləkələnmiş, qopma və şişkinlik) olduğu üçün 600.00 manat təşkil edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanılması qaydalarına riayət etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinin məzmununa əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsulyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə mülki işin materiallarında olan sübutları araşdırıb hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirə bilmişdir. Belə ki, iddiaçı iddia tələbində mənzilinə su axıdılması nəticəsində 20000 manat ziyan vurulduğunu bildirsə də ziyanın məbləğinin iddia tələbində göstərildiyi məbləğdə olmasına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan mənzilə su sızması sübutlarla təsdiq olunur. Belə olan halda iddiaçının əmlakına vurulmuş maddi zərərə görə də cavabdehin mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə vurulmuş ziyanın məbləğinə münasibətdə ekspert rəyini sübut qismində qiymətləndirir və belə qənaətə gəlir ki, cavabdehin mülki hüquqi məsuliyyəti 4003 (dörd min üç) manat məbləğində müəyyən edilməlidir. Belə ki, iş üzrə tikinti-texniki ekspertizasının rəyi ilə vurulmuş ziyanın məbləği 3103 (üç min yüz üç) manat müəyyən edilmiş, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə 01 ədəd qonaq otağı dəstinin zədələnməmişdən əvvəl istifadədə olmuş normal vəziyyətdə 1500 manat, hal-hazırda üzərində qüsurlar (su sızması nəticəsində ləkələr, şişkinlik və qopmalar) olduğu üçün 1200 manat, 01 ədəd yataq otağı dəstinin zədələnməmişdən əvvəl istifadədə olmuş normal vəziyyətdə 1200 manat, hal-hazırda üzərində qüsurlar (su sızması nəticəsində ləkələr, şişkinlik və qopmalar) olduğu üçün 600 manat, olması nəzərə alınaraq su sızması nəticəsində hər iki əmlaka vurulan ziyanın dəyəri olan 900 (doqquz yüz) manat müəyyən edilmişdir. Beləliklə ki, Naxçıvan şəhəri, Babək məhəlləsi bina 3 ünvanında yerləşən 2 nömrəli mənzilə yuxarı qonşunun mənzildən su sızması nəticəsində mənzilə və içərisində olan əşyalara ümumilikdə 4003 (dörd min üç) manat ziyan dəymişdir. İddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh Məhəmməd oğlundan vurulmuş ziyanın əvəzi olaraq 4003 (dörd min üç) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq belə hesab edir ki, İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumundan iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 60 (altmış) manatı Cavabdeh Məhəmməd oğlundan alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə ekspert xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 20 (iyirmi) manat Cavabdeh Məhəmməd oğlundan alınaraq X7 MR İdarəsinə ödənilməli (Kod: 502906 VÖEN: **********, Müxbir hesab № AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21); -Eyni zamanda məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manat Cavabdeh Məhəmməd oğlundan alınaraq X7 MR İdarəsinə ödənilməlidir (Kod: 502906 VÖEN: **********, Müxbir hesab № AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21). Nəticə: Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh Məhəmməd oğlundan vurulmuş ziyanın əvəzi olaraq 4003 (dörd min üç) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumundan iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 60 (altmış) manatı Cavabdeh Məhəmməd oğlundan alınaraq iddiaçıya qaytarılsın. Məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 20 (iyirmi) manat Cavabdeh Məhəmməd oğlundan alınaraq X7 MR İdarəsinə ödənilsin (Kod: 502906 VÖEN: **********, Müxbir hesab № AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21); Məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manat Cavabdeh Məhəmməd oğlundan alınaraq X7 MR İdarəsinə ödənilsin (Kod: 502906 VÖEN: **********, Müxbir hesab № AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21). Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar