Məhkəmə qərarları › İş №2(078)-77/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-77/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-77/2021 26.01.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona borclu olduğu 800 (səkkiz yüz) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi 830 (səkkiz yüz otuz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, Naxçıvan şəhərində tikinti sahəsində usta kimi fəaliyyət göstərir. Cavabdehi Naxçıvan şəhər sakini kimi tanıdığını, yaxın münasibətlərinin olduğunu bildirən iddiaçı qeyd etmişdir ki, Cavabdeh ondan Naxçıvan şəhəri Xətai məhəlləsində yerləşən torpaq sahəsinin hasara alınmasını xahiş etmiş və iş qurtardıqdan sonra haqqını ödəyəcəyinə söz vermiş, o da razılaşmışdır. İddiaçı sözügedən torpaq sahəsində hasarın özülünün traktordan sonra düzəlişi, çınqıl tökülməsi, dəmir karkasların düzəldilməsi və yerində quraşdırılması, qəlibin qurulması, maşınla beton tökdükdən sonra qəlibin sökülərək yenidən qurulub qalıq betonun tökülməsi, beton birketlə hörgünün hörülməsi və ara sütunların qəlibinin qurulub betonun tökülməsi, darvaza qapısının yan qəlibinin və yer döşəməsinin dəmir karkasının qurulub beton tökülməsi işlərini həyata keçirdiyini, işlədiyi müddətdə cavabdehin ona 800 (səkkiz yüz) manat pul ödədiyini, qalıq pulun isə qalan hissəsini hesablayaraq ona bildirməyi xahiş etdiyini, özünün də işi tam başa çatdırdıqdan sonra gördüyü işi və Rafiqin ona 800 (səkkiz yüz) manat borcu olduğunu dediyində cavabdehin ona “mənim sənə borcum yoxdur cavabını vermişdir. Dəfələrlə bununla bağlı Rafiqə zəng etsə də, hətta bunun üçün onun iş yerinə getsə də heç bir faydası olmamış, cavabdeh ona gördüyü iş müqabilində verməli olduğu pulu ödəməkdən boyun qaçırmış, buna görə də o, məcbur qalaraq məsələnin həlli üçün məhkəməyə müraciət etmişdir. Məhkəmənin verdiyi suallara cavab olaraq iddiaçı fərdi fəaliyyət göstərdiyini və sahibkar kimi vergi orqanında qeydiyyatda olmadığını, əvvəldən cavabdehlə görülən işin haqqını danışmadıqlarını, iş qutardıqdan sonra hesablayacağını cavabdehə bildirdiyini, verilən ekspertin rəyi ilə razı olmadğını, ekspertin dövlət tikinti orqanlarında aparılan tikinti qiymətləri əsasında rəy verdiyini, onun isə şəxsi işi olduğunu, əlavə ekspertiza aparılmasını istəmədiyini, Naxçıvanda ekspert varkən işin Bakıya göndərilməsini qəbul etmədiyini, cavabdehin ona pulunu işlədiyi vaxt hissə-hissə ödədiyini, sonuncu dəfə 50 manat pul verdiyini, cavabdehin qalan borcunun 1000 (bir min) manat pul olduğunu, ondan 200 (iki yüz) manatını özünün çıxdığını, qalan 800(səkkiz yüz) manatı və 30 (otuz) manat dövlət rüsumunu tələb etdiyini, özünün müharibə veteranı olduğunu, məhkəməyə təqdim ediləsi sübutlarının olmadığını, iş məhkəməyə çıxmazdan əvvəl cavabdehin iş yerinə getdiyini, orada cavabdehin dediklərinə görə qeyd etdiyi pul ona lazım olmasa da tələb etdiyini, daha az verərəsə razılaşmayacağını, cavabdehin ona zəhmət haqqı olaraq 800 (səkkiz yüz) manat borcu olduğunu bildirən İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı dindirilən Cavabdeh iddianı rədd edərək izahatında həqiqətən də Naxçıvan şəhəri Xətai məhəlləsində yerləşən torpaq sahəsinin hasarlanması üçün İddiaçıla razılığa gəldiyini, razılaşmalarına əsasən iddiaçının da sadaladığı bütün işlərin görülməsi müqabilində iddiaçıya 700-800 manat pul verməli olduğunu, iddiaçı işi görəkən ona 800 manat pul verdiyini, çünki razılaşmalarının da məhz elə olduğunu, iddiaçı ilə razılaşmasına əsasən işlədiyi vaxt pulu hissə-hissə 100 manat, 150 manat 50 manat olaraq ödədiyini, lakin iddiaçı işi görüb qurtardıqdan sonra ondan əlavə haqq istədiyini, özünün də əlbəttə ki, iddiaçının yersiz iddiası ilə razılaşmadığını, ona bir qəpik belə artıq pul verməyəcəyini dediyini, razılaşmaya uyğun olaraq pulu ödədiyini bildirsə də, iddiaçının inadından dönmədiyini, özünün təcrübəli usta gətirib divarın xərcini hesablatdırdığını və bu işin maksimum 800 manat xərc tuta biləcəyini öyrəndiyini, iddiaçının uzun müddətdir ki, bu məsələ ilə bağlı əsassız olaraq onu yorduğunu bildirərərk məhkəmənin verdiyi suallara cavab olaraq özünün mağazası olduğunu, tikinti üçün tələb olunan bütün materialların özünün tərəfindən alındığını, həmin materiallara 2000 (iki min) manat pul verdiyini, iddiaçının dediyini görə materialların xərcinin onun haqqından az olduğunu, bunun isə qeyri-mümkün olduğunu, verilən ekspertin rəyi ilə razılaşdığını, rəydə yazıldığı üçün həmin pulu cavabdehə ödəyəcəyini, lakin əlavə ona bir manat da ödəməyəcəyini bildirib qanuni qərar qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Hazırki halda iddia tələbinin qanuni əsası podrta müqaviləsidir. Podrat müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. . Həmin məcəllənin 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 769-cu maddəsinə görə əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Məhkəmə aşağıdakı əsalara görə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin olunmalıdır. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində gördüyü işin haqqına görə 800 (səkkiz yüz) manat pul tələb etdiyini, dəfələrlə cavabdehdən pulunu tələb etsə də, bu pulun geri qaytarılmadığını diqqətə çatdırmış və məhz bu xüsusatların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə münasibət bildirən iş üzrə Cavabdeh verdiyi izahatında həqiqətən də Naxçıvan şəhəri Xətai məhəlləsində yerləşən torpaq sahəsinin hasarlanması üçün İddiaçıla razılığa gəldiyini, razılaşmalarına əsasən iddiaçının gördüyü işə görə ona 700- 800 manat pul ödəməli olduğunu və həmin pulu işi görərkən hiss-hissə alacağını bildirdiyini, işini görməsi müqabilində ona 800 manat pul verdiyini, çünki razılaşmalarının da məhz elə olduğunu bildirmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(078)-876/2020 nömrəli qərardadı ilə Naxçıvan şəhəri, Xətai məhəlləsində yerləşən torpaq sahəsinin hasara alınması üçün-hasar özülünün traktordan sonra düzəlişi, çınqıl tökülməsi, dəmir karkasların düzəldilməsi və yerində quraşdırılması, qəlibin qurulması, maşınla beton töküləndən sonra qəlibin sökülərək yenidən qurulub qalıq betonun tökülməsi, beton birketlə hörgünün hörülməsi və ara sütunlarının qəlibinin qurulub betonun tökülməsi, darvaza qapısının yan qəlibinin və yer döşəməsinin dəmir karkasının qurulub betonun tökülməsi və hasar divarının üst bağlamasının karkasının qəlibinin qurulub beton tökülməsi zamanı (istifadə edilmiş materiallar istisna olmaqla) nə qədər işçilik vəsaiti (usta haqqı) sərf edilə biləcəyinin hesablanması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, eksertizanın aparılması Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Mərkəzin xx xxxxxx 2020-ci il tarixli, 191/20 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Naxçıvan şəhəri, Xətai məhəlləsində yerləşən torpaq sahəsinin hasara alınması üçün hasar özülünün traktordan sonra düzəlişi, çınqıl tökülməsi, dəmir karkasların düzəldilməsi və yerində quraşdırılması, qəlibin qurulması, maşınla beton töküləndən sonra qəlibin sökülərək yenidən qurulub qalıq betonun tökülməsi, beton birketlə hörgünün hörülməsi və ara sütunlarının qəlibinin qurulub betonun tökülməsi, darvaza qapısının yan qəlibinin və yer döşəməsinin dəmir karkasının qurulub betonun tökülməsi və hasar divarının üst bağlamasının karkasının qəlibinin qurulub beton tökülməsi zamanı (istifadə edilmiş materiallar istisna olmaqla) işçilik vəsaiti (usta haqqı) sərf edilən işlərin dəyərinin hazırkı bazar (2020-ci il) qiymətlərinə uyğun olaraq təqribən 979.67 (doqquz yüz yetmiş doqquz manat altmış yeddi qəpik) manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə ekspertin rəyini iş materialları ilə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, və hesab edir ki, ekspert rəyi sübut kimi qiymətləndirilməlidir. Belə ki, tərəflər arasında muzd barədə razılaşmanın mövcudluğu iddiaçı və cavabdehin izahatları ilə öz təsdiqini tapmır. İddiaçı tərəfindən muzd barədə razılaşmanın mövcudluğu ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçı öz izahatında muzd barədə əvvəlcədən danışmadıqlarını bildirmişdir. İddiaçı dəftərinə gördüyü işə və onun qiymətinə dair qeyd apardığını bildirib həmin qeydləri məhkəmə təqdim etmişdir. Məhkəmə təqdim edilmiş qeyd çıxarışlarını sübut kimi qiymətləndirmir. Ona görə ki, müvafiq qeydlər həm iddiaçı, həm də cavabdeh tərəfindən müvafiq imza edilərək təsdiq edilməmişdir. Həmin qeydlərin sübut kimi qiymətləndirilməsi mülki prosessual qanunvericilkdə nəzərdə tutulan sübutun mümkünlüyü, mötəbərliyi və qəbuledilənliyi prinsipləri ilə ziddiyyət təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə qətnamə qəbul edərkən görülən işin qiymətini müəyyən etmək üçün Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 191/20 nömrəli ekspert rəyinə əsaslanır. İstər iddia ərizəsində, istərsə də tərəflərin verdiyi izahatda cavabdehin gördüyü işin müqabilində 800 (səkkiz yüz) manat verdiyi mübahisələndirilmir. Buna görə də məhkəmə Mərkəz tərəfindən görülən işin dəyəri 979.67 (doqquz yüz yetmiş doqquz manat altmış yeddi qəpik) manat məbləğində qiymətləndirdiyindən və eyni zamanda iddiaçı da cavabdehin ona 800 (səkkiz yüz) manat verdiyi mübahisələndirmədiyindən, Cavabdeh 179.67 (bir yüz yetmiş doqquz manat altmış yeddi qəpik) manat pul alınaraq İddiaçı verilməsi, iddia tələbi qalmış hissədə isə rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 209.1-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə tərəflərdən məhkəmə tədqiqatının materiallarını daha nə ilə tamamlamağı arzu etdiklərini soruşsa da, tərəflərin hər hansı başqa sübut növlərinin təmin olunmasına dair vəsatətləri olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, iş üzrə Cavabdeh 179.67 (bir yüz yetmiş doqquz manat altmış yeddi qəpik) manat pul alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalmış hissədə rədd olunmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən “xxxx” ASC Naxçıvan filialına xx.xx.2020-ci il tarixdə 63953 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 6.74 (altı manat yetmiş dörd qəpik) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. İş üzrə Cavabdeh 179.67 (bir yüz yetmiş doqquz manat altmış yeddi qəpik) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı qızına verilsin. İddiaçı tərəfindən “xxxx” ASC Naxçıvan filialına xx.xx.2020-ci il tarixdə 63953 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 6.74 (altı manat yetmiş dörd qəpik) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. İddia tələbi qalmış hissədə rədd olunsun. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar