Məhkəmə qərarları › İş №2(078)-758/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-758/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-758/2021 28.10.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2000 (iki min) manat əsas borc, 484.22 (dörd yüz səksən dörd manat, iyirmi iki qəpik) manat faiz və 38.16 (otuz səkkiz manat, on altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2522.38 (iki min beş yüz iyirmi iki manat, otuz səkkiz qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə bağlanmış 12.06.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 120 ay müddətinə illik 35% ödəmək şərtilə 20000 manat məbləğində kredit limiti ayrılmışdır. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Kreditor "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 25 iyun 2021-ci il tarixdə və 28 oktyabr 2021-ci il tarixdə məhkəməyə eyni məzmunlu ərizə göndərərək ərizələrdə iddia ərizəsinə onların iştirakı olmadan baxaraq tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin ərizəsini nəzərə almaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə edilmiş iddiaçının şəxsiyyət vəsiqəsinin surətindən və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, cavabdeh Teymurov X2 şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatdadır. Cavabdehə ünvanlanmış məhkəmə sənədləri onun həmin ünvanda yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər Cavabdeh qeydiyyatda olduğu yer üzrə Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.5-ci maddəsi və “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 240-cı bəndinə əsasən yuxarıda qeyd edilən hallar məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəfindən 18 iyun 2021-ci il tarixli məktubla iddia ərizəsi cavabdehin qeydiyyatda olduğu ünvana göndərilərək ona iddia ərizəsi üzrə rəy və ya etirazlarını və bu etirazlarını əsaslandıran sübutlarını Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması izah olunsa da, cavabdeh iddia tələbinə dair öz etirazını və bunu əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə tərəfindən işə yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 12 iyun 2020-ci il tarixli, 2420sNFT/20 saylı kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehlə "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin illik 35 (otuz beş) faiz dərəcəsi ilə 20000 (iyirmi min) manat məbləğində kredit limitinin ayrılması barədə müqavilə tərəflərinin razılığa gəlməsi işin mübahisəsiz halıdır. Bu halın mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş 12 iyun 2020-ci il tarixli, 2420sNFT/20 saylı kredit müqaviləsi ilə təsdiq olunur. İddiaçının cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh yaranmış borcun qaytarılmasını tələb etməsi isə işin mübahisəli halıdır. İşin mübahisəli halını məhkəmə təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə öz təsdiqini tapdığından, onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə ekspert rəyi və iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş digər yazılı sübutlardır. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 12 iyun 2020-ci il tarixli, 2420sNFT/20 saylı kredit müqaviləsi imzalanmış və cavabdehə şəxsi (istehlak) məqsədləri üçün 120 (yüz iyirmi) ay müddətinə illik 35 % ödəmək şərtilə nağd şəkildə istifadə olunmaqla 20000 (iyirmi min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit müqaviləsinə əlavə edilmiş 12 iyun 2020-ci il tarixli balansdan kənar məxaric orderindən görünür ki, 1 ədəd plastik kart həmin gün bank tərəfindən borcalana yəni cavabdehə verilmiş və həmin balansdan kənar məxaric orderi cavabdeh tərəfindən imzalanmışdır. İddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, cavabdehin kart hesabına 2000 (iki min) manat məbləğində pul köçürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş 04 may 2021-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh iddiaçıya 2420sNFT/20 saylı kredit müqaviləsi üzrə 2000 (iki min) manat əsas, 484.22 (dörd yüz səksən dörd manat iyirmi iki qəpik) manat faiz və 38.16 (otuz səkkiz manat on altı qəpik) manat cərimə olmaqla cəmi 2522.38 (iki min beş yüz iyirmi iki manat otuz səkkiz qəpik) manat borcu vardır. Həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsindən, həm də tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş hesabdan çıxarışla öz təsdiqini tapır. Həmçinin bu fakt ekspert rəyində də qeyd edilmişdi. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 iyun 2020-ci il tarixli, 2420sNFT/20 saylı kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddia ərizəsinə əlavə olunmuş 15 mart 2021-ci il tarixli bildirişdən isə Cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımi qaydada icra etməməsi və bununla bağlı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə xəbərdarlıq göndərilməsi aydın olur. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı qarşısında öz öhdəliyini lazımınca icra etməməsi öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələbini bu hissədə əsaslı qəbul edir. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, bunun hesablanması xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən 12 avqust 2021-ci il tarixdə 2(078)-758/2021 nömrəli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 sentyabr 2021-ci il tarixli, 241 nömrəli ekspert rəyində isə kreditor və borc alan arasında bağlanmış 12 iyun 2020-ci il tarixli, 2420sNFT/20 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh, "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə 04 may 2021-ci il tarixə (maliyyə arayışının verilmə tarixi) kredit üzrə olan əsas borcunun 2000 (iki min) manat, faiz borcunun isə 618,33 (altı yüz on səkkiz manat, otuz üç qəpik) manat təşkil etməsi qeyd olunmuşdur. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Ekspert rəyi ilə əsas borcun iddiaçının tələb etdiyi məbləğ ilə eyni olması, faiz borcunun isə iddiaçının tələb etdiyi məbləğdən artıq olması müəyyən edilmişdir. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Eyni zamanda həmin maddə ilə o da müəyyən olunur ki, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki vəziyyətdə isə iddia tələbindən kənara çıxmaq üçün müstəsnalıq mövcud deyil. Bu səbəbdən də yuxarıda qeyd edilən məbləğlə bağlı əsas borca münasibətdə ekspert rəyi, faiz borcuna münasibətdə isə iddia tələbi əsas götürülməlidir. Hazırki mülki iş üzrə isə cavabdehin müqavilədən irəli gələn öhdəliklər üzrə faiz borcunu icra etməməsi sübuta yetirilir. Bu səbəbdən də qeyd edilən maddi hüquq normasını tələbini rəhbər tutan məhkəmə iddiaçının bu tələbini də əsaslı sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 8.3-cü bəndində qeyd olunur ki, borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 (bir) təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq bank borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40% miqdarında cərimə tətbiq edir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - 12 iyun 2020-ci il tarixli, 2420sNFT/20 saylı kredit müqaviləsi üzrə 2000 (iki min) manat əsas borc, 484.22 (dörd yüz səksən dörd manat, iyirmi iki qəpik) manat faiz və 38.16 (otuz səkkiz manat, on altı qəpik) manat cərimə borcu, ümumilikdə 2522.38 (iki min beş yüz iyirmi iki manat, otuz səkkiz qəpik) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; - Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. 12 iyun 2020-ci il tarixli, 2420sNFT/20 saylı kredit müqaviləsi üzrə 2000 (iki min) manat əsas borc, 484.22 (dörd yüz səksən dörd manat, iyirmi iki qəpik) manat faiz və 38.16 (otuz səkkiz manat, on altı qəpik) manat cərimə borcu, ümumilikdə 2522.38 (iki min beş yüz iyirmi iki manat, otuz səkkiz qəpik) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar